Məhkəmə qərarları › İş №2(105)-1084/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1084/2024

04.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1084/2024 04.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X2, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 2(012)-2964/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi kimi 25000 manat pulun, habelə vəkilə ödənilmiş 300 manat xidmət haqqı və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 165 manat dövlət rüsumu əvəzinin, cəmi 25465 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-2964/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır (hakim Məlahət Abbasova). İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayətin dəlilləri bundan ibarətdir ki, iddia ərizəsindən göründüyü kimi, mübahisə predmeti iddiaçının yaşadığı mənzilə üst mənzildə yaşayan cavabdehlərin səhlənkarlığı nəticəsində dəymiş maddi ziyanın ödənilməsi, yəni daşınmaz əmlak sahibinə vurulmuş ziyanın aradan qaldırılması barədədir və bilavasitə daşınmaz əmlakla bağlıdır, odur ki, müstəsna aidiyyət qaydalarına əsasən icraata götürülməlidir. Buna baxmayaraq, Abşeron Rayon Məhkəməsi qanunvericiliyin tələblərini pozaraq və formal mülahizələrə əsaslanaraq iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarmışdır. Göstərilənlərə əsasən hesab edir ki, qərardad ləğv edilməli və iddia ərizəsi baxılması üçün icraata qəbul edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli e-2(012)-2964/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət yazılı icraat qaydasında baxılmağa qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)- 2964/2024 nömrəli qərardadı ləğv edilməli və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsinin icraata qəbul edilib baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Abşeron Rayon Məhkəməsi sözügedən iddia ərizəsi və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarmasını onunla əsaslandırmışdır ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir... "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan görünür ki, cavabdehlər Lənkəran rayonunun Girdəni kəndində qeydiyyatdadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir... Göründüyü kimi, mülki iş üzrə cavabdehlər Abşeron rayonu ərazisində qeydiyyatda olmadığından mülki işə Abşeron Rayon Məhkəməsində baxılmalı deyildir. Bununla razılaşmayan iddiaçının dəlilləri ondan ibarətdir ki, onun iddia tələbinin predmetini daşınmaz əmlak (mənzil) təşkil edir və bu əmlak Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin ərazi yurisdiksiyasında yerləşir. Odur ki, onun iddia ərizəsinə ərazi aidiyyəti üzrə baxmalı olan məhkəmə MPM-in 35.1-ci maddəsinə deyil, həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən müəyyən edilməlidir. MPM-in 39.1-ci maddəsinə görə isə, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir... O da daşınmaz əmlak olan mənzilinə ziyan vurulması formasında pozulmuş hüquqlarının bərpası (pozuntunun nəticələrinin aradan qaldırılması) üçün iddia qaldırmışdır. Buna görə də hesab edir ki, iddia ərizəsini düzgün olaraq iddia predmeti olan daşınmaz əmlakın yerləşdiyi ərazi üzrə, yəni Abşeron Rayon Məhkəməsinə vermişdir. Məhkəmə kollegiyası hazırkı vəziyyətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərarına istinad etməyi məqsədəuyğun hesab edir. Həmin Qərarda qeyd olunur ki, müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir... Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir... Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir... Müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. MPM-in 39.1-ci maddəsində müstəsna aidiyyət qaydasında daşınmaz əmlakın olduğu yer üzrə məhkəməyə verilməsi müəyyən olunmuş tələblər sırasına həm də mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daxildir. Daşınmaz əmlaka maddi ziyan vurulması isə mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarını pozan əməl (hərəkət və ya hərəkətsizlik) olduğundan, məhkəmə kollegiyasının qənaətincə, belə pozuntuların və onların nəticələrinin aradan qaldırılmasına yönələn iddialar da daşınmaz əmlakın olduğu yer (yəni müstəsna aidiyyət) üzrə məhkəməyə verilməlidir. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri ərazi aidiyyəti qaydasının pozulması əsası ilə geri qaytarmaqda səhvə yol vermişdir. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, ərazi aidiyyəti məsələsi iddia ərizəsinin icraata qəbul olunmasından sonra da yoxlanıla bilər və əgər məhkəmə baxışı zamanı əldə edilmiş sübutlarla iddia ərizəsinin səhvən icraata qəbul edilməsi müəyyən olunarsa, vəziyyəti tənzimləyən müvafiq qarardadın çıxarılması istisna olunmur. Hazırkı iş üzrə də iddia ərizəsi icraata qəbul ediləndən sonra bəzi prosessual məsələlərin əlavə yoxlanılmasına zərurət qalır (iddia ərizəsini icraata qəbul etmədən həmin məsələləri araşdırmaq mümkün deyil), o cümlədən məhkəmə tərəflərin əsl tərəf olub-olmaması məsələsini aydınlaşdırmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır və onun ziyan dəymiş mənzilə hansı formada aidiyyətinin olması, həmin mənzilin mülkiyyətçisi və yaxud qanuni sahibi olub-olmaması, başqa sözlə, əsl iddiaçı (yəni hazırkı iddianı irəli sürməyə subyektiv hüququnun) olubolmaması araşdırılmalıdır. Eləcə də, cavabdehlərin üst mənzilə hansı formada aidiyyətlərinin olması, həmin mənzilin mülkiyyətçisinin və yaxud qanuni sahibinin kim olması aydınlaşdırılmaqla onların da əsl cavabdehlər olub-olmaması, yaxud əsl cavabdehin (cavabdehlərin) kim olması müəyyənləşdirilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ərazi aidiyyəti qaydasının pozulmasına görə geri qaytarılması barədə gəldiyi nəticə və qəbul etdiyi qərardad əsassız olmuşdur. Ona görə də qərardad ləğv edilməli və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsinin icraata qəbul edilib baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edərək, yaxud dəyişərək işin həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-2964/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsinin icraata qəbul edilib baxılması üçün hazırkı mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar