Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1129/2024 08.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(027)-77/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh (borclu) Alxasova (Süleymanova) Sabrina Cavidovnadan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 2004-cü ilin iyun ayından borclu olduğu 6600 ABŞ dollarının hər ödənişdən sonra qalıq məbləğinin 5 %-i kimi cəmi 5706 ABŞ dolları faizin, eyni zamanda Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən 6600 ABŞ dolları məbləğində puldan (hər ödənişdən sonra qalıq məbləğdən) faydalandığına görə qətnamə çıxarılan gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh (borclu) Alxasova (Süleymanova) Sabrina Cavidovna 2004-cü ilin iyun ayında oğlu X2 Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına qəbul etdirmək üçün Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində, Mərkəzi Bankın yaxınlığında yerləşən Heydər Əliyev adına parkda etibardan sui-istifadə yolu ilə 6600 ABŞ dolları məbləğində pulu ondan almış, heç bir iş görməmiş, lakin sonradan ona qarşı dələduzluq etdiyini başa düşdüyündən verdiyi pulların geri qaytarılmasını tələb etsə də o, həmin pulu qaytarmamış və onu aldatmışdır. Bu barədə xx.xx.2010-cu il tarixdə hüquq mühafızə orqanlarına şikayət etmişdir. Alxasova (Süleymanova) Sabrina Cavidovna barəsində cinayət işi açılmış, istintaq orqanı tərəfindən ondan 2004-cü ilin iyun ayında 6600 ABŞ dolları mədləğində pul aldığı tam sübuta yetirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2013-cü il tarixli, 1(101)-91/2013 saylı hökmü ilə təqsirləndirilən şəxs (məhkum edilmiş) Alxasova (Süleymanova) Sabrina Cavidovnadan 6600 ABŞ dolları məbləğində pulun tutularaq dəymiş maddi zərərə görə İddiaçı ödənilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-91/2013 saylı icra vərəqəsinə əsasən hal-hazırda Bakı şəhəri Nizami rayon İcra Şöbəsində icra işi davam etdirilir. Nizami rayon İcra Şöbəsinin arayışına əsasən xx.xx.2023-cü il tarixədək borclu tərəfindən cəmi 4370 manat, bu günədək isə cəmi 5220 manat, yəni 3070,6 ABŞ dolları (5220:1,7=3070,6) ödəniş edilmişdir. Alxasova (Süleymanova) Sabrina Cavidovna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş hər bir il üçün əlavə olaraq 6600 ABŞ dollarının hər ödənişdən sonra qalıq məbləğinin 5 (beş) faizini ona ödəməlidir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Quba Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(027)-77/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 990 (doqquz yüz doxsan) ABŞ dolları məbləğində pulun (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Rahim Həsənov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(027)-77/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinin açıq-aşkar pozulması, həmçinin həmin maddənin tələblərinə riayət edilməməklə səhv təvsir edilməsi, həmçinin mülki hüquq normalarının düzgün tətbiq edilməməsi ilə zərərin əvəzinin ödənilməsini (MM, 21-ci maddə) borclunun icranı gecikdirməsi (MM maddə 445.7) ilə düzgün ayırd edilməməsi, məhkəmənin şəxsi (formal) mülahizəsi nəticəsində qəbul edilmişdir. İddia tələbi 6600 ABŞ dollarının 5 %-i kimi son 3 il üçün təmin edilməsi qətnamədə əsaslandırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmalı və Cavabdeh 2152,4 (iki min yüz əlli iki manat qırx qəpik) manat və ödənilmiş dövlət rüsumunun 55 (əlli beş) manat hissəsi alınaraq İddiaçı verilməli, iddia ərizəsi digər hissədə təmin olunmamalıdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2013-cü il tarixli, 1(101)-91/2013 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, dəymiş maddi zərərə görə Alxasova (Süleymanova) Sabrina Cavidovnadan 6600 ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı ödənilməsi hökm edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon İcra Şöbəsi tərəfindən göndərilmiş məktuba əsasən görülmüş icra tədbirləri nəticəsində tələbkar İddiaçı Cavabdeh tərəfindən 2021-ci il tarixdə 1115 manat, 2022-ci il tarixdə 3105 manat və 2023-cü il tarixdə 850 manat məbləğində olmaqla, cəmi 5070 manat məbləğində pul ödənilmişdir. Birinci instansiya məhkəməsi araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh 2004-cü ilin iyun ayından borclu olduğu 6600 ABŞ dollarının hər ödənişdən sonra qalıq məbləğinin 5 %-i kimi cəmi 5706 ABŞ dolları faizin, eyni zamanda Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən 6600 ABŞ dolları məbləğində puldan (hər ödənişdən sonra qalıq məbləğdən) faydalandığına görə qətnamə çıxarılan gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilən faizin alınaraq ona verilməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Buna görə də yuxarıda qeyd edilən normaya əsasən cavabdehin borcunun olması hökmlə təsdiqləndiyindən iddiaçının cavabdehdən gecikdirilmiş günlər üçün illik beş faizə uyğun pul tələb etmək hüququ vardır. Gecikdirilmiş günlər üçün faiz borcu hesablayarkən birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəldiyindən məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə əsasən gecikdirilmiş günlər üçün faiz borcu aşağıdakı kimi hesablanmalıdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2013-cü il tarixli, 1(101)-91/2013 saylı hökmünə əsasən vurulmuş ziyana görə cavabdehin iddiaçıya olan borcu 6600 ABŞ dolları müəyyən edildiyindən həmin məbləğ hazırki Azərbaycan manatı məzənnəsi üzrə 11220 manat məbləğini təşkil edir. Dəfələrlə məhkəmə iclasları təxirə salınmasına baxmayaraq iddiaçı hansı tarixdə cavabdeh tərəfindən ödəniş ödənilməsi barədə məhkəməyə rəsmi arayışlar təqdim edə bilməmişdir. Cavabdehin iddiaçıya ödənişləri yalnız ümumi olaraq göstərildiyindən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, faiz borcuna görə hesablamalar qalıq borca uyğun olaraq hökm çıxarıldığı dövrdən iddia ərizəsi verildiyi dövrə qədər aparılmalıdır. İddiaçının iddia ərizəsinə əsasən müəyyən edilir ki, cavabdeh iddiaçıya xx.xx.2015-ci ildə 99,15 manat, 2016-cı ildə 399,5 manat, 2017-ci ildə 351,55 manat, 2020-ci ildə 1100 manat olmaqla, 2015-2020-ci illə ərzində cəmi 1950,20 manat ödəniş etmişdir. Bundan əlavə iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən 2021-ci il tarixdə 1115 manat, 2022-ci il tarixdə 3105 manat və 2023-cü il tarixdə 850 manat məbləğində olmaqla, 2021-2023-cü illər ərzində cəmi 5070 manat məbləğində pul ödənilmişdir.Qeyd edilən ödənilmiş pulları toplamaqla belə nəticəyə gəlmək olur ki, cavabdeh tərəfindən iddiaçıya hökm çıxarıldığı dövrdən sonra cəmi 7020,20 manat ödəniş edilmiş, hazırki halda 4199,80 (11220 – 7020,2 = 4199,8 ) manat qalıq borcu yaranmışdır. Hökm çıxarıldığı xx.xx.2013-cü ildən iddia ərizəsinin verildiyi xx.xx.2023-cü ilə qədər olan dövrün 10 il 3 ay olduğunu nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 10 il 3 ay üçün illik 5% hesablanmaqla 51,25 % faizə uyğun cavabdeh icranı gecikdirməsi nəticəsində iddiaçıya 2152,4 manat məbləğində zərər vurmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi əsas borc üzrə icranın gecikdirilməsi nəticəsində iddiaçıya vurulmuş ziyanın hesablanmasında üç illik müddət üzrə heç bir maddi hüquq normasında istinad etmədən düzgün olmayan nəticəyə gəldiyindən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmalı və Cavabdeh 2152,4 (iki min yüz əlli iki manat qırx qəpik) alınaraq İddiaçı verilməlidir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 2(027)-77/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Cavabdeh 2152,4 (iki min yüz əlli iki manat qırx qəpik) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun 55 (əlli beş) manat hissəsi alınaraq İddiaçı verilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) İddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1129/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1129/2024
08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver