Məhkəmə qərarları › İş №2(105)-1091/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1091/2022

28.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1091/2022 28.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(012)-3923/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(012)-3923/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Araz küçəsində yerləşən Cavabdeh məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli tikiliyə onun tərəfindən xərclənən 40.000 manat pulun ona dəymiş zərər kimi cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci ildə cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 2009-cu ildə X7, 2010-cu ildə X5 və 2014-cü ildə X6 dünyaya gəlmişdir. Yaşayış sahələri olmadığından bir müddət həyat yoldaşının valideynləri ilə bir evdə yaşamışlar. Sonra qayınatası özünə və qızı Zeynəbə mülkiyyət hüququ ilə məxsus torpaq sahəsində onun ailəsinin yaşaması üçün ev inşa etməsini ona təklif etmişdir. Keçmiş qayınatası ona həmin torpaq sahəsini göstərib qızına və özünə mülkiyyət hüququ ilə məxsus torpağın çox hissəsini kənar şəxslərə notarial alqı-satqı müqaviləsi əsasında satdığını, həmin sahədən qalan hissəsini isə ev inşa etmək üçün onun sahibliyinə verdiyini bildirmişdir. Onun sahibliyinə verdikləri torpaq sahəsində gecə-gündüz çalışaraq ev inşa etməyə başlamışdır. O, gündüzlər başqalarının evində işləyib qazandığı pula inşaat materialları almış, evinin tikintisinə sərf etmişdir. Gecə saatlarında isə fiziki gücünü sərf edib evin inşasını davam etdirmişdir. Bundan başqa, himayəsində olan üç övladını və həyat yoldaşını saxlamaq da onun üzərinə düşmüşdür. Evin tikintisini bitirdikdən sonra ailə üzvlərini bu evə köçürərək bir müddət həmin evdə yaşamışlar. Bir il bundan əvvəl cavabdeh məhkəməyə nikahlarını pozmaq üçün müracət etmiş, övladı İsrafil qətiyyətlə onunla qalmaq istədiyini bildirmişdir. O, iki qız övladını nəzərə alaraq, cavabdehə inşa etdiyi evdə yaşamalarını təkif etmiş, bunun qarşılığında isə aliment tələb etməməsini istəməmişdir. Cavabdeh onun təklifini qəbul edib məhkəmədə aliment tələbindən imtina etmişdir. Boşanandan sonra 6 ay cavabdehlə bir evdə yaşamış və bu ərəfədə avtomobil qəzasına düşüb qolundan çox ciddi xəsarət almışdır. Xəsarətə görə ona ödənilən pulun 700 manatını cavabdehə müalicəsi üçün götürdüyü krediti bağlaması üçün vermişdir. Çoxsaylı müalicələr alıb əməliyyatlar keçirsə də, qolunun hərəkəti bərpa olunmamış və hazırda əlilliyi ilə əlaqədər mərhələni keçir. O, övladı İsrafili də götürərək evi tərk etdikdən sonra cavabdeh aralarında olan razılığı pozmuş, məhkəmədə ona qarşı iddia qaldırmışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh onun əziyyətlə tikdiyi evi satıb əldə edəcəyi pula Türkiyəyə getmək və qızlarını da özü ilə bərabər aparmaq niyyətindədir. O, heç bir halda qızlarının ölkədən çıxarılmasına razılıq verməyəcəkdir. Onunla telefon əlaqəsi yaradan qəsəbənin ev alqı-satqısı ilə məşğul olan şəxs bildirmişdir ki, onun tikdiyi evi cavabdeh 52000 manata satmaq niyyətindədir. Bütün qonşular və evin tikintisində fəhlə kimi çalışanlar təsdiq edə bilərlər ki, bu evi o, öz vəsaiti hesabına inşa etmişdir. Apardığı hesablamaya əsasən bu evin inşasına onun tərəfindən 40.000 manat pul xərclənmişdir. Cavabdehin razılığı və göstərişi əsasında inşa etdiyi tikiliyə qanunla mülkiyyət hüququ qazanmamışdır, lakin evin inşasına çəkdiyi xərci cavabdeh ona dəymiş zərər kimi ödəməyə borcludur. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2008-ci ildə Cavabdeh Fəyaz qızı ilə nikaha daxil olub ailə qurmuşdur. Birgə nikahlarından 14 dekabr 2009-cu ildə X14, 25 dekabr 2010-cu ildə X8 və 11 iyun 2014-cü ildə X10 anadan olmuşlar. Ailəsinin yaşayış sahəsi olmadığından Cavabdeh Fəyaz qızı və atası X15 təklif etmişlər ki, Zeynəbə nikahdan əvvəl mülkiyyət hüququ ilə məxsus torpaq sahəsində ev inşa edib ailəsini ora köçürsün. Cavabdeh və atası Fəyaz Novruzov onu əmin etmişdilər ki, öz vəsaiti hesabına inşa edəcəyi tikili üzərində onun sahiblik və mülkiyyət hüququnun qanuni şəkildə tanınmasını təmin edəcəklər. Cavabdeh təklifi və təkidi ilə cavabdehə məxsus torpaq sahəsi üzərində öz vəsaiti hesabına 2009-cu il tarixdə ev inşa etməyə başlamışdır. Evin inşası böyük məbləğdə vəsait tələb etdiyindən gündüzlər rəsmi qaydada, axşamlar isə işdən sonra fərdi iş götürüb çalışmağa məcbur olurdu. Bu qayda ilə gecə-gündüz çalışıb əldə etdiyi pula 2010-cu ildə evin bir otağını hazır edib ailəsini ora köçürmüşdür. 2010- 2019-cu ilədək gecə-gündüz işləyib öz vəsaiti hesabına 6 otaqlı, iki mərtəbəli ev inşa etmiş, lakin otaqların təmirini başa çatdıra bilməmişdi. Hesablamasına görə evin inşasına təxminən 40000 manat sərf etmişdir. 2019-cu ildə Cavabdeh ona xəyanət etdiyini bildikdən sonra bunu arvadının ata-anası və qardaşına deyib boşanacağını bildirmişdi. O, öz vəsaiti hesabına tikdirdiyi evin pulunu tələb etdikdə, arvadının anası onu sakitləşdirib evi satıb pulunu qızı ilə onun arasında böləcəyinə onu əmin etmişdir. Keçmiş arvadı Cavabdeh onu aldadaraq evin inşasına sərf etdiyi puldan vaz keçsə, əvəzində aliment tələbindən imtina edəcəyini bildirmiş və o, oğlu İsrafili də götürüb evi tərk etmişdir. Arvadı onu qabaqlayıb məhkəməyə boşanma ərizəsi vermiş və ərizəsində aliment tələbindən vaz keçmişdi. Lakin bir müddətdən sonra aranı sakit görən Cavabdeh aliment tələbini reallaşdırmışdır. Hazırda Cavabdeh ilə rəsmi qaydada boşanmış və ayrılıqda yaşayırlar. Nikah dövründə onun tərəfindən çoxlu sayda elektrik ev avadanlıqları alınmışdır. Lakin Cavabdeh onun vəsaiti hesabına alınan bu ev avadanlıqlarından, himayəsində olan oğlunu nəzərə alıb hansısa ev əşyasını da onunla bölüşmək istəmir, hətta öz hesabına qazandığı evə dair vurduğu zərəri ödəməkdən qəti surətdə imtina edir. Cavabdehə və atasına inanıb 9 il ərzində gecəgündüz çalışıb qazandığı pula inşa etdiyi evi cavabdeh atası ilə birlikdə 52000 manata satışa çıxarıb qazanc əldə etmək niyyətindədir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və əlavə təqdim olunacaq subutlar əsasında iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul olunması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)- 2299/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 07 noyabr 2008-ci ildə Abşeron rayon Mehdiabad qəsəbə İN-də bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabı”nda 30 №-si ilə qeyd edilmiş nikahın pozulması, 14 dekabr 2009-cu il təvəllüdlü X14, 25 dekabr 2010-cu il təvəllüdlı X8 və 11 iyun 2014-cü il təvəllüdlü X3 boşanmadan sonra iddiaçı Cavabdeh yanında qalmaları qət edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə Abşeron rayon notariusunda təsdiq edilmiş torpaq sahəsinin bağışlanmasına dair müqavilənin surətindən görünür ki, X1 rayonu, Mehdiabad qəsəbəsində yerlən 0,13 ha torpaq sahəsinin 0,022 hissəsini Cavabdeh bağışlamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, cavabdeh onun qonşusudur. İddiaçını isə cavabdeh ilə evləndikdən sonra tanımışdır. Mübahisə predmeti olan ev 2 mərtəbə, 6 otaqlıdır, 1-ci mərtəbə yarım təmirli, 2ci mərtəbə isə təmirsizdir. O, mübahisə predmeti olan evin tikintisində 15 gün fəhlə kimi işləmiş və günə 15 manat muzd almışdır. 2019-cu il tarixdə iddiaçı ilə birlikdə beton tökmüşlər. O və evdə işləyən digər ustalar da zəhmət haqlarını iddiaçıdan almışlar. O, heç vaxt cavabdehin atasından pul almamışdır. Lakin o, materialların alınmasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, İddiaçı ilə köhnə qonşu olmuşdur. Həmçinin cavabdehin atası ilə qonşudur və oğlu ilə də dostdur. İddiaçı sözügedən evi tikərkən lambirini və digər tikinti materiallarını maşınla gətirərək həyətə boşaltmış, günə 15 manat olmaqla, 10-15 gün müddətinə fəhlə kimi işləmişdir. Tikinti materiallarının pulunu isə iddiaçı vermişdir. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh dəymiş ziyana görə 40000 manat tələb etmiş, iddia tələbini Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Araz küçəsində yerləşən Cavabdeh məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli tikiliyə onun tərəfindən pul xərclənməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinəonların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə görə məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Araz küçəsində yerləşən Cavabdeh məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli tikiliyə onun tərəfindən 40000 manat pul xərclənməsi barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı İddiaçı iddia ərizəsində göstərdiyi məbləğin evin tikintisinə xərclənməsi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli, 2(012)- 3923/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar