Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1139/2022 25.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi) qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneələrin qadağan edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X30, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Qusar Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(029)-1022/2021 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edib, Qusar rayonu Kuzunqışlaq kəndində mərhum atası X7 məxsus fərdi yaşayış evi və torpaq sahəsində müayinə və ölçü işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşlarına maneçilik törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Kuzunqışlaq kəndində atasına məxsus fərdi yaşayış evi mövcuddur. Atası 2013-cü ildə vəfat etmiş, atası vəfat etdiyi günə qədər o, həmin evdə yaşamış, atasının ölümündən sonra isə mirası faktiki olaraq tək o qəbul etmişdir. Atasının digər övladları mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişlər. Evin və həyətyanı torpaq sahəsinin vergilərini və digər kommunal xərclərini 2016-cı ilə kimi o, ödəmişdir. Cavabdeh onun mərhum qardaşı Ələsgər Balayevin oğludur. Cavabdeh, onun atasının ölümündən 3 il sonra, yəni 2016-cı ildə zorla atasından miras qalmış və onun daimi yaşadığı evə girərək orada yaşamağa başlamış və hazırda da cavabdeh həmin evdə yaşayır və onu evdən qovub çıxartmışdır. Hazırda gah bacısının, gah da o biri qardaşının evində yaşamaq məcburiyyətində qalmışdır. O, atasının ölümündən sonra həmin evə dair miras qəbul etmiş yeganə vərəsə kimi vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Qusar rayon notariat ofisinə müraciət etmişdir. Atasına məxsus evin yalnız texniki pasportu və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi mövcuddur. Amma evə dair mülkiyyət sənədi, yəni dövlət reyestrindən çıxarış yoxdur. Həmin evə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək üçün Qusar rayon notariat ofisi DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, Reyestr Xidmətinin əməkdaşları həmin evə gələrək ölçü işləri aparmaq istəmiş, lakin cavabdeh onları evə buraxmamışdır. Nəticədə reyestr xidmətinin əməkdaşları ölçü işlərini apara bilməmiş və 26.05.2021-ci il tarixli məktubla bildirmişlər ki, müayinə işlərinin aprılmasına şərait yaradılmadığı üçün həmin əmlakın müayinəsi baş tutmamış və evin qeydiyyata alınması mümkün olmamışdır. Cavabdehin bu qanunsuz hərəkətləri onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə və evə dair vərəsəlik hüququ haqqında şəhadənamə alınmasına və son nəticədə evə dair mülkiyyət sənədinin-çıxarışın alınmasına maneçilik törədir. Cavabdeh tərəfin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. İş materiallarında olan JN-025A KOD 30117018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 1998-ci il tarixli, 7/4 nömrəli qərarı ilə Qusar rayonu Kuzun qışlaq kəndində yerləşən 0.40 ha torpaq sahəsi X9 və X20 xüsusi mülkiyyətlərinə verilmişdir. 1988-ci il tarixli Texniki Pasportun surətindən görünür ki, Qusar rayonu Kuzun qışlaq kəndində yerləşən fərdi yaşayış evinin sahibi X13 olmuşdur. AZ-İ 571060 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 02.01.2013-cü il tarixdə ölmüşdür. 23 may 2012-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X3 rayon Kuzun qışlaq kəndində yerləşən fərdi yaşayış evini nəvəsi Cavabdeh vəsiyyət etmişdir. Qusar rayon notariat ofisi tərəfindən verilmiş 16 may 2020-ci il tarixli, X396 saylı, 21 may 2021-ci il tarixli, X-533 saylı və 21 may 2021-ci il tarixli, X-534 saylı məktubların surətlərindən görünür ki, İddiaçı X20 və X5 vərəsələri sırasına daxildir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 26 may 2021-ci il tarixli, **********55 saylı məktubundan görünür ki, İddiaçı Qusar rayonu Kuzunqışlaq kəndi ərazisində yerləşən mərhum X7 məxsus fərdi yaşayış ev üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş 03.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş fərdi yaşayış evinə dair müayinə işlərinin aparılması üçün şərait yaradılmamış və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, fərdi yaşayış evinin texniki göstəricilərini əks etdirən texniki pasportun hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Qusar Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(029)-1022/2021 nömrəli qətnaməsi ilə (hakim Adil Vəliyev) iddia təmin edilib, Qusar rayonu Kuzun Qışlaq kəndində yerləşən, mərhum X7 məxsus olmuş fərdi yaşayış evində və həyətyanı torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən müayinə və ölçü işlərinin aparılmasına maneçilik törədilməsi Cavabdeh qadağan edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinad edərək hesab etmişdir ki, Qusar rayonu Kuzunqışlaq kəndində yerləşən 0.40 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının mərhum atası X5 və X20 adlarına qeydiyyata alınmışdır. Bundan başqa, həmin torpaq sahəsində yerləşməklə mərhum X7 məxsus fərdi yaşayış evi vardır. İddiaçı həmin evə və torpaq sahəsinə dair özünün vərəsəlik hüquqlarını həyata keçirmək və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün Qusar rayon notariat ofisinə müraciət etmiş, həmin notariat ofisi tərəfindən həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilmişi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunmuş, lakin həmin idarənin əməkdaşları tərəfindən müayinə aparılmasına Cavabdeh tərəfindən maneçiliklər törədilmişdir. Bununla da, iddiaçının vərəsəlik hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 157.4, 158.4, 228.5-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(029)-1022/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Cavabdeh xx.xx.1985-ci il tarixdə Azərbaycan Respublikası Qusar rayonunun KuzunQışlaq kəndində anadan olmuşdur və anadan olduğu gündən 1988-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən X1na məxsus Qusar rayon Kuzun-Qışlaq kəndində yerləşən fərdi yaşayış evində yaşayır. X1 ilə nənəsi X20 birgə nikahlarından Ələkbər Əlismanov (vəfat etmişdir), İddiaçı,Ələsgər Balayev (vəfat etmişdir), Mütəllim Balayev və Səlimə Balayeva adlarında 5 övladı olmuşdur. Cavabdeh atası X14 25.12.2002-ci ildə vəfat etmişdir.Cavabdeh 2009-cu ildə ailə qurmuş və ailə qurduqdan sonra da ailəsi ilə birlikdə babasına məxsus həmin evdə yaşayır.X12 02 yanvar 2013-cü il tarixdə vəfat etmişdir Cavabdeh mərhum babası X4 Rayon İcra Hakimiyyəti başçısının Kuzun Qışlaq kənd İƏD üzrə nümayəndəliyinin qeydlər kitabında edilmiş 8 reyestr nömrəli 23.05.2012-ci il tarixli vəsiyyətnamə ilə Qusar rayonu KuzunQışlaq kəndində yerləşən 1988-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən özünə məxsus evini,evin inventar avadanlıqlarını,pay torpaq sahələrini cavabdehə, yəni Cavabdeh vəsiyyət etmişdir.Bununla razılaşmayan İddiaçı Məmmətbağır qızı və onun nümayəndəsi X15,cavabdehlər Qusar Rayon İcra Hakimiyyəti başçısının Kuzun Qışlaq kənd İƏD-ə üzrə nümayəndəliyinə və Cavabdeh qarşı Qusar Rayon Məhkəməsində iddia qaldıraraq Qusar Rayon İcra Hakimiyyəti başçısının Kuzun Qışlaq kənd İƏD üzrə nümayəndəliyinin qeydlər kitabında edilmiş 8 reyestr nömrəli 23.05.2012-ci il tarixli qeydin ləğv edilməsinə,həmin qeyd əsasında verilmiş 8 reyestr nömrəli 23.05.2012-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə Qusar Rayon Məhkəməsində baxılaraq iddianın təmin edilməsinə dair 23.01.2020-ci il tarixli 2(029)-41/2020 saylı qətnamə qəbul edilmişdir.Qusar Rayon Məhkəməsinin 23.01.2020-ci il tarixli, 2(029)-41/2020 saylı Qətnaməsindən Cavabdeh verdiyi şikayətə Apellyasiya Məhkəməsində baxılaraq Qusar Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin ləğv edilməsinə dair 21.08.2020-ci il tarixli, 2(105)-1627/2020 nömrəli qətnamə qəbul edilmişdir. Apellyasiya Məhkəməsinin qətnaməsindən narazı qalan İddiaçı Məmmətbağır qızı kasassiya şikayəti vermiş və iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02.03.2021-ci il tarixli, 2(102)-1193/21 nömrəli qərarı ilə İddiaçı Məmmətbağır qızının kassasiya şikayəti təmin edilməmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 2(105)- 1627/2020 nömrəli 21 avqust 2020- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Bununla da X6,ona məxsus olan Qusar rayonu Kuzun-Qışlaq kəndində yerləşən evinin,evin inventar avadınlıqlarını, pay torpaq sahələrini cavabdeh, nəvəsi Cavabdeh vəsiyyət edilməsinə dair Qusar Rayon İcra Hakimiyyəti Başçısının Kuzun Qışlaq kənd İƏD-üzrə nümayəndəliyinin qeydlər kitabında 8 reyestr nömrəli 23.05.2012-ci il tarixli vəsiyyətnaməsi məhkəmə qətnaməsi ilə qanuni hesab edilmişdir. X2, özünə məxsus Qusar rayonu Kuzun Qışlaq kəndində yerləşən evini,evin inventar avadınlıqlarını, pay torpaq sahələrini nəvəsi Cavabdeh vəsiyyət etdiyindən Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, qızı İddiaçı Məmmətbağır qızının və miras qoyanın digər vərəsələrinin mirasda məcburi payı yaranır və iddiaçı və digər vərəsələr qanun üzrə yalnız bu payi tələb edə bilərlər.Buna baxmayaraq Qusar rayon notariat ofisinin xüsusi notariusu X21, X6 vərəsəsi kimi İddiaçı Məmmətbağır qızını miras əmlakdan 1/1 hissədə pay almaqla vərəsə kimi təsdiq etmiş və ona 16.05.2020-ci il tarixli Reyestrdə 2V-281 nömrəli qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim etmişdir. Bundan sonra İddiaçı Məmmətbağır qızı X6 tək vərəsəsi kimi X8 məxsus torpaq sahələrini satmış və hazırda digər əmlakı olan fərdi yaşayış evini əldə etməyə çalışır.Bu əsassız tələblərin qarşısını almaq məqsədi ilə Cavabdeh İddiaçı Məmmətbağır qızına və üçüncü şəxs Qusar rayon notariat ofisinə qarşı “verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi,qanunla müəyyən olunmuş müddərtin bərpası və Vəsiyyətnamə üzrə vərəsəliyin müəyyən olunması” tələbinə dair Qusar Rayon Məhkəməsində iddia qaldırmışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X30 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 164.1 Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Torpaq Məcəlləsi Madə 83.1 Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Maddə 84.1 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.2 Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 84.3 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2, 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Qusar rayonu Kuzunqışlaq kəndində mərhum atası X7 məxsus fərdi yaşayış evi və torpaq sahəsi üzrə mülkiyyət hüququnun dövlət reyesterində qeydə alınması hüququ vardır və cavabdeh onun bu hüququnu məhdudlaşdırmaqdadır. Cavabdeh iddiaçının hüququnu məhdudlaşdıran fərdi yaşayış evi və torpaq sahəsinə hər hansı hüququnun təsdiq edən sübutu işin faktiki hallarını araşdıran məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, Qusar rayonu Kuzunqışlaq kəndində yerləşən 0.40 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının mərhum atası X5 və X20 adlarına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində yerləşməklə mərhum X7 məxsus fərdi yaşayış evi vardır. İddiaçı həmin evə və torpaq sahəsinə dair özünün vərəsəlik hüquqlarını həyata keçirmək və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilmişi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunmuş, lakin həmin idarənin əməkdaşları tərəfindən müayinə aparılmasına Cavabdeh tərəfindən maneçiliklər törədilmiş və bununla da iddiaçının vərəsəlik hüququ pozulmuşdur. Birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətinin dəlillərində göstərilən xüsasatlara birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilmişdir. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 2(029)-1022/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1139/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1139/2022
25.05.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver