Məhkəmə qərarları › İş №2(105)-1081/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1081/2024

22.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1081/2024 22.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması və uşağın müalicə xərclərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)- 662/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İş materiallarında olan doğum haqqında AZ-İV seriyalı, 367425 №-li şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2019-cu il tarixdə X10 anadan olmuşdur.

2. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1345/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən həmin tarixli 117 nömrəli nikah qeydinin pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X10 adlı uşağın anası İddiaçı himayəsində qalması, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay uşağa görə 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir.

3. “Flagman” inkişaf və təhsil mərkəzinin təsisçi direktoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X10, xx.xx.2023-cü il tarixində diaqnostika üçün mərkəzə müraciət etmişdir. Diaqnostika nəticəsində Autizm spektr pozuntusu müşahidə olunub və həmin diaqnoz üzrə həftədə 5 gün terapiyalar aparılır. Mərkəzdə hal-hazırda psixoloji, psixopedaqoji, loqopedik seanslar, müalicəvi idman terapiyası, duyu bütünləmə və refleksoloji terapiyaya davam edir.

4. İş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X7 müalicəsi üçün hər ay Reabilitasiya Mərkəzinə 650 AZN manat pul vəsaiti xərclənmişdir.

5. Apellyasiya icraatı zamanı təqdim edilmiş xx.xx.2023-cü il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair verilmiş məlumatdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X8 orqanizmin funksiyalarının 50 faiz pozulması ilə müşahidə olunan üçüncü dərəcəli əlillik vardır. Əlilliyi müddətsizdir. Əlillik səbəbi ümumi xəstəlik nəticəsində əmələ gəlmişdir. Ona “Uşaq autizmi, uşaq autizmi Kanner sindromu. İQ-52 Bal. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Yüngül dərəcəli əqli gerilik, emosiya və davranış pozuntusu ilə. İQ-52- Bal

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 246 manat sabit pul məbləğinin və uşağın müalicə xərclərinin yarısının cavabdeh- Cavabdeh tutularaq İddiaçı qızma ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuş və tərəflərin birgə nikahdan doğulmuş - xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 150 (yüz əlli) manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda oğlu Əlinin 4 yaşı var və Autizm Spektr pozuntusu diaqnozu ilə hazırda da müalicə alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Hazırkı aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Oğlunun müalicə xərcləri həddindən artıq çoxdur və onun bunu təkbaşına qarşılamağa gücü yetmir. Ərizəsinə əlavə etdiyi arayışdan da göründüyü kimi həftədə 5 gün olmaqla psixoloji, psixopedaqoji, loqopedik seanslar, müalicəvi idman terapiyası, duyu bütünləmə, refleksoloji terapiya olmaqla kompleks müalicə aparılır. Bu kompleks müalicələr uzun zamandır davam edir, hələ bundan sonra da davam etməlidir. Əks halda uşaqda əqli geriliyə yol aça bilər. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə vaxtı-vaxtında ödəmir. Bildirir ki, cavabdeh Rusiya Federasiyasında yaşayır və maddi durumu qənaətbəxşdir. İndiki halda övladına baxmaması maddi vəziyyəti ilə deyil, laqeydliyi ilə bağlıdır. Ərizəsinə əlavə etdiyi arayış və reseptlərdən də görünür ki, müalicə uzun müddətdir davam edir və həddindən artıq bahalı prosedurlardır. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da atası ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir.

8. İddiaçı iddia tələbini dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 246 manat sabit pul məbləğinin və uşağın müalicə xərclərinin yarısı olaraq 750 AZN məbləğin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-662/2024 nömrəli qətnaməsi ilə (hakim V.Seyidov) iddia tələbi qismən təmin edilərək, - Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1345/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmış, xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment və xx.xx.2019-cu il təvəllüdlü X7 müalicə xərcinin 650 manatın yarısı məbləğində əlavə xərcin müalicə aldığı müddətdə İddiaçı xeyrinə tutulması, - Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən ayda 150 manat aliment uşağın əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Məhkəmə işin hallarına əsasən hesab edib ki, İddiaçı xeyrinə bir uşağın saxlanması üçün Cavabdeh tutulan sabit pul məbləğində alimentin miqdarı artırılmaqla, hər ay cəmi 220 manat həddində müəyyən edilməlidir. İddia uşağın saxlanması üçün 220 manatdan artıq alimentin artırılması tələbi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin işləyərək, yaxşı qazanc əldə etməsini iddia tələbinin əsaslandırıldığı hal kimi göstərsə də, cavabdehin işləyərək ayda yaxşı qazanc əldə etməsi və bununla da bir uşaq üçün 246 manat alimentin təyin olunması tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. 11.İddia tələbinin uşağın müalicə xərcinin qarşılanması hissəsində məhkəmə qeyd edib ki, tərəflərin birgə nikahından doğulmuş X10 autizm xəstəsidir və onun müalicəsinə əlavə xərclər tələb olunur. İddiaçı uşağın müalicəsi üçün əlavə xərcləri tam olaraq ödəmək iqtidarında deyildir. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edib ki, uşağın müalicə xərclərinin yarısı olaraq 750 AZN məbləğində tələbi cavabdeh üçün maddi məhrumiyyət yaratmaqla onun maraq və mənafeyinə uyğun deyildir və tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipinə cavab vermir. Ona görə də məhkəmə belə nəticəyə gəlib ki, bu məbləğ tərəflərin birgə nikahından doğulmuş X7 “Flagman” inkişaf və təhsil mərkəzində müalicədə olduğu müddət ərzində həmin müəsissəyə ödənilən məbləğin yarısı həcmində müəyyən olunmalıdır. İşdə olan qəbzlərdən görünür ki, həmin müəsissəyə 650 manat məbləğində hər ay ödəniş edilibdir. Bu səbəbdən xx.xx.2019-cu il təvəllüdlü X7 müalicə xərcinin 650 manatın yarısı məbləğində əlavə xərc, müalicə aldığı müddətdə İddiaçı xeyrinə tutulmalıdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 81.1, 81.2, 81.3, 112.1ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» prinsiplərinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1. 112.1.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətlərinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-662/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işi tam və hərtərəfli araşdırmamış nəticədə əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Aliment məbləğinin artırılması qənaətinə gələn məhkəmə cavabdehin səhhətini, eləcə də yaşayış yerini və işsizliyini nəzərə almamış, cavabdehin maddi vəziyyətində dəyişikliyin olub-olmamasını müəyyən etməmişdir. Halbuki cavabdeh hazırda işsizdir, səhhətində problemlər mövcuddur. Belə ki, onun ayağından hazırda müalicə almalı olduğunu, bu səbəbdən işləyə bilməməsi barədə etdiyi müraciəti məhkəmə görməməzlikdən gəlmişdir. Bundan başqa məhkəmə qətnaməsində “Flagman” inkişaf və təhsil mərkəzinin təsisçi direktoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa istinadən qeyd edib ki, “xx.xx.2019-cu il təvəllüdlü X8 diaqnostika nəticəsində Autizm spektr pozuntusu müşahidə olunub və həmin diaqnoz üzrə həftədə 5 gün terapiyalar aparılır. Mərkəzdə hal-hazırda psixoloji, psixopedaqoji, loqopedik seanslar, müalicəvi idman terapiyası, duyu bütünləmə və refleksoloji terapiyaya davam edir” Lakin məhkəmə ümumilikdə həmin mərkəzin belə bir diaqnoz qoyması ilə bağlı səlahiyyətinin olub-olmamasını eləcə də rəsmi olaraq dövlət tibb müəssisəsində arayışın olub-olmamasını, arayış olduğu halda yetkinlik yaşına çatmayanın məcburi müalicəyə ehtiyacının olub-olmamasını araşdırmamışdır. Həmçinin məhkəmə uşağın müalicə xərclərinə ehtiyacının nə dərəcədə olmasını, həmin müalicənin nədən ibarət olmasını müəyyən etməmişdir. Yenə qətnamədə qeyd olunub ki, “iş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X7 müalicəsi üçün hər ay Reabilitasiya Mərkəzinə 650 AZN manat pul vəsaiti xərclənmişdir.” Halbuki “Flagman” inkişaf və təhsil mərkəzi özəl bağçadır və fiziki şəxs X4 adına açılmış ********** saylı VÖEN altında fəaliyyət göstərir. Yəni belə bir bağçanın verdiyi qəbzi Reabilitasiya Mərkəzinin verdiyi qəbz kimi qiymətləndirilməsi yolverilməzdir. Bundan əlavə elektron sistemə əlavə edilmiş iş materiallarında yalnız 1 ədəd qəbz mövcuddur və həmin ödənilmiş 650 manat pul vəsaitinin kimin tərəfindən ödənilməsi, hansı xidmətlərə görə ödənilməsi müəyyən olunmur. “Flagman” inkişaf və təhsil mərkəzinin təsisçi direktoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış saxtadır. İş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, arayışın xx.xx.2023-cü il tarixdə imzalanmasına baxmayaraq, arayışın mətnində xx.xx.2019-cü il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə diaqnostika üçün mərkəzlərinə müraciət etdiyi göstərilir. Yəni arayın verildiyi gündən 1 ay 2 gün sonra şəxsin müraciət etdiyi görsənir. Bu isə bir daha həmin arayışın saxta və səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunmasını sübut edir. Həmçinin arayışın ikinci abzasında həfthədə 5 gün terapiyalar aparılması göstərilsə də 4-cü abzasda dərs saatının 08-00 dan 17-30-a qədər davam etdirilməsi göstərilir. Göründüyü kimi məhkəmə qeyd olunan halları araşdırmadan, iddiaçı tərəfin təqdim etdiyi formal və qeyri-mötəbər sübutlar əsasında qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, xx.xx.2019-cu il təvəllüdlü X9 diaqnozu qoyulan Autizm spektr pozuntusu xəstəlik kimi deyil, qüsur kimi nəzərdə tutulmuşdur. Tibb sahəsində fəaliyyət göstərən mütəxəssislər, həkimlər onu xəstəlik kimi deyil, bir növ qüsur kimi qeydə alırlar. Bundan əlavə, “Flagman” inkişaf və təhsil mərkəzi rəsmi olaraq səlahiyyətli müalicə mərkəzi kimi dövlət qeydiyyatından keçməmiş, fiziki şəxs tərəfindən VÖEN əsasında bağça kimi fəaliyyət göstərir. İddiaçı tərəfindən ödənilən 650 manat pul da bağça xərcidir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı bildirdi ki, müalicə mərkəzini ona həkim məsləhət görmüş, o da “Flagman” inkişaf və təhsil mərkəzini seçmişdir. Belə ki, Mərkəz həm müalicə məssisəsi, həm də bağça kimi fəaliyyət göstərir, uşağının müalicəsi və sosiallaşması üçün vacibdir. O, özü Quba rayonunda yaşasa da, uşağının müalicəsi üçün Bakı şəhərinə gəlməyə məcburdur. Əslində xərcləri çox olsa da, o, yalnız uşağın müalicəsinə hər ay sərf etdiyi 650 manat məbləğində xərcin ödənilməsini cavabdehdən tələb edir. Belə ki, uşağının ömürlük autizm xəstəsi olması artıq dövlət tərəfindən təsdiqlənib.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

19. Birləşmiş Millətlər Təşkilatının "Uşaq Hüquqları haqqında" Konvensiyası Maddə 3 Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

20. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Maddə 81.1.Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 99. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. (maddə 81.3) 39. Ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aliment məhkəmə qətnaməsinə əsasən tutulur.

112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

21. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. (maddə 5) Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (maddə 13) Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. (maddə 19)

22. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 27 iyul 2016-cı il tarixli Qərarı

“Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətindən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-662/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissələrdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərinin izahatı və iş materialları ilə birlikdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Tələb alimentin artırılması və uşağın xəstəliyi ilə bağlı əlavə xərcin tutulması barədədir.

28. İddiaçı tələbinin faktik əsası kimi ona istinad edir ki, birgə nikahlarından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X10 xəstədir, oğlunda “Autizm Spektr pozuntusu” xəstəliyi müşahidə olunur. Həkim nəzarətində olmaqla, mütəmadi müalicəyə ehtiyacı var.

29. İddiaçı aliment məbləğinin artırılmasına dair tələbinin faktiki əsası kimi qeyd edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi tərəflərin birgə nikahdan doğulmuş Hüseynin yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 150 (yüz əlli) manat aliment məbləğinin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Qeyd olunan aliment məbləği uşağın maddi ehtiyaclarının qarşılanmasına kömək etmir. Ona görə də, aliment məbləği artırılmalıdır.

30. İşə baxan məhkəmə iddia tələbini aliment məbləğinin artırılması hissəsində qismən təmin edərək, daha öncə məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment məbləğini artıraraq azyaşlı Hüseynin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat məbləğində alimentin alınıb iddiaçıya verilməsini qət etmişdir.

31. Məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı və işin hallarına uyğun hesab edir və mövqeyini aşağıdakı şəkildə əsaslandırır.

32. Cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya bildirir ki, sonuncunun apellyasiya şikayətində göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək, o cümlədən əlavə xərcləri qarşılamaq vəzifəsindən ümumiyyətlə azad etmir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment və əlavə xərc ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi anasının da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər (maddi imkanın aşağı olması, səhhətində hər hansı problemin olması) onu aliment öhdəliyindən azad edə bilməz.

33. Kollegiya bildirir ki, uşaqların aylıq dolanışığını qarşılamağa dair qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.

34. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır.

35. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir.

36. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Habelə apellyasiya şikayətinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması və eyni zamanda əlavə xərclərdən iddiaçının azad olması sübuta yetirilmir.

37. Sadalananları nəzərə alan kollegiya uşağın mənafeyini, əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutularaq alimentin hər ay 220 manat məbləğdə müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmə aliment məbləğinə dair hissədə tərəflərə münasibətdə balanslaşdırılmış mövqeydən çıxış etmişdir.

38. İddiaçı tələbinin uşağın müalicə xərclərinin dair hissəsini onunla əsaslandırmışdır ki, hazırda oğlu Əlinin 4 yaşı var və Autizm Spektr pozuntusu diaqnozu ilə müalicə alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Oğlunun müalicə xərcləri həddindən artıq çoxdur və onun bunu tək başına qarşılamağa gücü yetmir. Ərizəsinə əlavə etdiyi arayışdan da göründüyü kimi həftədə 5 gün olmaqla psixoloji, psixopedaqoji, loqopedik seanslar, müalicəvi idman terapiyası, duyu bütünləmə, refleksoloji terapiya olmaqla kompleks müalicə aparılır. Bu kompleks müalicələr uzun zamandır davam edir, hələ bundan sonra da davam etməlidir. Əks halda uşaqda əqli geriliyə yol aça bilər. Uşağın müalicə xərclərinin qarşılanmasında cavabdehdə iştirak etməlidir.

39. Göründüyü kimi cavabdeh tərəf ümumiyyətlə iddianı heç bir hissədə qəbul etmir və etirazını onunla əsaslandırır ki, uşaqda hər hansı xəstəlik diaqnozu rəsmi sənədlər əsasında müəyyən edilməmişdir. Hər hansı özəl müəssisənin arayışı uşağın müalicəyə ehtiyacı olan xəstə statusunda olmasını müəyyən edə bilməz. Bundan əlavə aylıq qazancı kifayət qədər aşağıdır. Deyilən xərcləri qarşılamaq imkanında deyil.

40. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, yuxarıda qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir.

41. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

42. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun.

43. Göstərilənləri nəzərə alan kollegiya qətnaməni xx.xx.2019-cu il təvəllüdlü X7 müalicə xərcinin 650 manatın yarısı məbləğində əlavə xərcin yalnız müalicə aldığı müddətdə cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də əsaslı və qanuni hesab edir və qeyd edir ki, xx.xx.2019-cu il təvəllüdlü X7 Autizm spektr pozuntusu əziyyət çəkməsi və daimi olaraq müalicəyə ehtiyacı olması təqdim edilmiş sənədlərlə (arayışlar, laboratoriya analizlərinin nəticələri, dərman alınması barədə qəbzlər, və sonda Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumat) öz təsdiqini tapmışdır. Buna görə də məhkəmənin həmin hissədə mövqeyi əsaslı və qanuni hesab edilməlidir.

44. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

45. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-662/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar