Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-108/2023 31.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-690/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(012)-690/2022 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilərək İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 13 yanvar 2021-ci il tarixli, 6-Y-3-0-297-21 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 13 yanvar 2021-ci il tarixli, 6-Y-3-0-297-21 saylı kredit müqaviləsi üzrə 11269,59 manat əsas borc, 891,54 manat faiz borcu, 10 manat cərimə olmaqla, cəmi 12171,13 manat borc və 129,06 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(012)-690/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 yanvar 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 12669,59 manat əsas borc, 318,41 manat faiz borcu, 30,59 manat cərimə olmaqla, ümumilikdə cəmi 13018,59 manat borcun və 129,06 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia ərizəsinə əlavə ünvanlayaraq, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 yanvar 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 11269,59 manat əsas borc, 891,54 manat faiz borcu, 500,23 manat cərimə olmaqla, ümumilikdə cəmi 12661,36 manat borcun və 129,06 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh 13 yanvar 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 20 faizlə 36 ay müddətinə 14500 manat kredit götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Onun xx.xx.2022-ci ilədək banka 13 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 11269,59 manat əsas borc, 891,54 manat faiz borcu, 500,23 manat cərimə olmaqla, cəmi 12661,36 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Göstərilənlər əsasında iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən kredit müqaviləsi üzrə krediti əldə etmişdir. Həmin müqavilə üzrə banka vaxtı-vaxtında ödənişlər etmiş, lakin bütün dünyada, eləcə də Azərbaycanda yayılmış “COVİD” xəstəliyinin yayılmamasının qarşısının alınması üçün tətbiq edilən məhdudiyyətlər səbəbindən maddi sıxıntıları yaşamış, əmək haqqı azalmışdır. Bundan əlavə qardaşının ölümü, övladının təhsil xərcləri səbəbindən maddi vəziyyəti daha da ağırlaşmışdır. Həyat yoldaşı ürək xəstəsidir. Davamlı olaraq müalicələr almalı, dərmanlar qəbul etməlidir. Bütün bunlar onun maddi vəziyyətini ağırlaşdıran hallardır. Ən əsası iddiaçı tərəfindən tələb olunan əsas və faiz borcu üzrə məbləğlər şişirdilməklə hesablanmışdır. Birinci instansiya məhkəməsi işə baxarkən cavabdeh banka ödənişlərini davam etdirmişdir. Bu səbəbdən onun banka real borc məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi zəruridir. Məhkəmə isə heç bir araşdırma aparmadan, iddia tələbinə uyğun qətnamə qəbul etmişdir. Hesab edir ki, onun apellyasiya şikayətinin dəlilləri əsasında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli və yalnız bundan sonra əsaslı, qanuni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 şikayətə etiraz edərək bildirdi ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə razı deyildir. Ekspert ödənişləri qrafik üzrə əsas və faiz borca mütənasib şəkildə hesablamamışdır. O səbəbdən təkrar mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etdi. İş üzrə Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 13 yanvar 2021-ci il tarixli, 6-Y-3-0-297-21 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC və borcalan Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh illik 20 faizlə 36 ay müddətinə 14500 manat kredit verilmişdir. Yenə iş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 13 yanvar 2021-ci il tarixli, 6-Y-3- 0-297-21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 11269,59 manat əsas borc, 891,54 manat faiz borcu, 500,23 manat cərimə olmaqla, cəmi 12661,36 manat kredit borcu vardır. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respubılikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6016 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 13 yanvar 2021-ci il tarixli, 6-Y-3-0-297-21 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə (maliyyə arayışı verilən tarix) Cavabdeh banka əsas borc üzrə 11.893.69 manat, faiz borcu üzrə 85.90 manat borcu vardır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(012)-690/2022 nömrəli qətnaməsi dəyişdirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında 13 yanvar 2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh illik 20 faizlə 36 ay müddətinə 14500 manat kredit verilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Ona edilən xəbərdarlıqların nəticəsi olmadığı üçün iddiaçı qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mübahisəni yuxarıdakı formada həll etmiş, narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya olan borc məbləği iddia tələbində qeyd olunan məbləğdə deyildir. Belə ki, xx.xx.2022-ci il tarixli, 9/6016 nömrəli ekspert rəyinə əsasən cavabdehin 11.893.69 manat əsas borcu, 85.90 manat faiz borcu vardır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Yenə həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Eyni Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir İşin faktiki hallarından çıxış edərək kollegiya qeyd edir ki, hazırkı iş üzrə cavabdeh iddiaçıya daha öncə qeyd olunan kredit müqaviləsi üzrə borcunun olmasını etiraf edir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan tələb edilən əsas və faiz borcun məbləğinin əsassız şəkildə şişirdilməsidir ki, apellyasiya kollegiyası bu ziddiyətin aradan qaldırılması və yaranmış mübahisə üzrə ədalətli nəticənin əldə edilməsi məqsədi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və müvafiq ekspert rəyinə əsasən cavabdehin bu xüsusatda dəlili qismən sübuta yetirilmişdir. Belə ki, daha öncə də qeyd olunduğu kimi ekspert rəyi ilə cavabdehin qeyd olunan kredit müaviləsi üzrə iddiaçıya xx.xx.2022-ci il tarixinə tələb olunduğu kimi 891,54 manat yox, 85.90 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin qeyd olunan tarixə əsas borcu 11269,59 manat deyil, 11893.69 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, müqavilə üzrə cavabdeh tərəfindən qismən ödəniş edildiyi nəzərə alınmaqla qeyd olunan ekspert rəyi iş üzrə mötəbər sübut kimi qiymətləndirilməli və qətnamə faiz borcu hissəsində dəyişdirilərək rəydə qeyd olunan məbləğdə, yəni 85.90 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı, daha öncə qeyd olunduğu kimi ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin tələb edildiyi kimi qeyd olunan tarixə əsas borcu 11269,59 manat deyil, 11893.69 manat təşkil edir. İşə iddia tələbi həddində baxıldığını, iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamə əsas borc hissəsində səyişdirilmədən saxlanılmalıdır. Beləliklə, yekun olaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu işdə olan obyektiv sübutlarla təsdiq olunur. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Cavabdeh 13 yanvar 2021-ci il tarixli, 6-Y-3-0-297-21 saylı kredit müqaviləsi üzrə 891,54 manat faiz borcunun İddiaçı ASC-nin xeyrinə tutulmalı hisssində qətnamə dəyişdirilməli, cavabdehdən 85.90 manat faiz borcu tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Eləcə də, qətnamə dövlət rüsumu olaraq ödənilmiş 129.06 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC -yə ödənilməsi hissəsində dəyişdirilməli, 100 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməli, 29.06 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinin tələblinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 64.53 manat dövlət rüsumunun 34.53 manatı Cavabdeh özünə aid edilməli, 30 manatı iddiaçı bankdan onun xeyrinə tutulmalıdır. Eləcə də, ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun 72,50 manat hissəsi Cavabdeh, 72,50 manatı isə İddiaçı ASC–dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. AR Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(012)-690/2022 nömrəli qətnaməsi Cavabdeh 13 yanvar 2021-ci il tarixli, 6-Y-3-0-297-21 saylı kredit müqaviləsi üzrə 891,54 manat faiz borcunun İddiaçı ASC-nin xeyrinə tutulması hisssində dəyişdirilərək, cavabdehdən 85.90 manat faiz borcu tutularaq İddiaçı ASC-yə verilsin. Qətnamə İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 13 yanvar 2021-ci il tarixli, 6-Y-3-0-297-21 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 13 yanvar 2021-ci il tarixli, 6-Y-3-0-297-21 saylı kredit müqaviləsi üzrə 11269,59 manat əsas borcun, 10 manat cərimə məbləğinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə dövlət rüsumu olaraq ödənilmiş 129.06 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC -yə ödənilməsi hissəsində dəyişdirilsin, 100 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin, 29.06 manat iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 64.53 manat dövlət rüsumunun 34.53 manatı Cavabdeh özünə aid edilsin, 30 manatı İddiaçı ASC-dən onun xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun 72,50 manat hissəsi Cavabdeh, 72,50 manatı isə İddiaçı ASC–dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində AR MPM-in 402.1-ci maddəsinə uyğun olaraq (qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olmadığı halda) Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-108/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-108/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver