Məhkəmə qərarları › İş №2(105)-1119/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1119/2022

16.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1119/2022 16.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(012)-2391/2019 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh 29.503 (iyirmi doqquz min beş yüz üç) manat 60 (altmış) qəpik məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə ona vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Cavabdeh onun etibarından sui-istifadə edib neft kompressorları biznesi ilə məşğul olub qazanc verəcəyi adı ilə ona yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2015-ci ilin mart-aprel aylarında bir neçə dəfəyə ümumilikdə həmin dövrün məzənnəsi ilə 29503,6 manat təşkil edən cəmi 28.000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə alıb ələ keçirərək, ona xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq cinayəti törətmişdir. Cavabdeh dələduzluq yolu ilə ona vurmuş olduğu maddi ziyan pulunu ödəməmişdir.

3. Cavadehin iddia tələbinə qarşı yazılı etirazı (şıkayət ərizəsi) daxil olmuşdur.

4. Etirazda (şıkayət ərizəsi) qeyd olunmuşdur ki, iddiaçı tərəfindən ona 28.000 ABŞ dolları məbləğində pulun ona verilməsini təsdiq edən heş bir sübut yoxdur. İbtidai və məhkəmə istintaqı zamanı ona qarşı iddia edilən 28.000 ABŞ dolları məbləğində pulun faktiki olaraq onda olması, yaxud həmin məbləğdə pulun mənbəyi müəyyən edilməmişdir. İddiaçı ibtidai istintaq zamanı guya 28.000 ABŞ dollarını bir neçə dəfəyə yadında qalmadığı məbləğlərlə verdiyini bildirmiş, lakin onunla üzləşməsi zamanı konkret olaraq iki dəfə, ilk olaraq 10.000 ABŞ dolları və sonra isə 18.000 ABŞ dolları verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı isə 28.000 ABŞ dolları pulu üç dəfəyə verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı iddiaçının oğlu İlqar Məsimov guya 28.000 ABŞ dolları məbləğində pulun bir hissəsini yanlarında heç bir şahid olmadan və sənədləşmə aparılmadan ona verdiyini, verdiyi pulun məbləğini isə dəqiq xatırlamadığını bildirmişdir. İddiaçı ifadəsində iddia etdiyi 28.000 ABŞ dolları pulun onun neft kompressorları biznesi ilə məşğul olub qazanc əldə etmək vədinə aldanıb verdiyi halda, heç bir qazanc əldə etmədən, sonrakı meddətlərdə hansı səbəbdən pul verməkdə davam etməsinə özü də aydınlıq gətirməmişdir. İddiaçının tələbi tam əsassız olmaqla, başqa bir sübutla öz təsdiqini tapmır.

5. Abşeron Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(012)-2391/2019 nömrəli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilib, Cavabdeh 29503,6 (iyirmi doqquz min beş yüz üç manat 60 qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 29533 (iyirmi doqquz min beş yüz otuz) manat 60 (altmış) qəpik pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, cavabdeh tərəfindən törədilmiş dələduzluq əməli nəticəsində iddiaçıya maddi ziyan dəydiyindən həmin məbləğin təmin edilməsinə yönələn iddia tələbi əsaslıdır.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 88 və 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(012)-2391/2019 nömrəli qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

Şikayətin dəlilləri:

9. İddiaçı cavabdehə ödədiyi və iddianın məbləğini təşkil edən 28.000 ABŞ dolları məbləğində pulun hansı formada və nə vaxt verməsi ilə bağlı sübut yoxdur. Cavabdeh iddiacıdan hər hansı məbləğdə pul almamış və bu tam yalandır. Cavabdehin məhkəmə və ibtidai istintaq zamanı göstərdiyi xüsusatlar onun öz ifadəsini şübhə altına almışdır. İddiaçı həmin məbləğdə pulu bir neçə dəfəyə yadında qalmadığı məbləğlərdə verdiyini bildirmişdir. Sonra isə Cavabdehla üzləşmə zamanı pulları iki dəfəyə, məhkəmə istintaqı zamanı isə pulları üç dəfəyə verdiyini bildirmişdir. İddia tələbinin əsasını təşkil edən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-108/2019 nömrəli hökmü Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiayasının xx.xx.2021-ci il tarixli, 1(103)- 659/2021 nömrəli hökmü ilə ləğv edilmiş və iş üzrə yeni hökm çıxarılaraq Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilmişdir. Hazırkı iddia tələbinə isə cavabdehin həbsdə saxlanıldığı dövrdə baxılmış və qətnamə qəbul edilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazı

10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edib, rədd olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Mülki Prosessual Məcəllə

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

26. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır.

29. Belə ki, iş materialları ilə müəyyən olur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

30. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2019-cu il tarixli, 1(103)-587/2019 nömrəli qərarı ilə məhkum Cavabdeh müdafiəçiləri C.Y.Cavadov və R.R.Cabbarlı, məhkum N.R.Mustafayevin müdafiəçisi Ç.İ.Əhməd, zərərçəkmiş şəxs E.R.Xıdırov və zərərçəkmiş şəxs E.R.Muradlı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)- 108/2019 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2021-ci il tarixli, 1(102)-154/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-587/2019 saylı, 31 may 2019cu il tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir.

32. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 1(103)-659/2021 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)108/2019 nömrəli hökmü ləğv edilmiş, Cavabdeh və X2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilmiş, zərərçəkmiş şəxs X5 təqsirləndirilən şəxslər Cavabdeh və X2 qarşı vurulmuş maddi ziyana görə mülki iddiası baxılmamış saxlanılmış. Zərərçəkmiş şəxs X3 mülki iddiası baxılmamış saxlanılmış və vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Zərərçəkmiş şəxslər X1 və İddiaçı vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli,1(102)-908/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı X6 tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxslər Abduİİayeva Gülnaz Süleyman qızı və İddiaçı, zərərçəkmiş şəxs X8 və onun nümayəndəsi X7 tərəfindən birgə verilmiş kassasiya şikayətləri təmin edilməmişdir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.

35. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (MM-nin 82.4-cü maddəsi).

36. İşin faktiki halları ilə müəyyən olur ki, birinci instansiya məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, məhkum olunması barədə hökmün mövcudluğuna istinad edərəlk iddia ərizəsini təmin etmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 1(103)-659/2021 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)108/2019 nömrəli hökmü ləğv edilmiş, Cavabdeh və X2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli, 1(102)-908/2022 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 14 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır.

37. Hazırda iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsinin əsasını təşkil edən hallar aradan qalxmış və mövcud deyildir.

38. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qanuni və əsaslı olub, məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla öz təsdiqini tapdığına görə təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia ərizəsi təmin olunmamalıdır.

39. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. İş materialları ilə müəyyən olur ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(012)-2391/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmasın. İddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar