Məhkəmə qərarları › İş №2(105)-1092/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1092/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1092/2020 29.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X11 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, X1, onun nümayəndəsi X6, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili X8 iştirakı ilə, X1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8939/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı X7 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8939/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakim Azər İsmayılov) Qətnamədən iddiaçı X7 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: X1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16000 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı MəmmədovaSayad Səfərli qızı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmənin qəbul etdiyi qətnamə ilə razı deyil, onu əsassız və ədalətsiz hesab edir. Məhkəmə bu işə baxarkən AR MPM-nin 14,77,78,88-ci maddələrinin tələblərini pozmuş, təqdim olunmuş sübutlara və işin faktiki hallarına düzgün qiymət verməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, Azərbaycan Respublikası MPM-nin 8.1.-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPMnin 9.1. maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. O, 2015-ci il fevral ayının əvvəllərində Cavabdeh 36000 (otuz altı min) ABŞ dolları məbləğində borc pul vermiş və yalnız o 2016-cı ilin dekabr ayında həmin pulun 20000 (iyirmi min) ABŞ dollarını həmin vaxtın manatla olan kursu əsasında, yəni 40000 manat olmaqla ona qaytarmış və 16000 ABŞ dolları məbləğində borcu qalmışdır. Cavabdehdən pulunu dəfələrlə tələb etsə də o pulu qaytarmamış və bundan sonra cavabdehin onui aldatması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmiş,cavabdeh ondan borc pul aldığını etiraf etsə də guya borcunun qalmaması barədə izahat vermiş və bundan sonra o, mülki qaydada məhkəmədə hazırki iddia tələbini qaldırmışdır. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi və vəkili Qasımlı Anar izahat verməklə cavabdehin ona olan 36000 ABŞ dolları məbləğində borcu əvəzinə, 40000 manat pul qaytardığını və bununla da ona borcunun qalmadığını bildirmiş və məhkəmə də qarşı tərəfin izahatına istinad etməklə əsaslı olan iddia tələbini rədd etmişdir. O, pulu cavabdehə xarici valyutada vermiş və həmin pulu verən vaxt ,yəni 2015-ci ilin aprel ayında 1 ABŞ dolları 1 manat 5 qəpik təşkil etmişdir. Lakin cavabdeh ona 40000 manat pulu qaytaran vaxt, yəni 2016-cı ilin dekabr ayında 1 ABŞ dolları 1 manat 92 qəpik təşkil etmiş və bu səbəbdən də onun verdiyi məbləğ həmin vaxtın valyutası ilə hesablandıqda 20000 ABŞ dolları təşkil etmişdir. Nəticədə qalan 16000 ABŞ dolları məbləğində pul cavabdehin qalan borcunu təşkil edir və o da həmin pulu qaytarmalıdır. Məhkəmə bu halın araşdırmalı,pulun verildiyi vaxt, borcun qaytarıldığı zaman manatın dollara münasibətində məzənnələr arasında olan fərqi nəzərə almalı və həmin fərq əsasında iddia tələbinə qiymət verməli olduğu halda bunu etməmiş, 2015-ci il illə 2016-cı il arasında manatın dollar qarşısında devalivasiyaya uğramasını və dəyərdən düşməsini nəzərə almamışdır. Cavabdehin nümayəndəsi 36000 ABŞ dolları məbləğində borcun olduğunu etiraf etdiyi üçün bu faktın təsdiqinə ehtiyac yoxdur, eyni zamanda o pulun 2015-ci ildə verildiyini, lakin 2016-cı ildə 40000 manat şəklində qaytarıldığını da etiraf edir, yəni bu işin mübahisələndirilməyən tərəfidir, lakin araşdırılmalı olan əsas məsələ həmin vaxtın məzənnəsi ilə qaytarılan pulun borcun hansı hissəsini təşkil etməsinə aydınlıq gətirilməsi olmuş, lakin məhkəmə bu halı araşdırmamışdır. AR Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı,həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. AR MM-nin 439-cü maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Lakin borc ona cavabdeh tərəfindən qaytarılan vaxt, yəni 2016-cı ildə 1 ABŞ dolları 1 manat 92 qəpik təşkil etmiş, bu səbəbdən də onun ödədiyi məbləğ 36000 ABŞ dollarını əhatə etməmiş, cavabdehin ona borcu qalmışdır. Bu hallar məhkəmənin qəbul etdiyi qətnamənin qanunsuz olmasına dəlalət edir və buna görə də qətnamə ləğv edilməlidir. Qeyd olunanlara əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)- 8939/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında X1 nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsi,Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)- 8939/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında X1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərəkonun təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)- 8939/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasınd Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, iddia tələbi tam əsassızdır. Belə ki, iddiaçıya olan borcunu tam şəkildə ödəmişdir. İddiaçının iddia qaldırmaqda məqsədi odur ki, iddiaçıdan aldığı pulu qatarmasaydı, həmin pul məbləği dolların manata olan məzzənəsi ilə yüksək olacaqdı. Halbuki, iddiaçıdan aldığı 27000 manat pulun əvəzində 2016-cı ildə 40.000 manat qaytarmışdır. İddiaçıya 40.000 manat qaytarmağını məhkəmə iclasında iddiaçı özü də etiraf edir. Belə olan halda iddiaçı ondan əlavə nəyə görə 16.000 ABŞ dolları tələb etməsini əsaslandıra belə bilmir, iddiaçının bununla bağlı heç bir sübutu yoxdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, proses iştirakçılarının izahatını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8939/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının məhkəmə iclasında iddia tələbini əsaslandıra bilməməsini, Cavabdeh 16000 ABŞ dolları məbləğində pulu iddiaçıya ödəməsi öhdəliyinin olması barədə məhkəməyə mötəbər sübutlar təqdim etməməsini müəyyən edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən haqlı olmuşdur. İş materiallarından müəyyən edilir ki, iddiaçı cavabdehə 2015-ci ildə 36000 ABŞ dolları məbləğində borc verdiyini, həmin vaxtı 1 ABŞ dollarının 1 manat 05 qəpik təşkil etdiyini, cavabdeh 2016-cı ilin dekabr ayında ona 40000 manat qaytarmasını bildirmişdir. İş materaillarına əlavə edilmiş ərizədən (i.v..111) görünür ki, cavabdehin nümayəndəsi Anar Qasımlı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclas protokolunda izahatının təhrif olunduğunu qeyd edərək göstərmişdir ki, güya cavabdehin iddiaçıya dollarla borclu olmasını bildirdiyini göstərərk iddianı etiraf etmişdir. Halbuki, məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirmiş, cavabdehin iddiaçıya 27000 manat borclu olmasını, həmin borcun əvəzində faizlə birlikdə 40000 manat qaytarmasını bildirmişdir. Əgər həqiqətən iddiaçının cavabdehə 36000 ABŞ dolları borc verməsini və həmin borcdan 40000 manat qaytarmasını etiraf etmiş olsaydı, iddia tələbi təmin edilərdi. İş materiallarından görünür ki, cavabdeh tərəfin məhkəmə protokoluna verdiyi qeyd Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)8939/2019 saylıqərardadı ilə rədd edilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan 27000 manat borc almasını, 27000 manatın əvəzində 40000 manat qaytarmasını həm məhkəmə kollegiyasının iclasındakı izahatında, həm də birinci instansiya məhkəməsinə ünvanladığı protokola dair qeyd barədə ərizəsində qeyd etmiş, iddiaçı cavabdeh tərəfindən ona 40000 manat qaytarılmasını təsdiq etmiş, lakin cavabdehə 36000 ABŞ dolları borc verməsini, eləcə də iddia tələbində tələb edilən 16000 ABŞ dolları borcun necə yaranmasını sübut edə bilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə 2015-ci ildə 36000 ABŞ dolları məbləğində borc verdiyini, həmin vaxtı 1 ABŞ dollarının 1 manat 05 qəpik təşkil etdiyini göstərmişdirki, məhkəmə kollegiyası qeyd edir ki, 36000 ABŞ dolları 37800 manat təşkil etmişdir və iddiaçı cavabdeh tərəfindən ona 40000 manat qaytarıldığını bildirmişdir. Bununla da iddiaçı qalan 16000 ABŞ dolları borcun necə yaranmasını, necə hesablanmasını təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X16 Məhkəməsinin «X2rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8939/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. X1 apelyasiya şikayətləri təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar