Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1138/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-3502/2018 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.1997-ci il tarixdən xx.xx.2017-ci il tarixinə olan dövr üzrə səhm payının hesablanaraq 50.000 (əlli min) manat məbləğində maddi ziyanın iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(012)-3502/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh «xxxx» ASC-dən 96 ədəd səhminə müvafiq olaraq 2009-2016-cı illər üzrə hesablanmış və ödənilməmiş səhm gəliri 95,62 manat, 50 manat mənəvi zərərə görə və 10 manat dövlət rüsumuna görə, cəmi 155,62 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva) Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(012)-3502/2018 saylı qətnaməsindən narazı qalan İddiaçı xx xxxxxxx 2020-ci il tarixdə apelyasiya şikayəti vermiş, həmin tarixdə də prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-3502/2018 saylı qərardadı ilə İddiaçı Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(012)- 3502/2018 saylı qətnaməsindən apelyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-3502/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X3 şikayəti müdafiə edərək göstərdi ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(012)-3502/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 2009-2016-cı illər üzrə hesablanmış və ödənilməmiş səhm gəliri 95,62 manat, mənəvi zərərə görə 50 manat və dövlət rüsumuna görə 10 manat, cəmi 155,62 manat məbləğində pulun “xxxx” ASC-dən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamənin maddi hüquq normalarının pozulması ilə çıxarılmasını əsas gətirərək ləğv edilməsi tələbi ilə apelyasiya şikayəti vermiş və apelyasiya şikayətinin verilməsi üçün buraxılmış 1 aylıq müddətin bərpa olunması üçün Abşeron Rayon Məhkəməsinə ərizə vermişlər. Ərizənin təmin edilməməsi barədə qərardad çıxarılıb. Həmin qərardad xx.xx.2020-ci il tarixdə iddiaçıya rəsmi qaydada verilib. Məhkəmə qərarını onunla əsaslandırıb ki, qətnamə iddiaçının ünvanına poçt vasitəsilə göndərilib, lakin iddiaçı orada yaşamadığından geri qayıdıb. Həmçinin məhkəmə qətnamənin icra olunmasını və icra ilə bağlı iddiaçının hərəkətlərini əsas götürmüşdür. Bildirir ki, iddiaçı Naxçıvan şəhərində yaşayır. Nə o zaman, nədə indi onun Bakı şəhərinə gəlmək və məhkəmə işləri ilə məşğul olmağa nə vaxtı, nə də imkanı yoxdur. Həm məhkəmədə, həm də icra ilə bağlı bütün hərəktləri iddiaçının adından vəkil və nümayəndə olaraq X2 yerinə yetirmişdir. Edilmiş hərəkətlər barədə M.İsmayılov iddiaçını lazımınca məlumatlandırmayıb və savadsızlıq səbəbindən iddiaçı bununla əlaqədar hüquq və vəzifələrinin, edilməli hərəkətlərinin nədən ibarət olduğunu bilməmişdir. İddiaçı Naxçıvan şəhərində yaşadığından qətnamə rəsmi qaydada ona göndərilməmişdir. Uzun müddət gözlədikdən sonra qətnamənin göndərilməməsi onu narahat etmişdir. Bu səbəbdən o məhkəmədən maraqlandıqda qətnamənin məhkəmədə olduğu barədə məlumat verdilər. Bundan sonra qətnaməni xx.xx.2020-ci il tarixdə rəsmi qaydada əldə etmişlər və 05.10. 2020-ci il tarixdə həmin qətnamədən apelyasiya şikayəti vermişlər. Eyni zamanda apelyasiya şikayəti verilməsi üçün buraxılmış 1 aylıq prosessual müddətin bərpa olumnası üçün məhkəməyə ərizə vermişlər. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsi ilə nəzərdə tutulmuş 1 aylıq müddət iddiaçı tərəfindən ötürülməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020- ci il tarixli qərardadının ləğv olunmasını, xx xxxxxxx 2018ci il tarixli 2(012)-3502/2018 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin ötürülməmiş hesab edilməsi və apelyasiya şikayətinin məhkəmə baxışına verilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada iş üzrə cavabdeh “xxxx” ASC-nə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehinj nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-3502/2018 saylı qərardadı ləğv edilməli, İddiaçı Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(012)-3502/2018 saylı qətnaməsindən şikayət vermə müddəti ötürülməmiş hesab edilməlidir. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi qətnamənin poçt vasitəsi ilə xx.xx.2019-cu il tarixdə göndərilməsini, poçt zərfinn geri qayıtmasını, qətnaməni xx.xx.2020-ci il tarixdə imza etməklə birbaşa məhkəmədən əldə etməsini, apelyasiya şikayətini xx.xx.2020-ci il tarixdə poçta verməsini, qətnamədən apelyasiya şikayəti vermə müddətini 2 ilə yaxın keçirməsini müəyyən edərək müddətin bərpası barədə ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmamışdır. Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları rəsmi qaydada verilməlidir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, məhkəmə qətnaməsi xx.xx.2019-cu il tarixdə iş üzrə tərəflərə göndərilmiş, iddiaçı İddiaçı göndərilmiş məktub geri qayıtmış (i.v.175), bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixdə vəkil tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək qətnamənin surətinin təqdim edilməsi xahiş edilmiş və xx.xx.2020-ci il tarixdə qəbzə imza edilməklə qətnamə alınmışdır (i.v. 183). İş materiallarından görünür ki, iddiaçı tərəf məhkəmə qətnaməsindən apelyasiya şikayətini xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə Abşeron Rayon Məhkəməsinə göndərmişdir. Göründüyü kimi, iddiaçı tərəf məhkəmə qətnaməsini xx.xx.2020-ci il tarixdə qəbzə imza etməklə almış və qətnamədən apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddət keçmədən, xx.xx.2020-ci il tarixdə apelyasiya şikayətini poçt vasitəsi ilə məhkəməyə göndərmişdir. Bununla da müəyyən edilir ki, iddiaçı tərəf qətnamədən apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürməmiş, bununla da verilmiş şikayət də vaxtında verilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-3502/2018 saylı qərardadı ndan qərardadı ləğv edilməli, İddiaçı Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(012)-3502/2018 saylı qətnaməsindən apelyasiya şikayəti vermə müddəti ötürülməmiş hesab edilməlidir. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 357, 395-396, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-3502/2018 saylı qərardadı ləğv edilsin. İddiaçı Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(012)- 3502/2018 saylı qətnaməsindən apelyasiya şikayəti vermə müddəti ötürülməmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1138/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1138/2021
09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver