Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1096/2025 02.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abiyeva Fidan Əfqan qızının katibliyi, İddiaçı oğunun iştirakı ilə, İddiaçı oğunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(060)-676/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ İşin halları
1. xx.xx.2022-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci ilədək İddiaçı ayır-ayrı vaxtlarda 21000 manat pul aldığını, göstərilən məbləğin 3500 manatını martadək qaytaracağını bildirmiş və imzası ilə təsdiq etmişdir. 2.İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 22 avqust 2022-ci il tarixli müqavilədən görünür ki, bank tərəfindən İddiaçı illik 22,50 faiz ödəmək şərtilə 36 ay müddətinə 6200 manat məbləğində nağd pul krediti verilmişdir.
Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 21000 manat və dövlət rüsumunun əvəzi olaraq 155 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona müraciət edərək xx.xx.2022xx.xx.2022-ci il tarixlər arasında ondan 21000 manat borc pul almışdır. Borcun bir hissəsini 3500 manatını 2022-ci ilin mart ayında qaytaracağını bildirmiş, qalan məbləğin 17500 manatını isə bir il müddətinə qaytarmasını söz versə də, qaytarmamışdır. O və cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 21000 manatın 3500 manatını 2022-ci il tarixin mart ayına qədər qaytaracağını, qalan məbləğin 17500 manatını isə bir il müddətinə qaytarılması öhdəliyi ilə borc müqaviləsi bağlanmışdır. Cavabdehin səmimiliyinə inanaraq xx.xx.2022xx.xx.2022-ci il tarixlər arasında cavabdehə 21000 manat pul vermişdir. Cavabdeh almış olduğu 21000 manat pulun 3500 manatını 2022-ci il tarixin mart ayına qədər qaytaracağını, qalan məbləğin 17500 manatını isə bir il müddətinə qaytarmasını söz vermişdir. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək vaxt istəməklə pulu ödəməkdən yayınmışdır. Artıq cavabdehin səmimiyyətinə inanmayaraq, aldandığını anlayaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 5.Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(060)-676/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 18548 (on səkkiz min beş yüz qırx səkkiz) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 145,64 manat hissəsinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 6.Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində verdiyi izahatın dəlillərinə və iddiaçı ilə aralarında olmuş münasibətlərlə bağlı hallara istinad edərək göstərir ki, İddiaçı ona kömək etmək istədiyini bildirəndə razı olmuşdur. İddiaçı kreditləri ödəmək şərtilə 2022-ci ildə Bank of Bakudan öz adına 8000 (səkkiz min) manatı və bacısı X3 götürüb ona verdiyi 8500 manat pulu ona verdi. Hər ay davamlı olaraq verdiyi müştəri kodlarından 240 manat Zaurun adından Bank of Bakıya, 180 manat İradənin adından Kapital Banka kartından və Sumqayıt şəhəri, 17 mikrorayonda kirayə qaldığı binaya yaxın İmran marketdə Milliön terminaldan ödənişlər etmişdir. Amma təhqirlərinə və şiddətinə dözməyib 2 ay sonra 2022-ci ilin noyabr ayında yaxın münasibətlərini bitirməyə, ondan ayrılmağa məcbur oldu. Hətta oğlunun gözü qarşısında onu təhqir edərək döyməkdən çəkinmirdi. O gündən Zaurun şantajı, təhqirləri başladı. Onunla barışmadığı üçün evinə gəlib onu narahat edirdi. Küçədə, həyətdə, oğlunun məşq zalından çıxmasını gözləyəndə onun yanında onu təhqir edirdi. 14 dekabr 2022-ci il tarixdə evinə gələrək, münasibətləri barədə anasına, eləcə də münasibətdə olduğu bacısı İradəyə deyəcəyi ilə hədələyərək, bacısı və əmisi qızı ilə işlədiyi məktəbdə rüsvay edəcəyi ilə hədə-qorxu, şantaj edərək, oğlunun gözü qarşısında onu söyüb, təhqir edib əli ilə üzünə vuraraq, hər iki bankın 3 illik faizlərini də hesablayıb 21 000 manat borc götürməyi barədə qəbz yazdırdı. Şikayətdə daha sonra tərəflərin birinci instansiya məhkəməsində verdikləri izahatlarına və aralarında olan yazışmalara istinad edilməklə göstərilir ki, məhkəmə iddiaçıya olan borcun məbləğini müəyyən edərkən təqdim etdiyi ödəniş çeklərini nəzərə almış, digər ayların ödəniş çeklərini təqdim edə bilmədiyi üçün qanunsuz və əsassız olaraq vəsatəti təmin etməmiş, bunula da iddiaçıya borcu qalmadığı halda əsassız olaraq iddianı qismən təmin etmişdir. Tərəflərin izahatı və təqdim olunmuş sübutların məzmunu üzrə düzgün nəticə çıxara bilməməsi aydın oldu. Təqdim etdiyi sübutları qətnamənin əsaslandırıcı hissəsində göstərməmiş, onları tərəflərin izahatları ilə qarşılıqlı surətdə qiymətləndirməmiş, bu səbəbdən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış qalmışdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğyn əsaslandırlmamışdır. Bununla da məhkəmə qətnamənin əsaslı olmasına dair MPM-nin 217.1., 217.3., 218.1.-ci maddələrinin tələblərini pozmuşdur. Şikayətdə MPM-nin 220.4.-cü maddəsinə istinad edilməklə göstərilir ki, işə baxan məhkəmə isə təqdim etdiy sübutları rədd etmək üçün heç bir dəlill gətirməmişdir. Göründüyü kimi qətnamə əsaslandırıcı hissədə məhrumdur, məhkəmə sübutetməsi həyata keçirilməmişdir. Qətnamənin məzmununa dair MPM-nin 220.4.-cü maddəsinin təkəbini pozmuşdur. Belə qətnamə MPM-nin 385.1.1.-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı üçün apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Cavabdeh şikayətdə həmçinin göstərir ki, işə baxan məhkəmə qətnamədə onun və nümayəndəsinin izahatını təhrif etmişdir.
8. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək cavabdehin şikayətdə göstərdiyi guya iki bankdan kredit götürüb ona verməsi ilə bağlı halların doğru olmadığını, özünün xx.xx.2022-ci il tarixdə şəxsi istehlak məqsədi ilə 6200 manat, cavabdehin bacısının isə xx.xx.2023-cü il tarixdə şəxsi ehtiyacları üçün 5000 manat kredit götürdüyünü, cavabdehin guya 2000 manat, anasının isə 1500 manat qaytarması ilə bağlı heç bir sübut təqdim etmədiyini bildirmiş, aralarında olmuş yazışmaların məzmununa və s. hallara istinad etməklə cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək iddiasının tam məbləğdə təmin olunmasını xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları 9.Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 337.1. Həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb, sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən araşdırlmış halları ilə müəyyən edilmişdir ki, 14 dekabr 2022-ci il tarixli iltizama əsasən Cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci tarixədək İddiaçı ayrı-ayrı vaxtlarda 21000 manat pul almış, göstərilən məbləğin 3500 manatını martadək qaytaracağını bildirmişdir. Birinci instansiya məhkəməsində cavabdeh işdə olan xx.xx.2022-ci il tarixli əlyazmanın ona məxsus olması barədə etiraz etməmiş, lakin təhdid altında iltizama qol çəkdiyini bildirmişdir.
14. İddiaçı hazırkı iddia vasitəsi ilə cavabdehdən 21000 manat borc məbləğinin ödənilməsini tələb etmiş, cavabdeh isə iddiaçıya həmin məbləğdə borcu olmadığını, iddiaçının 2022-ci ildə "xxxx" ASC-dən götürdüyü 8000 manat və bacısı İradənin "xxxx" ASC-dən götürüb iddiaçıya verdiyi 8500 manat pulu ona verdiyini, ümumilikdə iddiaçının ona 16500 manat pul verdiyini, 2022ci ildə həmin borca görə ödənilməli olan üç illik faizi də nəzərə alaraq 21000 manat məbləğin qeyd olunduğu iltizamı imzalamağa məcbur etdiyini bildirmişdir.
15. Apellyasiya baxışında verdiyi izahataında da cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə iddiaçının ona 21000 manat məbləğində pul vermədiyini, xx.xx.2022-ci il tarixli əlyazmanı iddiaçının hədəsi və təzyiqi altında yazdığını bildirmişdir.
16. İşin qeyd edilən hallarından görünür ki, cavabdeh izahatlarında, iddiaya qarşı etirazında və apellyasiya şikayətində iddiaçı tərəfindən ona pul vəsaitinin verildiyini və iltizamı özünün imzaladığını etiraf etmiş, lakin tələb olunan məbləğdə borcunun olması ilə razılaşmamışdır.
17. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək qənaətini onunla əsaslandırmışdır ki, hazırki halda cavabdehə iddiaçı tərəfindən pul vəsaitinin verilməsi onun izahatı və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehin yazılı qeydi əsasında öz təsdiqini tapır. Cavabdehin yazılı iltizamı hədə-qorxu, şiddət əsasında yazmasına dair dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin halları sübut etmək vəzifəsinin iddiaçının üzərində olmasına baxmayaraq, o, qeyd olunan halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “whatsapp” tətbiqi vasitəsilə aparılmış yazışmalar, habelə səs yazmaları tərəflər arasında pulun verilməsi ilə bağlı dövrə aid olmamaqla, habelə iltizamın şiddət və ya hədd-qorxu altında yazılmasını əks etdirən hər hansı ifadələri özündə ehtiva etməməklə qeyd olunan halların sübutu kimi nəzərə alına bilməz.
19. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş, işin məhkəmənin icraatında olduğu dövrdə tərəflərin “whatsapp” tətbiqi vasitəsilə apardıqları yazışmalar əsasında iddiaçının yenidən cavabdehdən borca pul istəməsi öz əksini tapmışdır ki, bu hallarda cavabdehin qeyd etdiyi dəlilləri təkzib edir. İddiaçı cavabdehin “whatsapp” tətbiqi vasitəsilə ona yazdığı “o mehkeme o sen. Get 20 min kesilsin ye... mehkemeye zada gelen deyiləm” məzmunlu yazışmaları da apellyasiya baxışı zamanı təqdim edərək cavabdehin apellyasiya şikayəti verməkdə və məhkəmə iclasında iştirak etməməkdə məqsədinin hazırkı işə baxılması müddətinin uzadılmasına nail olmaq olduğunu bildirmişdir.
20. İddiaçı tərəfindən tələb edilən borcun məbləğinə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdeh iddiaçıya olan borcunu cavabdehin banka olan öhdəliyinin icrası yolu ilə ödədiyini bildirmiş və həmin borcun müəyyən dövrlərdə ödənilməsini təsdiq edən qəbzləri birinci instansiya məhkəməsinə təqdim etmişdir.
21. Məhkəmə kollegiyası müvafiq qəbzlərin cavabdeh tərəfindən təqdim olunduğunu, cavabdehin yaşayış yerinə yaxın vasitə ilə ödənildiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin qəbzləri borcun müəyyən qisminin ödəməsinin sübutu qismində qəbul etmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə 35 manat, xx.xx.2023-cü il tarixli, 137351 nömrəli qəbzlə 235 manat, xx.xx.2023-cü il tarixli, 140301 nömrəli qəbzlə 235 manat, xx.xx.2023-cü il tarixli, 146501 nömrəli qəbzlə 235 manat, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə 235 manat, xx.xx.2023cü il tarixli, ********** nömrəli qəbzlə 20 manat, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə 215 manat, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə 232 manat, xx.xx.2024-cü il tarixli, 1800 nömrəli qəbzlə 200 manat, xx.xx.2024-cü il tarixli, 29073 nömrəli qəbzlə 220 manat İddiaçı məxsus 956097 saylı müştəri kodu üzrə ödəniş edildiyi müəyyən olunur. Cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi “Milliön” elektron ödəmə sistemi vasitəsilə İddiaçı məxsus hesaba xx.xx.2023-cü il tarixli, 02204 saylı qəbzə əsasən 90 manat, xx.xx.2023-cü il tarixli, 51622 saylı 100 manat, 05 oktyabr 2023-cü il tarixli, 50117 saylı qəbzlə 300 manat, xx.xx.2024-cü il tarixli, 92010 saylı qəbzlə 100 manat məbləğində pul vəsaitləri ödənilməsi müəyyən edilmiş, sözügedən qəbzlər vasitəsilə də iddiaçıya ümumilikdə 590 manat məbləğində pul vəsaitinin ödənildiyi öz təsdiqini tapmışdır.
22. Qeyd olunan məbləğlərin ümumilikdə 2452 manat olmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğdə pul vəsaitinin cavabdeh tərəfindən ödənilmiş kimi qəbul etməkdə haqlı olmuşdur.
23. Beləliklə, kollegiya apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etməklə müəyyən etmişdir ki, tərəflər arasında qanunvericiliyin imperativ tələbinə uyğun olaraq cavabdehə borc məbləği yazılı formada bağlanmış borc müqaviləsi əsasında deyil, şifahi razılıq əsasında verildiyindən və cavabdehin əldə olunmuş pul vəsaiti üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından iddiaçı əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda cavabdeh tələb edilən borc üzrə müəyyən məbləğlər ödəməklə borcun etiraf edilməsinə yönəlik hərəkətlər etmiş, bununla da müddətin axımı kəsilmiş və iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən 1 illik müddət keçməmişdir.
24. Apellyasiya şikayətinin qətnamədə cavabdehin və onun nümayəndəsinin izahatlarının təhrif edilməsi ilə bağlı dəlillərinə gəldikdə isə, kollegiya qeyd edir ki, həmin dəlillər iş materialları ilə öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, mülki proses tərəflərinin məhkəmə iclasında səsləndirdikləri izahatları iclasların audio-video yazıları ilə yoxlanılmış, iş üçün əhəmiyyətli olan ifadələr, sual və cavablar məhkəmə iclas protokollarında öz əksini tapdığı müəyyən edilmişdir. Bu səbəbdən də iş üzrə Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iş üzrə məhkəmə iclas protokollarına dair qeydləri təmin edilməmişdir.
25. İddiaçının etirazının iddia tələbinin tam həcmdə təmin olunmasına dair qətnamə qəbul edilməsinə dair dəlilinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan apellyasiya şikayəti verməmişdir. MPM-in 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Bu səbəbdən də iddiaçının etirazı hazırkı apellyasiya baxışı çərçivəsində təmin oluna bilməz.
26. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddianı qismən təmin edən birinci instansiya məhkəməsi işin faktiki hallarını tədqiq edilmiş sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, qətnamə tərəflər arasında mübahisənin mahiyyətinə uyğun düzgün əsasıandırılmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(060)-676/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.