Məhkəmə qərarları › İş №2(105)-1097/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1097/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1097/2024 12.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(060)-4501/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3709 manat məbləğində pulun, həmçinin tərəfindən ödənilmiş 58 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Nikoyl” Bank ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank ona 24 ay müddətinə illik 24% olmaqla 5000 ABŞ dolları məbləğində kredit vermişdir. O, həmin müqavilə üzrə cavabdehə zamin durmuş və bu barədə “Nikoyl Bank ilə aralarında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyindən bank onlara qarşı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-5/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ondan və cavabdeh X1 və X3 müştərək qaydada 5338.17 ABŞ dollarının alınıb "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İcra zamanı onun əmək haqqımdan 3709 manat məbləğində pul tutulmuşdur. Yəni, cavabdehin banka olan borcu tərəfindən tam olaraq ödənilmişdir. Cavabdehin banka olan borcu tərəfindən tam olaraq ödənildikdən sonra o, cavabdehə müraciət edərək, ondan pulunun geri qaytarılmasını tələb etmişdir. Lakin o, buna məhəl qoymur və pulunu geri qaytarmır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, 3709 manat məbləğində pul cavabdehdən alınıb ona verilməlidir. Həmçinin tərəfimdən ödənilmiş 58 manat dövlət rüsumu da cavabdehə aid olunmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(060)-4501/2023 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 2566 (iki min beş yüz altmış altı) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsinin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Nikoyl İKB» ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 4-M-1-0-392-15 nömrəli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh illik 24 faiz olmaqla, 24 ay müddətinə 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmiş, müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi İddiaçı ilə "xxxx" ASC-nin Sumqayıt filialı arasında xx.xx.2015-ci il tarixli, 4-M-1-0-392-15 nömrəli zaminlik müqaviləsi imzalanmış, Cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qətnaməsi əsasında İddiaçı əmək haqqından zaminlik müqaviləsi əsasında ümumilikdə 3709 manat məbləğində akseptsiz qaydada pul vəsaiti tutulmuşdur. Qubadlı Rayon Məhkəməsinin 2(028)-15/2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı əmək haqqından zaminlik müqaviləsi əsasında oktyabr 2018 - yanvar 2019-cu il dövründə 1143 manat pul tutulmuşdur. Həmin məbləğ isə Sumqayıt Şəhər Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(060)-4881/2019 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulmuşdur. Qubadlı Rayon Məhkəməsinin 2(028)-15/2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı əmək haqqından iyun 2021-may 2022-ci il dövründə isə 2566 manat tutulmuşdur.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475-ci maddəsinə stinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(060)-4501/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. 8.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, keçirilən məhkəmə proseslərindən xəbəri olmamış, məhkəmənin vaxtı və yeri barədə ona rəsmi məlumat verilməmiş və qəbul edilən qətnamə ona təqdim edilməmişdir. Müraciət edərək, 29 mart 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4501/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini rəsmi qaydada almışdır. İşə baxıldığı, yekun məhkəmə qərarı çıxarıldığı və qərarın qüvvəyə mindiyi zaman ölkə xaricində olmuş, məhkəmə iclaslarından xəbəri olmadığı üçün məhkəmədə iştirak edə bilməmişdir. Bank kreditinin müəyyən hissəsinin ödənilməsi üçün 1173 (min yüz yetmiş üç) manat İddiaçı ödəniş etmiş, lakin bu barədə iddiaçı məlumat verməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4501/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində bu hal nəzərə alınmamışdır. İddiaçı göndərdiyi pul vəsaitinin ödəniş qəbzini apellyasiya şikayətinə əlavə edir. Bildirir ki, bankdan kredit göturmüş və bu kreditin müəyyən hissəsinin ödənilməsi üçün xx.xx.2023-cü il tarixdə İddiaçı pul göndərmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbərləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

12. xx.xx.2023-cü il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi” barədə qərardan görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-5/2017 saylı, xx.xx.2017-ci il tarilxi icra sənədi üzrə icraata xitam verilmişdir.

13. “Azərkimya İB”-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-15/2017-ci il tarixli icra sənədinə əsasən İddiaçı əmək haqqından 3709 manat (oktyabr 2018 - yanvar 2019-cu il dövründə 1143 manat və iyun 2021-may 2022-ci il dövründə 2566 manat) tutulub, ''Yelo Bank" ASC-nin hesabına köçürülmüşdür. İcra ödənişində zərurət aradan qalxdığı üçün icra sənədi Sumqayıt şəhəri üzrə icra idarəsinə geri qaytarılır.

14. İşdə olan xx.xx.2015-ci il tarixli, 4-M-1-0-392-15 nömrəli kredit müqaviləsindən görünür ki, “Nikoyl” Bank tərəfindən cavabdeh X2 illik 24 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir.

15. İşdə olan xx.xx.2015-ci il tarixli, 4-M-1-0-392-15 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı 21 sentyabr 2015-ci il tarixli 4-M-1-0-392-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh (borcalan) öhdəliyinin tam və ya qismən yerinə yetirilməməsi ilə əlaqədar məsuliyyəti öz üzərinə götürmüşdür.

16. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(060)- 4881/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, Cavabdeh 1143,00 (bir min bir yüz qırx üç) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1173,00 (bir min bir yüz yetmiş üç) manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi

472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.

18. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

19. Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(060)-4501/2023 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni iddianın təmin edilmiş 2566 manat hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(060)-4501/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, işin hallarından müəyyən edilir ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 4-M-1-0-392-15 nömrəli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh illik 24 faiz olmaqla, 24 ay müddətinə 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmiş, müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi İddiaçı ilə "xxxx" ASC-nin Sumqayıt filialı arasında xx.xx.2015-ci il tarixli, 4-M-1-0-392-15 nömrəli zaminlik müqaviləsi imzalanmış, Cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirilməmiş, Qubadlı Rayon Məhkəməsinin 2(028)-15/2017-ci il tarixli icra sənədində əsasən cavabdehlər Cavabdeh, İddiaçı, X3 müştərək qaydada 5338,17 ABŞ dollarının tutularaq "xxxx" ASC-nə ödənilməsi müəyyən edilmişdir.

22. İş materialları ilə müəyyən edilir ki, icra sənədi üzrə İddiaçı əmək haqqından oktyabr 2018 - yanvar 2019-cu il dövründə 1143 manat, iyun 2021-may 2022-ci il dövründə 2566 manat olmaqla, ümumilikdə 3709 manat məbləğində pul vəsaiti tutulmuş, oktyabr 2018 - yanvar 2019-cu il dövründə əmək haqqından tutulmuş 1143 manat məbləğində pulun əvəzi Sumqayıt Şəhər Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(060)- 4881/2019 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulmuş, lakin iyun 2021may 2022-ci il dövründə 2566 manat məbləğində pul isə cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. İddiaçı tələbində cavabdehdən 3709 manat pulun tutulmasını xahiş etsə də məhkəmə həmin məbləğin 1143 manat hissəsinin məhkəmə qətnaməsi əsasında cavabdehdən iddiaçının xeyrinə tutulmasını müəyyən edərək, iddianı iyun 2021-may 2022-ci il dövründə əmək haqqında tutulmuş 2566 manat məbləğində pulun tutulması hissəsində təmin etmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iddiaçı Mülki Məcəllənin 475-ci maddəsinə əsasən cavabdehin öhdəlikləri üzrə banka ödədiyi məbləğləri geri tələb etməkdə haqlıdır.

24. Məhkəmə kollegiyası 1173 manat pulun ödənilməsi, məhkəmənin isə bu halı nəzərə almaması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətinə əlavə edilmiş qəbzdən görünür ki, xx.xx.2023-cü il tarxdə İddiaçı bank hesabına 1173 manat ödəniş edilmişdir.

25. Məhkəmə kollegiyası qeyd ediu ki, həmin məbləğ oktyabr 2018-yanvar 2019-cu il dövründə iddiaçının əmək haqqından tutulmuş 1143 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq Sumqayıt Şəhər Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(060)-4881/2019 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə ümumilikdə 1173 manat məbləğində tutulmuş puldur. Bundan başqa birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçının tələb etdiyi 3706 manat məbləğində pulun 1143 manat hissəsinin cavabdehdən tutulmasına dair məhkəmə qətnaməsi mövcud olmasını nəzərə alaraq, iddianı ödənilmiş pulun qalıq hissəsi həcmində, yəni düzgün olaraq 2566 manat hissəsində təmin etmişdir.

26. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə əsaslı hesab edilə bilməz.

27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı şikayətlə mübahisə edilən hissə iddianın təmin edilmiş 2566 manatlıq hissəsi olmuşdur ki, iddia tələbinin rədd edilmiş 1173 manat hissəsinə dair məhkəmə qətnaməsinin mövcud olması ilə əlaqədar icraata xitam verilməli və ya rədd edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə hüquqi qiymət, apellyasiya baxışının hədlərinə daxil olmadığından verilməmişdir.

27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(060)-4501/2023 nömrəli qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(060)-4501/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar