Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1123/2024 07.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: maddi ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Quba Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(027)-87/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh sağlamlığına vurduğu ziyanın qarşılığında xərclədiyi 6000 (altı min) manat vəsaitin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İdda ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh özünü kosmetoloq kimi təqdim edib, özünü diplomlu bir həkim olduğunu deyərək onunla danışıb xx.xx.2022-ci ildə ilk dəfə içində gioloron maddəsi olan kosmetoloji xidmət göstərərək onun üz nahiyəsinə iynə vurmuşdu. Bu iynəni vurmazdan qabaq danışarkən o cavabdehə üz nahiyəsinin ağız hissəsində süni gelin olduğunu, giolorun o hissəyə vurmağın ziyan verib-verməyəcəyi barədə suallar vermişdir. Cavabdeh “Mən həkiməm, 5 ildir bu tipli iynələr vururam, narahat olma!” cavabını vermişdir. Cavabdeh danışıqlar boyu onu təcrübəli həkim olduğuna əmin etmiş, etimadını qazanmış, sonra etimadından sui-istifadə etmişdir. Cavabdeh dekabrda ona gioloron maddəsinin 3 şüşəsini eyni anda üz nahiyəsinə yeritdirib. Bu kosmetoloji proseduradan sonra üzünü yuyarkən Cavabdeh iynə vurduğu nahiyəyə toxunanda kəskin ağrı hiss edib, bir daha ağrının yerini müəyyənləşdirmək üçün toxunanda yumru düyünvari toxumayabənzər hissənin olduğunu görüb. İllər öncə onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə xəstəliyin yenidən baş qaldırmasından qorxub və onkoloji müayinələrə gedib. Müəyinələrdən sonra onkoloq ona bu fəsadın kosmetoloqun vurduğu iynədən sonra yarandığını bildirib. Daha sonra o yenə də müxtəlif qan və digər analizlər verdirib. Heç bir xəstəliyi yoxdur. O bu barədə məlumatı cavabdehə bildirəndə ona narahat olmamağı, müxtəlif mazlarla masaj etməli olduğunu deyib. Bunları edəndən sonra düzələcəyinə söz verib. Onun dediklərini etdikdən sonra düzəlmə baş vermədiyindən onunla görüşmək qərarına gəlib. Lakin cavabdeh onunla nəinki görüşməyi, zənglərinə belə cavab verməyib. Üzü hər keçən gün şişib və daha pis vəziyyətə düşüb. O həkim müayinələrinə, dərmanlara 5.000 (beş min) manatdan artıq pul vəsaiti xərcləmişdir ki, buna dair də qəbzləri var. Göründüyü kimi Cavabdeh ona maddi və mənəvi ziyan vurmuşdur. Daha sonra “Diamed” klinikasında US müayinəsindən keçib. Həkim ona problemin kosmetoloji problem olduğunu deyib. Problemin kosmetoloq səhvi olduğundan əmin olduğundan artıq İzzət Süleymanova ilə mübahisəni həll etməyə cəhd edib. Lakin cavabdeh onunla görüşmür, danışmır və mübahisənin həllində maraqlı deyil. Əksinə, “get hara istəyirsən şikayət et, adamı var şikayət et məni tapşıracaqlar!”- deyərək onu təhdid edir. Hətta onu təhqir etməkdən belə çəkinmir. Cavabdeh onu müxtəlif nalayiq ifadələrlə təhqir edir. Sağlamlığına vurulan bu ziyanla bərabər ona olunan bu təhqirlər onun ağır psixoloji sarsıntılar keçirməyinə səbəb olmuşdur. O hətta uzun müddət düşdüyü depressiv vəziyyət üzündən çölə çıxmamış və gəlir yerindən məhrum olmuşdur. O məhkəmənin ədalətinə sığınır və qanunların şəffaflığına inanır.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Quba Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(027)-87/2024 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) iddia qismən təmin edilmiş, Cavabdeh 3161 (üç min yüz altımış bir) manat 70 (yetmiş) qəpik ziyan məbləğinin tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh zərərçəkmiş şəxsin (iddiaçının) üz nahiyyəsinə kosmetoloji prosedurlar tətbiq etmiş və həmin prosedurdan sonra iddiaçının üz dərialtı toxumanın yerləşməsinə görə assimmetriklik əmələ gəlmişdir. İddiaçı qeyd edilən qüsurun cavabdehin tətbiq etdiyi kosmetoloji vasitələrin və prosedurun qeyri-peşakar aparılması ilə bağlı olduğunu iddia edir. Müayinələr zamanı iddiaçının üz nahiyəsində preparat qalıqlarının olduğu müəyyən edilmişdir. İddiaçı həmçinin daha əvvəl də müvafiq prosedurlar aparıldığını, uzun müddət əvvəl xroniki xəstəlikdən əziyyət çəkdiyini, lakin sağaldığını, bu barədə iddiaçıya məlumat verdiyini bildirmişdir. İddiaçının üzünün sağ yarısının sol yarısından dərialtı toxumanın yerləşməsinə görə assimmetrik olduğu texniki cəhətdən qüsurlu aparılmış kosmetoloji prosedurlardan sonra yaranması istisna edilmədiyindən, həmin assimmetriyanı aradan qaldırmaq üçün təbii dolğuların və ya kök hüceyrəsinin istifadəsinə ehtiyac olduğundan, prosedurların düzgün aparılmasına dair sübut etmək vəzifəsi cavabdehin üzərinə düşməklə bununla bağlı hər hansı sübut təqdim olunmadığından, bununla da onun təqsiri üzündən baş vermədiyini sübuta yetirə bilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçıya dəymiş maddi zərər cavabdeh tərəfindən qarşılanmalı və zərərin əvəzi ödənilməlidir
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21 və 1112-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 13 mart 2024cü il tarixli, 2(027)-87/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə edilən məhkəmə aktı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh tərəfindən tapşırılmış xidmətlər iddiaçı tərəfindən keyfiyyətlə və tam icra edilmişdir. İddiaçıda yaranan ziyan cavabdehin tətbiq etdiyi prosedurla yarana bilməzdi. Belə ki, iddiaçın cəfəng olaraq guya üzünə dolğu edildiyini bildirsə də əslində ona üzü və dərini gözəlləşdirən kollagen tərkibli maddələr tətbiq olunmuşdur. Bu maddələrin heç bir fəsadı ola bilməz. Bundan başqa, iddiaçının qaldırdığı iddianın əsassız və yalan olduğunu təsdiq edən hal odur ki, o, prosedur olduqdan 9-10 ay sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu müddət ərzində iddiaçının narazı olduğu halda hərəkətsizlik etmişdir. Həmçinin, bütün bunlar onu göstərir ki, hətta bu ziyan dəysə belə ziyanın dəyməsinin cavabdehin hərəkəti ilə bağlı olması ağlabatan və məntiqli deyil. Başqa bir prosedurla bağlı ola bilərdi. Analoji işlərdə dəymiş ziyanın (əgər həqiqən dəymişsə) səbəbini və vaxtını müəyyən etmək üçün məhkəmə tibbi ekspertizası təyin edilməli idi. 1-ci instansiya məhkəməsi isə ekspertiza təyin etməmişdir. Dəymiş ziyanın səbəbini və vaxtını müəyyənləşdirmək üçün tibbi ekspertizasının keçirilməsi labüd idi.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ekspert rəyi tam tərtib olunmamışdır. Birinci instansiya məhkəməsi ekspert qarşısında 2 əsas sual qoyulmalı idi. Birinci sual “Qüsur varsa, yarandığı tarix hansı tarix olmuşdur?” formasında, digər sual isə “Kollagen tərkibli maddə belə bir nəticəyə səbəb ola bilərmi?” formasında olmalı idi. İddiaçının üzündə əvvəllər də dolğu olmuşdur. İddiaçı məhkəməyə hadisədən 9-10 ay sonra müraciət etmişdir. Bu vaxt ərzində müxtəlif prosedurlardan keçmişdir. İşin obyektiv hallarının ortaya çıxması üçün ekspert qarşısında suallar tam qoyulmamışdır. Düzgün suallar qoyulsaydı, ekspert qüsurun nə zaman yarandığını müəyyənləşdirə bilərdi. İddiaçının üzünə dolğu deyil, kollagen tərkibli maddə yeridilmişdir. Özü də araşdırıb, kollagen tərkibli maddələr belə bir qüsur yarada bilməz. Ekspert öz araşdırmalarına və ya hər hansı bir mötəbər sübutlara əsaslanmamışdır. Hazırda qanunvericiliklə kosmetoloqlardan hər hansı lisenziya və ya tibb təhsili tələb olunmur. Bəzi xarici ölkələrdə kosmetoloqlardan liseynziya və ya tibb təhsili tələb olunması ilə bağlı təcrübə formalaşmışdır. Lakin ölkədə bununla bağlı hər hansı tələb yoxdur. Həmçinin, hesab edir ki, “Qüsur cavabdehin təqsirindən yaranmışdırsa, qüsur hansı müddətdə meydana gələ bilərdi?” şəklində sual da ekspert qarşısında qoyulmalıdır. İddiaçı üzündə problemlərin təmsil etdiyi şəxs tərəfindən ona kosmetoloji prosedur tətbiq edildikdən 2-3 ay sonra problemlərin yarandığını bildirir. Hesab edir ki, ekspertiza təyin olunması zəruridir. Onların cavablaya bilməyəcəyi, yalnız mütəxəssisin aydınlıq gətirə biləcəyi bir mübahisədir. Ona görə də ekspertiza təyin olunmasına dair vəsatətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, üzünü nəmləndirmək, gözəlləşmək üçün qohumunun məsləhəti ilə qarşı tərəfə etibar edib müraciət etmişdir. Cavabdeh üzünün müxtəlif nahiyələrinə, dəri altına 3 iynə ilə maye məhlul yeritmişdir. Üzündə həmin anda şişmə baş vermiş, cavabdeh isə bunun normal olduğunu bildirmişdir. Bir aydan sonra üzü tamamilə pis hala düşmüşdür. Şişdən narahat olmuş, onkoloji yoxlanmadan keçmiş, bununla yanaşı, “Diamed” Tibb Mərkəzinə də müraciət etmişdir. Üzünə ilk dəfə qohumunun evində kosmetoloji prosedur həyata keçirmişdir. Sonradan öyrənib ki, o nə həkimdir, nə də Səhiyyə Nazirliyindən lisenziyası var. Üzünün şişləri hələ də tam çəkilməmişdir. “Vəfa” Klinikasında müalicəni davam etdirir. Cavabdehə bildirmişdir ki, üzündə 13-14 il bundan əvvəl süni gel olmuş, indi isə üzünü nəmləndirmək istəyir, problem olacağından narahatdır. O isə qarşılığında heç bir problem olmayacağını demişdir. İndiyə kimi 10000 manata qədər xərci çıxmışdır. Ekspertizadan da keçib. Hazırda müalicəsi “Vəfa” Klinikasında aparılır. Klinikada qəbz bu formada verilir. Üzünün əməliyyatı üçün 1200 manat ödəniş həyata keçirib. Telefon danışığı zamanı ona üzündəki şişin bir aydan sonra çəkiləcəyini bildirmişdir. Telefonda onunla danışığını əks etdirən səs yazıları, yazışmaları var. Heç vaxt allergiya və ya hər hansı başqa bir problemi olmamışdır. Cavabdeh ona maddi-mənəvi problemlər yaradıb. Cavabdehin yanına kosmetoloji prosedura getməzdən təxminən bir ay öncə çəkilən fotoşəkillər mövcuddur. 13 il bundan qabaq üzümə nəmləndirici vurdurub. 10 dəqiqənin içində 3 iynə vurmamalı idi. Birini vurduqdan sonra heç olmasa bir ay gözləməli idi. İynələri 22 dekabr 2022-ci il tarixində vurmuşdur. Həmin dövrdə pandemiyadan sonra özümü qorumaq üçün maskadan istifadə etmişdir. 2023-cü il fevral ayının 14-ündə üzünü yuyanda həmin nahiyədə şişlərin olduğunu hiss edib. Cavabdeh tərəfindən üzünmə tətbiq olunan məhlul və pis maddələr endolazer vasitəsilə üzünün müxtəlif mahiyələrindən çıxarılmışdır. Cəmi bir dəfə endolazer olunmuşdur. Endolazerə görə 1500 manat məbləğində ödəniş həyata keçirib. Başqa prosedurdan da keçib, ona görə də 1500 manat ödəniş edib. Üzünə edilən əməliyyatların pulunu ödəyib. Ola bilsin ki, kassada çalışan əməkdaş yerində olmamış, ona görə də ödəniş qəbzlərindən bəzilərinə möhür vurulmamışdır. Üzündə şişkinlik yaranandan yoxlanışlara getmiş, müxtəlif prosedurlardan keçmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
İşdə olan sübutlar
12. iş materiallarında olan müxtəlif klinikalardan verilən US müayinə nəticələrindən göründüyü kimi, İddiaçı sağ və sol çənə, üz, göz ətrafı proyeksiyasında dərialtı piy təbəqəsi proyeksiyasında müxtəlif ölçüdə hipoexogen əlavələr qeyd olunur D=7-8-6 mm və s. kənarları qeyriaydın və nahamar, xəstə bir-neçə ay əvvəl kosmetoloji əməliyyatdan sonra dərialtı hialuron turşusunun məhlullarından istifadə olunub. Üz cərahiyyə həkiminə müraciət etmək məsləhət görülüb. Üz və alın sahəsində yumşaq toxumalar dəyişiksizdir (patoloji törəmə izlənilmir). Hər iki gözaltı nahiyəlyərində yırtıq əlamətləri izlənilmədi. Hər iki yanaq sümüyün proyeksiyasında süni preparatlar qeyd olunur sol teref- 5,8 mm, 8 mm, 7,2 mm , 6 mm ölçüdə sağ tərəf-1 sm, 9 mm, 5 mm, dərialti piy toxumasının qalınlığı 3mm-3,2mm arası dəyişir. Hər iki yanaq nahiyəsində preparat qalıqları izlənilmir. Dairəvi əzələlərdə dəyişikliklər izlənilmədi. Sağ nazo-labial qıvrım nahiyəsində preparat qalıqları izlənilir. Sol nazo-lobial qıvrım nahiyəsində preparat qalıqları izlənilir. Regionar limf vəziləri patologiyasızdı. Üz nahiyyənin səthi US müayinəsində sag çənəüstü nahiyyədə sag və sol almacıq sümüyü proyeksiyasında, sol gicgah nahiyyəsində anexogen exo sahələr (mayeli sahə) izlənilir. Bilateral burun dodaq büküşü nahiyyəsində strukturunda kalsinatlar və kistik şiələr olan fibroz toxuma sahəsi izlənilir.Sağda qalınlıq 6.6 mm, solda 7.6 mm-dir. Sol çənəüstü nahiyyədə və sag çənəüstü nahiyyədə xırda ölçülü - hipoexogen exo sahələr izlənilir.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 12 oktyabr 2023-cü il tarixli məhkəmə-tibbi ekspert rəyindən görünür ki, “Collagen 06”, “DMAE solution 35” və “3,5% hyac low vis.soln 17” preparatları kosmetik vasitələr hesab edilir. İş materillarına əlavə edilmiş məlumatlara əsasən, xx.xx.2022-ci il tarixdə İddiaçı üz nahiyəsində kosmetoloji prosedur aparılmışdır. “X1 Clinic”də xx.xx.2023cü il tarixdə aparılmış müayinə aktından görünür ki, İddiaçı üz nahiyəsində preparat qalıqlarının olduğu müəyyən edilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onun üzünün sağ yarısının sol yarısından dərialtı toxumanın yerləşməsinə görə assimmetrik olduğu müəyyən edilmişdir ki, bunun da texniki cəhətdən qüsurlu aparılmış kosmetoloji prosedurlardan sonra yaranması istisna edilmir.
14. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehlə kosmetoloji vasitələri aldığı şəxs arasında olan “Whatsapp” yazışmalarından görünür ki, cavabdeh kosmetoloji vasitələri aldığı şəxslərə “bu nə maldı satmısız mənə” iddiaçını nəzərdə tutuaraq onun üzünün nə gündə olduğunu, şiş olduğunu, üzünün sallandığını, hətta öz boğazında ağzının yanında da problemlərin olduğunu bildirmiəkdədir.
15. İddiaçı tərəfindən məhkəməyə “Whatsapp” tətbiqi vasitəsi ilə cavabdeh tərəfindən iddiaçıya göndərilmiş səs yazılarında cavabdeh iddiaçının üzündə yaranmış fəsadların onun göstərdiyi kosmetoloji xidmətdlərdən sonra yarandığını qəbul etməklə yanaşı, bunun onun təqsirindən olmamasını ona satılmış kosmetoloji dərmanlardan qaynaqlandığını bildirməkdədir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” xidmətin göstərilməsi tibbi xidmət kimi müəyyən olunmuşdur.
18. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
19. Məhkəmə kollegiyası tərəfindən Quba Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(027)-87/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(027)-87/2024 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 1711 manat 70 qəpik tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
21. Belə ki, iş materiallarına əsasən cavabdeh iddiaçıya kosmetoloji xidmət göstərərək onun üz nahiyyəsinə iynələr vasitəsi ilə kosmetoloji prosedurlar tətbiq etmiş, həmin prosedurdan sonra iddiaçının üz nahiyyəsində preparat qalıqları qalamaqla yanaşı, dərialtı düyünlər əmələ gəlmiş və iddiaçı həmin fəasadların aradan qaldırılması üçün əlavə olaraq kosmetoloji-tibb xidmətlərindən istifadə etməklə müəyyən xərclərə məruz qalmışdır. Cavabdeh iddiaçının üz nahiyyəsində yaranan fəsadın onun göstərdiyi xidmətin nəticəsi olmadığını iddia etsə də iş materialları ilə bu sübut olunmamışdır. Əksinə birinci instansiya məkəməsi tərəfindən iş üzrə müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 12 oktyabr 2023-cü il tarixli məhkəmə-tibbi ekspert rəyi ilə İddiaçı üzündə yaranmış fəsadın texniki cəhətdən qüsurlu aparılmış kosmetoloji prosedurlardan sonra yaranmasının istisna edilməməsinə dair rəy verilmişdir. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehlə kosmetoloji vasitələri aldığı şəxs arasında olan “Whatsapp” yazışmalarından və “Whatsapp” tətbiqi vasitəsi ilə cavabdeh tərəfindən iddiaçıya göndərilmiş səs yazılarından da göründüyü kimi cavabdeh kosmetoloji vasitələri aldığı şəxslərə ona verilmiş kosmetoloji vasitələrin keyfiyyətsiz olmasını nəzərdə tutmaqla, iddiaçının, hətta öz üzündə fəsada səbəb olmasını bildirməkdədir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya göstərdiyi kosmetoloji xidmət nəticəsində iddiaçının üz nahiyyəsində fəsadların yaranması və həmin fəsadların aradan qaldırılması üçün iddiaçının xərcə məruz qalması iş materialları ilə təsdiq olunmuşdur.
22. Lakin, məhkəmə kollegiyası iddiaçının 3161,7 manat xərcə məruz qalması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı “X3” MMC-nin hesabına xx.xx.2023-cü il tarixdə endolazer presudura görə 1200 manat ödəniş etmiş, ödəniş qəbzi MMC-nin möhürü ilə təsdiq edilmişdir. Endolazer presudura görə xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə isə 1300 manat ödəniş edilməsinə dair qəbz işə əlavə edilsə də həmin qəbzlər möhürlə təsdiq edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, endolazer presudura görə eyni tarixlərdə ayrı-ayrılıqda 1200 manat, 50 manat, 100 manat, 1300 manat olmaqla 4 dəfə ödəniş edilməsi ağlabatan hesab edilə bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş 50 manat, 100 manat və 1300 manatlıq qəbzlər mötəbər sübut olmamış, birinci instansiya məhkəməsi isə qeyd olunan sübutlara düzgün qiymət verməmişdir. 23.Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(027)-87/2024 nömrəli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutualn ziyanın məbləği hissəsində dəyişdirilməli, dəymiş zərərə görə 1711,70 (3161,7-1450=1711,7) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 2(027)-87/2024 nömrəli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan ziyanın məbləği hissəsində dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdeh 1711,7 (min yeddi yüz on bir manat, 70 qəpik) manat ziyan məbləği tutularaq, İddiaçı ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.