Məhkəmə qərarları › İş №2(105)-1085/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1085/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1085/2024 05.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1532/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair İddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməməsi barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1532/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 18500 manat pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1532/2020 nömrəli qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilməmişdir (hakim Habil Əhmədov). İddiaçı Rzayeva X3 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1532/2020 nömrəli qətnaməsindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1532/2020 nömrəli qərardadına əsasən, İddiaçı Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)- 1532/2020 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra, iddiaçı Rzayeva X3 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1532/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə də məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)-1532/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə onun Cavabdeh ondan aldığı 18500 manatın alınıb, ona verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. O yaşının çox olması və səhhətində olan problemlərlə bağlı qətnaməni aldığı və ya nə vaxt aldığını xatırlamır. Məhkəmənin qərarı ilə razı olmadığı üçün apellyasiya şikayəti vermək istəsə də, səhhəti buna icazə vermədi. Bir müddət sonra xx.xx.2024-cü il tarixində xx.xx.2024-cü il tarixli qərardadla prosessual müddəti ötürdüyü üçün apellyasiya şikayəti geri qaytarmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1532/2024 nömrəli qərardadı ilə müddətin bərpasından imtina edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1532/2020 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı Rzayeva X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1532/2020 nömrəli qərardadından xx.xx.2024-cü il tarixdə şikayət verərək, qərardadın ləğv edilməsini, apelyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 1532/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə onun “Cavabdeh ondan aldığı 18500 manatın alınıb, ona verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. O yaşının çox olması və səhhətində olan problemlərlə bağlı qətnaməni aldığı və ya nə vaxt aldığını xatırlamır. Məhkəmənin qərarı ilə razı olmadığı üçün apelyasiya şikayəti vermək istəsə də, səhhəti buna icazə vermədi. Bir müddət sonra xx.xx.2024-cü il tarixdə qətnaməni alıb, xx.xx.2024-cü il tarixdə apelyasiya şikayəti versə də, Abşeron rayon Məhkəməsi 2(012)- 1532/2020 saylı, xx.xx.2024-cü il tarixli qərardadla prosessual müddəti ötürdüyünü bildirmiş və apelyasiya şikayətini geri qaytarmışdır. Daha sonra verdikləri apelyasiya şikayətini Abşeron rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadla geri qaytarmışdır. Məhkəmə qətnaməni xx.xx.2020-ci il tarixdə göndərmiş və daha sonra xx.xx.2022-ci il tarixdə keçmiş vəkili məhkəmədən qətnaməni təkrarən götürmüşdür. Lakin, o həmin qətnaməni almamış və səhhətində yaranan problemə görə maraqlana bilməmişdir. Daha sonra ona məlum olub ki, həmin qətnaməni keçmiş vəkili və nümayəndəsi almışdır. Bu barədə onu məlumatlandırmadığından və hazırki problemə görə həmin vəkildən hüquq mühafizə orqanlarına şikayət etmişdir. Hazırda Nəsimi rayon prokurorluğunda və Suraxanı RPİ-də araşdırma gedir. Beləliklə, keçmiş vəkilinin səhlənkarlığı ucbatından tərəfindən apellyasiya şikayəti vermək üçün prosessual müddəti ötürmüşdür Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1532/2020 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 1532/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(012)-1532/2024 nömrəli qətnaməsi xx.xx.2020-ci il tarixdə tərəflərə, o cümlədən iddiaçıya göndərilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəmə aktının təkrar alınması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, bu barədə qanunla nəzərdə tutulmuş qayada rüsum ödəmiş və qətnaməni təkrarən xx.xx.2022-ci il və xx.xx.2024-cü il tarixlərdə almışdır. “Elektron Məhkəmə” İnformasiya Sistemindən isə məlum olur ki, iddiaçının apellyasiya şikayəti elektron kabinet vasitəsilə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Müddətin bərpasına dair ərizəsində isə iddiaçı göstərmişdir ki, yaşının çox olması və səhhətində olan problemlərlə bağlı qətnaməni aldığı və ya nə vaxt aldığını xatırlamır, məhkəmənin qərarı ilə razı olmadığı üçün apellyasiya şikayəti vermək istəsə də, səhhəti buna icazə verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin buraxılmış prosessual müddətin üzrlü səbəbdən ötürülməməsi qənaətinə gəlməsi ilə razılaşır. Ona görə ki, iddiaçının qeyd etdiyi hal onun iradəsindən asılı olmayan səbəb və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək hal deyildir. Belə ki, X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Göründüyü kimi, mülki qanunvericiliyin birbaşa tələbləri qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü olmasına istiqamətlənmişdir. Başqa sözlə, əgər müddət tərəfin iradəsindən asılı olmayan səbəblərdən və ya iradəsindən asılı olan, lakin üzürlü hesab edilə bilinəcək səbəblərdən buraxılıbsa, məhkəmə tərəfindən bərpa edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına əsas ola bilməz. Həmin dəlillər müddət bərpa barədə ərizə ilə eyniməzmunlu olmaqla mübahisələndirilən qərardadın ləğvi üçün heç bir əsasa söykənmir. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin bərpası üçün heç bir əsas yoxdur, hazırkı vəziyyətdə müddətin bərpası ədalətli yanaşma hesab edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti rədd etməklə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri bu nəticənin hər hansı qaydada dəyişdirilməsinə əsas deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1532/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1532/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar