Məhkəmə qərarları › İş №2(105)-1125/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1125/2021

22.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1125/2021 22.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(027)- 1250/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının mülkiyyətində olan mənzilinə susızma zamanı vurulmuş zərərin əvəzi kimi 92 manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 50%-i iddiaçıya, 50%-i cavabdehə aid edilməsi, cavabdehlərdən müştərək qaydada 15 manat məbləğində pulun alınaraq, iddiaçıya verilməsi, iddiaçının hüquqi yardım üçün vəkilə ödədiyi 300 manat məbləğinə pulun 50%-i cavabdehlərə aid edilməsi, cavabdehlərdən müştərək qaydada 150 manat məbləğində pul alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,9 kv.m olan mənzilinin tavanına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən vurulmuş ziyanın ödənilməsi ziyanın baş verməsinə səbəb olan halın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən aradan qaldırılması yəni Cavabdeh1 məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən hamam və sanitar qovşağın döşəməsi və döşəməaltı borularının mənin iştirakı ilə cavabdehlər tərəfindən təmir edilməsi, cavabdehlərin hərəkətləri nəticəsində ona dəymiş 20000 (iyirmi min manat) manat məbləğində mənəvi ziyanın, ödənilmiş 30 manat məbləğində dövlət rüsumun, hüquqi yardım üçün vəkilə ödədiyi 300 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 63,9 kv.m an mənzil Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ona məxsusdur. O, həmin mənzildə qızı ilə birgə yaşayır. Yaşadığı mənzil 2 mərtəbəli binalardır. Bir neçə il bundan qabaq mənzilin hamamının damının islandığını görmüş, bunun təsadüf olduğunu düşünmüşdür. Lakin get- gedə su ilə islanan sahə daha da böyümüşdür. Bunun nədən olduğunu öyrənmək üçün evə usta çağırmışdır. Ustanın bildirdiyinə görə hamamın damının islanmasının və getdikcə bu sahənin böyüməsinin səbəbi üst mərtəbədə hamamının və digər sanitar qovşağının döşməsinin və ya döşəmənin altındakı suvaqaltı borularının sıradan çıxmasıdır. Bu barədə qonşusu ünvan 4 ünvanında yaşayan Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 bildirmişdir. İlk vaxtlar hamamı və digər sanitar qovşaqlarını təmiredəcəklərini bildirdilər. Hətta bunun üçün usta çağırdıqlarını bildirdilər. Lakin get-getə damda islanan sahənin daha da böyüdüyünü və çatların əmələ gəldiyi görmüşdür. Bir gün evdə olarkən hamamdan gurultu səs gəldiyini, sanki binanın uçurulmasını hiss etmişdir. Təcili olaraq hamama getdikdən hamamda damın üst hissəsinin armaturlara kimi qopub yerə düşdüyünü görmüşdür. Əgər həmin vaxt o və ya qızı həmin ərazidə olsaydı yəqin ki, uçqun nəticəsində cəsarət ala və ya ölər bilərdilər. Bundan sonra o, yenidən qonşusuna bu barədə bildirsələr də, bunun heç bir nəticəsi olmamışdır. Hətta qonşusuna icazə versə mənzilinə su gəlməməsi üçün oranı o, edəcəyini bildirmişdir. Lakin qonşusuna ona əhəmiyyət verməmiş, dediklərini isə qulaq ardına vurmuşdur. Mənzilində günlər keçdikcə islanan sahənin da böyüməsini, islanan sahənin ayaqyolu və dəhlizə kimi uzandığını görmüşdür. İstənilən vaxt ayaqyolunda və dəhlizdə çökmə baş verə bilər. Baş verənlər barədə Quba Mənzil İstismar sahəsinə müraciət etmişdir. Quba Mənzil İstismar sahəsinin əməkdaşları tərtib etdikləri aktda da bu faktı təsdiq etmişlər. Onun 72 yaşı var. Evdə qızı ilə birlikdə yaşayır. Faktiki olaraq cavabdehlərin hərəkətlərindən onlar evdə yaşanılmaz vəziyyətə gəlmişlər. Cavabdehlər hamam və digər sanitar qovşaqlarının döşəməaltı borularını keyfiyyətli təmir etsəydilər bu vəziyyətə gəlib çıxmazdılar. Cavabdehlər qonşuları Quba rayonu Susayqışlaq kənd orta məktəbində müəllim kimi işləmələrinə baxmayaraq, birgə yaşayış qaydalarına əməl etmirlər. Onun mənzilinə dəymiş ziyan cavabdehlərin hərəkətləri və ya hərəkətsizlik nəticəsində baş verdiyi üçün onlar tərəfindən ödənilməli, bundan başqa Cavabdeh1 məxsus mənzil yenidən ona məxsus mənzilə ziyan dəyməməsi üçün onun iştirakı ilə cavabdehlər tərəfindən hamam və digər sanitar qovşağın döşəməsi və döşəmənin suvaqaltı boruları təmir edilməlidir. Təmirdə onun iştirakı ona görə vacibdir ki, cavabdeh bundan əvvəl mənə boruları təmir etdiyini bildirmiş, hətta bildirdiyinə görə usta çağırmışdır. Lakin, göründüyü kimi təmir etməmişdir.Yenə də, boruları təmir etməz, onun mənzilinə yenidən ziyan dəyər və faktiki olaraq məhkəməyə verdiyini iddianın heç bir nəticəsi olmaz. Bundan başqa, o, iki ildir ki, cavabdehlərin bu əməlləri nəticəsində evin tavanın daia başına uçacağı qorxusu ilə və streslə yaşayır. Yuxarıda qeyd etdityi kimi 72 yaşı var və qızı ilə yaşayır. Cavabdehlərin bu əməlləri nəticəsində artıq əsəb xəstəsi olmuşdur. Bu qoca vaxtında idarələrin yoluna düşmüşdür. Cavabdehlərin bu əməlləri nəticəsində onun əsəbləri pozulduğu üçün cavabdehlər ona mənəvi ziyan vurmuşlar. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Quba Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə sübutları araşdırarkən həmin sübutları ətraflı araşdırmamış, maddi hüquq normalarının tələbləri pozulmuş, ona məxsus mənzilə cavabdehlər tərəfindən zərər vurulması müəyyən edilsə də, dəymiş zərərin aradan qaldırılması barədə iddia tələbinə heç bir qiymət verilməmişdir. Məhkəmə onun 20000 (iyirmi min) manat məbləğində mənəvi ziyan tələbini rədd edərkən göstərilən faktlara hüquqi qiymət verməmişdir. Məhkəmə tərəfindən vəkilə ödədiyi 300 manat məbləğində hüquqi yardım xərcinin və 30 manat dövlət rüsumunun 50 %nin cavabdehlərdən alınaraq ona verilməsi hissəsində də düzgün nəticəyə gəlməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapması, zərərin məhz cavabdehlərin qanunsuz hərəkətsizliyi nəticəsində vurulması, zərərlə qanunsuz hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran cavabdehlərin təqsirli olması öz təsdiqini tapması ilə əsaslanmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1.,1097.1., 1111.1-1111.2. maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddiaçı tərəfindən mübahisələndirilərək, qətnaməni iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və həmin hissədə iddianın tam təmin edilməsini xahiş edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iddianın təmin olunmayan hissəsində gəldiyi nəticəni mübahisələndirməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə hüquqi qiymət verilməlidir. İşdən göründüyü kimi iddiaçı ona məxsus mənzilinə cavabdehlərə məxsus mənzildən su sızması nəticəsində hamamın tavanının çökdüyünü, nəticədə onun mənzilinə ziyan dəydiyini, həmçinin cavabdehlərin hərəkətləri nəticəsində əsəblərinin pozulduğunu, ona mənəvi zərər dəydiyini əsas gətirmiş və dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir), delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (Mülki Məcəllənin 1096.1.,1096.2. maddələri). Mülki Məcəllənin 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı məhkəmənin zərərlə bağlı göstərdiyi məbləğlə razılaşmayıb həmin məbləği mübahisələndirmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/1829 saylı 08 iyul 2021-ci il tarixli ekspertiza rəyi ilə ünvan 5 ünvanda yerləşən 12 saylı mənzilin sanitar qovşağından su sızdığı və həmin su sızma nəticəsində 9 saylı mənzilin sanitar qovşağın tavan və divarlarında qüsurların yarandığı müəyyən edilmişdir. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 103.1. və 88ci maddələri). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 04.03.2015-ci il tarixli qərarı). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənzilə cavabdehlərin mənzilindən su sızması öz təsdiqini tapdığından, mənzilinin tavanına vurulmuş ziyanın ödənilməsi ziyanın baş verməsinə səbəb olan halın cavabdehlər tərəfindən aradan qaldırılmalı, yəni ünvan 2 ünvanında yerləşən hamam və sanitar qovşağın döşəməsi və döşəməaltı borular cavabdehlər tərəfindən təmir edilməlidir. Məhkəmə kollegiyası iddiaçının cavabdehlərin hərəkətləri nəticəsində ona dəymiş 20000 (iyirmi min manat) manat məbləğində mənəvi ziyanın tutulması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərarda göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda adı çəkilən hərəkətlər nəticəsində iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması, habelə cavabdehlərin təqsiri müəyyən edilmədiyindən, iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin hüquqi xidmət və dövlət rüsumunun ödənilməsi ilə bağlı hissəsinə gəldikdə aşağıdakıları qeyd edir. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (Mülki Prosessual Məcəllənin 119.1.,121.1. maddələri). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 50%-i iddiaçıya, 50%-i cavabdehlərə, həmçinin iddiaçının hüquqi yardım üçün vəkilə ödədiyi 300 manat məbləğinə pulun 50%-i cavabdehlərə aid edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, bu hissədə apellyasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsaslı hesab etmir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2., 385.1.1.., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,9 kv.m olan mənzilinin tavanına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən vurulmuş ziyanın baş verməsinə səbəb olan hal cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən aradan qaldırılsın, ünvan 2 ünvanında yerləşən hamam və sanitar qovşağın döşəməsi və döşəməaltı borular cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən təmir edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 50 (əlli) manat məbləğində ekspertiza xərci alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22), hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar