Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1095/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-1431/2020 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1431/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 3199,18 ABŞ dolları (üç min yüz doxsan doqquz dollar, on səkkiz sent) əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-cı il tarixinə 1356,38 ABŞ dolları (bir min üç yüz əlli altı dollar, otuz səkkiz sent) faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 372,24 ABŞ dolları (üç yüz yetmiş iki dollar, iyirmi dörd sent) borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə 100 (yüz) ABŞ dolları cərimə borcu olmaqla cəmi 5027,8 ABŞ dolları (beş min iyirmi yeddi dollar, səksən sent) borc və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Hal-hazırda Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1431/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin vəsatət ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin verilməsinə dair buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1431/2020 saylı qərardadı ilə Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)- 1431/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizəsi rədd edilmişdir (hakim Elman Məmmədov). Cavabdeh1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1431/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1431/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh1 şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1431/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ona rəsmi qaydada təqdim edilməmişdir. Ona görə də xəbər tutduqdan sonra məhkəməyə rəsmi ərizə verərək qətnamənin ona rəsmi qaydada verilməsini xahiş etmişdir. Lakin məhkəmə barəsində qəbul etdiyi qətnamənin həmin ünvanda yaşayan Məleykə adlı şəxsə təqdim edildiyini qeyd edərək ona məktubla imtina cavabı vermişdir. Bundan sonra qüvvədə olan qanunvericiliyə uyğun olaraq qətnamədən apelyasiya şikayətini və müddətin bərpa edilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə xx.xx.2020-ci ildə 2(012)-1431/2020 saylı iş üzrə apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizəsinə baxaraq rədd etmişdir. Həmin qərardadı poçt vasitəsilə xx.xx.2020-ci ildə almışdır. Odur ki, o, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)- 1431/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 izahatında şikayətin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-1431/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan poçt qəbzindən (i.v.77) görünür ki, Cavabdeh1 rəsmi qeydiyyatda olduğu ünvana xx.xx.2020ci il tarixli, 2(012)-1431/2020 saylı qətnamə rəsmi qaydada göndərilmiş, məktub xx.xx.2020-ci il tarixdə “Maleykə-ana” qeydi ilə qəbul edilərək xəbərnamə imzalanmışdır. İş materiallarından görünür ki, cavabdeh Cavabdeh1 xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətinin ona təqdim edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubunda məhkəmə qətnaməsinin cavabdeh tərəfindən xəbərnaməyə imza edilməklə alınması, məhkəmə qətnaməsinin surətinin təkrar alınması üçün 10 manat dövlət rüsumunun ödənilməli olması izah edilmişdir. Bundan sonra Cavabdeh1 xx.xx.2020-ci il tarixdə dövlət rüsumu və ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətinin ona verilmədiyini, buraxılmış prosessual müddətin bərpa edilərək apelyasiya şikayətinə baxılması üçün göndərilməsini xahiş etmişdir. .Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi məhkəmə qətnaməsinin cavabdehə xx.xx.2020ci il tarixli, 2(012)-1431/2020 saylı qətnamə rəsmi qaydada göndərilməsini, məktubun xx.xx.2020-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınmasını, apelyasiya şikayətini müddətin ötürülməsi ilə verilməsini, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsini təsdiq edən heç bir mötəbər sübutun təqdim edilməməsini müəyyən edərək ərizəni təmin etməmiş, gəldiyi nəticəni də Mülki Prosessual Məcəllənin 360, 133.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarır. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Mülki-Prosessual Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Mülki-Prosessual Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Mülki-Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, məhkəmə qətnaməsi Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilməsi nəzərə alınarsa, qətnamədən 1 ay müddətində şikayət verməli olduğu halda, cavabdeh apelyasiya şikayətini və prosessual müddətin bərpasına dair ərizəni xx.xx.2020-ci il tarixdə, yəni 3 ay 21 gün sonra gün sonra məhkəməyə təqdim etməklə 1 aylıq prosessual müddəti ötürmüş və müddəti üzrlü səbəbdən ötürməsi barədə də heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin tələbinə görə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsi Cavabdeh1 qeydiyyatda olduğu ünvana göndərilmiş, məktub xəbərnaməyə “Məleykə-ana” qeydi yazılmaqla təhvil alınmışdır. Cavabdeh1 qətnamənin özü tərəfindən alınmadığını, qətnamənin Məleylə adlı şəxs tərəfindən alınmasını qeyd etmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, cavabdehin yaşadığı və ərizələrində qeydi etdiyi ünvana göndərilmiş məktub “Məleykə ana” qeydi ilə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Göründüyü kimi, qanunvericiliyə görə məhkəmə sənədləri ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə də verilə bilər. Belə olan halda, hətta onunla birlikdə yaşayan valideynlərindən birinin də məhkəmə qətnaməsini xx.xx.2020-ci ildə alması məhkəmə sənədinin Cavabdeh1 çatdırılması kimi qəbul olunmalıdır. Eyni zamanda Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasını xahiş etsə də, müddətin hansı səbəbdən ötürülməsi, eləcə də üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, işdə iştirak edən şəxs qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən buraxmasını bildirirsə, belə olan halda, müddətin buraxılmasına səbəb olmuş halların üzrlü olmasını sübut etmək vəzifəsi də həmin şəxsin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehlərin ərizədə göstərdiyi dəlillər onun qətnamədən apelyasiya şikayəti verməsi müddətini üzrlü səbəbdən buraxmasını təsdiq etmir və şikayətin təmin edilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası şikayəti təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və X5 Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X5 Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 Teymur oğlunun şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-1431/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-1431/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 Teymur oğlunun şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1095/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1095/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver