Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1147/2024 27.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(060)-2335/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6372/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay bir uşaq üçün 235 manat olmaqla, cəmi iki uşağa görə 470 manat sabit pul məbləğində alimentin tutulub birgə nikahlarından olan xx.xx.2015-ci ii təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılması, həmçinin mediasiya üçün ödədiyi 60 manat rüsumun da cavabdehə aid edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2017-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5572/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması, birgə nikahlarından olan uşaqların onun yanında qalması və onların saxlanması üçün hər ay bir uşaq üçün 60 manat olmaqla cəmi 120 manat sabit pul məbləğində alimetin tutulub ona verilməsi qət edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6372/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060) 5572/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği dəyişdirilmiş və birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimetin tutulub ona verilməsi qət edilmişdir. Qeyd edir ki, o, hazırda 200 manat aliment alır. Həmin məbləğdə aliment ilə də uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların təlabatları da günü-gündən artır. Hesab edir ki, uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2024-cü il respublikada uşaqlar üçün yaşayış minimumunun 235 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6372/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay bir uşaq üçün 235 manat olmaqla cəmi iki uşağa görə 470 sabit pul məbləğində aliment tutulub ona verilməlidir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(060)-2335/2024 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbi qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6372/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 60 (altmış) manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6372/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəfələrlə dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə cavabdehin aylıq qazancının (əmək haqqı, pensiya və əlavə gəlirlər) məbləğini, uşaqların sayını və uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat məbləğində müəyyən edilməlidir.
6. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 75, 78, 112.1-ci maddələrinə, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa istinad edərək iddianı qismən təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər
7. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(060)-2335/2024 nömrəli qətnaməsinin dəyişdirilərək, iddia tələbimin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, 350 manat məbləğində alimentlə bir ay ərzində iki uşaq saxlamaq mümkün deyil. Çünki yaşayış minimumum 2024-cü ildə uşaqlar üçün 235 manat məbləğində müəyyən olunub. İddia tələbində hər uşağa görə 235 manat aliment tələb etmişdir. Hesab edir ki, məhkəmə 2024-cü il üçün yaşayış minimumum haqqında qanunun tələbinə əsasən 235 manat aliment müəyyən edə bilərdi. Lakin işə baxan məhkəmə əsassız olaraq alimenti az məbləğdə müəyyən etmişdir. Halbuki qanunverciliyin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırda yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, məhkəmə iddia tələbini qismən təmin etməklə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbini kobud şəkildə pozmuşdur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunun müəyyən edən qanunvercilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o vergi tutulduqdan sonra 326 manat əmək haqqı və 150 manat pensiya alır. 476 manat gəliri var, Aylıq 35 manat kredit ödənişi var. İddiaçı onunla bir evdə yaşayır, evin bütün tələbatını özü ödəyir. İş olanda şənliklərdə kloun kimi işləyir. Bu da nadir hallarda baş verir. Qətnamədən şikayət verməmiş, lakin 350 manat aliment tutulmasına etiraz edir. 200 manat aliment tutulmasını xahiş edir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6372/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060) 5572/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində alimetin tutularaq ona verilməsi qət edilmişdir.
13. AZ-T 160799 saylı və AZ-İİİ 927257 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 adlı iki övladları doğulmuşdur.
14. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 60 (50+10) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir.
15. AZ-İ 373545 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur.
16. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh "xxxx" MMC-də Sumqayıt şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işləyir və 345 manat əmək haqqı və əlilliyə görə 150 manat pensiya alır.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
19.“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
20. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir.
21. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
22. Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(060)-2335/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayəti üzrə tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
24. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6372/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəfələrlə dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə cavabdehin aylıq qazancının (əmək haqqı, pensiya və əlavə gəlirlər) məbləğini, uşaqların sayını və uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat məbləğində müəyyən edilməlidir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razışaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə aliment məbləğini qət edilən həcmdə artırarkən düzgün nəticəyə gəlmişdir.
26. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün müəyyən edilmiş 100 manat məbləğindəki aliment 2021-ci ilin avqust ayında tutulmuş, həmin tarixdən sonra respublikada yaşayış minimumu dəfələrlə dəyişiklərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır.
27. Məhkəmə kollegiyası iddiaçının ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsinə və alimentin də həmin məbləğdə müəyyən edilməsi ilə bağlı apellyasiya şikayətinin dəliinə münasibətdə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin hər ay 470 manat aliment ödəməsinə dair maddi imkana malik olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İşdə olan sübutlarla isə cavabdehin gəlirinin təxminən aylıq 500 manat ətrafında olması müəyyən edilir. 2024-cü il üçün müəyyən edilmilş 235 manatlıq yaşayış minimumu məbləği nəzərə alındıqda qət edilmiş 175 manat aliment məbləği, həmin yaşayış minumumu məbləğinin əhəmiyyətli hissəsini təşkil edir. Uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, o cümlədən qeyd olunan hallar nəzərə alındıqda iddiaçının apellyasiya şikayətinin əsassız olması öz təsdiqini tapır.
29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(060)-2335/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(060)-2335/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.