Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1143/2025 13.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(060)-237/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh 11000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 123 manat dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(060)-237/2025 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
3. Həmin qətnamədən narazı qalan İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(060)-237/2025 saylı qətnaməsindən şikayət vermişdir.
4. 03 iyun 2025-ci il il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(060)-237/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti və Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(060)-237/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizəsi daxil olmuşdur.
5. Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2025-ci il tarixli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(060)- 237/2025 nömrəli qətnaməsindən şikayət verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
6. İddiaçı 12 iyul 2025-ci il tarixdə həmin qərardaddan şikayət verərək, qərardadı ləğv etməklə apellyasiya şikayəti müdətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyul 2025-ci il tarixli 2(060)-237/2025 nömrəli qərardadı ilə (hakim Vəfa Şirəliyeva) şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, mülki iş üzrə məhkəmə qətnaməsi 30 yanvar 2025-ci il tarixdə qəbul edilsə də, o, qətnamənin surətini yalnız 13 may 2025-ci il tarixdə almış və onun adına elektron kabinet olsa da, həmin kabinetdən istifadə etməmiş və kabinet bağlı olmuşdur. Yalnız 26 may 2025-ci il tarixdə o, Asan Xidmət Mərkəzinə müraciət edərək yenidən sertifikatın aktivləşdirilməsi barədə bildiriş almış və elektron kabineti aktivləşdirmişdir. Hazırkı qətnamənin surətini 13 may 2025-ci il tarixdə məhkəməyə ərizə verməklə rəsmi qaydada əldə etdiyi üçün şikayətin verilməsi üçün MPMin 360-cı maddəsində nəzərdə tutulan 1 aylıq şikayət müddətini məhkəmə qətnamənin surətinin ona rəsmi qaydada verildiyi gündən hesablamalı olduğu halda bunu etməmiş və onun prosessual hüquqları pozulmuşdur. Halbuki o, müddətin bərpası barədə vəsatət verərək müddətin bərpasını xahiş etmişdir. Lakin məhkəmə birtərəfli və qeyri-obyektiv mövqe nümayiş etdirməklə belə qənaətə gəlmişdir ki, müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübut ərizəyə əlavə edilməmiş, eyni zamanda məhkəmə iclasında təqdim etməmişdir. Elektron kabinetindən istifadə etməməsi məhkəmənin qətnaməsindən şikayət verilməsi üçün müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Halbuki onun həyat yoldaşı 2-ci qrup əlildir, əmək qabifiyyətsizdir, himayəsində azyaşlı övladı vardır və onun bütün problemləri onun üzərinə düşdüyü üçün onun hər dəfə elektron nömrəni aktivləşdirmək və sistemə daxil olmaq imkanı olmamış və məhkəmə də bu halları nəzərə almamışdır.
b) Şikayətə qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. (...)
11. Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
12. Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.
13. Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi (...) 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. (...)
14. Maddə 357. Apellyasiya şikayəti vermək hüququ 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. (...)
15. Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
16. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri Maddə 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
18. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: (...) 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; (...)
19. Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
20. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
22. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(060)-237/2025 nömrəli qətnaməsi 18 fevral 2025-ci il tarixdə İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmiş, lakin iddiaçı apellyasiya şikayətini 03 iyun 2025-ci il tarixdə verməklə, 1 aylıq şikayət vermə müddətini ötürmüşdür.
25. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
26. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(060)-237/2025 nömrəli qətnaməsindən şikayət verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilməsi ilə bağlı ərizə ilə müraciət etsə də, müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübutu ərizəsinə əlavə etməmiş, eyni zamanda məhkəmə iclasında təqdim etməmişdir. Onun elektron kabinetindən istifadə etməməsi məhkəmənin qətnaməsindən şikayət verilməsi üçün müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsas ola bilməz.
27. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə qiymətləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır, şikayətin dəlillərini əsassız hesab edir, kollegiyanın qənaətincə birinci intansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad prosessual hüquq normalarının tələblərinə uyğundur, qərardadın ləğv edilməsi üçün əsas yoxdur.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün MPM-in 385.1-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olmadığından, şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(060)-237/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, 2(060)-237/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.