Məhkəmə qərarları › İş №2(105)-1086/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1086/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1086/2023 04.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(077)-3/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 5821sMDK/18 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit), minimum 29%, maksimum 40% hesablanmaqla 10000 manat məbləğində kredit limiti ayırmış, ona bank hesabı açmış və ödəniş kartı təqdim etmişdir. Kredit müqaviləsi çərçivəsində cavabdehin hesabına 786,61 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

2. "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli 5821sMDK/18 saylı kredit müqaviləsi üzrə borcu 786,61 manat əsas borc, 151,55 manat faiz borcu olmaqla, cəmi 938,16 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 786,61 manat əsas borc, 151,55 manat faiz borcu olmaqla, cəmi 938,16 manat borcun və 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 5821sMDK/18 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit), minimum 29%, maksimum 40% hesablanmaqla 10000 manat məbləğində kredit limiti ayırmış, ona bank hesabı açmış və ödəniş kartı təqdim etmişdir. Kredit müqaviləsi çərçivəsində cavabdehin hesabına 786,61 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 786,61 manat əsas borc, 151,55 manat faiz borcu olmaqla, cəmi 938,16 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir.

5. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, qeyd edilən iddia əsassızdır. Belə ki, qeyd edilən tarixdə 84 ay müddətinə illik 30% ödəməklə 786,61 manat kredit müqaviləsi bağlamamışdır. xx.xx.2018-ci il tarixdə 1500 manat 29 %-lə 36 ay müddətinə ktedit götürmüş və həmin krediti ödəmişdir. Müqavilə cədvəli və son ödəniş cədvəlini əlavə edir. xx.xx.2018-ci il tarixdə Albalı kartla 300 manat pul almışdır. Albalı kartla ödəniş aylar üzrə "xxxx"dan daxil olmuş mesajlar əsasında ödəmələr aparmışdır. Ödəniş cədvəlinə əsasən məlum olmuşdur ki, ödədiyi pullar bank tərəfindən istənilən formada ayrı-ayrı təyinatlar üzrə bölünmüşdür. Dövriyyədə olan 1817,74 manatdan 649 manat ümumi ödəniş, 290 manat əsas məbləğ, 359 manat faiz hesablanmışdır. Hesab üzrə çıxarış cədvəlini əlavə edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia təmin edilməməsi, ödədiyi artıq məbləğin onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 5821sMDK/18 saylı kredit müqaviləsinə əsasən aparılan ödənişlər nəzərə alınmaqla cavabdehin iddiaçıya olan əsas və faiz borcunun müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

7. xx.xx.2022-ci il tarixli, 9/2030 saylı ekspert rəyinə əsasən, iş materiallarından olan cari hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh banka 786,61 manat əsas borc və 151,55 manat faiz borcunun olduğu müəyyən edilmişdir.

8. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2023-cü il tarixli, 9/7063 saylı ekspert rəyinə əsasən, Cavabdeh xx.xx.2018-ci il tarixdən - xx.xx.2021-ci il tarixədək cəmi 1168,06 manat pul vəsaitindən istifadə etmiş və banka həmin müddət ərzində 649,68 manat məbləğində ödəniş etmişdir. Həmin məbləğdən 395,90 manatı əsas borca, 253,78 manat isə faiz borcuna silinmişdir. Cavabdeh banka 772,16 manat əsas borc və 141,56 manat faiz borcunun olduğu müəyyən edilmişdir.

9. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(077)-3/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2018-ci il tarixli 5821sMDK/18 saylı kredit müqaviləsi üzrə 772,16 manat əsas borc, 141,56 manat faiz borcu olmaqla cəmi 913,72 (doqquz yüz on üç manat 72 qəpik) manat məbləğində borc və dövlət rüsumunun 29,50 (iyirmi doqquz manat 50 qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 97 (doxsan yeddi) manat hissəsinin Cavabdeh, 3(üç) manat hissəsinin iddiaçı "xxxx" KB ASC-dən tutulub X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırılmış sübutlarla Cavabdeh xx.xx.2018-ci il tarixli 5821sMDK/18 saylı kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 772,16 manat əsas borc və 141,56 manat faiz borcunun qalması təsdiq olunduğundan iddia tələbi qismən təmin edilərək, həmin borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 443.1, 445.1, 448.1, Mülki Prosessual Məcəllənin 14.2, 119, 217.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, bank qarşısındakı öhdəliklərini tam, vaxtında və lazımi qaydada icra edərək banka olan borcunu tam şəkildə ödəmişdir. Lakin bank tərəfindən əsassız olaraq ödədiyi borc məbləğindən əlavə ondan təkrarən pul tələb edilmişdir. İşə baxmış birinci instansiya məhkəməsi də göstərilən halların heç birini araşdırmamış, iddiaçının tələbi əsasında iddianı təmin etmişdir. Tərəflərin məhkəmədə iştirakının təmin edilməsi qaydasını müəyyən edən mülki prosessual qanunvericiliyin qeyd olunan normalarının tələblərinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməmiş, nəticədə işə iştirakı olmadan və çəkişmə prinsipinə əməl edilmədən baxılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmədən işə baxılması məhkəmə kollegiyası tərəfindən prosessual hüquq normalarının pozuntusu kimi qiymətləndirilməli və həmin əsasla qətnamə ləğv edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi sübutlara qeyri-obyektiv, qərəzli və natamam baxmış, qətnamədə borc məbləğinə dair yalnız iddiaçı tərəfin təqdim etdiyi sənədlərə istinad etmiş, banka borcunun olub-olmamasını araşdırmamışdır. Belə ki, kartına 300 manat pul köçmüş və faizlərlə birlikdə cəmi 649 manat pul ödəmişdir. Bundan başqa, hər dəfə karta pul mədaxil etdikdə, qalıq borc barədə ona SMS bildiriş gəlirdi. Sonuncu ödənişi etdikdən və banka olan borcunu ödəyib qurtardıqdan sonra telefonuna SMS bildiriş gəlməmişdir. Bundan başqa, 300 manat pula görə cəmi 649 manat ödəniş etdiyi halda, ikinci ekspert rəyində 1168,06 manat pul vəsaitindən istifadə etdiyi, banka isə 649,68 manat ödəniş etdiyi göstərilmişdir. Bu, tamamilə yalandır. Kartına cəmi 300 manat pul köçürüldüyü halda, 1168,06 manat pul vəsaitindən necə istifadə edə bilərdi? Bundan başqa, bank tərəfindən kart hesabına mədaxil və məxaric edilən pullara dair hesabdan çıxarış verilmişdir. Həmin çıxarışdan görünür ki, kredit 1817,74 manat, debet 1817,74 manat, qalıq məbləğ 0 manatdır. Belə olan halda sual yaranır? Bank tərəfindən tələb olunan 938,16 manat borc məbləği haradan yaranmışdır? Lakin işə baxmış məhkəmə tərəfindən göstərilən xüsusatların heç biri araşdırılmamış, formal, ümumi cümlələr əsasında iddia təmin edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir..

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)

Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)

Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)

Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 101. Ekspert rəyi (...) 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. (...)

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 5821sMDK/18 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit), minimum 29%, maksimum 40% hesablanmaqla 10000 manat məbləğində kredit limiti ayırmış, ona bank hesabı açmış və ödəniş kartı təqdim etmişdir. Kredit müqaviləsi çərçivəsində cavabdehin hesabına 786,61 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

22. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehin hesabına köçürsə də, cavabdeh müqavilə üzrə öhdəliyi icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır.

23. Başqa sözlə, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

24. Birinci instansiya məhkəməsi tələb edilən borc məbləğinin düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2030 saylı ekspert rəyinə əsasən, Cavabdeh banka 786,61 manat əsas borc və 151,55 manat faiz borcunun olduğu müəyyən edilmişdir.

25. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2023-cü il tarixli, 9/7063 saylı ekspert rəyinə əsasən, Cavabdeh xx.xx.2018-ci il tarixdən – xx.xx.2021-ci il tarixədək cəmi 1168,06 manat pul vəsaitindən istifadə etmiş və banka həmin müddət ərzində 649,68 manat məbləğində ödəniş etmişdir. Həmin məbləğdən 395,90 manatı əsas borca, 253,78 manat isə faiz borcuna silinmişdir. Cavabdeh banka 772,16 manat əsas borc və 141,56 manat faiz borcunun olduğu müəyyən edilmişdir.

26. Apellyasiya şikayətinin borcun olmaması barədə dəlili ilə bağlı kollegiyası qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən müəyyən edilir ki, iddiaçı bank tərəfindən kredit müqaviləsi üzrə tələb edilmiş əsas və faiz borc məbləği cavabdeh tərəfindən ödənilmədən qalmışdır və həmin borc məbləğinin tələb edilməsinin hüquqi əsasları vardır.

27. Həmin rəy Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də, kredit müqaviləsi üzrə hesablanan əsas və faiz borcunun məbləği rəyə uyğun hesablanmalıdır.

28. Cavabdeh isə şikayətində istinad etdiyi halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir.

29. İşə cavabdehin iştirakı olmadan baxılması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd olunur ki, iş materiallarından görünür ki, cavabdehin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclaslarında iştirak etmişdir. Cavabdeh nümayəndəsi vasitəsilə məhkəmədə təmsil olunduğundan işə onun iştirakı olmadan baxılması çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.

30. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69-75-ci maddələrində nümayəndəlik institutunun prosessual hüquq və vəzifələri aydın şəkildə verilmişdir ki, həmin normaların məzmunundan da aydın olduğu kimi, nümayəndə şəxsin vermiş olduğu etibarnamə əsasında onun adından hərəkət etmək iqtidarında olur. Etibarnamə qüvvədə olduğu müddətdə nümayəndə şəxslə prosessual hərəkətləri həyata keçirə bilmək üçün eyni statusda olur.

31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(077)-3/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar