Məhkəmə qərarları › İş №2(105)-109/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-109/2025

18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-109/2025 18.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X5” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı “X5” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(028)-419/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13711,9 manat əsas borcun, 1857,59 manat faiz, 84,98 manat cərimə, cəmi 15654,47 manat borcun və 137,4 manat ödənilmiş dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 26% ödəmək şərtilə 14200 manat məbləğində kredit verilmişdir.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 12 iyul 2024-cü il tarixinə "xxxx" KB ASC-yə 13711,9 AZN əsas, 1857,59 AZN faiz, 84,98 AZN cərimə, cəmi 15654,47 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. 01U/21 saylı xx.xx.2021-ci il tarixli Ümumi oferta (bank xidmətlərinə dair) müqaviləsindən görünür ki, "xxxx" KB ASC bank xidmətlərini özündə cəmləşdirən ümumi ofertanı rezident və qeyri-rezident fiziki şəxslərə təqdim edir.

5. Sms çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə "xxxx" KB ASC tərəfindən Cavabdeh xx.xx.2028-ci il tarixədək illik 26%-lə 14200 manatlıq nağd kredit təklif edilmişdir və təklif qarşı tərəfdən qəbul edildiyi üçün vəsait karta köçürülmüş, Unibank bankomatlarından nağdlaşdırılması bildirilmişdir.

6. BANK/PİKMD/1205911 saylı, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 17813nkADJb/23 saylı kredit müqaviləsinə görə 13711,9 manat əsas borcu, 1857,59 manat faiz, 84,98 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 15654,47 manat borcu yaranmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

7. Qubadlı Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(028)-419/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbinin təmin edilməsi, Cavabdeh 13711,9 manat əsas borc, 1857,59 manat faiz borcu, 84,98 manat cərimə borcu, cəmi 15654,47 manat borc və 137,4 manat ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445, 448.1 və 739-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 106, 217, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(028)-419/2024 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyator şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, hazırda iddiaçının ondan tələb etdiyi kredit müqaviləsi üzrə əsas və faiz bocu ilə razı deyil. Birinci instansiya məhkəməsində üzürlü səbəbdən iştirak edə bilmədiyindən məhkəmədən hazırkı kredit müqaviləsi üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini tələb edə bilməmişdir. Belə ki, hazırkı qətnamədə qeyd olunan əsas və faiz borcu reallığı əks etdirmir. Ona görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyası tərəfindən hazırkı mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli və ekspert qarşısında onunla iddiaçı "xxxx" KB ASC arasında bağlanmış kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsi sualı qoyulmaqla məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi barədə qərardad qəbul edilməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cərimənin tutulması hissəsində dəyişdirilməlidir.

17. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.

18. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

20. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında 01U/21 saylı xx.xx.2021-ci il tarixli Ümumi oferta (bank xidmətlərinə dair) müqavilə bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır.

21. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir.

22. Cavabdeh apellyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(028)-419/2024 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı aşağıda şərh olunanları da qeyd etməyi zəruri hesab edir.

24. Apellyasiya şikayətindən göründüyü kimi apellyator birinci instansiya məhkəməsində üzürlü səbəbdən iştirak edə bilmədiyindən məhkəmədən hazırkı kredit müqaviləsi üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini tələb edə bilməməsini, hazırkı qətnamədə qeyd olunan əsas və faiz borcunun reallığı əks etdirməməsini mübahisələndirmişdir.

25. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab etmişdir ki, mübahisələndirilən məsələ xüsusi bilik tələb olunan halların araşdırılması ilə bağlı olduğundan iş üzrə obyektiv və hərtərəfli araşdırmanın təmin edilməsi məqsədə ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli və Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 06 mart 2025-ci il tarixli, 2(105)-109/2025 nömrəli qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2025-ci il tarixli, 9/2069 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, məhkəmə-mühasibat ekspertizası ilkin sənədlərin məlumatları əsasında aparılan tədqiqat olduğundan, lakin Mehrəliyevə Vəsilə Çingiz qızının ilə "xxxx" KB ASC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış Ərizə-Anket və İmza Nümunəsi ərizəsi və həmin ərizənin tərkib hissəsi olan xx.xx.2021ci il tarixli, 01U/21 saylı ümumi oferta müqaviləsi üzrə yuxarıda göstərilənlərə əsasən kreditdən təyinatı üzrə istifadə edilməsi və qaytarılması qaydaları Bankla Borcalan arasında Borcalanın bankda qeydiyyatda olan mobil telefon nömrəsi üzrə SMS bildirişlərinə, Borcalanın şəxsi kabineti, mobil tətbiqi və ya Bank tərəfindən təklif edilən digər vasitələrlə müəyyən edildiyinə görə hazırkı tədqiqatla təqdim edilmiş sənədlərdə həmin qaydaların tərəflər arasında razılaşdırılmış qaydada öz əksini tapmadığından borc qalığının hesablanması mümkün olmur.

27. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işin müəyyən edilən hallarına əsasən tərəflər arasında sərbəst şəkildə qanunla müəyyən edilən qaydada kredit müqaviləsi bağlanmış, tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, iddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçı qarşısında icra olunmamış pul öhdəliyi yaranmışdır.

28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etməkdə haqlı olmuşdur.

29. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas borc və faiz borcu məbləğinin müəyyən edilməsi hissəsində yanlış hesablama apararaq, səhv nəticəyə gəlmişdir.

30. Belə ki, "xxxx" KB ASC tərəfindən kredit alana göndərilmiş 07 may 2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, 17813nkADJb/23 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Banka 7 may 2024-ci il tarixinə 13711,90 AZN əsas, 1223,35 AZN faiz, 27,70 AZN cərimə, cəmi 14962,95 AZN borcu yaranmışdır. Banka olan bütün borc məbləğinin tam olaraq 3 iş günü müddətində ödəməklə bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etmək təklif edilmiş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edilməsi barədə xəbərdar edilmişdir.

31. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin banka olan faiz və cərimə borcu 07 may 2024-cü il tarixli bildiriş nəzərə alınmaqla müəyyən edilməlidir.

32. Belə ki, göründüyü kimi Bank bütün borc məbləğinin ödənilməsini tələb etməklə müqavilənin ləğv edilməsinə dair iradə ifadəsini digər tərəfə bildirilmişdir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında irəli sürülmüş mövqeyə görə öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunduqda və bununla da müqaviləyə xitam verildikdə, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

34. Bu göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, qətnamə 1857,59 manat faiz borcu və 84,98 manat cərimə borcunun tutulması hissədə dəyişdirilərək, faiz borcu 1223,35, cərimə borcu 27,70 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərinin əvəzi olaraq cəmi 200 manat Cavabdeh tutularaq X1 ödənilməidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(028)-419/2024 nömrəli qətnaməsi - “1857,59 manat faiz borcu və 84,98 manat cərimə borcu” tutulması hissədə dəyişdirilərək, faiz borcu 1223,35 manat, cərimə borcu 27,70 manat müəyyən edilsin. Qənamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza təhqiqatlarının dəyərinin əvəzi olaraq cəmi 200 (iki yüz) manat Cavabdeh alınaraq SAP (XİİS) hesabı X2 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar