Məhkəmə qərarları › İş №2(105)-1088/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1088/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1088/2025 10.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh X7 qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), X14 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı X3 nümayəndəsi və vəkili X8 iştirakları ilə, Qobustan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(026)-250/2025 nömrəli qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2021-ci il tarixli əlyazma qəbzin məzmununda qeyd edilmişdir ki, “X15 Cəfərova 2 idən artıqdı ki 82097 manat verəcəyim var idi. xx.xx.2021 il 39500 manatı vermişəm özünə və Hikmət Cəfərov mənə 5000 manat bağışlayıb. Hal-hazırda 37597 manat verəcəyim qalıb və bu sumaya qarşı vəd verirəm ki may ayının 30. kimi bu pulu qaytaracam heckim məni məcbur etmir”. Bundan sonra “Mikaylov Ramin” yazılaraq imza icra edilmişdir.

2. İddiaçı ilə cavabdeh arasında borc münasibətlərinin mövcudluğunu göstərən yazışmaların əks olunduğu “Whatsapp” tətbiqindən çıxarışlar da əlavə olunmuşdur.

3. 05 iyun 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsinə görə iddiaçı X9 tərəfindən 137 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

4. 21 may 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, X9 tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına 1020 manat məbləğində vəsait köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 14197 manat əsas borc, 1020 manat vəkil üçün ödənilmiş pul və 137 manat dövlət rüsumu olmaqla, cəmi 15354 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, tanışı cavabdeh X10 adlı şəxsə uzun müddət biznesinə dəstək üçün müxtəlif vaxtlarda bir neçə dəfə olmaqla, təxminən 200000 manat pul vermişdir. Cavabdeh avto-ehtiyat hissələri dükanı işlədirdi və iddiaçıya deyirdi ki, gələcəkdə onu da şərik edəcək. Əlavə olaraq, təxminən 2019-cu ildə cavabdeh gələrək ona demişdir ki, ev almışdır və ev aldığı adam onu sıxıb pulunu tələb edir. Bu adla iddiaçıdan əlavə 50000 manat borc pul almışdır. Həmin dövrdən indiyə qədər cavabdeh çox az-az olsa da, borcunun bir hissəsini vermişdir. Hətta iddiaçı ona 5000 manat bağışlamışdır. Hal-hazırda cavabdehin ona 14197 manat borcu qalmışdır. Cavabdehdən dəfələrlə pulunu istəsə də, cavabdeh ona hədə-qorxu gələrək deyir ki, özünü öldürəcək, ondan pul istəməsin. Səbəbini soruşduqda isə deyir ki, pulu vermək istəmir, gedib özünə nəsə edib deyəcək ki, iddiaçı onu bu həddə çatdırmışdır. Bütün bunlar “Whatsapp” telefon tətbiqindəki yazışmalarda öz təsdiqini tapır. İddiaçının çıxış yolu qalmadığından və cavabdeh bu cür yollara əl atdığından o, məhkəməyə müraciət etməli olmuşdur.

7. Məhkəmənin 21 aprel 2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş iddiaçı X9 bildirmişdir ki, o, cavabdehi artıq uzun müddətdir ki, tanıyır, onların arasında yoldaşlıq münasibətləri mövcud olmuşdur. O, cavabdehin bazarda avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olduğundan məlumatlı olmuş, öz fəaliyyətini həyata keçirməsi üçün cavabdehə borc pul lazım olduqda ona dəfələrlə ümumi olaraq təxminən 200000 manat məbləğində borc vermişdir. Cavabdeh fəaliyyətindən əldə etdiyi pulla verdiyi borcları qaytarmışdır. Bunlardan sonra təxminən 2021-ci ildə o, cavabdehə aldığı evin pulunu ödəyə bilməsi üçün 50000 manat da borc vermiş, həmin məbləği verməsinin səbəbi isə cavabdehin əvvəllər aldığı pulları ona geri qaytarması və özünün artıq cavabdehə etibar etməsi olmuşdur. Hazırda cavabdehdən tələb etdiyi pul da həmin evə görə verdiyi borcla bağlıdır. Hətta o, cavabdehin çətin vəziyyətə düşməsini də nəzərə alıb ona 5000 manat da bağışlamışdır. Bununla bağlı “Sərin” restoranında cavabdeh öz xətti ilə qəbz də yazmış, qəbzdə 37597 manat borcunun qaldığını qeyd etmişdir. Həmin qəbzin əsli də növbəti iclasda təqdim ediləcəkdir. Lakin bir müddət cavabdeh müəyyən ödənişlər etsə də, onun 14197 manat ödənilməmiş borcu qalmışdır. Sonradan ona aydın olmuşdur ki, cavabdeh artıq qalan borcunu ödəmək istəmir. Ona görə də bundan sonra ona qarşı məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir.

8. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi vəkil X12 iddiaçı X9 ilə eyni məzmunda çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının tələb etdiyi hazırkı məbləğ onun cavabdehə evin pulunu ödəyə bilməsi üçün verdiyi 50000 manat borcdan irəli gəlir. Cavabdehin iddiaçıya borclu olmasını təsdiq edən qəbz və “Whatsapp” tətbiqindən çıxarışlar da mövcuddur. Belə ki, cavabdeh 2021-ci ildə özü qəbz yazaraq iddiaçıya təqdim etmiş, iddiaçının ona 5000 manat borcu bağışladığını və özünün iddiaçıya 37597 manat borcu qaldığını təsdiq etmişdir. Həmin qəbzdə qeyd edilən 82097 manat məbləğində borc isə cavabdehin həmin dövrdə iddiaçıya olan bütün ümumi borcunun məbləği olmuşdur. İddiaçı özü də qəbul edir ki, cavabdeh təsdiq etdiyi 37597 manat borcdan sonra müəyyən ödənişlər etmiş, yekunda 14197 manat borcu qalmışdır. Bu isə iddiaçının vicdanlılığını da göstərən bir faktdır, belə ki, onun cavabdeh tərəfindən qəbzdə yazılmış məbləği tam tələb etmək imkanı olsa da, bunu etməmişdir. O, iddianın tam təmin edilməsini xahiş etdi.

9. Cavabdeh X10 13 may 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, iddiaçı X3 ona qarşı iddia tələbi ilə bağlı bildirmişdir ki, onun iddiaçıya hər hansı məbləğdə ödənilməyən borcu yoxdur. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzlə bağlı bildirir ki, qəbzin əsli məhkəməyə təqdim olunmadığına görə, həmin qəbz iddia tələbinin əsasını təsdiq edən sübut kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Digər tərəfdən, sözügedən qəbz işin hazırlıq mərhələsində deyil, iş məhkəmə baxışına təyin olunduqdan sonra məhkəməyə təqdim edilmişdir. Halbuki, MPM-in 78.1-ci maddəsinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göstərilənləri nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsassızdır və məhkəmə tərəfindən rədd olunmalıdır

10. Qobustan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(026)-250/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh X4 14197 manat məbləğində pulun, hüquqi yardım üçün vəkilə ödənilmiş 1020 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137 manat məbləğində pul olmaqla, cəmi 15354 manat məbləğində pulun alınaraq iddiaçı X5 ödənilməsi qət edilmişdir (hakim Samir Mayılov).

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 385.1, 386.1, 529.3, 739.1, 740.1, 740.2, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 69.1, 69.2, 77.1, 88, 107, 115.0.5, 115.0.6, 119.1, 121.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh X10 apellyasiya şikayəti verib Qobustan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(026)-250/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun iddiaçı qarşısında pul tələbindən irəli gələn hər hansı öhdəliyi olmamışdır. Lakin birinci instansiya məhkəməsi maddi hüquq normasını səhv tətbiq etmiş, nəticədə hüquq normasının pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız iddiaçının izahatına və özünün subyektiv mülahizəsinə əsasən qiymət vermiş, nəticədə prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Məhkəmə iddianı təmin edərkən, yalnız iddiaçının məhkəmə baxışında təqdim etdiyi xx.xx.2021-ci il tarixli qəbzin surətinə istinad etmişdir. Halbuki, iddiaçı tərəfindən sübutlar işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər məhkəməyə təqdim olunmalı idi. Göründüyü kimi, məhkəmə prosessual hüquq normasını pozaraq, iddiaçının məhkəmə baxışında təqdim etdiyi qəbzin surətinə istinad etmişdir. Birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq, iclasın təxirə salınmasını xahiş etsə də, məhkəmə iclası təxirə salınmamış, iş üzrə qətnamə qəbul etmişdir. Bununla da məhkəmə çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin öz qətnaməsində göstərdiyi nəticələr işin hallarına uyğun deyildir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. İddiaçının nümayəndəsi və vəkili X12 apellyasiya şikayətinə etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, Qobustan Rayon Məhkəmənin 21 aprel 2025ci il tarixli hazırlıq iclasında iştirak etmiş iddiaçı X9 bildirmişdir ki, o, cavabdehi artıq uzun müddətdir ki, tanıyır, onların arasında yoldaşlıq münasibətləri mövcud olmuşdur. O, cavabdehin bazarda avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olduğundan məlumatlı olmuş, öz fəaliyyətini həyata keçirməsi üçün cavabdehə borc pul lazım olduqda ona dəfələrlə ümumi olaraq təxminən 200000 manat məbləğində borc vermişdir. Cavabdeh əvvəllər borcları çox hissəsini qaytarmışdır. Bunlardan sonra təxminən 2021-ci ildə o, cavabdehə aldığı evin pulunu ödəyə bilməsi üçün 50000 manat da borc vermiş, həmin məbləği verməsinin səbəbi isə cavabdehin əvvəllər aldığı pulları ona geri qaytarması və özünün artıq cavabdehə etibar etməsi olmuşdur. Hazırda cavabdehdən tələb etdiyi pul da həmin evə görə verdiyi borcla bağlıdır. Hətta o, cavabdehin çətin vəziyyətə düşməsini də nəzərə alıb ona 5000 manat da bağışlamışdır. Bununla bağlı “Sərin” restoranında cavabdeh öz xətti ilə qəbz də yazmış, qəbzdə 37597 manat borcunun qaldığını qeyd etmişdir. Həmin qəbzin əsli də bu iddiadan əvvəl qaldırılaraq baxılmamış saxlanan iddia tələbi ilə əlaqədar iş materiallarında olduğundan növbəti iclasa qədər təqdim ediləcəkdir. Əvvəlki iddia tələbinin ərizə əsasında baxılmamış saxlanmasının səbəbi cavabdehin sifariş göndərərək borcunu ödəməsinə söz verməsi olmuşdur. Lakin bir müddət cavabdeh müəyyən ödənişlər etsə də, onun 14197 manat ödənilməmiş borcu qalmışdır. Sonradan ona aydın olmuşdur ki, cavabdeh artıq qalan borcunu ödəmək istəmir. Ona görə də bundan sonra ona qarşı məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. X3 tələbi cavabdehə evin pulunu ödəyə bilməsi üçün verdiyi 50000 manat borcdan irəli gəlir. Cavabdehin iddiaçıya borclu olmasını təsdiq edən qəbz və “Whatsapp” tətbiqindən çıxarışlar da mövcuddur. Belə ki, cavabdeh 2021-ci ildə özü qəbz yazaraq iddiaçıya təqdim etmiş, iddiaçının ona 5000 manat borcu bağışladığını və özünün iddiaçıya 37597 manat borcu qaldığını təsdiq etmişdir. Həmin qəbzdə qeyd edilən 82097 manat məbləğində borc isə cavabdehin həmin dövrdə iddiaçıya olan bütün ümumi borcunun məbləği olmuşdur. İddiaçı özü də qəbul edir ki, cavabdeh təsdiq etdiyi 37597 manat borcdan sonra müəyyən ödənişlər etmiş, yekunda 14197 manat borcu qalmışdır. Bu isə iddiaçının vicdanlılığını da göstərən bir faktdır, belə ki, onun cavabdeh tərəfindən qəbzdə yazılmış məbləği tam tələb etmək imkanı olsa da, bunu etməmişdir. Cavabdeh baxılmamış saxlanan iddia tələbi də daxil olmaqla heç bir məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Cavabdeh X10 13 may 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, iddiaçı X3 ona qarşı iddia tələbi ilə bağlı bildirmişdir ki, onun iddiaçıya hər hansı məbləğdə ödənilməyən borcu yoxdur. İddiaçının məhkəməyə təqdim etdiyi qəbzlə bağlı bildirir ki, qəbzin əsli məhkəməyə təqdim olunmadığına görə, həmin qəbz iddia tələbinin əsasını təsdiq edən sübut kimi nəzərə alına bilməz. Lakin qeyd edilən qəbzi harada və hansı şəraitdə yazması barədə heç nə bildirmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Cavabdeh diqqətdən qaçırmışdır ki, iddiaçı əvvəllər məhkəmənin icraatında olmuş və iddiaçı tərəfin öz ərizəsi ilə baxılmamış saxlanılmış mülki iş materiallarından həmin qəbzin əslinin götürülməsi barədə məhkəməyə müraciət edərək sözügedən qəbzi məhkəmə iclasında təqdim etmişdir. Bundan başqa, sözügedən qəbz elektron kabinet vasitəsilə məhkəmə baxış iclası başlanana qədər təqdim edilmiş, həmin qəbzin mötəbərliyinə hər hansı şübhə yaranmaması üçün isə qəbzin əsli məhkəmənin baxış iclasında təqdim olunmuşdur. Bu isə MPM-in 78.1-ci və 78.1-1-ci maddələri baxımından sözügedən qəbzin sübut olaraq qəbul edilməsinin mümkünlüyünə əsas verir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı müxtəlif vaxtlarda cavabdehə bir neçə böyük məbləğlərdə borc pul vermiş, sonuncu dəfə isə 50000 manat məbləğində cavabdehin aldığı evin pulu ödəyə bilməsi üçün ona borc verdiyini qeyd etmişdir. Həmin borc məbləğləri verilən zaman tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə verilən borcun məbləği həmin borc müqaviləsinin yazılı qaydada bağlanmasını tələb etsə də, onlar arasında həmin vaxt qüvvədə olmuş mülki qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. İddiaçı tərəfindən cavabdehə pulun verilməsi yalnız cavabdehin imzası ilə təsdiq etdiyi əlyazma qəbz ilə rəsmiləşdirilmişdir. Lakin məhkəmə bildirir ki, iddiaçı bununla belə xx.xx.2021-ci il tarixli qəbzlə təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə verilmiş məbləğlərdən ödənilməmiş yekun məbləğ 37597 manat təşkil edir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı həmin qəbzin yazıldığı vaxtdan sonra da cavabdeh tərəfindən bir sıra ödənişlərin edildiyini qəbul edərək, cavabdeh tərəfindən yekun ödənilməmiş məbləğin 14197 manat olduğunu bildirmişdir. Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış qəbz ən azından iddiaçı tərəfindən cavabdehə 82097 manat pul verilməsini və cavabdehin iddiaçıya qaytarmadığı məbləğin 37597 manat olmasını təsdiq edir. İddiaçı isə sonradan həmin puldan geri qaytarmaların olduğunu bildirərək, yekun geri qaytarılmayan məbləğin 14197 manat olmasını qeyd edir. Cavabdehin yeganə etirazı onun iddiaçıya hər hansı məbləğdə ödənilməyən borcunun qalmaması ilə bağlı olmuşdur. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən, əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə MM-in 529.3-cü maddəsinə uyğun olaraq, cavabdehin iddiaçıdan borc almasını təsdiq edən və borc sənədi olan qəbzin əsli hazırda iddiaçıda olduğundan və onun tərəfindən təqdim edildiyindən həmin öhdəliyə xitam verilmədiyini – pulun tam ödənilmədiyini qəbul edir. Həmçinin, iddiaçı cavabdehə borcun verilməsini və öhdəliklərə xitam verilmədiyini təsdiq edən sübutları təqdim etsə də, cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaçıya olan borcunun ödənilməsini təsdiq edən hər hansı sübut, qəbz, çek və ya digər sənəd təqdim etməmişdir. Bundan əlavə, cavabdehin iddiaçıya borcunun mövcudluğunu təsdiqləyən qəbzin üzərində də borcun ödənilmiş olmasına dair hər hansı qeyd icra edilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X12 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

17. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

22. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

23. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

24. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 78. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

30. Maddə 78.1-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

33. Maddə 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.

34. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

42. Apellyasiya şikayətindən görünür ki, cavabdeh X2 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(026)-250/2025 nömrəli qətnaməsinin tam ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etdiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamə tam həcmdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, lakin iddiaçı iddiasının əsasını təşkil etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübuta yetirə bilmişdir.

45. Belə ki, iddiaçı X1 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X4 14197 manat əsas borc, 1020 manat vəkil üçün ödənilmiş pul və 137 manat dövlət rüsumu olmaqla, cəmi 15354 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

46. İddianı təmin edən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Göstərilənlərə əsasən, tərəflər arasında pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfindən tərtib edilərək imzalanmış qəbz ən azından iddiaçı tərəfindən cavabdehə 82097 manat pul verilməsini və cavabdehin iddiaçıya qaytarmadığı məbləğin 37597 manat olmasını təsdiq edir. İddiaçı isə sonradan həmin puldan geri qaytarmaların olduğunu bildirərək, yekun geri qaytarılmayan məbləğin 14197 manat olmasını qeyd edir. Tərəflər arasında sözügedən pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə ödənilməmiş 14197 manat pul məbləğini ona qaytarmalıdır.

47. İddiaçı tərəfindən cavabdehə pulun verilməsi yalnız cavabdehin imzası ilə təsdiq etdiyi əlyazma qəbz ilə rəsmiləşdirilmişdir. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən cavabdehə borcun verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır.

48. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında borc münasibətlərinin yarandığı zaman qüvvədə olan 739.1-ci, 740.1-ci və 740.2-ci maddələrinin məzmununa əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

49. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh qəbzin əslinin deyil, onun surətinin təqdim edilməsi səbəbindən həmin qəbzin sübut olaraq qəbul edilə bilməyəcəyini bildirsə də, iddiaçı tərəf əvvəllər məhkəmənin icraatında olmuş, lakin öz ərizələrinə əsasən baxılmamış saxlanılmış mülki iş materiallarından həmin qəbzin əslinin götürülməsi barədə məhkəməyə müraciət edərək, sözügedən qəbzi məhkəmə iclasında təqdim etmişdir. Bundan başqa, sözügedən qəbz elektron kabinet vasitəsilə məhkəmə baxış iclası başlanana qədər təqdim edilmiş, həmin qəbzin mötəbərliyinə hər hansı şübhə yaranmaması üçün isə qəbzin əsli məhkəmənin baxış iclasında təqdim olunmuşdur. Bu isə MPM-in 78.1-ci və 78.1-1-ci maddələri baxımından sözügedən qəbzin sübut olaraq qəbul edilməsinin mümkünlüyünə əsas verir.

50. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

51. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

52. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

53. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

54. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Qobustan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(026)-250/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(026)-250/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar