Məhkəmə qərarları › İş №2(105)-1083/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1083/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1083/2024 01.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçının nümayəndələri X3, X2, Cavabdeh3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(012)-1387/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair sadələşdirilmiş iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCnin xeyrinə xx.xx.2015-ci il tarixli, MK 487-05 saylı kredit müqaviləsi üzrə 719,37 ABŞ dolları əsas, 619,81 ABŞ dolları faiz, 1212,73 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2551,91 ABŞ dolları borcun və 63,39 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(012)-1387/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh3 719,37 ABŞ dolları əsas, 619,81 ABŞ dolları faiz, 20,82 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1360 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 63,39 manat dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hisədə təmin edilməməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(012)-1387/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o,İddiaçı ASC-dən 2014-cü ildə 10000 (on min) dollar məbləğində kredit götürmüşdür. 6000 (altı min) ABŞ dollarına civarında ödənişlər etmişdir. Sonra devalvasiya nəticəsində ödənişi ödəyə bilmədiyi üçün ödənişlərdə fasilələr oldu. Bundan sonra yenidən bankın “Yasamal” filialı ilə aralarında xx.xx.2015-ci il tarixli, MK 487-05 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən 7 ay müddətində illik 24 % ödəmək şərtilə qalan 6076 USD məbləğində borcunu rəsmiləşdirərək, yəni borcunun restruktrizasiya olunaraq yenidən qalan məbləğ üçün müqavilə bağlamışlar. Müqavilədə göstərilən müddət ərzində o, həmin borcu banka ödəmişdir. O, banka borcunu tam ödəməyinə baxmayaraq, bank borc götürdüyü müddətdən 10 il keçdikdən sonra əsassız olaraq məhkəmədə belə bir iddia qaldırmışdır. Əlavə olaraq böyük məbləğdə cərimə və faiz borcu da hesablanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası prezidentinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli fərmanı tətbiq edilməmiş, onun banka borcu qalmadığı halda, əsassız olaraq, borc, faizlər və cərimə hesablanmışdır. Məhkəmə proseslərində iştirakı təmin edilməmişdir. Bütün bunlar haqda ona yalnız poçt vasitəsi ilə qətnamə gələn zaman məlum olmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində, Mülki Məcəllənin 152,153,154,155-ci maddələrində, Mülki Prosessual Məcəlləsinin 9, 14.1, 77, 88, 387-cu maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmaqla qətnamə qəbul etmişdir. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 və Cavabdeh3 mübahisənin barışıq yolu ilə həll edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər və bununla əlaqədar məhkəmə iclası təxirə alınmışdır. 26 iyul 2024-cü il tarixdə İddiaçı ASC -nin iddiadan imtina edilməsi barədə ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı ASC ilə Cavabdeh3 arasında razılıq əldə edildiyindən müqavilə üzrə borcun tələb edilməsi ilə bağlı olan iddiadan imtina edirlər. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul olunmalı, Abşeron Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(012)-1387/2024 nömrəli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün, onun imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Abşeron Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(012)-1387/2024 nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.5, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(012)- 1387/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar