Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1140/2024 03.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X11 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh MTK-nın nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-1068/2024 nömrəli, 01 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddianın qismən təmin edilməsi, Cavabdeh MTK-dan iddiaçı tərəfindən **- SK-*** dövlət nömrə nişanlı “Nissan Juke” markalı avtomobilin kredit məbləği üçün ödənilmiş 17882.22 manat pul və 144 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh MTK qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan **-SK-*** dövlət nömrə nişanlı Nissan Juke markalı avtomobilin kredit məbləği üçün ödənilmiş 17882.22 manat pulun və dövlət rüsumunun əvəzi kimi 144 manat pulun tutularaq İddiaçı ödənilməsi və tutmanın xüsusi müsadirə tətbiq edilmiş əmlaklara yönəldilməsi və əmlakların hərracdan satılmaqla həmin məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli hökmü ilə (hakimlər: Ə.N.Hacıyev (sədrlik edən və məruzəçi), R.Ə.Sadıxov və F.A.Qəribovdan ibarət tərkibdə) X7 - 16 iyun 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış, Azərbaycan Respublikası CM-nin 162- 1.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2, 312.2 və 313-cü maddələri ilə təqsirli bilinərək CMnin 162-1.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə, CM-nin 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə, CM-nin 192.2.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə,CM-nin 213.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə, CMnin 312.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəzaları əsas cəza ilə əlavə cəzaları əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 10 iyul 2014cü il tarixdən hesablanması hökm edilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq X4 CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. X8 - 21 noyabr 1959-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, CM-nin 162-1.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2. 312.2 və 313-cü maddələri ilə təqsirli bilinərək CM-nin 162-1.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə, CM-nin 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə, CM-nin 192.2.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə, CM-nin 213.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə, CMnin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəzaları əsas cəza ilə əlavə cəzları əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 09 iyul 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq X5 CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. X3 - 10 iyun 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan CM-nin 162-1.1, 178.3.2, 192.2.2, 213.2.2, 308.2. 312.2 və 313-cü maddələri ilə təqsirli bilinərək CM-nin 162-1.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə, CM-nin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə, CM-nin 192.2.2-cimaddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə, CM-nin 213.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə, CM-nin 312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəzaları əsas cəza ilə əlavə cəzaları əlavə cəza ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 11 iyul 2014-cü il tarixdən hesablanması hökm edilmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə müvafiq olaraq X2 CM-nin 313-cü maddəsi ilə cəza təyin edilməmişdir. Həmin hökmlə X1 Azərbaycan Respublikası CM-nin 308.2 və 311.3.3-cü maddələri ilə, X9 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişlər. Həmin hökmlə təqsirləndirilən şəxslərə məxsus bir sıra əmlaklar, o cümlədən **-SK-*** dövlət nömrə nişanlı “Nissan Juke” markalı daşınar əmlakın xüsusi müsadirə edilməsi hökm edilmişdir. Tərəfindən maraqlarına toxunan şəxs qismində həmin hökm mübahisələndirilmiş, lakin Sumqayıt Apellyatsiya Məhkəməsinin 1(105)-360/2023 nömrəli qərarı ilə şikayəti təmin edilməmişdir. Lakin həmin hökmdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, sözügedən avtomobilin kredit yolu ilə “Sevil MTK” tərəfindən alınması, ilkin və “MTK” rəhbərliyi həbs edilənə qədər aylıq ödənişlərin “MTK” tərəfindən ödənilməsi, “MTK” rəhbərliyinin həbs edilməsi ilə bağlı sonrakı ödənişlərin edilməsinin qeyri mümkün olması, növbəti ayların ödənişlərinin İddiaçı tərəfindən ödənilməsi aparılmış araşdırma zamanı müəyyən edilmişdir. Bununla da müəyyən edilmişdir ki, avtomobilin ilkin və aylıq ödənişlərinin bir qismi cinayət yolu ilə əldə edilmiş pul vəsaiti hesabına, yəni “MTK”-nın qanunsuz fəaliyyəti ilə əldə edilmiş pul vəsaiti hesabına edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxslərin mənafeyi nəzərə alınmaqla, habelə avtomobilin dəyərinin bölünüb bir hissəsinə müsadirə tətbiq edilməsi, bir hissəsinə tətbiq edilməməsi mümkün olmadığından kollegiya belə qənaətə gəlir ki, avtomobilə tətbiq edilmiş müsadirə qüvvəsində saxlanılmalı, İddiaçı həmin avtomobilə görə etdiyi hər hansı bir ödənişlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir”. Cavabdehlə arasında əmək müqaviləsi olmuş və o, rəsmi şəkildə cavabdeh MTK-nın əməkdaşı olmuşdur. Çalışdığı dövr ərzində ** SK *** dövlət nömrə nişanlı Nissan Juke markalı avtomobil İddiaçı ilə NBC Bank ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi əsasında 36 ay müddətinə kreditlə əldə edilmiş, kredit müqaviləsi üzrə öhdəlikər İddiaçı tərəfindən ödənilməklə xx.xx.2016-cı il tarixədək kredit ödənilmişdir. Məhkəmənin qərarındada qeyd edildiyi kimi həmin avtomobilin alınması üçün 2000 manat ilkin ödəniş və cəmi 10 müddətində xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü ilin 7-ci ayınadək aylıq 764.70 manat olmaqla ümumilikdə 7647 manat pul vəsaiti ödənilmişdir. Belə ki, avtomobilin ilkin ödənişi və 10 aylıq ödənişləri məhkəmə hökmünə əsasən MTK tərəfindən ödənilməsi qeyd edilsə də əsl həqiqətdə həmin pul vəsaitləri də ona ödənilməli olan faiz məbləğləri idi. Belə ki, satış təmsilçiləri satışdan müvafiq faizlər alırdı ki, bunu da ona avtomobilin alınması və pulun ona ödənilməsi ilə əvəzləşdirmişdir. Bundan başqa avtomobilin ümumi dəyəri (kredit məbləği və faizlə birlikdə) 27529.22 manat təşkil etmiş məhkəmənin müəyyən etdiyinə görə bunun 9647 manatı cavabdehin vəsaiti hesabına ödənilmişdir. Geri qalan 17882.22 manat onun şəxsi vəsaiti hesabına ödənilmiş və bu hal qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təsdiq edilmişdir. Həmin pul məbləği dəymiş zərərin əvəzi kimi cavabdehdən onun xeyrinə tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh MTK Abşeron Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozub, işi tam və hərtərəfli araşdırımayıb, aidiyyət qaydalarını nəzərə almayıb, cavabdehin xəbəri olmadan məhkəmə iclasları keçirib, nəticədə əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Bildirir ki, məhkəmə öz qətnaməsinin 5-ci səhifəsinin 3-ci bəndində “cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Onun adına bağlanmış kredit müqaviləsinin ilk ödənişi və ilk 10 aylıq ödənişlərini "xxxx" MTK tərəfindən ödənildiyi üçün “Nissan Juke” markalı, **-SK- *** dövlət nömrə nişanlı avtomobilə xüsusi müsadirə tətbiq edilmişdir” kimi qeyd etmişdir. Həmçinin, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-360/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, sözügedən avtomobilin kredit yolu ilə “Sevil MTK” tərəfindən alınması, ilkin və “MTK” rəhbərliyi həbs edilənə qədər aylıq ödənişlərin “MTK” tərəfindən ödənilməsi, “MTK” rəhbərliyinin həbs edilməsi ilə bağlı sonrakı ödənişlərin edilməsinin qeyri-mümkün olması, növbəti ayların ödənişlərinin İddiaçı tərəfindən ödənilməsi aparılmış araşdırma zamanı müəyyən edilmişdir. Göründüyü kimi məhkəmənin qərarı ilə "Nissan Juke” markalı, 90-SK-24 dövlət nömrə nişanlı avtomobilə ödənilən məbləğin ilk ödənişi və ilk 10 aylıq ödənişləri cavabdeh tərəfindən ödənilmiş, həmin məbləğə görə də əmlaka müsadirə tədbiq edilmişdir. Lakin, iddiaçının ödədiyi məbləğlər qanuni yolla əldə edilmiş məbləğlər olduğundan onun həmin pulu aidiyyəti qurumdan tələb etmək hüququ vardır. Belə ki, xüsusi müsadirə yalnız ödənilmiş qanunsuz məbləğə münasibətdə tədbiq oluna bilər. Geridə qalan məbləğ isə iddiaçının hüququ olduğundan ona çatmalıdır. Belə olan halda iddiaçı iddianı Cavabdeh MTK-ya deyil, dövlətə qarşı daha dəqiq desə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı qaldırmalı idi. Çünki xüsusi müsadirə tədbiq olunan avtomobil üçün ödənilmiş məbləğlərin bir qismi qanuni yolla əldə edilmiş, onu aidiyyəti orqandan tələb etmək iddiaçının hüququdur. Ona görə də iddiada tələb olunan məbləğin cavabdehdən tutulması ağlabatan deyildir. İddiaçının belə bir tələbə subyektiv hüququ yoxdur. Əks halda cavabdehdən həm iddiaçıya ödənişi həyata keçirməli olacaq, həmdə mübahisəli avtomobilə münasibətdə qanuni yolla ödənilmiş pul vəsait əsassız olaraq dövlətin nəfinə keçəcək və dövlət artıq əsassız varlanmış olacaq. Belə ki, məhkəmə cavabdehin təqsirli hərəkətləri nəticəsində cavabdehə 17882,22 manat maddi ziyanın dəydiyinə istinad etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin pul vəsaitin cavabdeh əldə etməmiş, eləcə də iddiaçıya avtomobil sahibi olmaqda yalnız yardım etmişdir. Hazırda iddiaçının müqavilə əsasında əldə etdiyi əmlakdan müsadirənin tədbiq edilməsi nəticəsində məhrum edilməsi cavabdehin təqsirli hərəkəti kimi qiymətləndirilməməlidir. Çünki iddiaçı müsadirə ehtimalı olduğunu bildiyi halda ödənişlərə davam etmişdir. Onuda qeyd edək ki, iddiaçının tələb etdiyi məbləğ qanuni yolla əldə edilən məbləğ olduğundan onu cavabdehdən deyil müsadirəni həyata keçirən orqandan və ya dövlətdən tələb etməlidir. Hazırda iddiaçının cavabdehdən iddiada göstərilən pul vəsaitini tələb etməsi yolverilməzdir. Belə olan halda cavabdeh həm iddiaçıya ödənişi həyata keçirməli olacaq həmdə mübahisəli avtomobilə münasibətdə qanuni yolla ödənilmiş pul vəsait əsassız olaraq dövlətin nəfinə keçəcək və dövlət artıq əsassız varlanmış olacaqdır. Ona görə də hesab edir ki, iddiaçı cavabdehə iddia qaldırmaqda haqlı deyildir. Həmçinin mövcud məsələ üzrə belə bir hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 24 fevral 2022-ci il tarixli Qərarında da öz əksini tapmışdır. Göstərilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilmişdir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsitəminatınacavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir. Lakin məhkəmə tərəfindən bu hallar nəzərə alınmamış, əsassız olaraq qətnamə qəbul edilmişdir. Məhkəmə işə baxarkən aidiyyət qaydalarını pozmaqla işi icraata qəbul etmişdir. Belə ki, iddiaçı ********** saylı VÖEN-lə sahibkarlı fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Cavabdeh isə ********** saylı VÖEN-lə fəaliyyət göstərən hüquqi şəxsdir. Tərəflər arasında yazılı qaydada olmasa da şifahi qaydada razılaşma olmuş, həmin razılaşma əsasında iddiaçı mülkiyyətinə avtomobil əldə etmiş, həmin avtomobilin ilkin ödənişi və sonrakı 10 aylıq ödəniş cavabdeh tərəfindən həyata keçirilmişdir. Hesab edir ki, zərərin əvəzinin alınması (qətnamə qanuni qüvvəsini aldığı halda) istər-istəməz iddiaçının da sahibkarlıq fəaliyyətinə müsbət mənada təsir göstərəcəyi şübhə doğurmur. Ona görə yuxarıda sadalanan hallar nəzərə alınmaqla iş kommersiya məhkəməsində baxılmalı idi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun nirəlşİ“ ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarının 12 və 13-cü bəndlərində formalaşdırılmış hüquqi mövqelərə (bax bu qərarın 7-ci bəndinə) görə, hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Məhkəmə tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün tədbirlər görülməmiş, sübutların təqdim edilməsi üçün cavabdehə şərait yaradılmamış, mövcud olan sübutlar isə düzgün qiymətləndirilməmişdir. Belə ki, cavabdeh məhkəmə prosesləri barədə məlumatlı olmadığından öz sübutlarını və vəsatətlərini məhkəməyə təqdim etmək imkanınada sahib olmamışdır. Məhkəmə isə həmin hallara nəzərə almamışdır. Birinci instansiya məhkəməsi mülki qanunvericiliyinin tələblərini və prosessual hüquq normalarını nəzərə almamışdır. Məhkəmə tərəfindən məhkəmə aidiyyəti qaydalarına riayət olunmamışdır. İddiaçının cavabdehə belə bir iddia qaldırmaqda suyektiv hüququ yoxdur. İddiaçı məhkəmə proseslərindən məlumatlı olmadığından öz sübutlarını və vəsatətlətini təqdim etmək imkanından məhrum edilmişdir. Məhkəmə işin hallarını hərtərəflli araşdırmamış, yalnız sənədləri sadalamaqla kifayətlənmiş, cavabdeh isə ümumilikdə öz sübutlarını təqdim etməkdən məhrum olmuş, məhkəmələr barədə məlumatlı olmamış, iddia tələbini isə əsassız olaraq təmin etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh MTK-nın nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehin təqsirli hərəkəti nəticəsində “Nissan Juke” markalı, ** SK *** dövlət nömrə nişanlı avtomobilə xüsusi müsadirə tətbiq edilməsi və İddiaçı 17882,22 manat məbləğində maddi ziyanın dəyməsinin Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarında da öz təsdiqini tapması ilə əsaslandırmışdır. Cavabdeh məhkəmənin gəldiyi bu nəticədən narazı qalaraq qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmununa əsasən iddia tələbinin təmin edilən hissəsində mübahisləndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə sözügedən avtomobilin kredit yolu ilə “Sevil MTK” tərəfindən alınması, ilkin və “MTK” rəhbərliyi həbs edilənə qədər aylıq ödənişlərin “MTK” tərəfindən ödənilməsi, “MTK” rəhbərliyinin həbs edilməsi ilə bağlı sonrakı ödənişlərin edilməsinin qeyri-mümkün olması, növbəti ayların ödənişlərinin İddiaçı tərəfindən ödənilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi zərərin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 21, 1096.1., 1097.1-ci maddələri təşkil edir. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələri). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (Mülki Məcəllənin 1096.1. və 1097.1. maddələri). Qeyd olunmalıdır ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (Mülki Prosessual Məcəllənin 82.4. maddəsi). Qeyd etmək lazımdır ki, cavabdehin təqsirli hərəkəti nəticəsində “Nissan Juke” markalı, ** SK *** dövlət nömrə nişanlı avtomobilə xüsusi müsadirə tətbiq edilmiş və bunun nəticəsi olaraq İddiaçı 17882,22 manat maddi ziyan dəymişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qüvvədə olan məhkəmə aktı ilə cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması öz təsdiqini tapdığından, İddiaçı Cavabdeh MTK-ya qarşı iddia qaldırmaqda haqlı olmuş və birinci instansiya məhkəməsi də cavabdehdən 17882.22 manat pulun tutulması barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1140/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1140/2024
03.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver