Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1101/2025 05.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-14/2025 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, İK2434 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 17% ödəmək şərtilə 63.000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış xx.xx.2016cı il tarixli, İK2434 saylı kredit müqaviləsinə 1 №-li əlavəyə əsasən bank tərəfindən Cavabdeh verilmiş kreditin faizi 19%, müddəti xx.xx.2021-ci il tarixinədək müəyyən edilmişdir .
3. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh məxsus 486020******4475 saylı kart hesabına əsasən xx.xx.2015-xx.xx.2023cü il tarix aralığına 3875,50 ABŞ dolları mədaxil, 3897,17 ABŞ dolları məxaric əməliyyatı həyata keçirilməklə, balans 19,51 ABŞ dolları müəyyən edilmişdir.
4. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İK2434 saylı kredit müqaviləsi üzrə banka 30.365,16 manat əsas, 3927,58 manat faiz, 56.235,78 manat cərimə olmaqla, ümumilikdə 90.528,52 manat məbləğində, 41020USDFK********** saylı kart hesabı üzrə 19,51 ABŞ dolları borcu mövcuddur.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı ASC Cavabdeh qarşı kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında İK2434 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi imzalanmış, bank tərəfindən borcalana xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 17%, kreditin faktiki illik faiz dərəcəsi 17,8996%, güzəştsiz illik faiz dərəcəsi 27%, illik cərimə faizi 180% olmaqla, 63.000 manat məbləğində istehlak xərcləri məqsədilə birdəfəlik kredit verilmişdir. Daha sonra xx.xx.2016cı il tarixli İK2434 saylı kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli 1 saylı əlavə imzalanaraq kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış və illik güzəştsiz faiz dərəcəsi 19%-ə endirilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 1140 gün, kart hesabı üzrə 1867 gün təşkil edir. Eyni zamanda İK2434 saylı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən kart üzrə texniki overdraft, yəni məzənnə fərqi, üçüncü tərəflərə gələcəkdə ödəniş edilməsi üçün kredit alan tərəfindən kart məlumatları daxil edildikdə, lakin ödəniş vaxtı hesabda vəsait olmadıqda və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Texniki overdraft nəticəsində yaranmış borcun (əsas, faiz, cərimə və s.) ödənilməsinə görə məsuliyyəti kredit alan daşıyır. Bank tərəfindən kredit alana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - İK2434 saylı kredit müqaviləsi üzrə 30365,16 manat əsas borc, 3927,58 manat faiz borcu, 51146,75 manat cərimə borcu olmaqla, cəmi 85439,49 manat, 41020USDFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyatına əsasən cəmi 19,51 ABŞ dolları əsas borc təşkil edir. Kredit Müqaviləsinin 5-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə, kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda Bank müştəriyə verilən krediti bir tərəfli qaydada vaxtından əvvəl ləğv edə bilər. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 347 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göstərilənlərə əsasən Cavabdeh İK2434 saylı kredit müqaviləsi üzrə 30365,16 manat əsas borc, 3927,58 manat faiz borcu, 51146,75 manat cərimə borcu olmaqla, cəmi 85439,49 manat, 41020USDFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən cəmi 19,51 ABŞ dolları əsas borc məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 347 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
7. Sonradan İddiaçı ASC tərəfindən iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Cavabdeh İK2434 saylı kredit müqaviləsi üzrə 30365,16 manat əsas borc, 3927,58 manat faiz borcu, 56235,78 manat cərimə borcu olmaqla, cəmi 90528,52 manat, 41020USDFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyatına əsasən cəmi 19,51 ABŞ dolları əsas borc məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 362 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə iclasında cavabdeh Rövşən Hətəm oğlunun nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, ekspertiza rəyində qeyd edilən məbləğ ilə razılaşaraq, iddia tələbini bu həcmdə təmin edilməsini xahiş edir.
10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-14/2025 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia qismən təmin edilərək, Cavabdeh İK2434 saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 16.488,33 (on altı min dörd yüz səksən səkkiz manat, otuz üç qəpik) manat əsas, 1557,69 (bir min beş yüz əlli yeddi manat, altmış doqquz qəpik) manat faiz, 1000 (bir min) manat cərimə borcu olmaqla, cəmi 19046,02 (on doqquz min qırx altı manat, iki qəpik) manat məbləğində pul, habelə 41020USDFK********** saylı kart hesabı üzrə 19,51 (on doqquz ABŞ dolları, əlli bir sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul və ödənilmiş dövlət rüsumunun 148 (bir yüz qırx səkkiz) manat hissəsinin alınaraq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manatın İddiaçı ASC və Cavabdeh müştərək qaydada tutulması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. İş üzrə təyin edilmiş ekspertiza rəyləri ilə cavabdehin kredit müqaviləsi üzrə müqavilə müddəti üçün əsas borcun 16.488,33 manat, faiz borcunun 1557,69 manat olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir. İddia dəbbə pulu hissəsində qismən təmin edilərək, tələb edilən 56.235,78 manat məbləğində dəbbə pulu (cərimə) azaldılaraq 1000 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin “41020USDFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyatına əsasən cəmi 19,51 ABŞ dolları əsas borc məbləğində borcun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. İddia tələbi 19,51 ABŞ dolları borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 390.1, 425.1, 439.4, 442, 443.1, 448.1, 449.1, 467, 739, 1091, 1092, 1093 və 1094-cü, Mülki Prosessual Məcəllənin 14, 76, 77, 119.1 və 217-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin əsas, faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh İK2434 saylı kredit müqaviləsinə əsasən 30,365.16 (otuz min üç yüz altmış beş manat on altı qəpik) manat əsas borc, 3,927.58 (üç min doqquz yüz iyirmi yeddi manat əlli səkkiz qəpik) manat faiz borcu, 56,235.78 (əlli altı min iki yüz otuz beş manat yetmiş səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 90,528.52 (doxsan min beş yüz iyirmi səkkiz manat əlli iki qəpik) manat məbləğində borcun, 41020USDFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən cəmi 19.51 (on doqquz dollar əlli bir sent) ABŞ dolları əsas borcun tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 362 (üç yüz altmış iki) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iş icraatda olduğu dövrdə mübahisənin ətraflı araşdırılması üçün Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 4930/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8490 saylı rəyinə əsasən Cavabdeh İK2434 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borcu 16488.33 manat, faiz borcu 1557.69 manat müəyyən edilmişdir. Lakin ekspert rəyi iddiaçı tərəfindən məqbul hesab edilmədiyi üçün təkrar mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət verilmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5283 saylı rəyinə əsasən Cavabdeh İK2434 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borcu 16488.33 manat, faiz borcu 1557.69 manat müəyyən edilmişdir. Lakin daxil olmuş ekspert rəyini məqbul hesab etmədikləri üçün yenidən təkrar mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixli, 9/8383 nömrəli rəy məhkəməyə daxil olmuşdur və həmin rəyi məqbul heab etmədikləri üçün etiraz təqdim edilmişdir. Belə ki, ekspert tərəfindən ödənişlərin silinməsi doğru yerinə yetirilməmişdir. Ekspertiza tədqiqatı zamanı bəzi ödənişlər üzrə silinmələr və müvafiq hesablamalar ekspert tərəfindən düzgün nəzərə alınmadığından iş üzrə təkrar məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi zərurəti yaranmışdır. Ekspert rəyində qeyd edilmişdir ki, ümumilikdə xx.xx.2021-cü il tarixədək 80776,95 manat məbləğində ödəniş aparılmışdır. Ödənilmiş 80776,95 manat məbləğində pulun 46511,67 manat əsas borcun və 34265,28 manat isə faiz borcundan silinməsi müəyyən edilir. Məlumat üçün qeyd edilmişdir ki, ekspertin rəy verdiyi xx.xx.2021-ci il tarixədək müştəri tərəfindən edilmiş ödənişlərdən əsas borca 31142.84 AZN, faiz borcuna 28574.01 AZN, cərimə borcuna isə 24645.05 AZN məbləğində silinmə olmuşdur. Ekspert müvafiq tarixədək həyata keçirilmiş ödənişlərin 46 511.67 AZN hissəsini əsas borca, 34 265.28 AZN hissəsini isə faiz borcuna silinmə etmişdir. Bu səbəbdən də əsas borc üzrə 15 368.83 AZN fərq yaranmışdır. Əlavə olaraq əsas borcda yaranan fərq faiz borcunun hesablanmasına da təsir etmiş və bu səbəbdən iddiaçının xx.xx.2021-ci il tarixə olan məlumatı ilə ekspertin rəyi arasında 10.877.89 AZN məbləğində fərq yaranmışdır. Hesabdan çıxarışı və ekspertin rəyindəki cədvəli nəzərdən keçirdikdə məlum olur ki, ekspert müvafiq tarixədək edilmiş cərimə ödənişlərinin 21.060.10 AZN hissəsini əsas və faiz borcuna yönləndirmişdir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 3.8-ci bəndinə əsasən müştərinin Bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinə istinad etməsinə baxmayaraq müştəri tərəfindən həyata keçirilmiş bütün ödənişləri əsas və faiz borcunun silinməsinə yönləndirmişdir. Lakin məhkəmə bütün bu qeydləri və faktiki halları nəzərə almamış, sübutları düzgün və ətraflı araşdırmamış ekspert rəyini əsas sübut kimi nəzərə almışdır. Cavabdehin müqavilə üzrə yaranmış əsas, faiz və cərimə borcu məbləğinin müəyyən edilməsi zamanı işin halları ətraflı araşdırılmamışdır. Bildiririk ki, məhkəmə faiz məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, xx.xx.2023-cü il tarixə cavabdeh tərəfindən krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı K2434 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1210 gündən çox olmuşdur. Müvafiq olaraq gecikmə günləri ilə əsas, faiz və cərimə borcu məbləğinin təmin edilən hissəsinin uyğun olaraq qət edilən əsas, faiz və cərimə məbləğinin həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən əsas, faiz və cərimə məbləği əsaslı hesab edilə bilməz. Belə ki, əsassız və düzgün hesablanmadan verilmiş qanunsuz ekspert rəyinin məhkəmə üçün sübut kimi qəbul edilməsi məcburi olmadığı üçün, əsas, faiz və cərimə borcu həmin rəyə əsasən də müəyyən edilməməli və iddia tələbi tam təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
19. Maddə 432. Öhdəliyin hissə-hissə icrası 432.3. Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir. 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)
22. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)
23. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.
24. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
26. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
27. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi əsas, faiz və cərimə borcunun tutulması hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Apellyasiya şikayətində qeyd olunur ki, birinci instansiya məhkəməsi əsas, faiz və cərimə borcunun hesablanması ilə bağlı iş üzrə keçirilmiş ekspertiza rəylərini sübut kimi qəbul etmiş və bununla da düzgün olmayan nəticəyə gəlmişdir.
35. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək, tərəflər arasında mövcud mübahisə üzrə düzgün nəticəyə gəlinməsini təmin etmək məqsədi ilə xx.xx.2025ci il tarixli, 2(105)-1101/2025 nömrəli qərardadla iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir.
36. Məhkəmə Ekspertizası Mərkəzinin 9/4076 nömrəli, 29 sentyabr 2025-ci il tarixli rəyində göstərilmişdir ki, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2016-cı il tarixli, İK2434 saylı kredit müqaviləsinin və xx.xx.2019-cu il tarixli 1 nömrəli Əlavənin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2021-ci il tarixə (müqavilənin bitmə tarixi) banka olan əsas və faiz borcu 18.046,02 manat məbləğində müəyyən edilir. O cümlədən: əsas borc üzrə 16.488,33 manat, faiz borcu üzrə 1.557,69 manat. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, İK2434 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2021ci il tarixdən (müqavilənin bitmə tarixi) sonra 10.000,00 manat məbləğində kredit ödənilmişdir. Hazırki tədqiqatla xx.xx.2016-cı il tarixli, İK2434 saylı kredit müqaviləsi üzrə borc qalığı xx.xx.2021-ci il tarixədək (müqavilənin bitmə tarixi) hesablandığından bu tarixdən sonra ödənilən 10.000,00 manat məbləğində kredit ödənişi hazırki hesablamada nəzərə alınmadı. Bundan başqa, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, İK2434 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə Bank tərəfindən cərimə hesablanmamış və buna görə də hazırkı tədqiqatla cərimə müəyyən edilmədi. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hazırkı borc məbləği tərəflər arasında bağlanmış kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli, 01 saylı əlavə üzrə Cavabdeh tərəfindən aparılmış bütün ödənişlər nəzərə alınmaqla və bu ödənişlər əvvəlcə xərclərin hesabına sonar faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilməklə müəyyən edilmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin göstərilən ekspert rəylərini mövcud mübahisə üzrə mötəbər sübut kimi qiymətləndirməklə yuxarıda göstərilən nəticəyə gəlməsi əsaslı olmuşdur.
38. Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir...
39. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş məhkəməmühasibatlıq ekspertizasının rəyləri ilə müəyyən edilir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 16.488,33 manat, faiz borcu 1557,69 manat təşkil edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və faiz borcu da həmin dövrədək hesablanmışdır. İK2434 saylı kredit müqaviləsi üzrə borc qalığı xx.xx.2021-ci il tarixədək hesablandığından bu tarixdən sonra ödənilən 10.000 manat məbləğində kredit ödənişi hesablamada nəzərə alınmamışdır.
40. Kollegiya qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatına dair rəylər ilə cavabdehin kredit müqaviləsi üzrə müqavilə müddəti üçün əsas borcunun 16.488,33 manat, faiz borcunun 1557,69 manat olması müəyyən edildiyindən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün və əsaslı hesab edilməlidir.
41. Cərimə borcunun tutulması hissəsində apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər.
42. Verilmiş kredit borcu üzrə ödənişlərin gecikdirilməsi və bunun nəticəsində cərimə məbləğinin tələb edilməsi əsaslıdır. Lakin müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunduğundan, bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır.
43. Konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real qətnamənin cavabdeh üçün yaradacaq iqtisadi və sosial nəticələrini qabaqcadan görərək cərimə borcunun azaldılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi əsaslı hesab edir və qeyd edir ki, iddiaçı bank tərəfindən tələb edilən dəbbə pulunun minimal miqdara qədər azaldılması cavabdehin müqavilə üzrə ödənilmədən qalmış borc məbləğinin ödənilməsinə zəmin yaratmış olar.
44. Kollegiya hesab edir ki, 16.488,33 manat məbləğində əsas borca münasibətdə 1000 manat məbləğində cərimənin tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
45. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə mübahisələndirilən hissədə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-14/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat iddiaçı "xxxx" ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-14/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçı "xxxx" ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.