Məhkəmə qərarları › İş №2(105)-1090/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1090/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1090/2025 29.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpası) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "əqdin etibarlı hesab edilməsi" tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(067)- 2159/2018 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(067)- 2159/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

2. Həmin qətnamədən 29 aprel 2025-ci il tarixdə Cavabdeh2 apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.

3. Cavabdeh2 ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2159/2018 saylı, 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı oglu ilə Cavabdeh1 və Cavabdeh2 arasında sonunculara məxsus torpağa mülkiyyət hüququna dair JN-0078, KOD 30204018 olan dövlət aktına əsasən Xaçmaz rayonun Alekseyevka kəndində yerləşən 1,72 ha pay torpaq sahəsinin alqı-satqısına dair 02 may 2005-ci il tarixdə bağlanmış əqd İddiaçı tərəfindən tamamilə icra olunduğundan etibarlı hesab edilərək onun həmin torpaq sahələrinə mülkiyyət hüququ müəyyən edilmişdir. Məhkəmə qətnaməsi tamamilə qanunsuz və əsassız olmaqla yalan üzərində qurulmuşdur. Belə ki, o və atası Cavabdeh1 Xaçmaz rayonu Alekseyevka kəndində qeydiyyatda olmaqla orada yaşayırlar. X7 zamanı yaşadıqları evin yanında torpağa mülkiyyət hüququna dair JN-0075 KOD 30204018 saylı dövlət aktına əsasən 1,72 ha pay torpaq sahəsi verilmişdir. Torpaq sahəsi verildiyi vaxtdan hal-hazıra kimi onların istifadəsindədir. Torpaq sahəsinə görə dövlətdən subsidiya belə alırlar. O və atası uşaqlıqdan debillik xəstəliyindən əziyyət çəkirlər. Atası 22 iyun 1993-cü ildən 22 iyul 1993cü ilə qədər kəskin dərəcəli irribesillik diaqnozu ilə stasionar müalicə almış və ona əlillik təyin edilmişdir. O da həmçinin uşaqlıqdan xəstəlikdən əziyyət çəkmiş, 23 dekabr 2005-ci il tarixdən 06 yanvar 2006-cı ilə kimi Quba rayon PNRM-da oliqoireniyanın kəskin debillik dərəcəsi diaqnozu ilə stasionar müalicə almışdır. Torpaq sahəsindən istifadə edirlər. Həmin torpaq sahəsi onların yeganə dolanışıq yeridir. Bundan başqa 04 mart 2014-cü ildə torpaq sahəsinə dair özlərində olan torpağa mülkiyyət hüququna dair JN-0075 KOD 30204018 saylı dövlət aktını təqdim edərək hüquqlann dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarış əldə etmişlər. Onlar torpaq sahəsini satmamışlar. Torpaq sahəsi onların istifadəsindədir. Onlar torpaq sahəsini necə satmışlar ki, özləri də dövlət aktı əsasında çıxarış almış, amma iddiaçı ondan dövlət aktının surəti ilə məhkəmədə alqı-satqı olunduğunu deyir. Əgər torpaq sahəsi iddiaçıda olsaydı niyə onlar özləri torpaq sahəsinə çıxarış almışlar? Ümumiyyətlə torpaq sahəsi başqa şəxsdə olduğu halda çıxarış verən orqanın işçisi necə gəlib yerində ölçüb çıxarış verib? Bütün kənd təsdiqləyir ki, torpaq sahəsi onlarda olmuş, onlar heç kimə verməmişlər. Bir neçə gün bundan qabaq vərəsəlik əməliyyatları aparmaq üçün notariat orqanına yaxınlaşan zaman torpaq sahəsinə dair başqa şəxsin adında çıxarış olduğunu öyrənmişlər. Həmin çıxarışı hansı formada alınması ilə bağlı məlumatda onlara şifahi formada Xaçmaz rayon məhkəməsinin qətnaməsi ilə başqa şəxsin adına keçdiyini bildirdirlər. Bundan sonra ərizə verərək məhkəmənin qətnaməsini almışlar. Qətnamə başdan basa yalanlarla doludur. Onlara nə məhkəmədən məktub gəlmiş, nə torpağın qurama yolla iddiaçının adına keçirilməsindən məlumatları olmamışdır. İddiaçı məhkəməni aldatmış, məhkəmə isə işi tam araşdırmadan qətnamə qəbul etmişdir. Əgər onlar torpağı satmışlarsa hanı onların müqaviləsi? Hanı onların imzaları? Xaçmaz Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(067)-2169/2018 saylı qətnaməsini o, 14 mart 2025-ci il tarixdə əldə etmiş, alandan sonra dərhal apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti 14 mart 2025-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, bundan sonra uzun müddət apellyasiya şikayətindən məlumatı olmamış, dəfələrlə apellyasiya şikayəti ilə maraqlansa da, heç bir nəticəsi olmamış, yenidən apellyasiya şikayəti ilə maraqlandıqda ona elektron məhkəmə sistemində apellyasiya şikayətini tapa bilmədiklərini qeyd edərək yenidən apellyasiya şikayətinin elektron qaydada göndərilməsi ona bildirilmiş və ona ərizə yazdırmışlar. Bundan sonra o, yenidən apellyasiya şikayətini elektron qaydada göndərmişdir. Beləliklə, göründüyü kimi o, şikayət müddətini ötürməmişdir. Belə ki, qətnaməni alan kimi, yəni 14 mart 2025-ci il tarixdə apellyasiya şikayətini elektron sistemə yerləşdirmişdir. Qətnamədən şikayət vermə müddəti olan bir aylıq müddətin bir günü belə ötməmişdir. Sonradan hüquqi cəhətdən savadsızlığından istifadə edərək ona 16 aprel 2025-ci il tarixdə ərizə yazdırmışlar, həmin tarixdən 1 aylıq müddətin axımı başlayarsa 12 gündən sonra yəni 28 aprel 2025-ci il tarixdə o yenidən apellyasiya şikayəti vermişdir. Beləliklə, göründüyü kimi onun qətnamədən şikayət vermə müddəti olan bir aylıq müddətdən 12 gün isitifadə edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Xaçmaz Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(067)-2159/2018 nömrəli qərardadı ilə (hakim Aynur Əliyeva) Xaçmaz Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(067)-2159/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün Cavabdeh2 tərəfindən buraxılmış prosessual müddət bərpa edilməmişdir.

5. Cavabdeh2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 19 may 2025-ci iİ tarixli 2(067)-2159/2018 nömrəli qərardadının ləğv edilməsini, müddətin ötürülməmiş hesab edilməklə apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini, əks təqdirdə qərardaddan şikayətin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Xaçmaz Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(067)-2159/2018 nömrəli qərardadı ilə (hakim Aynur Əliyeva) Cavabdeh2 Xaçmaz Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli 2(067)-2159/2018 saylı qərardadından verdiyi şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə 7 (yeddi) gün müddətində aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 2159/2018 saylı, 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında sonunculara məxsus torpağı mülkiyyət hüququna dair JN-0078, KOD 30204018 olan dövlət aktına əsasən Xaçmaz rayon Alekseyevka kəndində yerləşən 1,72 ha pay torpaq sahəsinin alqı-satqısına dair 02 may 2005-ci il tarixdə bağlanmış əqd İddiaçı tərəfindən tamamilə icra olunduğundan etibarlı hesab edilərək onun həmin torpaq sahələrinə müllkiyyət hüququ müəyyən edilmişdir. Qətnamədən ümumiyyətlə məlumatı olmamışdır. Həmin qətnaməni əldə etdikdən sonra apellyasiya şikayəti vermişdir. Eyni zamanda o, müddətin ötürülməmiş hesab edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2(067)-2169/2018 saylı qətnaməsini o 14 mart 2025-ci il tarixdə aldığını, alandan sonra dərhal apellyasiya şikayəti verdiyini, apellyasiya şikayəti 14 mart 2025-ci il tarixdə məhkəmənin icraatına qəbul edildiyini, bundan sonra uzun müddət apellyasiya şikayətindən məlumatı olmadığını, dəfələrlə apellyasiya şikayəti ilə maraqlansa da, heç bir nəticəsi olmadığını, yenidən apellyasiya şikayəti ilə maraqlandıqda ona elektron məhkəmə sistemində apellyasiya şikayətini tapa bilmədiklərini qeyd edərək yenidən apellyasiya şikayətinin elektron qaydada göndərməyi ona bildirmiş və ona ərizə yazdırmışlar. Bundan sonra o, yenidən apellyasiya şikayətini elektron qaydada göndərmişdir. Beləliklə göründüyü kimi o, şikayət müddətini ötürməmişdir. Belə ki, qətnaməni alan kimi, yəni 14 mart 2025-ci il tarixdə apellyasiya şikayətini elektron sistemə yerləşdirmişdir. Qətnamədən şikayət vermə müddəti olan bir aylıq müddətin bir günü belə ötməmişdir. Sonradan hüquqi cəhətdən savadsızlığından istifadə edərək ona 16 aprel 2025-ci il tarixdə ərizə yazdırmışlar, həmin tarixdən 1 aylıq müddətin axımı başlayarsa 12 gündən sonra yəni 28 aprel 2025-ci il tarixdə o yenidən apellyasiya şikayətini verir. Beləliklə, göründüyü kimi onun qətnamədən şikayət vermə müddəti olan bir aylıq müddətdən 12 gün isitifadə edilmişdir. Müddətin ötürülməmiş hesab edilməsi barədə ərizəsinə məhkəmə baxaraq müddətin bərpasından imtina etmişdir. Məhkəmə qərardadında cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü səbəbdən baş verməsini təsdiqləyən heç bir sübut təqdim etmədiyini, bundan əlavə, iş materiallarından müəyyən edilir ki, qeyd olunan qətnamənin surətini Cavabdeh2 təqdim edilməsi üçün xx.xx.2018-ci il tarixdə Əzizov Həsən adlı şəxsə verildiyini, bundan başqa, məhkəmə iclasında cavabdeh öz izahatında qeyd olunan məsələ (torpağın satılması) ilə bağlı məlumatı 2 il əvvəl əldə etdiyini bildimiş, lakin həmin müddət ərzində hansı səbəbdən qətnamədən apellyasiya şikayəti vermədiyini açıqlaya bilmədiyini qeyd etmişdir. Məhkəmənin gəldiyi bu nəticə ilə tamamilə razılaşmır. Məhkəmə işə qərəzli və ədalətsiz baxmışdır. Belə ki, o, müddətin bərpa edilməsi ilə bağı deyil, müddətin ötürülməmiş hesab edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qətnaməsi ona rəsmi qaydada verilməmiş, yalnız ərizə ilə məhkəməyə müraciət etdikdən sonra 14 mart 2025-ci il tarixdə rəsmi qaydada məhkəmədən almışdır. Əgər ona qətnamə 2018-ci ildə rəsmi qaydada verilsəydi o zaman o qətnaməni 2025-ci ildə ərizə yazaraq istəyən zaman məhkəmə tərəfindən ona qətnaməni rəsmi qaydada verildiyi üçün imtina edilərdi və təkrar alınması üçün rüsum ödənilməsi təbb edilərdi. Göründüyü kimi qətnaməni o, ilk dəfə 14 mart 2025-ci il tarixdə almışdır. Əzizov Həsən adlı şəxs nə onun qonşusu, nə onun qohumu deyildir, onun tərəfindən qətnamə ona təqdim edilməmişdir. Məhkəmə yoldan keçən şəxsə ona çatacaq məhkəmə qətnaməsinin verilməsinə görə onun həmin qətnaməni rəsmi qaydada almağını təsdiq etməsi qanuna uyğun deyildir. Məhkəmə qətnaməsini rəsmi qaydada 14 mart 2025ci il tarixdə aldığı halda heç bir prosessual müddəti buraxmamşdır. Prosessual müddəti buraxmadığı halda isə onun üzürü və ya üzürsüz səbəbləri barədə də məlumat verməli deyil. Müddəti buraxmadığı halda hansı prosessual müddətin üzürlü səbəbdən buraxılmasından söhbət gedə bilər? Məhkəmə qərardadında onun torpağın satılmasından 2 il əvvəl məlumatı olduğunu qeyd etməklə dolayısı ilə müddətin ötməsini bildirmişdir. Məhkəmələr qanunlarla işə baxır. Ehtimallarla deyil. Qanunda deyir ki, qətnaməni alandan sonra 1 ay ərzində apellyasiya şikayəti verilməlidir. O, da qətnaməni 14 mart 2025-ci il tarixdə almışdır. Belə olan halda məhkəmənin ehtimalının, iddiaçının mövqeyindən çıxış etməsinin heç bir əhəmiyyəti yoxdur və bu qanun pozuntusu olmaqla məhkəmənin işə qərəzli olaraq baxmasını təsdiq edir.

Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 357.1. Birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilərlər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya baxışının hədləri

10. Şikayətdən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(067)-2159/2018 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Xaçmaz Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(067)- 2159/2018 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(067)-2159/2018 nömrəli qərardadı ləğv edilməli, apellyasiya şikayəti verilməsi üçün prosessual müddət bərpa edilməlidir.

12. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(067)-2159/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün Cavabdeh2 tərəfindən buraxılmış prosessual müddət bərpa edilməmişdir.

13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü səbəbdən baş verməsini təsdiqləyən heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, iş materiallarından müəyyən edilir ki, qeyd olunan qətnamənin surətini Cavabdeh2 təqdim edilməsi üçün xx.xx.2018-ci il tarixdə Əzizov Həsən adlı şəxsə verilmişdir. Bundan başqa, məhkəmə iclasında cavabdeh öz izahatında qeyd olunan məsələ (torpağın satılması) ilə bağlı məlumatı 2 il əvvəl əldə etdiyini bildirmiş, lakin həmin müddət ərzində hansı səbəbdən qətnamədən apellyasiya şikayəti vermədiyini açıqlaya bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, prosessual müddətin bərpasına dair ərizə təmin edilməməlidir.

14. Cavabdeh2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 19 may 2025-ci iİ tarixli 2(067)-2159/2018 nömrəli qərardadının ləğv edilırək müddətin ötürülməmiş hesab edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual normalarının tətbiqində pozuntuya yol verilmiş, məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur.

16. Belə ki, mülki iş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(067)-2159/2018 saylı qətnaməsi Cavabdeh2 ünvanına göndərilsə də, onun qətnaməni alması barədə heç bir sənəd iş materiallarına əlavə edilməmişdir.

17. Bundan başqa işdə olan qəbzdən görünür ki, qətnamə cavabdehə təqdim edilməsi üçün dayısı Həsən Əzimova təqdim edilmişdir, lakin cavabdeh o adda dayısının olmadığını bildirərək, ümumiyyətlə o şəxsi tanımadığını bildirir. Beləliklə, məhkəmənin qətnaməsi cavabdehə rəsmi qaydada verilməmiş, öz deməsinə görə ərizə ilə məhkəməyə müraciət etdikdən sonra 14 mart 2025-ci il tarixdə rəsmi qaydada məhkəmədən almışdır.

18. Həmçinin mülki iş materialları ilə müəyyən edilir ki, cavabdeh birinci instansiya məhkəməsindəki araşdırma zamanı məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə tərəfindən lazımı qaydada məlumatlandırılması iş materialları ilə təsdiqini tapmır. İş materiallarına «dayısı Həsən Əzimov təqdim etmək üçün aldı» qeydi olan məhkəmə bildirişləri əlavə edilmişdir.

19. Kollegiya qeyd edir ki, həmin Həsən Əzimov adlı şəxsin cavabdehlərin səlahiyyətli nümayəndələri olmaları ilə bağlı iş materiallarında heç bir sənəd yoxdur.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər.

21. Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.

22. Avropa Məhkəməsi xüsusi ilə vurğulayır ki, daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (Raihani Belçikaya qarşı qərar).

23. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə müqaisəli öyrənərək, cavabdehin məhkəmə iclasları barədə məlumatı olmamasını, «Həsən Əzimov» adlı şəxsin cavabdehlə bağlılığının, hansı əsasla həmin şəxsə məhkəmə bildirişlərinin və məhkəmə qətnaməsinin təqdim edilməsinin iş materialları ilə müəyyən edilməməsini, cavabdeh tərəfindən məhkəmə aktının rəsmi qaydada əldə edilməsinin təsdiqini tapmamasını, öz deməsinə görə 14 mart 2025-ci il tarixdə əldə etməsini, elektron kabinet vasitəsi ilə 29 aprel 2025-ci il tarixdə apellyasiya şikayətinin verildiyini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(067)-2159/2018 nömrəli qərardadı ləğv edilməli, Xaçmaz Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(067)-2159/2018 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılması üzürlü hesab edilərək bərpa edilməlidir.

24. Kollegiya eləcə də qeyd edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur.

25. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(067)-2159/2018 nömrəli qərardadı ləğv edilsin. Xaçmaz Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2(067)-2159/2018 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Apellyasiya şikayəti baxılması və qeydə alınaraq icraata verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar