Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1128/2025 09.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "X3" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: overdraft borcunun qaytarılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASCnin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "X3" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(034)-141/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 481.1 manat əsas overdraft borcunun, 72.81 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 553.91 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsmunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2024-cü il tarixli ərizəsi ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertaya əsasən iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti cavabdehə bank hesabı açmış və onun əsasında debet(hesab) kartı təqdim edilmişdir. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 5.1-ci maddəsinə əsasən Bank “Müştəri”-nin ödəniş kartına xidmət göstərilməsini və kartla bağlı olan cari hesab vasitəsilə hesablaşma kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə Bankın müayinə etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli ümumi ofertanın 6.4.1-ci maddəsinə əsasən Müştəri tərəfindən “kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək. X4 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. xx.xx.2024-cü il tarixli cavabdehin ərizəsi ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertaya əsasən iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti cavabdehə bank hesabı açmış və onun əsasında debet (hesab) kartı təqdim edilmişdir.
5. 13.12.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka 481.1 manat əsas, 72.81 manat cərimə, 0 manat komissyon borcu olmaqla, cəmi 553.91 manat məbləğində borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
6. Zəngilan Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(034)-141/2025 nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddianın qismən təmin edilməsi, Cavabdeh 481.1 manat əsas, 40 manat cərimə borcu olmaqla, cəmi 521.1 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 739.2, 385.1, 442, 448.1 və 443.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-2, 284-6.1, 284.6.2, 119.1, 14.2, 216-220 və 222-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(034)-141/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və əsas kredit borcu məbləğinin dəqiqləşdirildikdən sonra yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ərizədə qeyd edilən heç bir sübuta əsaslanmayan izahat əsasında işə baxmış və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan maddi və prosessual pozuntulara yol verməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İşə baxan məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas məbləğin 481.1 manat kimi göstərilməsi hissəsində heç bir araşdırma aparmamış, həmin nəticəyə hansı əsasla gəlməsi barədə qətnamədə heç bir əsaslandırma göstərməmişdir. Məhkəmə işin obyektiv, tam və hərtərəfli araşdırlıması üçün ekspertiza təyin etmədən və son maliyyə arayışı tələb etmədən, yalnız iddiaçının məhkəməyə verdiyi məlumatlar, sadə formada qeydləri əsasında yazılmış maliyyə arayışı ilə borc məbləğini olduğu kimi qeyd etmişdir. Əsas borca hesablanmış faiz məbləğinin düzgün aparılıb-aparılmamasının yoxlanılmasından ötrü heç bir araşdırma aparmamışdır. Məhkəmə işə baxarkən ona bildiriş göndərildiyini bildirsə də, həmin bildiriş ona nə təqdim edilmiş nə də göndərilmişdir, halbuki onun etiraz etmək hüququ da pozulmuşdur. Məhkəmə hansı səbəbdən bunları etməmiş bilmir və ona əgər bildiriş çatmırsa yazılı icraat qaydasında baxmalı olduğu halda zərurət olmadığını da göstərməmişdir. Baxmayaraq ki, qanunvericiliyin tələbindən görünür ki, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslərin verdiyi sübutlar əsasında işə baxılaraq nəticə verilir. Lakin məhkəmə iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışını sübut növü kimi qəbul edərək həmin arayışda qeyd olunan məbləğlərin düzgün hesablanmaqla yazılıb-yazılmadığını araşdırmamışdır. Zəngilan Rayon Məhkəməsi iş materiallarında olan sənədləri obyektiv olaraq araşdırmamaqla iddiaçı tərəfindən yazılıb təsdiq edilmiş borc məbləğlərinin yüksək olmasının aydınlaşdırılması barədə heç bir tədbir görməmiş və iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışı materialları üzrə mötəbər sübut növü kimi qəbul etmiş, iş üzrə məhkəmə ekspertiza təyin etməməklə iddianı təmin etdiyini qətnamədə əsaslandırmamışdır. Mübahisə predmeti olan pul məbləğinin kreditin əsas borc və hazırkı vaxta kimi ödənilmiş məbləğin nə qədərinin əsas borca, nə qədərinin isə faiz və cərimələrə silinməsini, hazırkı iddia tələbi üzrə isə borc məbləğinin düzgün hesablanıb-hesablanmaması araşdırılmamışdır. İddia tələbində qeyd edilmiş 481.1 manat əsas borcun hesablanmasının hansı meyarlar üzrə götürülərək hesablanması, cavabdeh tərəfindən hazırkı vaxta kimi ödənilmiş məbləğlərin ümumi borcdan hansı qaydada silinməsi və yerdə qalan borcun düzgün hesablanıb-hesablanmamasının dəqiqləşdirilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda edilməmişdir. Məhkəmə işi tam və hərtərəfli araşdırmadan sübutlara istinad etmədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
11. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh şikayətində məhkəmə tərəfindən onun etdiyi ödənişlərin nəzərə alınmadığını, araşdırılmalı məsələlər olmasına baxmayaraq ekspertiza təyin edilmədiyini bildirsə də, apellyasiya şikayəti verərkən nəzərdə tutduğu ödənişləri təqdim etməmiş, mühasibatlıq ekspertizasının keçirilmə zərurətini hər hansı sübut və ya konktret dəlillə əsaslandırmamışdır. Bununla yanaşı qoşmada təqdim edilmiş "xxxx" KB ASC-yə aid borclunun debet kart hesabı üzrə hesabdan çıxarışa əsasən borclunun overdraftın yaranmasına səbəb olan ödənişləri əks olunmuşdur. "xxxx" KB ASC tərəfindən təqdim edilmiş sistemdən çıxarışda görünür ki, borclu borc yarandığı tarixdən bəri 0.17 manat ödəniş etmişdir. Hesabdan çıxarış müqavilə üzrə deyil, kart hesabı üzrə olduğundan bu ödəniş orda əks olunmamışdır. Həmçinin cavabdeh şikayətində borcunu tam şəkildə ödədiyini bildirmiş və apellyasiya şikayətinə əlavə etdiyi arayışlara əsaslanmışdır. Qeyd edir ki, borclunun təqdim etdiyi arayışlar hazırkı işin predmeti olan 7052ovXRD/24 nömrəli kredit müqaviləsi üzrə deyil, borclu ilə "xxxx" KB ASC arasındqa bağlanmış digər kredit müqaviləsi (623nkXRD/21 nömrəli) ilə bağlıdır. Bunu həmin arayışlarda qeyd edilən icra vərəqinin nömrəsindən də görmək olar. Belə ki, arayışa əsasən bağlı olan işin aid olduğu icra vərəqi 2(034)-742/2021 nömrəlidir, halbuki borclunun apellyasiya şikayəti verdiyi qətnamənin predmeti 7052ovXRD/24 nömrəli kredit müqaviləsidir və aid olduğu icra vərəqi 2(034)-141/2025 nömrəlidir. Hazırda borclunun 7052ovXRD/24 nömrəli kredit müqaviləsi üzrə borcu aktivdir və məbləği 551.10 manat təşkil edir (maliyyə arayışı qoşmada təqdim olunur). Cavabdeh Zənglan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-141/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, həmin qətnamənin dəyişdirilmədən saxlanması haqqında qətnamə qəbul edilməsi xahiş olunur.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Cavabdeh 11 sentyabr 2025-ci il tarixində keçirilən məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
13. Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
14. İş üzrə iddiaçı "X3" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli cavabdehin ərizəsi ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertaya əsasən iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti cavabdehə bank hesabı açmış və onun əsasında debet (hesab) kartı təqdim edilmişdir.
21. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 481.1 manat əsas overdraft borcunun, 72.81 manat hesablanmış cərimə borcu olmaqla, cəmi 553.91 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsmunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 481.1 manat əsas, 40 manat cərimə borcu olmaqla, cəmi 521.1 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
23. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. İddiaçı tərəfindən irəli sürülən 7052ovXRD/24 nömrəli müqaviləyə əsasən 72.81 manat cərimə pulunun ödənilməsi barədə tələb qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MMnin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin, eyni zamanda məhkəmə hesab etmişdir ki, iddiaçının 7052ovXRD/24 nömrəli müqaviləyə əsasən ödənilməmiş 481.1 manat məbləğində borc üçün tələb etdiyi 72.81 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası MPM-nin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Odur ki, məhkəmə iddiaçının tələb etdiyi 7052ovXRD/24 nömrəli müqavilə üzrə 72.81 manat dəbbə pulu azaldılaraq 40 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlmişdir.
24. Cavabdeh apellyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(034)-141/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və əsas kredit borcu məbləğinin dəqiqləşdirildikdən sonra yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğundur.
26. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
27. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh tərəfindən etirazını əsaslandıra biləcək hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən, iş üzrə məhkəməmühasibatlıq ekspertizanın təyin edilməsinə zərurət yoxdur. Kollegiyanın qənaətincə heç bir tutarlı əsas olmadan ekspertizanın təyin edilməsi işin lüzümsuz yerə uzanmasına xidmət etmiş olar.
28. Kollegiya hesab edir ki, tutulmalı olan borcun miqdarı üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla düzgündür, şikayətin borcun düzgün hesablanmaması barədə dəlili əsassızdır.
29. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Kollegiya qeyd edir ki, MPM-nin 402.1.-ci maddəsinin tələbinə əsasən araşdırılan iddia tələbi üzrə məhkəmə qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(034)-141/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.