Məhkəmə qərarları › İş №2(105)-1143/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1143/2024

04.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1143/2024 04.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2(060)-2042/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8788/2016 saylı, 20 iyun 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2016- cı il tarixli, 2(060)-8788/2016 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2002-ci il təvəllüdlü X4 oğlunun və xx.xx.2008-ci il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay hər uşağa görə 117 manat olmaqla, ümumilikdə 234 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qət edilmişdir. Cavabdeh ilə xasiyyətləri uyğun gəlmədiyindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)- 5363/2018 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Cavabdeh Sumqayıt Dram Teatrının aktyorudur, yaxşı qazanc əldə edir, onun aylıq qazancı 1500- 2000 manat təşkil edir. Toy şənliklərində əlavə çıxışları olur, bu səbəbdən yaxşı gəlir əldə edir. Lakin uşağın saxlanmasına heç bir köməklik göstərmir. Hesab edir ki, hazırda bu məbləğ indiki reallıqda uşağın saxlanması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması, təhsili və s. bu kimi işlərin görülməsi üçün faktiki olaraq kifayət etmir. Hazırda sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının artırılmasına zərurət yaranmışdır və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2(060)-2042/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8788/2016 saylı, 20 iyun 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh dövlət rüsumu qismində 48 (qırx səkkiz) manat, 20 (iyirmi) qəpik məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Vəfa Şirəliyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 2(060)-2042/2024 nömrəli qətnaməsinin qət etdi hissəsində “xx.xx.2008-ci il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi” hissəsində “xx.xx.2008-ci il təvəllüdlü X5 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı xx.xx.2008-ci il təvəllüdlü X5 oğlunun adına açılmış bank hesabına köçürülməsi” kimi dəyişdirilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı faktiki olaraq, 2 ildir ki, Kanadada yaşayır. Onun tərəfindən ödənilən aliment övladlarının ehtiyaclarına deyil, iddiaçının şəxsi istifadəsi üçün sərf olunur. Belə ki, xx.xx.2008-ci il təvəllüdlü X5 oğlu hazırda yetkinlik yaşına çatmış oğlu xx.xx.2002-ci il təvəllüdlü oğlu X4 oğlunun himayəsində yaşayır. Onların maddi və mənəvi tələbatlarını isə ataları olaraq o, qarşılayır. Belə olduğu halda, hesab edir ki, alimentin iddiaçıya ödənilməsi qanunsuz və əsassızdır. Çünki ödənilmiş aliment məbləği övladlarına sərf olunmur. Övladları anası ilə birlikdə deyil, burada oğlunun və onun himayəsində qaldığına görə və onsuz da oğlunun bütün ehtiyacları onun tərəfindən qarşılandığına görə hesab edir ki, ondan tutulması qət edilən aliment məbləği iddiaçıya deyil, övladının adına açılmış bank hesabına köçürülməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştiak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi X1 ilkin mediasiya sessiyasında iştirak etmiş və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5363/2018 saylı, 11 iyun 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında xx.xx.1998-ci il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2002-ci il təvəllüdlü X4 oğlu və xx.xx.2008-ci il təvəllüdlü X5 oğlunun boşanmadan sonra anaları İddiaçı yanında qalması qət edilmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.9-cu bəndində göstərilmişdir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 08 dekabr 2023-cü il tarixli birgə qərardadında qeyd edilmişdir ki, alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunduğundan ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Göründüyü kimi cavabdehin iddiaçının alimenti təyinatına uyğun olmayaraq istifadə etməsini apellyasiya şikayətinin dəlili kimi qeyd etdiyindən bunu sübut etmə vəzifəsi də onun üzərinə düşür. Lakin cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlilini sübuta yetirə bilməmişdir.Bundan əlavə məhkəmə kollegiyasının iclasında dindirilmiş tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 oğlu alimentin onun ehtiyaclarına xərcləndiyini, nənəsinin ona baxdığını, buna görə də alimentin anasının etibarnamə üzrə nümayəndəsi olan nənəsinin sərəncamında olmasına etiraz etmədiyini bildirdi. Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən aliment almaq uşağa məxsus olan hüquq olduğundan sərəncamına aliment daxil olan valideynin alimenti tam olaraq təyinatı üzrə xərcləmədiyi müəyyən edilən hallarda 55.3-cü maddənin tələbləri tətbiq edilə bilər ki, hazırki işin halları üzrə bu müəyyən edilmir. Odur ki, tərəflərin xx.xx.2008-ci il təvəllüdlü övladı X5 oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi uşağın mənafeyi baxımından məqsədəuyğundur. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, e-2(060)-2042/2024 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar