Məhkəmə qərarları › İş №2(105)-1141/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1141/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1141/2023 12.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)- 1240/2022 nömrəli qərardadından cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə4 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 4-xx-xx-2015-YS-AAAF-R0 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 31057.28 manat əsas, 1789.05 manat faiz olmaqla, ümumilikdə, cəmi 32846.33 manat borcun və ödənilmiş 188.54 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra, iddiaçı "xxxx" ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 31057.28 manat əsas, 2473.25 manat faiz olmaqla, ümumilikdə, cəmi 33530.53 manat borcun və 188.54 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2(012)-1240/2022 saylı qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilmiş, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 4-xx-xx-2015-YS-AAAF-R0 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 31057.28 manat əsas, 2473.25 manat faiz olmaqla, ümumilikdə, cəmi 33530.53 manat borc, 188.54 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqının iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

4. Cavabdeh "xxxx" MMC Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2(012)-1240/2022 saylı qətnaməsindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

5. Abşeron Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, e-2(012)-1240/2022 saylı qərardadına əsasən, cavabdeh "xxxx" MMC tərəfindən Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2(012)-1240/2022 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır.

6. Cavabdeh "xxxx" MMC Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2(012)-1240/2022 saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

7. Abşeron Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, e-2(012)-1240/2022 saylı qərardadına əsasən, müddətin bərpasından imtina edilmiş, Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, e-2(012)-1240/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC-nin verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır.

8. Cavabdeh "xxxx" MMC Abşeron rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli e- 2(012)-1240/2022 saylı qərardadından xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir.

9. Abşeron Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, e-2(012)-1240/2022 saylı qərardadına əsasən, Abşeron rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, e-2(012)- 1240/2022 saylı qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmə aktı olaraq qərardadlardan şikayət verilməsi və həmin şikayətin məhkəmə aktını qəbul edən məhkəməyə ünvanlanması nəzərdə tutulduğu halda, hazırki iş üzrə cavabdeh tərəfindən məhkəmə qərardadından “şikayət” deyil, “apellyasiya şikayəti” verilmiş, həmçinin, həmin şikayət “Abşeron Rayon Məhkəməsi”nə ünvanlanmalı olduğu halda, “Sumqayıt Apellyasiya Məhkəməsi”nə ünvanlanmış, eyni zamanda, cavabdeh tərəfindən tərtib olunmuş apellyasiya şikayətinə nəzər yetirdikdə ünvan rekvizitlərini əlavə etməməklə şikayətin forma və məzmununa riayət edilməmişdir. Ona görə də apellyasiya şikayəti geri qaytarılmalı, şikayətin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən müddətin bərpasına dair ərizə əlavə edilməklə qərardaddan şikayət ilə müraciət etmək hüququ izah olunur.

11. Cavabdeh "xxxx" MMC Abşeron Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli e-2(012)-1240/2022 saylı qərardadından xx.xx.2023-cü il tarixdə şikayət vermişdir.

12. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-1240/2022 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, e-2(012)- 1240/2022 saylı qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətin əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

13. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə suni şəkildə cavabeh tərəfindən şikayət hüququnu məhdudlaşdırmağa çalışır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin qərardad cəmiyyətin Konstitusiyanın 60-cı maddəsi ilə müəyyən edilmiş hüquq və azadlıqlarının inzibati və məhkəmə təminatı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə hüququ, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 88, 220ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6 və 152-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmələrə əlçatanlığın təmin edilməsi və müraciət imkanlarının daha da genişləndirilməsi həm də sahibkarların hüquqlarının etibarlı müdafiəsi üçün zəruridir. Məhkəmə əlçatanlığı prinsipi ədalətli və qanuna uyğun həyata keçirilməli olan ədalət mühakiməsi konsepsiyasının əsasını təşkil etməklə hər kəsin məhkəmə müdafiəsi hüququndan istifadəsini məhdudlaşdıran və ya istisna edən maneələrin aradan qaldırılmasına yönələn dövlət siyasətinin elementlərinin məcmusu kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar). Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1420/2023 saylı qərardadının ləğv edilməsini xahiş edən cavabdeh "xxxx" MMC-nin şikayətinin “apellyasiya şikayəti olub-olmaması”, həmçinin şikayətin “Abşeron Rayon Məhkəməsinə” deyil, “Sumqayıt Apellyasiya Məhkəməsinə” ünvanlanması kimi texniki-mexaniki kiçik səhvlərə görə şikayətə baxılmaması süni maneə kimi qiymətləndirirlər.

b) Şikayətə qarşı etirazın dəlilləri

14. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 267. Qərardadlardan şikayət verilməsi

267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

Maddə 269. Şikayətə baxılması

269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.

Maddə 361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir.

Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 363.1.4. apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa; 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

17. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin tələblərinə görə birinci instansiya məhkəməsinin qərardadından şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilməli və şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılmalıdır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirməli və ya ləğv etməli və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirməlidir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra işlə birlikdə müvafiq olaraq apellyasiya və ya kasasiya instansiyası məhkəmələrinə göndərilməlidir.

20. Göründüyü kimi yuxarıda adı çəkilən 28 fevral 2023-cü il tarixli qərardaddan həmin qərardadı qəbul etmiş Abşeron Rayon Məhkəməsinə şikayət verilməli olduğu halda cavabdeh "xxxx" MMC Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanan apellyasiya şikayəti tərtib edərək məhkəməyə təqdim etmişdir. Məhkəmə isə cavabdehin verdiyi şikayətin forma və məzmununa riayət edilməməsinə əsaslanaraq həmin apellyasiya şikayətinin geri qaytarılması haqqında qərardad qəbul etmiş, eyni zamanda şikayətin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldırdıqdan sonra yenidən müddətin bərpasına dair ərizə əlavə edilməklə qərardaddan şikayət vermək hüququnun olduğunu cavabdehə izah etmişdir.

21. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiyası məhkəməsi şikayət daxil olduqda onu vermiş şəxsin şikayəti vermək hüququna malik olmasını, şikayətin qanunla müəyyən olunmuş müddətdə verildiyini, şikayətin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda şikayətə baxılmalı, göstərilən tələblərə cavab vermədiyi halda isə, şikayətin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından şikayət təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-1240/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-1240/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar