Məhkəmə qərarları › İş №2(105)-1146/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1146/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1146/2023 22.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Unibank KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı «X3» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(060)-986/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi İşin halları

1. Kreditverən "xxxx" ASC ilə kreditalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 698nkSUM/22 saylı kredit müqaviləsindən görünür ki, kreditverən kreditalana 39 ay müddətinə, illik 25 faiz ödənilmək şərtilə 7175 manat kredit verməyi öhdəsinə götürmüşdür.

2. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, kreditalan ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2025-ci il tarixinə kimi hər ay 271 manat (sonuncu ay isə 252.6 manat) ödəməklə qaytarmalıdır.

3. »Unibank KB» ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, bank tərəfindən borcalana kredit müqaviləsi üzrə borc 3 iş günü müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

4. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, kreditalanın "xxxx" ASC-yə 6929.7 manat əsas, 829.03 manat faiz, 21.36 manat cərimə olmaqla, cəmi 7780.09 manat borcu vardır.

5. Çıxarışın surətindən görünür ki, "xxxx" ASC-adlı qurum VÖEN: ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının müqdarına dair, qanuni təmsilçi X6 olmasına dair xx.xx.2017-ci il tarixli, **********253900 nömrə ilə çıxarış verilmişdir.

6. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Quliyev X2 rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 6 ünvanında qeydiyyatdadır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli 698nkSUM/22 saylı kredit müqaviləsi üzrə 6929.7 manat əsas, 829.03 manat faiz, 21.36 manat cərimə olmaqla, ümumilikdə, cəmi 7780.09 manat borcun və 98.31 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 698nkSUM/22 saylı kredit müqaviləsinə əsasən, cavabdehə istehlak məqsədləri üçün 39 ay müddətinə qaytarmaq, illik 25% ödəmək şərtilə 7175 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcalana qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixə 6929.7 manat əsas, 829.03 manat faiz, 21.36 manat cərimə olmaqla, cəmi 7780.09 manat borcu qalmışdır. Göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.

9. Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(060)-986/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2022-ci il tarixli 698nkSUM/22 saylı kredit müqaviləsi üzrə 6929.7 (altı min doqquz yüz iyirmi doqquz manat yetmiş qəpik) manat əsas, 829.03 (səkkiz yüz iyirmi doqquz manat üç qəpik) manat faiz, 1 (bir) manat cərimə olmaqla, ümumilikdə, cəmi 7759.73 (yeddi min yeddi yüz əlli doqquz manat yetmiş üç qəpik) manat borc və 98.31 (doxsan səkkiz manat otuz bir qəpik) manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Eyni zamanda məhkəmə hesab etmişdir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən, onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia ərizəsi qismən təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 698nkSUM/22 saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq Cavabdeh 6929.7 manat əsas, 829.03 manat faiz, 1 manat cərimə olmaqla, cəmi 7759.73 manat borc və ödənilmiş dövlət rüsumuna görə 98.31 manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. 11.Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 739.1, 739.2, 385.1, 442, 445, 443.1, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4, 218.3-cü maddələrinə istinadən əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(060)-986/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə faiz məbləği və əsas borcun düzgün olub olmaması barədə ekspertiza təyin etməmiş, yalnız iddia tələbində qeyd olunanlar əsasında qətnamə qəbul etmişdir. Onun himayəsində aliment ödədiyi yetkinlik yaşına çatmayan övladı vardır. Bundan başqa onun böyük övladı vəfat edib və onun övladları vardır. O uşaqlar da cavabdehin himayəsindədirlər. Belə ki, onların maddi ehtiyaclarını cavabdeh qarşılayır. İddia tələbində ona qarşı əlavə məbləğlər hesablanmışdır ki, onun bu məbləği ödəmə imkanı yoxdur. Məhkəmə tərəfindən prosessual hüquq normaları pozulmuş, qanunvericilik normaları səhv tətbiq və təfsiredilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və nəticədə ədalətsiz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq işin təxirə salınmasını xahiş etmiş, lakin üzrlü səbəb barədə məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq 16.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır

Apellyasiya baxışının hədləri

18.Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(060)-986/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Ona görə də kollegiya iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İddia tələbindən görünür ki, tələb öhdəlik münasibətlərindən irəli gəlib, mövcud kredit müqavilələsi üzrə yaranmış borcun (o cümlədən əsas, faiz və cərimə borcunun) cavabdehdən alınması barədədir

22. İşin faktiki hallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə tədqiq edən apellyasiya kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2022ci il tarixli, 698nkSUM/22 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 39 ay müddətinə, illik 25 faiz ödənilmək şərtilə 7175 manat kreditin verilməsi, həmin kreditin cavabdeh tərəfindən əldə edilməsi işin mübahisəsiz halını təşkil edir.

23. İşin məhkəmə tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdehlər arasında müvafiq olaraq kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib. 24.Öyrənilən işin müəyyən edilmiş hallarından göründüyü iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Odur ki, cavabdehln iddiaçının qarşısında icra edilməmiş pul öhdəlikləri vardır.

25. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə kollegiya qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür.

26. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir.

27. Əlavə olaraq borcun düzgün hesablanmadığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmişdir. Çünki, hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz.

28. Kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən, Cavabdeh həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. İddia tələbindən, habelə cavabdeh tərəfindən təkzib edilməyən hallardan müəyyən olunur ki, cavabdeh sözügedən kredit vəsaitini əldə etmiş, lakin kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(060)-986/2023 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar