Məhkəmə qərarları › İş №2(105)-1096/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1096/2024

30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1096/2024 30.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2275/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Tağızadə) iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 2073/2022 saylı iş üzrə qəbul etdiyi 15 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2019-cu il təvəllüdlü X8 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilməsi, iş üzrə mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 25 (iyirmi beş) manat Cavabdeh alınaraq İddiaçı ödənilməsi, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. İddiaçı və Cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2073/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarını dəyişərək, cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X8 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin, habelə vəkilə ödənilmiş 300 manat xidmət haqqının və 25 manat mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh 16 mart 2018-ci il tarixdə faktiki nikaha daxil olmaqla ailə qurmuş, onların birgə faktiki nikahlarından 22 mart 2019-cu ildə X4 oğlu adlı 1 uşaqları anadan olmuşdur. Tərəflərin rəsmi nikahları olmadığına görə Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsinin 11 aprel 2019-cu il tarixli “atalığın müəyyən edilməsi haqqında” şəhadətnamə ilə Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X8 oğlunun atası hesab edilmişdir. Tərəflər ailə həyatı qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılmışlar. Cavabdeh uşağın saxlanılmasında iddiaçıya yardım etmədiyi üçün iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-2073/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2022-ci il tarixindən etibarən xx.xx.2019-cu il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 140 (yüz qırx) manat sabit pul məbləğində aliment və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı hazırda 140 manat aliment alır, həmin məbləğlə övladının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin qeyd olunan qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, X3 qanunvericiliyin tələbləri dəyişmiş və uşağın saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Bundan başqa hazırda bazar qiymətlərinin qalxması və uşağın böyüməsi ilə əlaqədar onun ehtiyaclarını ödəmək üçün 140 manat kifayət etmir. Bu səbəbdən Sumqayıt Şəhər Məhkəməsinin e2(060)-2073/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, 235 manat məbləğində müəyyən edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, iddianın tam təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsindən tam narazıdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən maddi normalara düzgün əməl etməmişdir. Bütün bunlara baxmayaraq məhkəmə cavabdehin sadəcə olaraq 345 manat maaş alması barədə sənəd təqdim etməsini, birinci nikahından da bir uşağının olmasını əsas götürərək, iddianı qismən təmin etmişdir. Halbuki, məhkəmə baxışında da bildirmişdir ki, cavabdehin birinci nikahdan olan uşağına birinci nikahdan olan həyat yoldaşının valideynləri baxır, cavabdeh isə həmin uşaqla da maraqlanmır. Azərbaycan Respublikasında 2024-cü il üçün “X3” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsinə baxmayaraq, məhkəmə bu halı nəzərə almamışdır. 5 yaşındakı uşağın saxlanılması üçün 200 manat alimentin təyin olunması ağlabatan deyildir. Belə ki, uşaq böyüdükcə gündəlik qayğılar da artmış olur. Bundan başqa hüquqi savadı olmadığı üçün vəkillə müqavilə bağlayaraq hüquqlarının müdafiəsini və sənədlərin məhkəməyə hazırlanmasını istəyərək bu barədə vəkilə 300 manat ödəniş etmişdir. Lakin məhkəmə qətnamədə heç bir əsaslandırma aparmayaraq, bir cümlə ilə əsaslandırma apararaq qeyd etmişdir ki, iddia tələbinin hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pulun iddiaçıya göstərildiyi üçün iddiaçının özünə aid edilməli və iddia tələbi həmin hissədə təmin edilməməlidir. Halbuki, bu barədə iş materiallarına qəbz əlvə olunmuşdur. Məhkəmə qətnamədə yalnız cavabdehin maddi vəziyyətini nəzərə almaqla xx.xx.2019-cu il təvəllüdlü X8 oğlunun saxlanılması üçün 200 manat məbləğində aliment müəyyən edilməsini məqsədəmüvafiq hesab etsə də, uşağın mənafeyini, onun saxlanılması üçün hazırda mövcud olan qiymətlər və yaşayış səviyyəsini nəzərə almamışdır. Bundan başqa vəkilə ödədiyi pulun cavabdehdən alınaraq ona verilməsi hissəsində onun tələbini nəzərə almamışdır. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bu iş üzrə qəbul olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, e-2(060)-2275/2024 nömrəli qətnaməsindən narazıdır. Məhkəmə iddia tələbini təmin edərkən maddi və prosessual hüquq normalarına düzgün əməl etməmişdir. Bildirir ki, məhkəmə iclasında 25 avqust 2023-cü il tarixdən hal-hazıra kimi fərdi sahibkar X2 məxsus Abşeron Gənclər Şəhərciyində yerləşən “Şans Market”-də satıcı işlədiyini, aylıq vəzifə maaşının cəmi 345 (üç yüz qırx beş) manat təşkil etməsini bildirmişdir. Hətta məhkəmə iclası zaman məhkəməyə xx.xx.2024-cü il tarixli arayışı təqdim etmişdir. Həmçinin digər bir yerdən qazancının olmamasını bildirmişdir. Həmçinin birinci nikahından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X1 onun himayəsində olmasını da məhkəmənin nəzərinə çatdırsa da, məhkəmə bütün bu faktlara düzgün qiymət verməmişdir. Bir daha bildirir ki, onun aylıq əmək haqqı cəmi 345 (üç yüz qırx beş) manat təşkil edir və maddi durumunda heç bir dəyişiklik olmamışdır. Bundan əlavə bildirir ki, hal-hazıda Günel Mahmudova ilə qeyri-rəsmi nikahda olmaqla ailə həyatı qurmuş, həyat yoldaşı Günel Mahmudova hal-hazırda 5 aylıq hamilədir. Onun müalicəsinə və müayinəsinə hər ay maddi vəsait tələb olunur. İşləmir, digər bir yerdən qazancı yoxdur. Təsadüfi qazanclar hesabına dolanır. Valideynləri onun himayəsindədir. Qanunun tələbindən də görünür ki, alimentin təyin olunmuş məbləğinin dəyişdirilməsi üçün tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olduğu halda onun miqdarı artırılıb-azaldıla bilər. Belə bir hal onun maddi durumunda baş verməmişdir. Mübahisəni həll edən məhkəmə heç bir araşdırma aparmamış, şablon ifadələrlə qətnamə qəbul etmişdir. Maddənin tələbindən görünür ki, alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olarsa alimentin miqdarı dəyişə bilər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, onnun apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə vəkilə ödənilmiş 300 manat xidmət haqqının tutulması hissəsində dəyişdirilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X8 oğlunun yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduğunu nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan tərəflər qətnamədən apellyasiya şikayəti verərək, iddiaçı qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində, cavabdeh isə iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticənin hər iki tərəfin mübahisələndirdiklərini nəzərə alaraq hesab edir ki, qətnaməyə bütövlükdə baxılaraq hüquqi qiymət verilməlidir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd etmək lazımdır ki, aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşaqların marağı təmin edilməlidir. Əgər alimentin miqdarı müəyyən edildikdən sonra həmin məbləğin dəyişdirilməsi zərurəti yaranarsa, bu zaman ilk növbədə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Bu da alimentin miqdarının dəyişdirilməsini tələb edən şəxsin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasını sübutetmə öhdəliyini yaradır. Hazırkı işdən göründüyü kimi tərəflərin birgə nikahlarından olan övladının saxlanılması üçün alimentin məbləği Sumqayıt Şəhər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin maddi və ailə vəziyyəti nəzərə alınaraq, alimentin məbləği 200 manata qədər artırılmışdır. Mülki Prosessual Məcəllənin 121.1. maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının iş materiallarına əlavə etdiyi ödəniş qəbzinə əsasən Sumqayıt Regional Vəkil Bürosunun hesabına 300 manat ödənildiyindən, qətnamə iddia tələbinin vəkilə ödənilmiş 300 manat xidmət haqqının tutulmasının təmin edilməməsi hissəsində dəyişdirilməli, həmin hissədə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 300 manat pul tutulub iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə gəldikdə isə qeyd edir ki, uşağın saxlanılmasından ötrü maddi və mənəvi tələbatının ödənilməsi üçün hər iki valideyn birgə məsuliyyət daşıyır. Cavabdeh övladının saxlanılması üçün müəyyən edilmiş hər ay 200 manat məbləğində alimentin azaldılmasını xahiş etsə də, qeyd edilən məbləğin azaldılması uşağın mənafeyinə uyğun olmamaqla onun təminatlarının azaldılmasını qaçılmaz edəcəkdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizədən ibarət olduğundan, əsaslı sayıla bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli qətnaməsi vəkilə ödənilmiş 300 manat xidmət haqqının ödənilməsi hissəsində dəyişdirilməli, Cavabdeh 300 manat pul tutulub İddiaçı verilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının tələbi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hər ay 140 (yüz qırx) manat miqdarda alimentin məbləğinin artırılaraq 235 (iki yüz otuz beş) manat tutulması təşkil edir (235-140)=95 manat. Həmin artımın bir il ərzində məcmusu isə (95 x 12 ay = 1140 manat) 1140 manat edir. Cavabdeh isə müəyyən edilmiş 200 (iki yüz) manat məbləğində alimentin əvvəlki məbləğdə, yəni 140 manat məbləğində tutulmasını xahiş edir (200-140)=60 manat. Həmin fərqin bir il ərzində məcmusu isə (60 x 12 ay = 720 manat) 720 manat edir. Hər iki tərəfin tələb etdiyi məbləğ 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh vəkilə ödənilmiş xidmət haqqı 300 (üç yüz) manat alınaraq İddiaçı verilsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar