Məhkəmə qərarları › İş №2(105)-1136/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1136/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1136/2020 26.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(059)-471/2019 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(059)-471/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Bəylər Ələkbərov) İddiaçı qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı qapalı səhmdar cəmiyyətinin xeyrinə 032R********** saylı kredit razılaşması üzrə 18729,72 ABŞ dolları məbləğində kredit, 10596,43 ABŞ dolları məbləğində faiz və 1870 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 31196,15 ABŞ dollarının ödəniş vaxtına manata məzənnəsi üzrə borcun və ödənilmiş 30 manat dövlət rüsumunun 61 %-i, yəni 18,30 manatın tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı qapalı səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı təşkilatın xeyrinə 032R********** saylı kredit razılaşması üzrə 18729,72 ABŞ dolları məbləğində kredit borcu, 10596,43 ABŞ dolları məbləğində faiz borcu və 21421,93 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 50748 ABŞ dolları 08 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı xx.xx.2013-cü il tarixli, 32L000000079 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı qapalı səhmdar cəmiyyəti ilə bağladığı xx.xx.2015-ci il tarixli, 032R********** saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 032R**********S saylı, xx.xx.2015-ci il tarixli, 032R**********SA saylı, xx.xx.2016-cı il tarixli, 032R**********SB saylı, xx.xx.2016-cı il tarixli 032R**********SC saylı, xx.xx.2016-cı il tarixli, 032R**********SD saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 6270,28 ABŞ dolları ödəmiş, onun 18729,72 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 846 gün üçün hesablanmış faiz borcu 10596,43 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 846 gün üçün hesablanmış cərimə 21421,93 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız və qeyriobyektiv hesab edir. Belə ki, o, xx xxxxxx 2013-cü ildə 32L000000079 nömrəli kredit xətti müqaviləsi ilə İddiaçı qapalı səhmdar cəmiyyətindən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit götürmüşdür. O, öhdəliyini xeyli yerinə yetirmiş, lakin buna baxmayaraq əsassız olaraq faiz dərəcəsi şişirdilmişdir. Bundan əlavə, ondan cəriməyə görə 1870 manat, rüsum olaraq 30 manat vəsaitin tutulması qət edilmişdir. Məhkəmənin gəldiyi bu nəticələrlə razı deyildir, Cavabdeh1 apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən ləğv edilib təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cərimə borcuna aid hissələrdə Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin faiz və cərimə borcuna aid hissələrini mübahisələndirdiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Quba filialı ilə bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 32L000000079 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmış, müqaviləyə görə borcluya hissələrlə veriləcək kreditin məbləği və müddəti ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmalıdır. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 32L000000079 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2015ci il tarixli, 032R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 aylıq 1,8333% faiz dərəcəsi olmaqla, 48 ay müddətinə 25000 ABŞ dolları kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 32L000000079 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixli, 032R********** saylı kredit razılaşmasına xx xxxx 2015-ci il tarixli, 032R**********S saylı, xx xxxxxx 2015-ci il tarixli, 032R**********SA saylı, xx xxxxxx 2016-cı il tarixli, 032R**********SB saylı, xx xxxxx 2016-cı il tarixli, 032R**********SC saylı və xx xxxxxxxx 2016-cı il tarixli, 032R**********SD saylı sazişlərlə dəyişikliklər edilmişdir. İş materiallarında olan İddiaçı qapalı səhmdar cəmiyyətinin xx xxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli, 032R********** saylı kredit razılaşması üzrə xx xxxxxx 2019-cu tarixə əsas borcu 18729,72 ABŞ dolları, faiz borcu 10596,43 ABŞ dolları, cərimə borcu 21421,93 ABŞ dolları, cəmi borcu 50748,08 ABŞ dolları təşkil edir. İş materiallarında olan “Access Bank” qapalı səhmdar cəmiyyəti tərəfindən Cavabdeh1 göndərilmiş xx xxxx 2018-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdar edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 9/3246 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlərə əsasən Cavabdeh1 xx xxxxxx 2015ci il tarixli, 032R********** saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixədək banka olan əsas borcu 18,729,72 ABŞ dolları, faiz borcu 10,596,43 ABŞ dollarıdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 32L000000079 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixli, 032R********** saylı kredit razılaşmasına xx xxxx 2015-ci il tarixli, 032R**********S saylı, xx xxxxxx 2015-ci il tarixli, 032R**********SA saylı, xx xxxxxx 2016-cı il tarixli, 032R**********SB saylı, xx xxxxx 2016-cı il tarixli, 032R**********SC saylı və xx xxxxxxxx 2016-cı il tarixli, 032R**********SD saylı sazişlərlə həmin kredit razılaşmasına dəyişiklik edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işdə iştirak edən şəxslərin izahatları və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbinin faiz borcuna aid hissədə təmin edilməsi nəticəsinə gəlmişdir. Cavabdeh1 apellyasiya şikayətində faiz dərəcəsinin şişirdildiyini göstərmişdir. Cavabdehin bu dəlili iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxx 2020ci il tarixli, 9/3246 saylı ekspert rəyi ilə tam təkzib edilir. Cavabdeh1 apellyasiya şikayətində ondan cəriməyə görə 1870 ABŞ dollarının tutulduğunu mübahisələndirmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq 21421,93 ABŞ dolları məbləğində cərimənin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək həmin məbləği 1870 ABŞ dollarına kimi azaltmışdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cərimə borcuna aid hissələrdə Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 150 manat Cavabdeh1 tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(059)-471/2019 saylı qətnaməsi faiz və cərimə borcuna aid hissələrdə Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat Cavabdeh1 tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar