Məhkəmə qərarları › İş №2(105)-1092/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1092/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1092/2024 03.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-178/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. "xxxx" ASC ilə mərhum X4 arasında 27 yanvar 2021-ci il tarixdə bağlanmış 1xx.xx.2021-002852 saylı kredit müqaviləsinə əsasən bank mərhuma 25 ay ərzində qaytarmaq şərti ilə illik 20% faizlə 7068 manat məbləğində kredit vermişdir.

2. "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, mərhum X3 banka 7017,41 manat əsas borcu vardır.

3. Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 07 may 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 173975 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 26 aprel 2021-ci il tarixdə Quba şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 may 2021-ci il tarixdə 214 nömrə ilə qeyd edilmişdir.

4. Siyəzən rayonu dövlət notariat ofisi tərəfindən verilmiş 16 noyabr 2021-ci il tarixdə reyestrdə 2V-207 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 26 aprel 2021-ci il tarixdə vəfat etmiş əri X3 qanun üzrə vərəsəsidir və o, SOCAR Azneft İB-nin Siyəzənneft NQÇİ-i tərəfindən verilməli olan 2223,53 manat vəsaitdən (miras əmlakdan) tam pay almalıdır.

5. 02 noyabr 2023-cü il tarixli bildirişin surətindən görünür ki, yaranmış borcla əlaqədar "xxxx" ASC tərəfindən cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmişdir.

6. Siyəzən Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(059)-704/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1766,81 manat əsas, 5,37 manat faiz olmaqla, cəmi 1772,18 manat borcun tutulması qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə 7017,41 manat əsas kredit borcunun və ödənilmiş 90,18 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin "Şabran" filialı ilə mərhum X4 arasında 27 yanvar 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank sonuncuya 25 ay müddətinə, illik 20% dərəcəsi ilə 7068 manat məbləğində kredit vermişdir. Bundan sonra, Mehman Nəzərov 26 aprel 2021-ci il tarixdə vəfat etmişdir. Eyni zamanda, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, mərhumdan miras qalmış əmlaka dair vərəsəlik işi Cavabdeh tərəfindən mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair verilmiş ərizə əsasında açılmışdır. Bundan əlavə, Mehman Nəzərovun vəfat etdiyi tarixə Banka cəmi 7017,41 manat kredit borcu qalmışdır. Bundan başqa, Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

9. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-178/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 451,35 (dörd yüz əlli bir manat 35 qəpik) manat borcun tutulması, iddia tələbi üzrə ödənilmiş 90,58 manat məhkəmə xərcinin 6%-i, yəni 5,43 (beş manat 43 qəpik) manatının Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Bəylər Ələkbərov).

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mövcud vəziyyətdə iddiaçının qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı, həmçinin Cavabdeh miras əmlakın dəyərindən artıq məbləğin iddiaçı bankın xeyrinə tutulması məqsədəmüvafiq hesab edilməməklə, ödənilməli borc yalnız həmin məbləğin qalığı, yəni 451,35 manatı həcmində məhdudlaşmalı və o, bu məbləğ həcmində məsuliyyət daşımalı, həmçinin bu pul əsas borcun ödənilməsinə yönəldilməlidir.

11. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 27 yanvar 2021-ci il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 741-ci maddələri, hazırda qüvvədə olan Mülki Məcəllənin 385.1, 432.4, 442, 448.1, 1151.1, 1159.1.1, 1243.2, 1306.1-ci maddələri, “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarındakı hüquqi mövqeyi, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 107, 115.0.9, 119.1, 217.2, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verib Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-178/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Şabran” filialı ilə X4 arasında bağlanmış 1-xx.xx.2021-002852 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 25 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 7068 manat məbləğində kredit verilmişdir.X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Siyəzən rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, mərhum X2 miras qalmış əmlaka dair vərəsəlik işi Cavabdeh tərəfindən mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair verilmiş ərizə əsasında açılmışdır. Bankın “Şabran” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışa əsasən, X3 vəfat etdiyi tarixə Banka 7017.41 manat əsas kredit borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

15. Bank tərəfindən məhkəməyə müraciət olunaraq, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə cəmi 7017.41 (yeddi min on yeddi manat qırx bir qəpik) manat məbləğində əsas kredit borcunun, ödənilmiş 90.18 (doxsan manat on səkkiz qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(059)-178/2024 saylı qətnaməsinə əsasən, iddianın qismən təmin olunması qət edilmişdir.

16. Məhkəmə iddianın qismən təmin olunmasının əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsini əsas gətirmişdir. Məhkəmə vərəsənin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmə vəzifəsinin olmasına baxmayaraq, 2223.53 manat məbləğində olmasını əsas götürərək iddianı qismən təmin etmişdir. Miras qoyanın borclarının mirasdan çox olduğunu cavabdeh sübut etməli olsa da məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu isə mülki və mülkiprosessual qanunvericiliyin kobud pozulmasıdır. Eyni zamanda məhkəmə Mülki 1307-ci maddəsini nəzərə almamışdır. Belə ki, MM-in 1307-ci maddəsinin tələbinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Göründüyü kimi Cavabdeh Siyəzən rayon dövlət notariat ofisinə mirasın qəbul edilməsi üçün ərizə ilə müraciət etmiş və həmin ərizə əsasında vərəsəlik işi açılaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla da Cavabdeh mirası qəbul etmişdir. Lakin vərəsəlik haqqında şəhadətnamə mirasın notarius tərəfindən siyahıya alınması demək deyil. Ona görə də vərəsə vərəsəlik haqqında şəhadətnamədə göstərilən miras əmlakdan başqa miras əmlak qəbul etmədiyini sübut etmək vəzifəsi daşıyır. Cavabdeh tərəfindən miras qoyanın borcunun mirasdan çox olduğu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

17. Məhkəmə öz mülahizəsinə əsasən iddianı qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Qətnamə əsassızdır. Belə ki, məhkəmə tərəfindən miras qoyanın borcunun mirasdan çox olması araşdırmadan və sübut olmadan mülki iş üzrə qətnamə qəbul etmişdir. MM-in 1307-ci maddəsinin tələbinə əsasən vərəsə tərəfindən miras qoyanın borclarının mirasdan çox olduğunu vərəsə sübut edilməli olduğundan və bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia tam təmin edilməlidir. Yuxarda qeyd edilən hüquq normalarından da görünür ki, vərəsə miras qoyanın borclarını kreditor qarşısında miras aktivi həddində ödəməyə borcludur. Həmçinin miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsi vərəsələrin üzərinə qoyulmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbi barədə məlumat verməmişlər.

21. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan Mülki Məcəlləsi

22. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

23. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

24. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsi

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.

26. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.

27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

30. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

31. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

32. “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür.

33. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. Apellyasiya şikayətindən görünür ki, iddiaçı "xxxx" ASC Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-178/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı qətnamənin tam ləğvini xahiş etsə də, iddia qismən təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia tələbinin qismən təmin etməklə düzgün hüquqi nticəyə gəlmişdir.

46. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, mərhum X3 "xxxx" ASC ilə bağlamış olduğu 27 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 7017,41 manat borcu qalmış, həmçinin 16 noyabr 2021-ci il tarixdə reyestrdə 2V-207 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhumun arvadı Cavabdeh mərhum Mehman Nəzərovun yeganə vərəsəsi kimi sonuncunun öldüyü məqamadək malik olduğu miras əmlakına, o cümlədən miras aktivini təşkil edən 2223,53 manat pula münasibətdə vərəsəlik hüququ yaranmışdır. Bununla da, Cavabdeh mərhum Mehman Nəzərovun borcuna görə məsuliyyəti miras əmlakın miqdarı ilə məhdudlaşmış, yəni 2223,53 manat təşkil etmiş, habelə bu məbləğin 1772,18 manatı daha əvvəl qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə mərhumun "xxxx" ASC-yə 24 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcunun ödənilməsi məqsədilə adı çəkilən cavabdehdən həmin bankın xeyrinə tutulmuşdur.

47. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır.

48. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

49. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

50. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-178/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-178/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar