Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1113/2022 25.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Telman Qədir oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı və X2 nümayəndəsi Nümayəndə1 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı və X2 cavabdeh "xxxx" ASC-yə qarşı Sumqayıt şəhəri, Koroğlu prospektində (avtovağzal ərazisi) və ünvan 1 ünvanına aid olan su xəttinə qanunsuz qoşulmuş xətlərin həmin xətdən ayrılması və cavabdehin öz vəsaiti hesabına zədələnmiş borunun yenisi ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(060)-1153/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı və X4 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Sumqayıt Sukanal” İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəh, Koroğlu prospektində (avtovağzal ərazisi) və ünvan 1 ünvanına aid olan su xəttinə qanunsuz qoşulmuş xətlərin ayrılması və zədələnmiş borunun yenisi ilə öz vəsaiti hesabına əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, vurulmuş maddi zərərə görə 10000 manatın, mənəvi zərər görə 10000 manatın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının razılığı ilə cavabdeh qismində işə cəlb edilmiş Sumqayıt Sukanal İdarəsi əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi vəsatət verərək ünvan 1 ünvanının X2 adına olduğundan həmin hissədə iddiaçının əsl iddiaçı X4 ilə əvəz edilməsini xahiş etmiş, həmin vəsatət təmin olunmuşdur. İddia tələbi onunla əsasladırılmışdır ki, Sumqayıt şəhəri, Koroğlu prospektində, (avtovağzal ərazisi) və Sumqayıt şəhəri 20–ci məhəllə ev 101-də su ilə təchiz edən su xəttinə iddiaçının hər hansı icazəsi olmadan kənar obyektlərə gedən başqa xəttlər qoşulmuşdur. Digər obyektlərin iddiaçıların şəxsi mülkiyyəti hesab olunan su xəttinə qoşulmasından sonra su təchizatında ciddi problemlər yaranmış və bunun nəticəsində su nasosu quraşdırmaq məcburiyyətində qalmışlar. Uzun müddət ərzində isə işlədilən su nasosları tez-tez sıradan çıxmış və bunun nəticəsində iddiaçılara maddi ziyan dəymişdir. Bundan əlavə həmin nasosların istismarı nəticəsində onlar izafi elektrik enerjisi işlətmək məcburiyyətində qalmış, buna görə əlavə vəsait ödəməli olmuşlar. Sözügedən qanunsuzluğun aradan qaldırılması üçün cavabdehə dəfələrlə edilən şifahi və yazılı müraciətlərin heç bir müsbət nəticəsi olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(060)-1153/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı və X1 cavabdeh "xxxx" ASC-yə qarşı Sumqayıt şəhəri, Koroğlu prospektində (avtovağzal ərazisi) və ünvan 1 ünvanına aid olan su xəttinə qanunsuz qoşulmuş xətlərin həmin xəttdən ayrılması və cavabdehin öz vəsaiti hesabına zədələnmiş borunun yenisi ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, vurulmuş maddi zərərə görə 10.000 manatın, mənəvi zərərə görə 10.000 manatın cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə iddia təmin edilməmiş və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir (hakim A.M.Süleymanova). İddiaçılar İddiaçı və X4 birgə qaydada apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(060)-1153/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2(105)-2028/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş və iddia tələbi rədd edilmişdir (hakimlər: Telman Quliyev - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Lətifə Məmmədova). İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1220/ 2022 nömrəli, 28 fevral 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2028/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən və məruzəçi hakim Nurməmmədov Əhməd, hakimlər Hüseynov Abidin və Xələfov İlqar). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar İddiaçı və X4 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə işin halları barədə araşdırma aparmamışdır. Tərəflər məhkəmə iclasında şifahi olaraq borunun iddiaçılara aid olunmasının müzakirə olunması və müzakirə zamanı borunun fakturasının olduğunu elan etmişlər. Və məhkəmə tərəfindən onun əsas olmadığı qeyd olunsa da, iddiaçılar qonşuların dindirilməsi barədə vəsatət vermişlər.Bundan əlavə cavabdehə qoşulmanın neçənci ildən olması haqqında arayış istənilsə də, bununla bağlı nə protokol, nə də ki, məhkəmə qətnaməsində qeyd aparılmamışdır. Buna görə də Sumqayıt Şəhər Məhkəməsi 09 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096 və 1099-cu maddələrinin tələblərini pozmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı və X2 nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla əlaqədar kassasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında aşağıdakılar qeyd olunmuşdur: “...İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən Sumqayıt şəhəri, Avtovağzal ərazisi, Koroğlu küçəsində yerləşən 16 kvadrat metr torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyətindədir və o həmin qeyriyşayış sahəsini 01 aprel 2021-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə icarəyə vermişdir. Həmçinin İddiaçı ilə "xxxx" ASC arasında 08 may 2021-ci il tarixli Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqaviləyə əsasən həmin qeyri-yaşayış sahəsinin su ilə təhciz edilməsi 20 mm olan boru vasitəsi ilə həyata keçirilməsi razılaşdırılmışdır. Hazırki mübahisə həmin qeyri-yaşayış obyektinin fəaliyyəti ilə bağlıdır. Baxılan iş üzrə İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 08 may 2021-ci il tarixli müqavilədə müqavilənin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə olmasına istinad edilmişdir. İş üzrə cavabdeh isə hüquqi şəxsdir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, MPM-nin 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12). Baxılan işdə tərəflərin subyektiv tərkibi (fərdi sahibkar – hüquqi şəxs), eyni zamanda tələbin iddiaçının fərdi sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi icarəyə verilmiş qeyri yaşayış obyektinin fəaliyyəti ilə bağlı müəyyən edildiyi halda işə baxan məhkəmələr mübahisənin məhkəmə aidiyyatını müəyyən etmədən işi icraata qəbul edərək baxmış, iddianın ümumi məhkəmədə baxılmasını yolverilənliyi müzakirə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hala əhəmiyyət verməmişdir. Bununla əlaqədar kassasiya instansiya məhkəməsinin həmin qərarında qeyd olunmuşdur ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın əsaslandırıcı hissəsində göstərilənləri nəzərə alaraq İddiaçı fərdi sahibkar statusuna malik olubolmamasını yoxlamalı, bundan sonra mübahisənin aidiyyatını müyyən etməklə işə baxmalıdır...”. Kassasiya instansiya məhkəməsinin yuxarıda qeyd olunan göstərişinə müvafiq məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, hazırki iş üzrə İddiaçı hüquqi statusu 2 saylı Ərazi Vergilər Departamentinin “Vergi ödəyicisi haqqında ümumi məlumat” siyahısında “fərdi sahibkar” kimi deyil, “vətəndaş” kimi qeyd olunmuşdur. Buna görə yuxarıda qeyd olunan MPM-nin 24.2-ci maddəsinə əsasən hazırkı iddia tələbi üzrə mübahisənin ümumi məhkəməyə aid olduğu müəyyən edilir. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi, iddiaçıların iddianın əsası kimi göstərdikləri su xətinə qanunsuz qoşulma cavabdeh qismində qoyulan təşkilatın hərəkətləri nəticəsində baş verməmişdir. Bundan əlavə, iddiaçılar iddia tələbini əsaslandığı hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Cavabdehin nümayəndəsi isə mübahisə predmeti olan su boru xətlərinə cavabdeh tərəfindən qoşulmanın həyata keçirilmədiyini göstərmişdir. MPM-nin 54-cü maddəsinə əsasən iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Birinci instansiya məhkəməsi verilmiş tələb daxilində işə baxaraq, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş faktiki hallarına qiymət verərək bu nəticəyə gəlmişdir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən rədd olunmalıdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi verilmiş iddia tələbi ilə əlaqədar birinci instansiya məhkəməsinin iclasında bildirdiyi eyni hüquqi mövqeyi əsas tutaraq göstərmişdir ki, iddiaçının göstərdiyi su xəttinə əlavə xətlərin qoşulmasına görə cavabdeh təşkilat məsuliyyət daşımır. Bununla əlaqədar məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və həmçinin qeyd edir ki, iddiaçılar hazırkı iddia ərizəsində göstərdikləri su xəttinə digər şəxslərin qanunsuz qoşulmalarını və həmin şəxsləri cavabdeh kimi göstərməklə müvafiq iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edə bilər.Bundan əlavə iddiaçılar həmçinin cavabdehlə bağlanmış müqavilə şərtlərinə uyğun suyun normal təzyiqlə verilməsinə dair hazırkı iddiadan fərqli yeni tələblə cavabdehə qarşı müvafiq iddia ərizəsi ilə yenidən birinci instansiya məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Q Ə T E T D İ: İddiaçılar İddiaçı və X4 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(060)-1153/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1113/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1113/2022
25.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver