Məhkəmə qərarları › İş №2(105)-1136/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1136/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1136/2023 16.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və həmin müqaviləyə əsasən yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə apellyasiya şikayətinin geri qaytarılması barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(012)-3398/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və 17500 manat əsas borc, 3537,25 manat faiz borcu, 51,5 manat cərimə borcu olmaqla, cəmi 21088,75 manat borcun və ödənilmiş 154 manat dövlət rüsumunun əvəzinin Cavabdeh İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-3398/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh 17500 manat əsas borc, 2994,33 manat faiz borcu, 0,67 manat cərimə borcu olmaqla, cəmi 20495 manat məbləğində kredit borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 154 manat dövlət rüsumuna görə pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. (hakim Məlahət Abbasova) Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli 2(012)-3398/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti rüsumun düzgün ödənilməməsi əsası ilə geri qaytarılmışdır (hakim Məlahət Abbasova) Cavabdeh qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli 2(012)-3398/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2023-cü il tarixli 2(105)-757/2023 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 2(012)- 3398/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-3398/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli e-2(012)-3398/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qanunda nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Cavabdeh qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə ilk dəfə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-3398/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verəndə şikayət müddəti xx.xx.2023-cü il tarixdə bitəcəkdir. Yəni onun apellyasiya şikayəti vermək üçün əlavə 6 gün müddəti qalmışdır. Bu səbəbdən hesab edir ki, xx.xx.2023cü il tarixdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verəndə əlavə olaraq müddətin bərpası üçün ərizə yazmağa heç bir ehtiyac yoxdur. Belə ki, AR Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsindən təqdim edilddiyi gündən 1 ay ərzində şikayət verilə bilər. Yuxarıda qeyd etdiyi hallara görə hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir və bu səbəbdən məhkəmədən xahiş edir ki, Abşeron rayon Məhkəməsinin e-2(012)-3398/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)- 3398/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətini baxılması üçün aidiyyəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə məhkəmə aktı qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli e-2(012)-3398/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)- 3398/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinin tələbinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. İşdən görünür ki, cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(012)-3398/2022 saylı qətnaməsindən apellyasiya şikayətini birinci dəfə qanunda nəzərdə tutulmuş prosessual müddət ərzində vermiş, lakin Abşeron Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli e-2(012)-3398/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti rüsumun düzgün ödənilməməsi əsası ilə geri qaytarılmış və həmin qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 06 mart 2023-cü il tarixdə dəyişdirilmədən saxlanılmışdır. Prosessual nöqsan aradan qaldırıldıqdan sonra xx.xx.2023-cü il tarixdə cavabdeh qətnamədən təkrar apellyasiya şikayəti vermişdir. Göründüyü kimi qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddət ötürülmüş, lakin cavabdeh apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizə ilə də məhkəməyə müraciət etməmişdir. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(012)-3398/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-3398/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar