Məhkəmə qərarları › İş №2(105)-1119/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1119/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1119/2023 08.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(059)-74/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11100 (on bir min yüz) manat pulun və 123,70 (yüz iyirmi üç manat yetmiş qəpik) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh evində yaranan problemlərin həlli üçün ondan 06 noyabr 2019-cu il tarixdə 11100 (on bir min yüz) manat pul vəsaitini borc almış, lakin bu günə kimi qaytarmamışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək etirazında göstərmişdir ki, o, İddiaçı təxminən 2012-ci ildən əmisi oğlu X5 vasitəsilə tanımışdır. Belə ki, o, 2011-2012-ci illərdə Siyəzən NQÇİ-nin “Azneft” İstehsalat Birliyində baş mexanik vəzifəsində işləyərkən müəssisə avadanlıqların alınması üçün vəsait ayırmış, həmçinin bu zaman ona pul lazım olduğu üçün əmisi oğlu Müşfiq Hacızadənin vasitəçiliyi ilə sələmə pul verən İddiaçılə tanış olmuşdur. Beləliklə, o, 2011-2012-ci illərdə iddiaçının təkidi ilə bir kağıza rus dilində pulu qaytaracağı barədə yazı yazmış, həmçinin sonuncuya şəxsiyyət vəsiqəsinin surətini də təqdim etmişdir. O həmin vaxt İddiaçı 1000 manat pul alsa da, avadanlığı aldıqdan sonra bu pulu qaytarmış, lakin təxminən 3 ay sonra yenə iddiaçıdan borc almışdır. İddiaçı ona pis vəziyyətində kömək etdiyini inkar etməsə də, 11100 manat pul birdəfəyə verilməmiş, habelə müqavilə bağlanarkən ona bir manat belə olsa, pul təqdim edilməmişdir. O, iddiaçıdan yalnız 3000 manat məbləğində pul almışdır. Bundan əlavə, o, 06 noyabr 2019cu il tarixdə tərtib edilmiş vərəqi qanunsuz hesab etdiyi üçün imzalamışdır. Əgər müqavilə olduğunu düşünsə idi, o həmin məsuliyyəti üzərinə götürməzdi. Dama-dama kağızda yazılmış sənədi müqavilə hesab etmədiyi üçün qeydləri öz xətti ilə yazmışdır. Eyni zamanda, o, təxminən 2016-cı ilin yay aylarında İddiaçı 3000 manat məbləğində borc pul alsa da, həmin borcu ailəsində baş verən böyük maddi sıxıntılar səbəbindən bir müddət qaytara bilməmiş, nəticədə iddiaçı ona olan güvəni itirdiyi üçün ona 06 noyabr 2019-cu il tarixdə 11000 manat borcunun olması barədə ərizə yazdırmışdır. Halbuki, o, 06 noyabr 2019-cu il tarixdən sonra iddiaçıdan hər hansı bir məbləğdə borc pul almamışdır. Bundan əlavə, o, iddiaçıya olan 3000 manat borcunu qaytarmış, habelə sonuncu ayrı-ayrı vaxtlarda Siyəzən şəhərində qonaq olarkən onun yol və yemək xərclərini çəkmiş, habelə yola salarkən ona borcundan 100 manat, 200 manat ödənişlər də etmişdir. Daha sonra, o, iddiaçıya borcundan poçt vasitəsilə ümumilikdə 580 manat məbləğində ödəniş də etmişdir. Bundan sonra, iddiaçı yenə borcundan ödəniş etməsini tələb etdikdə, o, əmək haqqını alan kimi daha 300, 400 manat pul göndərəcəyini bildirsə də, sonuncu onunla razılaşmamış, nə verəcəksə, nağd verilməsini istəmiş, poçtla pul göndərməməsini tələb etmişdir. Hətta, iddiaçı ilk dəfə ona 1000 manat pulu borc şəklində aylıq 13% ödəmək şərtilə vermişdir. Həmçinin, o, xəstə övladı üçün aldığı kreditə görə ödənişlərini gecikdirdiyi üçün banklardan pul götürə bilməmiş, iddiaçıdan sələmə pul almaq məcburiyyətində qalmışdır. Bir daha qeyd edir ki, o, iddiaçıya olan borcunu artıqlaması ilə qaytarmış, hazırkı vaxta bir manat belə olsa, borcu qalmamışdır. O, 06 noyabr 2019-cu il tarixdə qeyd olunan sənədi “Murad” qonaq evində imzalasa da, bu sənəd onunla iddiaçı içkili vəziyyətdə olarkən tərtib edilərək imzalanmış, lakin neftçi olmaqla hüquq işçisi olmadığından bu halı etirazında qeyd etməmişdir. Siyəzən Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(059)-74/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 10520 (on min beş yüz iyirmi) manat məbləğində pul və 123,70 manat məbləğində məhkəmə xərcinin 95%-i, yəni 117,52 (bir yüz on yeddi manat 52 qəpik) manatı tutularaq ödənilməsi qət edilmişdir (hakim Bəylər Ələkbərov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Siyəzən Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(059)-74/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təxminən 2016-cı ilin yay aylarında o, İddiaçı Əlihəsən oğlundan 3000 (üç min) manat məbləğində borc pul almışdır. Lakin həmin borcu ailəsində baş verən böyük maddi sıxıntılar səbəbindən bir müddət qaytara bilməmişdir. İddiaçı ona olan güvənini itirdiyi üçün ona xx.xx.2019-cu il tarixdə 11100 (on bir min yüz) manat borcunun olmağı barədə ərizə yazdırmışdır. İddiaçıya olan 3000 (üç min) manat borcunu bir neçə müddət bundan əvvəl qaytarmışdır. 580 manat məbləğində poçtla ona ödəniş etmişdir. Lakin sonradan o borcu nağd şəkildə verməyi xahiş etmişdir. Ayrı-ayrı vaxtlarda Bakı və Siyəzən şəhərlərində ona qalan borcunu qaytarmışdır. Hətta yol xərcini, yemək xərclərini də o çəkmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, lakin bununla əlaqədar məhkəmə kollegiyasına hər hansı rəsmi sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə cavabdehin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 06 noyabr 2019-cu il tarixdə Cavabdeh tərəfindən tərtib edilməklə, imzalanmış yazılı sənədin əslindən görünür ki, Cavabdeh İddiaçı 11100 manat məbləğində borc almış və həmin pulu 2 (iki) il ərzində qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 11 iyul, 04, 11 avqust və 04 oktyabr 2022-ci il tarixli poçt qəbzlərindən görünür ki, Cavabdeh İddiaçı müvafiq olaraq, üç dəfə 50 manat, sonuncu dəfə isə 430 manat olmaqla, ümumilikdə 580 manat pul göndərmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər bir-birini tanımış və münasibətləri olmuş, daha sonra ehtiyac olduğuna görə Cavabdeh İddiaçı 11100 manat məbləğində borc almış və həmin pulu 06 noyabr 2019-cu il tarixdən 2 il müddətinə qaytaracağına dair öhdəlik götürmüşdür. Cavabdeh İddiaçı aldığı bu vəsaitini təyinatı üzrə öz ehtiyacına sərf etsə də, sonuncuya olan borcunu qaytamamışdır. Bundan əlavə, cavabdeh yalnız 11 iyul, 04, 11 avqust və 04 oktyabr 2022ci il tarixlərdə iddiaçının dəfələrlə etdiyi xəbərdarlıqdan sonra, ümumi borcundan cəmi 580 manat ödəniş etmiş, qalıq 10520 manat borcunu ödəməkdən yayınmış, bununla da iddiaçı qarşısında götürdüyü öhdəliyini lazımınca icra etməmişdir. Hazırda cavabdehin iddiaçıya 10520 manat məbləğində borcu vardır. Cavabdehin öz borcunu qaytarmaması səbəbindən iddiaçının hüquqları pozulmuş və onun tələb etmə hüququ yaranmışdır. Sadalananlara əsasən, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiasını qismən təmin etmişdir. Məhkəmə kollegiyası tərəflər arasında tərtib edilmiş yazılı sənədi, onlar arasında bağlanmış maddi məsuliyyət – borc haqqında müqavilə kimi qiymətləndirir və hesab edir ki, tərəflər arasında borc haqqında müqavilə bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmış, cavabdeh həmin öhdəliyi tam yerinə yetirməmiş və borcunun 10520 manatını iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur (MM 427.2). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh 11100 (on bir min yüz) manat məbləğində pulu iddiaçıya qaytarmasına dair öhdəlik götürməsi, həmin məbləğin 10520 (on min beş yüz iyirmi) manatını hazıradək qaytarmaması məhkəmə iclasında tədqiq edilmiş sübutlar və iş materialları ilə, o cümlədən tərəflərin izahatları, yazılı formada tərtib edilmiş və cavabdeh tərəfindən imzalanmış yazılı sənədlə öz təsdiqini tapmışdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh apellyasiya şikayətini «iddiaçıdan 3000 (üç min) manat məbləğində borc pul alması, lakin həmin borcu ailəsində baş verən böyük maddi sıxıntılar səbəbindən bir müddət qaytara bilmədiyindən iddiaçının ona olan güvəninin itirdiyi üçün xx.xx.2019-cu il tarixdə 11100 (on bir min yüz) manat borcunun olmağı barədə ərizə yazdırması, iddiaçıya olan 3000 (üç min) manat borcunu bir neçə müddət bundan əvvəl qaytarması» ilə əsaslandırsa da istinad etdiyi bu halları təsdiq edəcək hər hansı bir mötəbər sübutu və ya sənədi məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlillərini əsaslı hesab etmir. Əksinə, məhkəmə kollegiyasının araşdırması nəticəsində Cavabdeh tərəfindən tərtib edilərək imzalanmış sənəddən də göründüyü kimi onun İddiaçı Əli oğluna 11100 (on bir min yüz) manat məbləğində borcunun olduğu qeyd edilmiş, eləcə də iş materiallarında olan qəbzlərə əsasən həmin borcdan 580 manat ödəniş edildiyi müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin araşdırılmış hallarına əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(059)-74/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar