Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1091/2024 17.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi, maneənin aradan qaldırılması, neqator iddia) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-35/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın və texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********04-10301 reyestr nömrəsi ilə İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 121 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının sürətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilməmiş saxlanılmışdır.
3. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-90/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin sürətindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı Notariat ofisinə qarşı AN-İ № ******* saylı, xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına verilmiş seriya RX №0224307 saylı çıxarışa və “Qeydiyyat vəsiqəsi”nə qanunsuz olaraq salındığından AN-İ № ******* saylı, xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş seriya RX № ******* saylı çıxarışın və “Qeydiyyat vəsiqəsi”nin qismən, 25 kv.m torpaq sahəsi həcmində ləğv olunması barədə iddia tələbi rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında seriya RX ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 0,02 ha torpaq sahəsindən cavabdeh tərəfindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 aprel 2016-cı il tarixdə o cavabdehə qarşı iddia qaldıraraq ünvan 2 ünvanında seriya RX ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən mülkiyyətində 0,02 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş hissəsində tikilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq onun sahibliyinə qaytarılmasını xahiş etmişdir. 5 ildən artıq müddətdə davam edən məhkəmə çəkişməsindən sonra Ali Məhkəmənin 2(102)-376/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə onun iddiasının təmin olunması barədə Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-90/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icra məmurları tərəfindən icra olunmuşdur. Lakin göstərilənlərə baxmayaraq cavabdeh onun mülkiyyətində olan yuxarıda qeyd edilən torpaq sahəsində təmir tikinti işləri aparmağına maneələr törədir. Bununla bağlı dəfələrlə polisə və 102 xidmətinə müraciətlər ünvanlanmasına baxmayaraq ona məhkəməyə müraciət etmişdir.
7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-35/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.02 ha torpaq sahəsindən istifadəsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iş üzrə ekspertiza xərci olan 50 manat pulun Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 239.2-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 2(012)- 35/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul etməyinizi xahiş edirəm.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 22 avqust 2022-ci il tarixli, 10/4787 nömrəli ekspert rəyindən 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı çəkmək istədiyi hasar divarının ona məxsus olan ünvan 2 ünvanında yerləşən 0.02 ha torpaq sahəsinin koordinatları daxilinə düşdüyü müəyyən edildiyini əsas götürsə də, məhkəmə nəzərə almamışdır ki, Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2020-ci il tarixli, 1079 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən alınmış sorğuya əsasən ünvan 4 ünvanında Cavabdeh **********91-10301 reyestr nömrəli və ünvan 5 ünvanında İddiaçı **********04-10301 reyestr nömrəli çıxarışla ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təqdim olunmuşdur. Onun faktiki istifadəsində olan 0,0239 ha torpaq sahəsinin 0,01 ha hissəsi Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən alınmış sorğuya əsasən ünvan 4 ünvanında Cavabdeh **********91-10301 reyestr nömrəli çıxarışla ayrılmış 0,01 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə ust-üstə düşür. Cavabdeh faktiki istifadəsində olan 0,0239 ha torpaq sahəsində 125 kv.metr tikilisi (yaşayış evi) mövcuddur. Həmin tikilinin 89 kv.metr hissəsi Dövlət Resyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən alınmış sorğuya əsasən ünvan 4 ünvanında Cavabdeh **********91-10301 reyestr nömrəli çıxarışla ayrılmış 0,01 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşir. Cavabdeh faktiki istifadəsində olan 125 kv.metr tikilinin (yaşayış evi) 23 kv.metr hissəsi Döviət Resyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən alınmış sorğuya əsasən ünvan 6 ünvanında İddiaçı **********04-10301 reyestr nömrəli çıxarışla ayrılmış 0,02 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşir. Cavabdeh məxsus yaşayış sahəsi sağ, sol və arxa tərəfdən qonşu fərdi evləri ilə əhatə olunmuşdur. Sol tərəfdən 0,60 metr, sağ tərəfdən 0,75 metr, arxa tərəfdən isə hasara bitişik vəziyyətdədir. Bu ərazilərdən giriş-çıxış mümkün deyildir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində digər tərəflərdən, yəni, sağ, sol və arxa tərəflərdən pilləkənlərin qoyulması mümkün deyil. Cavabdeh mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində mövcud olan pilləkən faktiki olaraq giriş-çıxış üçün nəzərdə tutulmuşdur. Həmin pilləkənin sökülməsi faktiki vəziyyətdə həmin evin tamlığına zərər vura bilər.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verib təmin edilməsini xahiş etdilər.
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
14. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
16. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
18. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
19. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
30. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-35/2024 nömrəli qətnaməsinin ləğv edilib iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Beləliklə, işin hallarından görünür ki, hazırkı iddia tələbi İddiaçı məxsus ünvan 1 ünvanında 0,02 ha torpaq sahəsindən istifadəsinə Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması ilə bağlıdır.
35. Kollegiya qeyd edir ki, hazırkı iddia mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırması haqqında olan neqator iddiadır. Mülkiyyətçi öz əmlakından istədiyi kimi istifadə etmək imkanından məhrum olduğundan, mülkiyyətin müdafiəsi haqqında iddia qaldırmaq məcburiyyətində olmuşdur.
36. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin müddəalarına görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.
37. Göründüyü kimi, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın və texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********04-10301 reyestr nömrəsi ilə İddiaçı adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 121 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin mübahisəsiz hallarından isə görünür ki, cavabdeh məhz çıxarışda qeyd olunan ünvanda yerləşən torpağa mülkiyyət hüququnun həyata keçirilməsində iddiaçıya maneələr yaradır.
38. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 22 avqust 2022-ci il tarixli, 10/4787 nömrəli ekspert rəyindən görünür ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, İddiaçı çəkmək istədiyi hasar divarının ona məxsus olan ünvan 2 ünvanında yerləşən 0.02 ha torpaq sahəsinin koordinatları daxilinə düşdüyü müəyyən edildi.
39. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
40. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
41. Məhkəmə kollegiyası izah edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
42. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-35/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.