Məhkəmə qərarları › İş №2(105)-1104/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1104/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1104/2024 03.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi, kredit müqaviləsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1689/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 25 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 8.000 manat borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2022-ci il tarixinədək “borc verənə” qaytarmağı öhdəsinə götürür.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 25 iyul 2022-ci il tarixdə 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunda kredit müqaviləsi bağlamaqla Cavabdeh xx.xx.2022-ci il tarixinədək qaytarmaq şərti ilə 8000 manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə görə Cavabdeh borc pulu xx.xx.2022-ci il tarixinədək qaytarmalı idi. Lakin müddət tamam olsa da, Cavabdeh aldığı borcu qaytarmamışdır. Hər dəfə borcunu qaytarması üçün ona müraciət etdikdə, o, müxtəlif bəhanələr gətirərək, borcu ödəməkdən yayınır. Göstərilənlərə əsasən Cavabdeh 8000 manat məbləğində pulun tutulub iddiaçıya verilməsi, həmçinin tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım üçün vəkilə ödədiyi 100 manatın da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1689/2024 nömrəli qətnaməsi iddia tələbinin təmin edilməsi, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pulun, habelə 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumunun və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 100 (bir yüz) manat məbləğində pulun əvəzinin alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva).

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 331.1, 739.1, 740.1, 740.2, 385.1, 442-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 119.1, 121.1, 217.3 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1689/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 25 iyul 2022-ci iltarixdə 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunda kredit müqaviləsi bağlamaqla Cavabdeh (ona) xx.xx.2022-ciil tarixinədək qaytarmaq şərti ilə 8000 manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə görə o borc pulu xx.xx.2022-ci il tarixinədək qaytarmalı idi. Lakin müddət tamam olsa da, guya o həmin borcu qaytarmamış, hər dəfə borcunu qaytarması üçün müraciət etdikdə, guya müxtəlif bəhanələr gətirərək, borcu ödəməkdən yayınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş 25 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 8.000 manat borc pul vermişdir. Halbuki, həmin borc müqaviləsi iddiaçı ilə X6 arasında bağlanmışdır. Ülviyyənin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti keçdiyindən müqavilənin onun adına sənədləşdirilməsi razılaşdırılmışdır. Həmin razılıq hər iki tərəfin iştirakı ilə olmuşdur. Göründüyü kimi o iddiaçıdan 1 manat olsun pul almamış, bağlanmış müqavilə formal olmaqla iddiaçı ilə başqa bir şəxs arasında olan borc münasibətlərinə əsaslanmışdır. Lakin məhkəmə bu halları nəzərə almayaraq iddia tələbini təmin etmişdir.

8. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 25 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əasasən X1 Şəfəq Məmməd qızının ailə üzvünü işə düzəltmək üçün həmin pulu almışdır. İddiaçı həmin məbləğdə pulu Ülviyyədən, onun anasından dəfələrlə geri istəmişdir. Eləcə də həmin pulun Ülviyyədən alınması üçün o Şəfəqin göndərdiyi mesajları məhkəməyə təqdim etmiş, lakin məhkəmə həmin sübutları qəbul edib araşdırmaqdan imtina etmişdir.

9. Məhkəmə eyni zamanda AR MPM-nin 9-cu maddəsinin tələblərini pozmuşdur, belə ki, məhkəmə çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1.maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Məhkəmə onun tərəfindən təqdim edilmiş sübutları araşdırmamış, qanunsuz, ədalətsiz qətnamə çıxarmışdır, məhkəmə bununla da AR MPM-nin 77-88-ci maddəsinin tələblərini pozmuşdur. Tərəfindən təqdim edilmiş səs yazıları dinlənilməmiş, İddiaçı iştirakı təmin olunaraq izahatı alınmamış, eyni zamanda X3 iddia tələbinə münasibəti öyrənilməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.

12. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

13. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan redaksiya).

16. Maddə 425.1. Tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

19. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1689/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1689/2024 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni mübahisələndirilən 8000 manat məbləğində pul vəsaitini cavabdehə vermiş, cavabdeh vaxtında və tam ödəniş etməmiş, bununla da nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə Cavabdeh İddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

34. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, bu qəbildən olan işlərdə iddianı irəli sürən tərəf öz tələbini, yəni cavabdeh tərəfə borc verməsini təsdiq edən mötəbər sübut təqdim etdikdə, sözügedən borcun qaytarılmasını sübut etmək qarşı tərəfin üzərinə düşür. Hazırkı iş üzrə isə işdə olan borc müqaviləsi cavabdehə borc verilməsini təsdiq edir.

35. Cavabdeh apellyasiya şikayətinin dəlillərində borc müqaviləsinin əslində onunla deyil başqa şəxslə bağlanılmasına, müqavilənin əslində yalan əqd olmasına, bağlanmış müqavilənin formal olmaqla iddiaçı ilə başqa bir şəxs arasında olan borc münasibətlərinə əsaslanmasına, pulun həmin şəxsdən alınması üçün iddiaçının göndərdiyi mesajları məhkəməyə təqdim etsə də, məhkəmənin həmin sübutları qəbul edib araşdırmaqdan imtina etməsinə əsaslanmışdır.

36. Məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan protokollardan və iclasların videogörüntülərindən cavabdeh tərəfindən həmin sübutun təqdim edilməsinə dair vəsatətin verilməsi müəyyən olunmur.

37. Əqdin etibarlılığı ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, hər hansı əqdin, o cümlədən borc müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

38. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).

39. Yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

40. Hazırkı halda əqdin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmir, belə olan halda kollegiya bu dəlili müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsindən yayınma üçün formal mülahisə hesab edir.

41. Beləliklə, AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

42. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.

44. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

45. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

46. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1689/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1689/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar