Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1089/2025 29.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-948/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Mecidov X2 İlqar Güli oğluna qarşı tut ağacının çıxarılması və maddi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-948/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı tut ağacının çıxarılması və maddi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması, Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbzin nömrəsi ********** olan) 80 manat və xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbzin nömrəsi ********** olan) 20 manat rüsumun Cavabdeh qaytarılması qərara alınmışdır (hakim Natiq İsmayılov). Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 174.1-ci maddəsinə istinad etməklə mövqeyini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən pretenziya qaydasına əməl edilməmiş və həmin qaydanın tətbiq edilməsi imkanı itirilməmişdir. Buna görə də iddiaçı Cavabdeh İddiaçı qarşı tut ağacının çıxarılması və maddi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmin qərardaddan Cavabdeh nümayəndəsi və vəkili Vəkil şikayət verərək qərardadın ləğv edilməsi, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi məhkəməyə xx.xx.2025 tarixdə təqdim edilsə də (e-mehkeme portalındakı tarixlə mülki işdəki tarixlər fərqlənir. Çünki portalda qarşılıqlı iddia ərizəsinin xx.xx.2025 tarixdə verildiyi görünsə də, mülki işdə olan həmin qarşılıqlı iddia məhkəmə dəftəxanasında xx.xx.2025 tarixdə, 5-157/1-M-431- 23/25 sayla qeydiyyatdan keçmişdir.), məhkəmə 19 gün ərzində ərizəyə hər hansı münasibət bildirməyib, yalnız 16 gün sonra xx.xx.2025 tarixdə qərardad qəbul edib ki, qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qarşılıqlı ididia ərizəsi 5 gün müddətində qaytarılmadığı üçün o qəbul edilmiş sayılır. Mülki Məcəllənin 174.1-ci maddəsinə əsasən əgər çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa və onun şikayəti ilə ağlabatan müddətdə aradan qaldırılmazsa, o, həmin budaqları və kökləri kəsib özündə saxlaya bilər. Qanunvericiliyin bu norması bu kateqoriya işlər üzrə məhkəməyə müraciət etmək üçün deyil. Normada göstərilmir ki, bu kateqoriya işlər üzrə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə pretenziya etməlidir. Bu norma sadəcə hüquqları pozulmuş şəxsə imkan yaratmaq üçündür ki, kökləri özü kəsə bilsin. Əgər iddiaçı kökləri özü kəsmək fikrində deyilsə (tutaq ki, kəsinti böyük xərc – usta, texnika, avadanlıq tələb edirsə; iddiaçı yaşlı, xəstə, tənha, iflic adamdırsa və s.) həmin müraciətə heç ümumiyyətlə ehtiyac da yoxdur və birbaşa məhkəməyə verilə bilər. Yəni əgər hazırkı iddia tələbi iddiaçıya budaqları özü kəsmək üçün şərait yaratmaq, icazə vermək üçün olsaydı, onda bu norma yerinə düşəcəkdi ki, get ilk əvvəl cavabdehə müraciət elə, o kəsməsə özün kəsmək üçün məhkəməyə verərsən. Qarşılıqlı iddia tələbi 2 hissədən ibarətdir – 1) maddi ziyanın ödənilməsi; 2) tut ağacının çıxarılması. 1) Maddi ziyanın ödənilməsi ilə bağlı qanunvericilkdə ümumiyyətlə hər hansı pretenziya tələbi yoxdur. Məhkəmə iddianın həmin hissəsinə fikir verməyib, tələbləri qarışdırıb. Ehtimal edək ki, ağacın çıxarılması üzrə pretenziya nəzərdə tutulub, lakin edilməyib. Ziyanın ödənilməsi tələbinə baxmağa nə mane olurdu? 2) Əgər tələbin digər hissəsi üzrə pretenziya qaydaları nəzərdə tutulsaydı və nöqsanı aradan qaldırmaq haqda məhkəmənin təklifinə əməl edilməsəydi, məhkəmənin imkanı var ki, tələbin bir hissəsi üzrə qətnamə, digər hissəsi üzrə qərardad çıxarıb, hissəvi baxılmamış saxlasın; 3)Təcrübədə belə qərarlar çox olur ki, MPM 149 maddənin tələbləri (149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat) üzrə iddiada olan nöqsanlar aradan qaldırılmadıqda iddia baxılmamış saxlanılır. MPM 259.0.12-ci tələbidir ki, məhkəmə nöqsanın mövcudluğunu iddiaçıya bildirsin. Hazırkı halda məhkəmə bu vəzifəsini icra etməyib, iddiaçıya şərait yaratmayıb, ehtimal olunan nöqsanı aradan qaldırmaq hüququnu təmin etməyib; 4) İddianın ağacın çıxarılması hissəsi üzrə də qanunvericilkdə pretenziya nəzərdə tutulmayıb, qanunvericiliyin tələbi yalnız köklər və budaqlara bağlıdır ki, hüquqları pozulmuş şəxs onlarfı özü kəsə bilsin. Köklər və budaqlar ayrı anlayışdır, bütünlüklə ağac isə ayrı. Köklər və budaqlar ağacın bir hissədir; 5) Məhkəmə hazırkı iş üzrə daha əvvəlki – xx.xx.2025 tarixli qərardadı qəbul edərkən pretenziya qaydalarına əməl edilməməsi nöqsanını qeyd etməmişdir, iddia yalnız rüsum ödənilmədiyi üçün qaytarılmışdır. Əgər həmin nöqsan var idisə, onda xx.xx.2025 tarixli qərardadda göstərilməli idi. Hər dəfə yeni nöqsan tapmaq, bildirmək süründürmə sayılır. İddaçı sadə, yaşlı vətəndaşdır, var idisə məhkəmə bütün nöqsanları xx.xx.2025 tarixli qərardadında əks etdirməli idi; 6) Məhkəmə iclasında qarşılıqlı cavabdeh vəkilin sualına cavab olaraq etiraf etmişdir ki, tut ağacının qarşılıqlı iddiaçının həyətinə keçməsi ilə bağlı cavabdeh xeyli müddət əvvəl ona bildirmiş, o da cavab vermişdir ki, budaqları özün kəsə bilərsən. Qarşılıqlı cavabdehin məhkəmədə bu sözlərindən qarşılıqlı iddiaçının ona ağacın, budaqlarının kəsilməsini tələb etməsi, yəni pretenziya etməsi faktı təsdiqini tapır. Qanunvericilkdə pretenziyanın mütləq qaydada yazılı olması tələbi yoxdur. Pretenziya bəzi hallarda yazılı qaydada ona görə verilir ki, məhkəməyə bu haqda sübut təqdim edilə bilinsin (pretenziyanın mətni, çatması haqda poçt qəbzi və s.), şifahi pretenziyanın olması faktının təsdiqi həmin tələbə əməl edilmə sayılır; 7) Ümumiyyətlə MPM 259-cü maddəsi üzrə iddia ərizəsi icraata qəbul edildikdən sonra baxılmamış saxlanıla bilər. İcraatda olmayan iddia ərizəsi baxılmamış saxlanıla bilməz. Qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə məhkəmə hər hansı qərardad qəbul etməyib. Çatışmazlıq olduğu halda məhkəmənin hüququ və imkanı var idi ki, nöqsanlı hesab etdiyi qarşılıqlı iddia ərizəsini MPM 152 maddəyə əsasən geri qaytarsın. Məhkəmə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması haqda xx.xx.2025 tarixli qərardadında qeyd edilən nöqsanları aradan qaldırmaqla iddia üzrə 2-ci dəfə məhkəməyə müraciət etmək hüququna mane olmuşdur. Çünki məhkəmənin xx.xx.2025 tarixli qərardadına qeyd edilən nöqsanları aradan qaldırmışlar, lakin məhkəmə xx.xx.2025 tarixli qərardadda göstərilməyən fərqli bir əngəl yaratmışdır. Əgər başqa nöqsan var idisə məhkəmə xx.xx.2025 tarixli qərardadda bunu qeyd etməli və ya sonradan aşkar etmişdisə, həmin nöqsanı aradan qaldırmaq üçün şərait yaratmalı idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında qeyd etmişdir ki, “Qarşılıqlı iddianın ilkin iddia ilə bir icraatda baxılması mülki prosessual hüququn təməl prinsiplərindən olan, məhkəmələrin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə də xidmət etmiş olur. Bu prinsip məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır (Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarı). Qarşılıqlı iddianın ümumi qaydalar əsasında verilməsi tələbi ilə əlaqədar qeyd olunmalıdır ki, qarşılıqlı iddia ərizəsinin verildiyi zaman ilkin iddia ilə bağlı Mülki Prosessual Məcəllənin 149.2.4, 149.2.4-1, 152.1.6 və 152.1.6-1-ci maddələrində müəyyən edilmiş şərtlərə (pretenziya, mediasiya prosesində iştirak və s.) riayət edilməsinin tələb olunması məhkəməyə qədər nizamlama institutunun hüquqi təyinat və məqsədinə uyğun gəlmir”. Göründüyü kimi konstitusiya məhkəməsi pretenziya və mediasiya tələblərini MPM 259-cu maddəsinin digər bəndlərindən fərqləndirir. Yəni dövlət rüsumu ödənilmədiyi, imzalanmadığı halda qarşılıqlı iddiaya baxıla bilməz, lakin pretenziya edilməsə baxıla bilər. Konstitusiya Məhkəməsinin qənaətinə görə pretenziyaya riayət edilməsinin tələb olunması məhkəməyə qədər nizamlama institutunun hüquqi təyinat və məqsədinə uyğun gəlmir, çünki ilin iddia artıq verilib və həmin iddia artıq məhkəmənin icraatındadır. Məhkəmənin işi azalmayacaq. Əksinə qarşılıqlı iddia baxılmamış saxlanılması ilə bağlı yeni iddia veriləcəyi halda məhkəmənin işi artacaq, 2-ci iddiaya baxılacaq. Məhkəmə özü öz işini uzatmışdır. 3) Eyni zamanda konstitusiya məhkəməsi iddia və qarşılıqlı iddianı da fərqləndirir. İlkin iddiada pretenziya şərti vacıb olsa da, qarşılıqlı iddiada bunu vacib və mütləq bilmir, çünki ilkin iddia artıq verilib, məhkəmədə iş var, qarşılılqlı iddia işi artırmayacaq. Şamaxı RM ciddi cəhdlə Ali Məhkəmənin bu qərarını rəhbər tutmağa çalışsa da, nəzərdən qaçırmışdır ki, bu qərarda baxılmamış saxlamanın əsasları icraata qəbul edilmiş işlər üçündür. Heç bir orqan, o cümlədən Ali Məhkəmə icraatda olmayan iddianın baxılmamış saxlanılmasının mümkün olduğunu deməz. Şamaxı Rayon Məhkəməsin xx.xx.2025-ci il tarixli, 2(074)-948/2025 nömrəli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, 2(074)-948/2025 saylı qərardadı qarşılıqlı iddia ərizəsinin “maddi ziyan” tələbinə dair hissəsinin baxılmamış saxlanılmasına dair hissədə ləğv edilməsi, qarşılıqlı iddia ərizəsinin həmin hissədə icraata götürülməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-948/2025 nömrəli qərardadı qismən – “tut ağacının çıxarılması tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması, Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbzin nömrəsi ********** olan) 80 manat və xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbzin nömrəsi ********** olan) 20 manat rüsumun Cavabdeh qaytarılması” hissədə ləğv edilməli, Mecidov X2 İlqar Güli oğluna qarşı tut ağacının çıxarılması tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinin yoxlanılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tut ağacının çıxarılması tələbinə dair qarşılıqlı iddianı baxılmamış saxlayarkən onu istinad etmişdir ki, mübahisə məhkəməyədək nizamasalınma normalarına riayət edilmədən verilmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3–4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur. Məhkəmə kollegiyası həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq qeyd edir ki, Mülki Prosessual Məcəllənin normaları mülki məhkəmə icraatının gedişini, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Məhkəmə kollegiyası ilk olaraq izah edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Mülki Prosessual Məcəllənin 155-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Kollegiya birinci instansiya məhkəməsinin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası MPM-nin 151.3-cü maddəsinə əsasən, məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)- 948/2025 nömrəli qərardadı qismən – “tut ağacının çıxarılması tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması, Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbzin nömrəsi ********** olan) 80 manat və xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbzin nömrəsi ********** olan) 20 manat rüsumun Cavabdeh qaytarılması” hissədə ləğv edilməli, Cavabdeh İddiaçı qarşı “tut ağacının çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsinin yoxlanılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264,395-396, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-948/2025 nömrəli qərardadı qismən – “tut ağacının çıxarılması tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması, Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbzin nömrəsi ********** olan) 80 manat və xx.xx.2025-ci il tarixdə ödənilmiş (qəbzin nömrəsi ********** olan) 20 manat rüsumun Cavabdeh qaytarılması” hissəsində ləğv edilsin. Mülki iş Cavabdeh İddiaçı qarşı “tut ağacının çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsinə qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1089/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1089/2025
29.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver