Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1098/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, X1 Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 3229,27 manat məbləğində pulun alınaraq, iddiaçı X3 verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxx” ASC ilə arasında bağlanmış xx.xx.2013-cü il tarixli, QUFŞ-3688 saylı zaminlik müqaviləsinə əsasən ödədiyi 740 manat və “xxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 357-xx.xx.2014- GUB56 saylı zaminlik müqaviləsinə əsasən ödədiyi 1733,27 manat məbləğində pulun borclu – Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ona görə də, iddiaçı iddia tələbinin həcmini artırmaq ərizəsi ilə məhkəməyə müracət edərək, onunla “xxxx” ASC ilə arasında bağlanmış xx.xx.2013-cü il tarixli, QUFŞ-3688 saylı zaminlik müqaviləsinə əsasən ödədiyi 740 manat və “xxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 357xx.xx.2014-GUB56 saylı zaminlik müqaviləsinə əsasən ödədiyi 1733,27 manat və “Kapital Bank” Quba filialı ilə bağlanmış zaminlik müqaviləsinə əsasən ödədiyi 756 manat olmaqla, ümumilikdə cəmi 3230,16 manat məbləğində pulun borclu – Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun həmkəndlisi olmaqla yaxın tanışıdır. 2013-cü ildə Cavabdeh təcili pula ehtiyacı olduğunu və bunun üçün bankdan kredit almaq istədiyini bildirərək, ondan alacağı kredit üçün zamin durmağı xahiş etmişdir. Cavabdeh götürəcəyi krediti vaxtı-vaxtında banka özü ödəyəcəyini demişdir. O da, Cavabdeh tanıdığından, aralarında inam və etibar olduğundan onun üçün zaminlik etməyə razılaşmışdır. Cavabdeh xx.xx.2013-cü il tarixli, QUFŞ-3688 saylı kredit müqaviləsinə əsasən “xxxx” ASC-dən 3000 manat məbləğində kredit götürmüş, onunla “xxxx” ASC arasında xx.xx.2013-cü il tarixli QUFŞ-3688 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit götürdükdən sonra kredit müqaviləsinə əsasən hər ay ödəməli olduğu kredit borcunu ödəməmişdir. 2014-cü ildə cavabdeh ona bildirmişdir ki, “mən həmin borcu ödəməkdə müvəqqəri çətinlik çəkirəm, zamin kimi həmin borcun səndən tutulmasını istəmirəm. Bunun üçündə başqa bankdan kredit götürək, həmin borcu bağlamaq istəyirəm, sən yenədə mənim üçün zamin dayan, krediti mən özümü ödəyəcəyəm.” O da, ona inanmış və kreditin alınmasına razılıq vermişdir. Cavabdeh xx.xx.2014-cü il tarixdə “xxxx” ASC-dən 24 ay müddətinə 24% ilə 3500 manat kredit götürmüş və onunla bank arasında 357-xx.xx.2014-GUB56 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən onunla bank arasında 357xx.xx.2014- GUB56 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bundan sonra cavabdeh götürdüyü kredit məbləği ilə “xxxx” ASC-yə olacağı borcu bağlayacağını bildirsə də, həmin kredit borcunu bağlamamış, bundan əlavə “xxxx” ASC-yə olan borcunuda ödəməmişdir. Bu səbəbdən də, “xxxx” ASC məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh və ondan 2946 manat əsas borc, 276 manat faiz borcu olmaqla cəmi 3222 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun onlardan tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsinə dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkməsinin xx.xx.2015-ci il tarixli, 2(027)1640/2015 saylı məhkəmə əmri ilə Cavabdeh və ondan 2946 manat əsas və 276 manat faiz borcu olmaqla, cəmi 3222 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun onlardan tutularaq “xxxx” ASC xeyrinə ödənilməsi qərara alınmışdır. Cavabdeh xxxx” ASC-yə və “xxxx” ASCyə olan kredit borcunu ödəmədiyindən həmin kredit borclarının tutulması onun əvvəl maaş, sonra da pensiya kartlarına yönəldilmişdir. O, xxxx” ASC-yə cəmi 740,89 manat, “xxxx” ASC-yə cəmi 1733,27 manat məbləğində kredit borcunu ödəmişdir. Bundan başqa, cavabdeh Kapital Bank” Quba filialı ilə kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsi üzrə onunla da, zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən 756 manat Kapital Bank” Quba filialına ödəniş etmişdir. Cavabdehdən dəfələrlə ondan tutulan əsassız borcu tələb etsə də, cavabdeh həmin borcu verməkdən imtina etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Onun İddiaçı iddia ərizəsində və qətnamədə qeyd edilən məbləğdə borcu yoxdur. O, iddiaçıya zaminlik müqaviləsinə əsasən ödədiyi pulun bir hissəsini ona qaytarmışdır, amma iddiaçı həqiqəti gizlətmiş, borc məbləğini artıq yazmışdır. Məhkəmə iclasında iştirak edə bilmədiyinə görə belə qərar qəbul edilmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(027)- 1707/2020 saylı qətnaməsini qismən, təmin edilmiş hissədə ləğv edərək, həmin hissədə də iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin iddiaçıya borclu olunmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Quba Rayon Məhkməsinin xx.xx.2015-ci il tarixli, 2(027)1640/2015 saylı məhkəmə əmrin görünür ki, xx xxxxxx 1963-cü il tarixdə Quba rayonu, Cimi kəndində anadan olmuş, Quba rayonu, Cimi kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh və xx xxxxxxx 1953-cü il tarixdə Quba rayonu, Cimi kəndində anadan olmuş, Quba rayonu, Cimi kəndində qeydiyyatda olan və yaşayan İddiaçı 2946 manat əsas borc, 276 manat faiz borcu, cəmi 3222 (üç min iki yüz iyirmi iki) manat məbləğində kredit borcu və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq ünvan 1 ünvanında yerləşən «xxxx» ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. İşdə olan “Kapital Bank”ın ödəniş kartı üzrə çıxarışından görünür ki, İddiaçı bankın xeyrinə 756 manat məbləğində pul tutulmuşdur. İşə əlavə olan xx.xx.2013-cü il tarixli, QUFŞ-3688 saylı zaminlik müqaviləsindən görünür ki, “xxxx” ASC-dən kredit götürmüş «Borclu» Cavabdeh bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti zamin İddiaçı öz üzərinə götürmüşdür. İş materiallarında olan Quba rayon Təhsil Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Quba rayonu Cimi kənd tam orta məktəbində müəllim işləmiş Cavabdeh üçün zamin dayanmış İddiaçı banklar üçün 2474,16 manat məbləğində pul tutulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 357-xx.xx.2014-GUB56 nömrəli kredit müqaviləsinə, “xxxx” ASC ilə xx.xx.2013-cü il tarixli, QUFŞ-3688 saylı kredit müqaviləsinə əsasən İddiaçı ilə zaminlik müqavilələri bağlanmışdır. Bundan başqa, Cavabdeh ilə “Kapital Bank” Quba filialı arasında bağlanmış 2014-cü il tarixli kredit müqaviləsinə əsasən də, zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh istisna olmaqla, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Lakin, cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və məhkəmə qərarı ilə cavabdehin icra etmədiyi öhdəlik nəticəsində yaranmış borc iddiaçının ilk öncə əmək haqqısına, daha sonra isə pensiyasına yönəldirilmişdir. İş materillarında olan hesabdan çıxarışlarla, Quba rayon Təhsil Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışı ilə iddiaçıdan banklar üzrə ümumilikdə cəmi 3229,27 manat məbləğində borcun tutulması tam olaraq sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası Cavabdeh iddiaçı tərəfindən ödədiyi pulun bir hissəsini ona qaytarması barədə gətirdiyi dəlili qəbul etmir, belə ki, bu dəlil heç bir sənədlə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(027)-1707/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1098/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1098/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver