Məhkəmə qərarları › İş №2(105)-1105/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1105/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1105/2024 27.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X2, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair” mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-485/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2(060)-485/2024 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair” iddiası qismən təmin edilmiş, Cavabdeh 346,23 manat (üç yüz qırx altı manat 23 qəpik) məbləğində kredit borcunun və 14,49 manat (on dörd manat 49 qəpik) məbləğində ödənilmiş dövlət rüsumu əvəzinin alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva). Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdehin anası X9 arasında xx.xx.2019-cu il tarixli, BPM**********29 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən U.Əliyevaya illik 25%-lə, 48 ay müddətinə 5000 manat kredit verilmişdir. Əldə edilmiş məlumata əsasən, U.Əliyeva xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 1844 nömrəli məktubdan görünür ki, X5 mirası qəbul etmiş vərəsəsi Cavabdeh xx.xx.2021-ci il tarixdə notariat ofisinə müraciət etmişdir. Bankın Sumqayıt filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, U.Əliyevanın xx.xx.2023-cü ilədək Banka ödənilməmiş 1870,84 manat əsas borcu, 506,51 manat müqavilə müddətində ödənilməmiş faiz borcu, 70,94 manat müqavilə müddətindən sonra hesablanan (5%-lə) faiz borcu olmaqla, cəmi 2448,29 manat borcu yaranmışdır. Cavabdeh mərhum U.Əliyevadan qalmış mirası qəbul etməsinə baxmayaraq, miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini ona çatan miras payı həcmində icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixdə 6-2-22/2-22154/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Göstərilənlərə əsasən U.Əliyevanın vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1870,84 manat əsas borc, 506,51 manat müqavilə müddətində ödənilməmiş faiz borcu, 70,94 manat müqavilə müddətindən sonra hesablanan (5%-lə) faiz borcu olmaqla, cəmi 2448,29 manat kredit borcunun və ödənilmiş 44,49 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı əvəzinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin tələbinə görə mirası qəbul etmiş vərəsə miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır. İşdən göründüyü kimi, vərəsə (cavabdeh) tərəfindən qəbul edilən miras kütləsini vəfat etmiş borclunun pensiya hesabındakı 346,23 manat məbləğində pul qalığı təşkil etmişdir. Belə olan halda, Cavabdeh bank (iddiaçı) qarşısında qəbul etdiyi miras payı həcmində, yəni 346,23 manat məbləğində məsuliyyət daşımalıdır. Bu mövqedən çıxış edərək birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Qətnamədən narazı qalan iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2(060)-485/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri İddiaçı "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən hüquqi vasitələrdən biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəiiklərini də qəbul etmiş olurlar. Qanunvericiliyin tələblərinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1 saylı Sumqayıt Regional "Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilən məlumata əsasən, vərəsə Cavabdeh xx.xx.2021-ci il tarixdə 81-32786 reyestr nömrəli "miras payın qəbul edilməsi barədə” ərizə ilə müraciət etmişdir. Cavabdeh ərizəsində ondan başqa vərəsə olmadığını bildirmiş, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə uyğun olaraq Cavabdeh miras əmlakı, yəni miras qoyanın aktivlərini (əmlak hüquqlarını) tam həcmdə qəbul etməklə həm də miras passivlərini (əmlak vəzifələrini) tam həcmdə qəbul etmiş sayılır. Beləliklə, cavabdeh miras əmlakı tam həcmdə qəbul etməklə yanaşı borc öhdəliklərini də tam həcmdə yerinə yetirməyi öz üzərinə götürmüşdür. Nəticə olaraq, iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Lakin məhkəmə qeyd edilən halları nəzərə almadan qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir. Hesab edilir ki, məhkəmə tərəfındən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir, ona görə də məhkəmənin qətnaməsi apellyasiya qaydasında ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahat və xahişini dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2(060)-485/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarında olan "xxxx" ASC ilə X9 arasında bağlanmış 09 yanvar 2019-cu il tarixli, BPM**********29 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən X6 48 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə, 5000 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X5 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Banka 1870,84 manat əsas borc, müqavilə müddətində ödənilməmiş 506,51 manat faiz borcu, müqavilə müddəti bitəndən sonra hesablanmış (5%-lə) 70,94 manat faiz borcu olmaqla, cəmi 2448,29 manat kredit borcu vardır. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-T seriyalı 185374 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası X10, anası isə X7r. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ seriyalı 052672 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə ürəyin hipertenziv xəstəliyindən ölmüşdür. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı 227192 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə qalxan çənbər bağırsaq xəstəliyindən ölmüşdür. İş materiallarında olan Cavabdeh Sumqayıt “ASAN xidmət” mərkəzində Notariat ofisinə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********786 qeydiyyat nömrəli ərizəsində qeyd edilmişdir ki, 05 noyabr 2021-ci ildə Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 17/11, mənzil 36da yaşamış anası X9 ölmüşdür. Sonuncudan irs qalmış mirası qəbul edir. Mərhumun ondan başqa vərəsələri yoxdur. Mirasın tərkibinə daxil olan miras əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 22 dekabr 2021-ci il tarixli, **********3 saylı məktubdan görünür ki, mərhum X4 adına Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabında 346,23 manat məbləğində pul vəsaiti qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən 10 fevral 2024-cü il tarxili sorğuya cavab məktubundan görünür ki, xx.xx.2021-cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka dair vərəsəsi Cavabdeh “mirasın qəbul edilməsi barədə” ərizəsi əsasında xx.xx.2021-ci il tarixdə, 8V-1158 reyestr nömrəsi ilə təsdiq edilmiş vərəsəlik işi açılmışdır, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsinin təqdim etdiyi və surəti iş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən məlum olur ki, həmin şəhadətnamənin verildiyi miras əmlak mərhum X4 adına Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hesabında olan 346,23 manat məbləğində pul vəsaitindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun da ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Birinci instansiya məhkəməsi işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739, 1306-cı maddələrinin tələblərinə əsasən qiymət verərək hesab etmişdir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır. Cavabdeh borclunun (miras qoyanın) kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə onun qanun üzrə vərəsəsi kimi məsuliyyət daşıyır. Mülki qanunvericiliyin müddəalarına görə mirası qəbul etmiş vərəsə miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır. Araşdırılan mübahisədən göründüyü kimi, vərəsə (cavabdeh) tərəfindən qəbul edilən miras kütləsini vəfat etmiş borclunun pensiya hesabındakı 346,23 manat məbləğində pul təşkil edir. Belə olan halda, Cavabdeh miras payı həcmində, yəni 346,23 manat məbləğində bank qarşısında məsuliyyət daşımalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün və əsaslı hesab edir. Belə ki, Cavabdeh mirası, yəni miras qoyanın aktivlərini (əmlak hüquqlarını) tam həcmdə qəbul etməsinin həm də onun miras passivlərini (əmlak vəzifələrini) tam həcmdə qəbul etməsini ehtiva etməsi, cavabdehin mirası tam həcmdə qəbul etməklə yanaşı mərhumun borc öhdəliklərini də tam həcmdə yerinə yetirməyi öz üzərinə götürməsi, nəticə olaraq iddia ərizəsində göstərilən borc məbləğinin cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməli olması barədə iddiaçı "xxxx" ASC-nin mülahizələri qanunvericiliyin vərəsəlik hüququ ilə bağlı müddəalarına uyğun deyildir. Qanunvericiliyin tələbinə əsasən, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsə (vərəsələr) miras açıldığı gündən ona (onlara) çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət (birgə məsuliyyət) daşıyır (daşıyırlar). Bu normanın mənasına görə vərəsənin kreditor qarşısında əmlak xarakterli öhdəliyi yalnız ona çatan miras payı həcmindədir, yəni miras qoyanın borcları mirasın dəyərindən çox olduğu halda vərəsə borcun mirasla ödənilməyən hissəsini öz hesabına ödəmək öhdəliyi daşımır. Əks təqdirdə vərəsənin mirası qəbul etməkdən imtina etməsi onun üçün daha əlverişli olar. Odur ki, qanunda vərəsənin ölən şəxsin borclarına görə öz əmlakı ilə cavabdehlik daşıması nəzərdə tutulmamışdır. İşin faktiki hallarından görünür ki, Cavabdeh mərhum anasından qalmış miras 346,23 manat məbləğində pul (pensiya) vəsaitindən ibarət olmuşdur. Məhkəməyə cavabdehin qeyd ediləndən əlavə hər hansı miras əmlakı qəbul etməsi barədə sübut təqdim olunmamışdır. Mülki Məcəllənin 1307-ci maddəsinin tələbinə görə vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Konkret halda Cavabdeh adına verilmiş vərəsəlik şəhadətnaməsi ona mərhum anasından qalmış mirasın tərkibi və həcmi barədə sübutdur. Həmin şəhadətnamə miras qoyanın borclarının mirasdan çox olduğunu təsdiqləyir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı qismən, yəni cavabdehin qəbul etdiyi miras payı həcmində (346,23 manat məbləğində) təmin etməkdə haqlı olmuş, mübahisənin həllinə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxarkən qəbul edilmiş qətnamənin ləğvinə əsas ola biləcək prosessual pozuntulara yol verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsini qanuni və əsaslı hesab edir. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. Ona görə də iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 16 aprel 2024-cü il tarixli, e-2(060)-485/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 16 aprel 2024-cü il tarixli, e-2(060)-485/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar