Məhkəmə qərarları › İş №2(105)-114/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-114/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-114/2025 18.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-249/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqavilə üzrə cəmi 15000 manat borc və 135 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 15000 manat məbləğində pulun və ödənilmiş 135 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında 07 oktyabr 2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən təsdiq edilmişdir. Qeyd edir ki, 07 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən o, 15000 manat məbləğində pulu borc verməyi, Cavabdeh isə həmin borcu xx.xx.2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin qeyd olunan borc uzun müddət keçməsinə baxmayaraq əsassız olaraq geri qaytarılmamışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildiriş ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün heç bir ödəniş etməmişdir. Həmçinin bildirir ki, müqavilənin 9-cu bəndində tərəflərin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasına həll olunması qeyd edilmişdir. Odur ki, aralarında bağlanan xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Əliyev X1 Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işdən göründüyü kimi həm kredit müqaviləsi, həm də "xxxx" MMC ilə aralarında bağlanmış müqavilələrin hər ikisi eyni şəxslə İddiaçı ilə bağlanmışdır. İddiaçı pul tələbinə dair iddiasında bununla bağlı məhkəməyə heç bir məlumat verməmiş və sonuncu keçirilən məhkəmə iclasına gəlməmiş və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Onun isə sonuncu məhkəmə iclasına gecikməyi səbəbindən müvafiq sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də indiki mərhələdə həmin sənədləri məhkəməyə təqdim edir. İddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə ona heç bir pul məbləği ödənilməmişdir, bu müqavilə aralarında bağlanmış distributer müqaviləsini pərdələmək məqsədi ilə bağlanan əqddir. Ona görə də hesab edir ki, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin qətnaməsi apellyasiya instansiyası məhkəməsi tərəfində tamamilə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi hazırki mübahisəni həll edərkən prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq, mübahisə predmetinə sübutlara MPM-nin 88-ci maddəsinin müddəaları baxımından hüquqi qiymət verməmiş və bunun nəticəsində iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, onların izahatlarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirməmişdir. İddiaçı ilə aralarında iş üzrə müəyyən edilmiş həqiqi hallar və qarşılıqlı münasibətləri ondan ibarətdir ki, onlar arasındakı hüquq münasibətləri kredit deyil, məhz distributer müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehin üzərinə düşən öhdəliyi icra etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdeh qətnaməni mübahisələndirərək, apellyasiya şikayətinin təmin edilməsi və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd olunanlara əsasən hüquqi qiymət verilməlidir. İşdən görünür ki, iddiaçı 07 oktyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsaslanaraq, həmin müqavilə üzrə cavabdehə ödəmiş olduğu pulun ona geri qaytarılmasını tələb edir. Cavabdeh isə ona pulun verilmədiyini, bu müqavilənin distributor müqaviləsini pərdələmək məqsədilə bağladığına istinad edərək iddiaya etiraz edir. Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2021-ci il tarixli qərarında vurğulamışdır ki, hər hansı əqdə istinad edərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Bu mənada məhkəmə kollegiyası ilk öncə iddiaçının əsaslandığı həmin əqdə hüquqi qiymət verilməsini zəruri hesab edir. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının birgə qərardadının 13-cü bəndində qeyd edilmişdir ki, məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olubolmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir. Məlum olduğu kimi, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. “Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarları). Nəzərə alınmalıdır ki, yalan əqd də uydurma əqd kimi görünüş xarakteri daşıyır. Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yalnış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (Mülki Məcəllənin 337.1, 337.3-cü maddələri). Lakin hazırki işdə mövcud əqdin bağlanması zamanı əqdin tərəflərinin hüquqi nəticələr yaratmaq məqsədi olmadan görünüş üçün bağlanması halları müəyyən edilməmiş, əksinə onların müqavilədəki hüquqi nəticənin yaratmaq niyyətlərinin olmuş, bu hal həmin əqdin tərəfi olmuş Cavabdeh birinci instansiya məhkəməsinin 18 dekabr 2023cü il tarixli məhkəmə iclasında verdiyi izahatında (xx.xx.2021-ci il tarixli kredit müqaviləsində qeyd olunmuş öhdəlikləri yerinə yetirməkdən heç vaxt boyun qaçırmadığı, lakin iddia ərizəsində qeyd olunmuş məbləğin onların razılaşdığı məbləğdən çox olduğu və onun tərəfindən müəyyən ödənişlər edildiyini bildirməsi), o cümlədən, mövcud əqdin bağlanmasından sonra iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 15000 manat pul vəsaitinin Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə də götürülməsinə dair "xxxx" ASC tərəfindən verilmiş məxaric sənədində də (işə əlavə edilmiş 607055 nömrəli 07 oktyabr 2021-ci il tarixli çekdə) də öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin istər apellyasiya şikayətində istərsə də apellyasiya baxışında müqavilənin ("xxxx" MMC ilə bağlanmış distributor müqaviləsi olması) barədə izahatını inandırıcı hesab etmir. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş halları Mülki Məcəllənin 739-cu maddəsində müəyyən edilmiş dispozisiya şərtlərinə uyğun olduğundan, bu tələb həmin maddi hüquq normanın dispozisiya şərtləri əsasında həll edilməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 739-cu maddəsinin dispozisiya şərtlərinə görə də bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmış olmalı və bu tələb üzrə pulun verildiyini sübut etmək yükü iddiaçının üzərində olsa da, o bu yükdən o zaman azad edilir ki, cavabdeh bu pulun ona verilmədiyini təkzib edən sübutlarla təsdiq etsin. İşin yüxarıda sadalan hallarından görünür ki, iddiaçı bank vasitəsilə tələb olunan məbləği iddiaçıya ödəmişdir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən kredit müqaviləsi üzrə pulun cavabdehə verilməsini sübut etmə yükü üzərinə düşən iddiaçı tələb etdiyi 07 oktyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 15.000 manat məbləğində pulu cavabdehə verdiyini sübut etdiyi halda, cavabdeh bunu təkzib edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda cavabdeh bunu təkzib edən o cümlədən, qaytarılmasını təsdiq edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar