Məhkəmə qərarları › İş №2(105)-1134/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1134/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1134/2025 14.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1067/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-269/2017 nömrəli qətnaməsindən göründüyü kimi, iddia tələbi qismən təmin edilmiş və xx.xx.2015-ci il tarixli **********46015/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına xx.xx.2015-ci il tarixli **********46015 №-li Kredit müqaviləsi üzrə borcalan Cavabdeh ASC “Xalq” Bankı qarşısında16 610,09 (on altı min altı yüz on ABŞ dolları 09 sent) ABŞ dollarıəsas borc, 2 922,35 (iki min doqquz yüz iyirmi iki ABŞ dolları 35 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 219,49 (iki yüz on doqquz ABŞ dolları49 sent) ABŞ dolları məbləğində penya, cəmi 19 751,93 (on doqquz min yeddi yüz əlli bir ABŞ dolları 93 sent ) ABŞ dolları borcun tutulduğu anda AR Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ASC “Xalq” Bankının xeyrinə tutulması qət edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2018-ci il tarixli, 2(105)- 2773/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, xx.xx.2017ci il tarixli qətnamə apellyasiya şikayəti verən şəxslərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

3. Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Quba rayon Məhkəməsinin 2(027)-269/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh və X3 tərəfindən icra sənədi ilə müəyyən edilmiş borc məbləği tam şəkildə ödənilmişdir. İcra sənədi üzrə borcluların ASC “Xalq” Bankı qarşısında cari tarixə yerinə yetirilməmiş öhdəliyi qalmamışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli **********46015 №-li Kredit müqaviləsi üzrə cavabdeh Bayramova (Təhməzova) Hökümə Rafiq qızının iddiaçı ASC “Xalq” Bankı qarşısında xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək kreditdən istifadəyə görə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 1 201,65 (bir min iki yüz bir ABŞ dolları 65 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 1 218,07 (bir min iki yüz on səkkiz ABŞ dolları 07 sent) ABŞ dolları məbləğində penya və xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 4 979,46 (dörd min doqquz yüz yetmiş doqquz ABŞ dolları 46 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi,cəmi 7 399,18 (yeddi min üç yüz doxsan doqquz ABŞ dolları 18 sent) ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh Bayramova (Təhməzova) Hökümə Rafiq qızından iddiaçı ASC “Xalq” Bankının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, **********46015 №-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) əsasən iddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 19 % (on doqquz faiz) ödənilmək şərti ilə 18 500 (on səkkiz min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir (Kredit müqaviləsiəlavə edilir). Kredit müqaviləsi üzrə borcalan H.R.Bayramovanın (Təhməzovanın) öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı ilə X3 arasında sonuncuya məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 273,4 kv.m ümumi, 125,6 kv.m yaşayış, 147,8 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********46015/ip №-li İpoteka müqaviləsi bağlanmışdır. Borcalan H.R.Bayramova (Təhməzova) tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsinə görə iddiaçı ASC “Xalq” Bankı «Kredit müqaviləsi üzrə İddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma haqqında» iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-269/2017 №-li qətnaməsi (bundan sonra «xx.xx.2017-ci il tarixli qətnamə» adlandırılacaq) ilə iddia tələbi qismən təmin edilmiş və xx.xx.2015-ci il tarixli **********46015/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına xx.xx.2015-ci il tarixli **********46015 №-li Kredit müqaviləsi üzrə borcalan Cavabdeh ASC “Xalq” Bankı qarşısında16 610,09 (on altı min altı yüz on ABŞ dolları 09 sent) ABŞ dolları əsas borc, 2 922,35 (iki min doqquz yüz iyirmi iki ABŞ dolları 35 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 219,49 (iki yüz on doqquz ABŞ dolları 49 sent) ABŞ dolları məbləğində penya, cəmi 19 751,93 (on doqquz min yeddi yüz əlli bir ABŞ dolları 93 sent ) ABŞ dolları borcun tutulduğu anda AR Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ASC “Xalq” Bankının xeyrinə tutulması qət edilmişdir (“qət etdi” hissəsi ixtisarla qeyd edilib). Borcalan H.R.Bayramova (Təhməzova) və mülki iş üzrə digər şəxslər həmin qətnamədən birgə apellyasiya şikayəti vermiş,Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2018-ci il tarixli, 2(105)-2773/2018 nömrəli qətnaməsiilə apellyasiya şikayəti təmin edilməmiş, xx.xx.2017-ci il tarixli qətnamə apellyasiya şikayəti verən şəxslərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2017-ci il tarixli qətnamə qanuni qüvvəsini aldıqdan sonra borcalan H.R.Bayramova (Təhməzova)tərəfindən həmin qətnamə üzrə Bankın xeyrinə tutulmasıqət edilmiş borc məbləği (hissə-hissə ödənişlər icra edilməklə) tam şəkildə xx.xx.2024-cü il tarixində ödənilmişdir. Buna baxmayaraq,cavabdeh H.R.Bayramovanın (Təhməzovanın) Kredit müqaviləsi üzrə İddiaçı qarşısında borcu qalmışdır. Belə ki, xx.xx.2017-ci il tarixli qətnamə ilə qət edilmiş məbləğdən başqa cavabdehin hazırda Banka ilkin iddia tələbləri üzrə məhkəməyə müraciət edilən tarixdən yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək (qətnamənin qəbul olunduğu tarix) vaxtı keçmiş əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) faiz dərəcəsi ilə hesablanmış və ödənilməmiş 1 201,65 (bir min iki yüz bir ABŞ dolları 65 sent) ABŞ dollarıməbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə Cavabdeh kredit üzrə vaxtı keçmiş əsas borcun ödənilməsini gecikdirdiyinə görə Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə penya ödəməlidir ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2017- ci il tarixinədək bu məbləğ 1 218,07 (bir min iki yüz on səkkiz ABŞ dolları 07 sent) ABŞ dolları təşkiledir. Yuxarıda göstərilənlərdən başqa qeyd etmək istəyirik ki, kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmışKredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan RespublikasiKonstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd edir ki: «Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir». Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda,Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır.

6. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1067/2025 nömrəli qətnaməsi ilə iddianın təmin olunmaması qət edilmişdir (hakim Aydın Babayev).

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445, 465.2, 560-cı maddəsinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarlarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4, 216- 220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ciil tarixli, 2(027)-1067/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 63.87 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehdən tutulmasını xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, “...hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri,yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur” (qətnamənin 3-cü səhifəsinin , 7-ci abzası).

10. İş materiallarında da mövcud olan Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)- 269/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, ipoteka predmetinin dəyərindən tutulmalı olan Kredit müqaviləsi üzrə 16 610,09 ABŞ dolları məbləğində əsas borcdan, 2 922,35 ABŞ dolları məbləğində adi faizlər üzrə borcdan, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 219,49 ABŞ dolları məbləğində penyadan ibarət olan, cəmi 19 751,93 ABŞ dolları məbləğində borcun ödənilməsi, Bayramova (Təhməzova) Hökümə Rafiq qızı tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərin tam şəkildə yerinə yetirilməsi mənasına gəlmir. Qeyd edilən mülki iş üzrə Bank tərəfindən tələb edilən borc məbləği xx.xx.2016-cı il tarixinədək (həmin mülki iş üzrə iddia ərizənin məhkəməyə təqdim edildiyi tarixədək) hesablanmış borc məbləğindən ibarət olmuşdur.

11. Hazırki iddia tələbi isə kredit müqaviləsi üzrə həmin tarixdən, yəni xx.xx.2026-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək (adı çəkilən qətnamənin qəbul edildiyi tarix) kreditdən istifadəyə görə illik 19 % faiz dərəcəsi ilə hesablanmış 1 201,65 ABŞ dollarıadi faizlər üzrə borcun, xx.xx.2016-cı tarixdən xx.xx.2017-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 1 218,07 ABŞ dolları məbləğində penyanın və xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixədək, yəni əsas borc məbləğinin tam şəkildə ödənildiyi tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 4 979,46 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin cavabdehdən tutulması ilə bağlıdır.

12. Belə olan təqdirdə, yəni iddia tələbinin qanuni əsasının olmaması barədə məhkəmənin gəldiyi səhv nəticəyə gəldikdə isə bildirmək istəyirlər ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin normaya görə, “müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.” İş materiallarındamövcud olan xx.xx.2015-ci il tarixli **********46015 №-li Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və göründüyü kimi bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Qüvvədə olan həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin normamüqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarınnəticə hissəsində ifadə etdiyi hüquqimövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasınınmüqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Onu da qeyd etmək istəyirik ki, xx.xx.2023-cü il tarixində qüvvəyə minmiş qanunla Azərbaycan Respublikası Mülki Məcəlləsininkredit münasibətləri ilə bağlı müddəalarına əsaslı dəyişikliklər edilərək “Borc fəsli” yeni redaksiyada verilmişdir. Həmin dəyişikliklərin təhlili də təsdiq edir ki, kreditor kredit müqaviləsi üzrə öhdəliklərin faktiki olaraq tam şəkildə icra edildiyi tarixə qədər əsas borc məbləğinə müqavilə ilə müəyyən edilmiş faiz dərəcəsi ilə adi faizləri və penyanı hesablamaq hüququna malikdir. Belə ki, dəyişikliklərdən sonra MM-in 740.4-cü maddəsində faizlərin, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlərin və digər haqların yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanmalı olduğu qeyd edilmişdir. Həmin normanın hərfi mənasından da aydın olur ki, borc müqaviləsi üzrə ən azı adi faizlər müqavilədə, onun tərəflərinin öz üzərilərinə götürdükləri öhdəliklərin tam yerinə yetirilməsinə qədər qüvvədə olması şərti nəzərdə tutulduqda, əsas borc məbləğinin tam şəkildə qaytarıldığı günədək ödənilməmiş əsas borc məbləğinin qalığına hesablana bilər.

13. Oxşar mövqe Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cumaddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında da ifadə olunmuşdur (25-ci abzas). Həmin hüquqi mövqeyə görə «Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur». Qeyd olunanlardan da göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı məhkəmə qərarının çıxarılması tərəflər arasındakı müqavilə münasibətlərinə xitam vermir. Buna da uyğun olaraq İddiaçının kredit müqaviləsi öhdəliklərinin tam şəkildə icra edildiyi vaxtadək əsas borc məbləğinə kreditmüqaviləsinə uyğun olaraq faiz hesablamaq hüququ var. Digər tərəfdən Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra xx.xx.2014-cü il tarixli qərarında növbəti hüquqimövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Həmçinin “AzərbaycanRespublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında da göstərilmişdir ki, “AzərbaycanRespublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir” (“qərara aldım” hissəsi, 5-ci bənd)

14. Məhkəmə Bankın tələblərinin əldən çıxmış faydaya münasibətdə də təmin edilməməsi ilə bağlı gəlmiş olduğu yekun mövqeyini qətnamədə (4-cü səhifəsinin 7-ci abzası) onunla əsaslandırmışdır ki, “Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə və həmin ipoteka predmetinin açıq hərracda satılmaqla satışdan əldə ediləcək vəsait hesabına borcun ödənilməsinə dair Quba rayon Məhkəməsinin 2(027)-269/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasına cavabdeh tərəfindən mane törədilməsi halı müəyyən olunmamışdır. Belə ki, icra sənədinin icrasını üzrə hərəkətlər müəyyən olunmuş vaxt ərzində icra edilməklə icra sənədinin icrasına nail oluna bilərdi. Belə olan halda borclunun cavabdehin pul məbləğinin ödənilməsini gecikdirməkdə ifadə olunan hərəkətləri müəyyən olunmur.” Məhkəmənin qeyd olunan əsassız mövqeyi ilə razılaşmayaraq bildirirlər ki, ipoteka predmetinə tutmanın yönəldilməsində məqsəd pul öhdəliyi üzrə borcun qaytarılmasına nail olmaq olduğundan ipoteka predmeti müvafiq qaydada ipoteka saxlayan tərəfindən əldə olunanadək, yaxud ipoteka predmetinin başqa şəxslərə satışından daxil olan vəsait ipoteka ilə təmin olunmuş öhdəlik üzrə borcun ödənilməsi üçün kreditora verilənədək həmin borcun qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi artmaqda davam edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun “İpoteka predmetinə tutmanın yönəldilməsi və ona xitam verilməsi” adlanan V fəslinin müddəalarından aydın olur ki, ipoteka predmetinə tutmanın yönəldilməsi prosesi ipoteka saxlayan tərəfindən ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilməsi (həmin Qanunun 36-cı maddəsi) ilə başlayır və məntiqiardıcıllıqla davamedərək ipoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi ilə, o cümlədən ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə yönəldilməklə (həmin Qanunun 47-ci maddəsi) başa çatır. Bu baxımdan, borcverən bank ipoteka predmeti icra qaydasında satılanadək həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəniən azından, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini MM-in 21.2,443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq, tələb etməkdə haqlıdır. Çünki bankın əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə icraatı uzun müddət ərzində davametdikcə, bank həmin vəsaitləri ona müraciət edən digər şəxslərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticəetibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. Bu baxımdan da iddiaçı Bank əldən çıxmış faydanın tələb edilməsində də tamamilə haqlı olmuşdur.

15. İddiaçı Bankın həm adi faizlər üzrə borc məbləğinin, həmçinin də əldən çıxmış faydanın əvəzinin cavabdehdən tutulmasının tələb etməsinin qanuni əsasları vardır. Eyni zamanda iddiaçı Bankın xx.xx.2016-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 1 218,07 ABŞ dolları məbləği təşkil edən penyanın tutulması ilə bağlı tələbi də MM-nin 462-ci maddəsindən və Kredit müqaviləsinin 6.2-cibəndindən irəli gəlir. Belə ki, Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən Borc alan əsas borc məbləğinin ödənilməsi müddətlərini pozduqda Kreditora penya ödəməyi öz öhdəsinə götürmüşdür. MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin (penyanın) ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən isə Borc alan əsas borcməbləğinin ödənilməsi müddətlərini pozduqda Kreditora penya ödəməyi öz öhdəsinə götürmüşdür.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

18. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

22. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; əvvəlki redaksiyada 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

23. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

24. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

25. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı.

27. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il qərarı.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

35. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Apellyasiya şikayətlərindən görünür ki, iddiaçı Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1067/2025 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

39. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 4 979,46 (dörd min doqquz yüz yetmiş doqquz ABŞ dolları 46 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin cavabdeh Bayramova (Təhməzova) Hökümə Rafiq qızından iddiaçı ASC “Xalq” Bankının xeyrinə ödənilməsi təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC “Xalq” Bankı ilə cavabdeh Bayramova (Təhməzova) Hökümə Rafiq qızı arasında kredit müqaviləsi üzrə borc münasibətləri olmuş, cavabdeh borcun ödənilməsini gecikdirilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, illik 5 faiz hesablanmaqla, faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır.

42. Belə ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

43. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

44. Qeyd edilən Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

46. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı öhdəliyin cavabdeh tərəfindən vaxtında icra edilməməsi nəticəsində illik 5% həcmində gecikdirilmiş vaxt üçün faiz borcunu tələb etməkdə haqlıdır.

47. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbi baxımından gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində cavabdehdən tutulmalı, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsinin qəbul olunduğu tarixdən yəni xx.xx.2018-ci ildən başlayaraq icra sənədi üzrə borc ödənildiyi tarixədək, yəni xx.xx.2024-cü ilədək illik 5% hesablanmaqla, yəni 4 979,46 (dörd min doqquz yüz yetmiş doqquz ABŞ dolları 46 sent) ABŞ dolları cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

48. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində digər mübahisələndirilən hissələrə dair göstərdiyi dəlilləri formal mülahizə kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğvi üçün əsas ola bilməz.

49. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 4 979,46 (dörd min doqquz yüz yetmiş doqquz ABŞ dolları 46 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin cavabdeh Bayramova (Təhməzova) Hökümə Rafiq qızından iddiaçı ASC “Xalq” Bankının xeyrinə ödənilməsi tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1067/2025 nömrəli qətnaməsi qismən – təmin edilməyən “əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 4 979,46 (dörd min doqquz yüz yetmiş doqquz ABŞ dolları 46 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin cavabdeh Bayramova (Təhməzova) Hökümə Rafiq qızından iddiaçı ASC “Xalq” Bankının xeyrinə ödənilməsi” hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə təmin edilsin. Cavabdeh Bayramova (Təhməzova) Hökümə Rafiq qızından xx.xx.2018-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 4 979,46 (dörd min doqquz yüz yetmiş doqquz ABŞ dolları 46 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə iddiaçı ASC “Xalq” Bankının xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar