Məhkəmə qərarları › İş №2(105)-1139/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1139/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1139/2025 21.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi , Cavabdeh2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(074)-31/2025 nömrəli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(074)-31/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 291,54 ABŞ dolları əsas borc, 47,23 ABŞ dolları faiz borcu, 40,98 ABŞ dolları əldən çıxmış faydanın əvəzi və 30 ABŞ dolları cərimə olmaqla, cəmi 409,75 ABŞ dolları məbləğində (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnə üzrə manat ekvivalentində) borcun və ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat pulun 175 manat hissəsinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən, 25 manat hissəsinin isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Fərid Yaqubov). Qətnamədən iddiaçı LPO İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borc 2969,55 ABŞ dolları olmaqla, bundan 727,41 ABŞ dolları əsas borc, 314,90 ABŞ dolları faiz borcu, 1824,44 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 102,80 ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 70.49 manat dövlət rüsumu əvəzinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı Kredit müqaviləsi üzrə cavabdehə əsas və dövriyyə vəsaitlərinin alınması məqsədilə, 24 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən, kredit Borcalana “Əsas və dövriyyə vəsaitlərinin alınması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh2” vergi ödəyicisi kimi axtarılmış, lakin həmin ada aid VÖEN müəyyən edilməmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2014-cü il tarixli, 130005386/ZM nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. xx.xx.2014-cü il tarixli ********* saylı Kredit müqaviləsinə 28 aprel 2017-ci il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) 4786 ABŞ dolları, həmin məbləğin tərkibini 3001,39 ABŞ dolları əsas borc, 1109,65 ABŞ dolları faiz borcu və 674,96 ABŞ dolları cərimə borcu təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021ci il tarixədək uzadılmış və illik 8 faiz ödənilməsi müəyyən edilmişdir.Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına baxmayaraq borc ödənilməmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddia qaldırılan vaxta cavabdehlərin iddiaçıya (banka) olan cəmi borcu 2969,55 ABŞ dolları, bundan 727,41 ABŞ dolları əsas borc, 314,90 ABŞ dolları faiz borcu, 1824,44 ABŞ dolları cərimə borcu təşkil etmişdir. Bundan başqa, iddiaçı tərəfindən cavabdehlərə kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 102,80 ABŞ dolları faiz borcu hesablanmışdır. Eləcə də, iddiaçı iş üzrə ödədiyi 70.49 manat dövlət rüsumu əvəzinin cavabdehlər onun xeyrinə tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan iddiaçı LPO İddiaçı ASC apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(074)-31/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə iki dəfə məhkəməmühasibatlıq ekspertizası keçirilməsinə baxmayaraq, hər iki ekspert rəyi mətn və nəticə baxımından eynidir, bu isə xüsusən də təkrar (ikinci) ekspertizanın formal və qeyriobyektiv keçirilməsinə dəlalət edir. Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş bankmaliyyə sənədlərinə və hesabatlarına əhəmiyyət verməyərək təkcə ekspert rəylərini mötəbər və daha üstün sübutlar kimi qəbul etmişdir. Halbuki, iddia ərizəsində göstərilən məbləğlərlə ekspertlərin tərtib etdiyi rəylərdəki məbləğlər arasında böyük fərqlər vardır və bunun səbəbi ödənişlər üzrə silinmələrin ekspertlər tərəfindən düzgün hesablanmamasıdır. Məhkəmə bu hala diqqət yetirməmiş, ekspert rəyinə uyğun qətnamə çıxarmışdır. Məhkəmə cərimə məbləğini azaldarkən öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamış, bu səbəbdən tənasübsüz güzəşt edərək cərimə məbləğini 1.824,44 ABŞ dollarından 30 ABŞ dollarına azaltmışdır. İddiaçının cavabdehlərdən tələb etdiyi faiz borcunun da məbləği məhkəmə tərəfindən əsassız olaraq 314,90 ABŞ dollarından 47,23 ABŞ dollarına azaldılmışdır. Ümumiyyətlə, məhkəmə iddiaçının əsaslı və diqqətəlayiq mənafeyini nəzərə almayan, işin həqiqi hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunması xahiş edilir. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Aynur Mahmudova məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə və işdə olan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(074)-31/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İşin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Mərkəz filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı Kredit müqaviləsi üzrə cavabdehə əsas və dövriyyə vəsaitlərinin alınması məqsədilə, 24 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2014-cü il tarixli, 130005386/ZM nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. 28 aprel 2017-ci il tarixdə tərəflər xx.xx.2014-cü il tarixli ********* saylı Kredit müqaviləsinə 01 nömrəli Əlavə Saziş bağlamışlar. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (restrukturizasiya edilmiş kredit) 4786 ABŞ dolları, həmin məbləğin tərkibini 3001,39 ABŞ dolları əsas borc, 1109,65 ABŞ dolları faiz borcu və 674,96 ABŞ dolları cərimə borcu təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış və illik 8 faiz dərəcəsi müəyyən edilmişdir. Kreditin qaytarılma müddətinin xx.xx.2021-ci il tarixdə sona çatmasına baxmayaraq, cavabdehlərin ödənilməmiş borcları qalmışdır. İddiaçının hesablamasına görə xx.xx.2024-cü il tarixə cavabdehlərin cəmi borcu 2969,55 ABŞ dolları, bundan 727,41 ABŞ dolları əsas borc, 314,90 ABŞ dolları faiz borcu, 1824,44 ABŞ dolları cərimə borcu, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 102,80 ABŞ dolları faiz borcu təşkil etmişdir. İddiaçı həmin borcların cavabdehlərdən tutulub ona ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə isə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Eyni zamanda, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qaydada nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərini və ya borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamış və hazırda cavabdehlərin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi vardır. Belə olan halda iddiaçı verdiyi kreditə və kredit müqaviləsi üzrə öhdəliklərin pozulmasına görə yaranmış borcların ödənilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə kredit müqaviləsi üzrə yaranmış borcun məbləğinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8396 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə sazişin şərtləri əsas götürülməklə, X2 xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) banka olan borcu – əsas borc 291,54 ABŞ dolları, faiz borcu 47,23 ABŞ dolları, əldən çıxmış fayda borcu (illik 5%-lə) 40,98 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclasında iddiaçının nümayəndəsinin vəsatəti təmin edilərək, kredit müqaviləsi üzrə yaranmış borcun məbləğinin dəqiqləşdirilməsi məqsədilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1059 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bağlanmış xx.xx.2017-ci il tarilxi 01 saylı Əlavə sazişin şərtləri əsas götürülməklə, X2 xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) banka olan borcu – əsas borc 291,54 ABŞ dolları, faiz borcu 47,23 ABŞ dolları, əldən çıxmış fayda borcu (illik 5%-lə) 40,98 ABŞ dolları təşkil etmişdir. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 291,54 ABŞ dolları əsas borc, 47,23 ABŞ dolları faiz borcu, 40,98 ABŞ dolları əldən çıxmış faydanın əvəzi və 30 ABŞ dolları cərimə olmaqla, cəmi 409,75 ABŞ dolları məbləğində (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş məzənnə üzrə manat ekvivalentində) borcun tutulmasını qət etmişdir. İddiaçı LPO İddiaçı ASC bununla razılaşmayaraq qətnamədən verdiyi apellyasiya şikayətində iddiasının tam təmin olunmasını xahiş etmişdir. İddiaçı iş üzrə keçirilmiş ilkin və təkrar məhkəmə-mühasibatlıq ekspertizaları zamanı eyni rəy vermiş eskpertlərin düzgün nəticəyə gəlmədikləri qənaətindədir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, həmin dəlillər əsassız və qəbulolunmazdır. Belə ki, apellyasiya şikayətindən görünür ki, iddiaçı özü tərəfindən 727,41 ABŞ dolları məbləğdə tələb olunan əsas borcun ekspert tərəfindən 291,54 ABŞ dolları məbləğinə azaldılması ilə bağlı heç bir etiraz dəlili irəli sürməmiş, dolayısı həmin nəticə ilə razılaşmışdır. Faiz və cərimə borcları, həmçinin zərər (əldən çıxmış fayda) məbləği əsas borca münasibətdə hesablandığından, əsas borcun azalması təbii olaraq digər borcların da azalmasına səbəb olmuşdur. Bu baxımdan faiz borcunun və zərərin (əldən çıxmış faydanın) ekspertlər tərəfindən müəyyən olunmuş məbləğləri düzgün nəticələr kimi qiymətləndirilməlidir. Ekspert rəyindən həmçinin görünür ki, 291,54 ABŞ dolları məbləğdə əsas borcun ödənilməsi 729 gün gecikdirilmişdir və belə olduğu halda müqaviləyə əsasən buna görə təxminən 315 ABŞ dolları (aya 4,5%) cərimə tutulması tələb oluna bilər; məhkəmə həmin cəriməni 30 ABŞ dolları məbləğinə azaltmışdır ki, bu da məhkəmə təcrübəsinə uyğundur. İddiaçının 1824,44 ABŞ dolları məbləğdə cərimə borcu hesablaması səhv olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin hər hansı hissədə təmin olunmasına əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Məhkəmə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin həllinə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxarkən qəbul edilmiş qətnamənin ləğvinə əsas ola biləcək prosessual pozuntulara yol verməmişdir. Ona görə də iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(074)-31/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə apellyasiya şikayəti ilə mübahisələndirilən pul məbləği 2560 ABŞ dolları (4350 manat) təşkil etdiyindən qəbul olunan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(074)-31/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar