Məhkəmə qərarları › İş №2(105)-1149/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1149/2025

18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1149/2025 18.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, Quba Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(027)-1283/2011 nömrəli qətnaməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunmayan hesab edilməsi barədə həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(027)-1283/2011 nömrəli qərardadından ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(027)-1283/2011 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı əqdinin bağlanmış hesab edilməsi və torpağa mülkiyyət hüququnun tanınması tələbinə dair” iddiası təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2002-ci il tarixdə bağlanmış Quba şəhəri 2-ci kvartalda yerləşən 150 kv.metr torpaq sahəsinin alqı-satqısı haqqında əqdin etibarlı hesab edilməsi, həmin torpaq sahəsinin İddiaçı adına dövlət qeydiyyatına alınıb Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə həvalə olunması qət edilmişdir (hakim Füzuli Pənahov). Həmin qətnamədən ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Quba Rayon Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1283/2011 nömrəli qərardadı ilə apellyasiya şikayəti, səlahiyyətsiz (hüququ olmayan) şəxs tərəfindən verildiyinə görə, geri qaytarılmışdır (hakim Vüqar Seyidov). Məhkəmə apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadını belə əsaslandırmışdır ki, qanunvericiliyə müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vətəndaşların mülkiyyət hüquqlarının tanınması üçün təqdim etdikləri sənədləri, tələblərə cavab verdikdə qəbul etməli, əks təqdirdə bundan imtina etməlidir. Həmin sənədlərin mübahisələndirilməsi Xidmətin səlahiyyətinə aid deyil... Konkret işdən də görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi ümimiyyətlə tərəf kimi işə cəlb edilməmişdir. Onun şikayət etdiyi hallar işdə cavabdeh olan, maraqlarına toxunulan şəxslər tərəfindən mübahisələndirilə bilər və onların səlahiyyətlərinə aiddir. ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi isə çıxarılmış qətnaməni icra etməli olduğu halda, Quba Rayon Məhkəməsinin 2-1283/2011 saylı, 28 oktyabr 2011-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir... Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mülki işlə əlaqədar apellyasiya şikayəti vermək hüququ olmadığından və şikayət Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğun gəlmədiyindən geri qaytarılmalıdır. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1283/2011 nömrəli qərardadından ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi şikayət verərək, həmin qərardadın ləğv edilməsini və Quba Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(027)-1283/2011 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin müvafiq mülki işin materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1283/2011 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Vüqar Seyidov). Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(105)-703/2025 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-1283/2011 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının tam, bununla bağlı xx.xx.2025-ci il tarixli qərardadının isə qismən - “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilərək, işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin Məhkəməyə qaytarılması qərara alınmışdır. Apellyasiya məhkəməsi qərardadında göstərmişdir ki, o şəxslər qəbul edilmiş məhkəmə qətnaməsi ilə hüquq və vəzifələrinə toxunulan şəxs kimi tanına bilər ki, işə məhkəmədə baxılarkən iş üzrə tərəf kimi cəlb edilməmişdir, qəbul edilmiş qətnamə isə həmin şəxsin hüquq və vəzifələrinə birbaşa aiddir, lakin məhkəmənin iş üzrə tədqiq olunmuş sübutlar əsasında həmin şəxsi müəyyən etmək və həmin şəxsin onun hüquq və vəzifələrinə dair məhkəmədə hansısa işə baxıldığı barədə məlumatlanmaq imkanı olmamışdır. Hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qanunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır. Hüquqi maraq bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur. Bu, məhkəmə qərarının prosesdə tərəf olmayan digər şəxslərin hüquqi vəziyyətlərinə göstərə biləcəyi mümkün təsirlə bağlı məsələdir. Bir qayda olaraq, qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Digər halda isə hüquqi statusa bu qaydada birbaşa təsirlə bağlı olmayan maraqlara toxunma halı mövcud olur. Lakin baxılan işdən görünür ki, tələbə baxılan ərəfədə hazırkı apellyator iş üzrə 3-cü şəxs qismində işə cəlb olunmamaqla, qəbul edilmiş qətnamədən məlumatsız olmuş, apellyasiya şikayətini geri qaytaran birinci instansiya məhkəməsi də baxılmış iddianın spesifikliyini nəzərə almadan apellyasiya şikayətini geri qaytarmışdır. Məhkəmə kollegiyası sonda vurğulayır ki, bu kimi halda birinci instansiya məhkəməsi çəkişmə prinsipinə riayət etməklə, MPM-in 364-cü maddəsinin tələbi baxımından apellyasiya şikayəti vermiş şəxsin (o cümlədən hüquqi şəxsin) qəbul edilmiş qətnamənin onların hansı hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalı və bunun nəticəsinə dair qərardad qəbul etməlidir. Lakin Quba Rayon Məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə uyğunsuzluq təşkil edən xx.xx.2025-ci il tarixli, 2(027)-1283/2011 nömrəli qərardadı ilə yenə də hesab etmişdir ki, həmin Məhkəmənin 28 oktyabr 2011 tarixli, 2(027)-1283/2011 nömrəli qətnaməsi “mülki iş üzrə işdə iştirak etməyən üçüncü şəxs” Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunmur... Ona görə də həmin qurum tərəfindən verilmiş apellyasiya şikayətini qəbul etməkdən imtina etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-in 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə (birinci instansiya məhkəməsi) qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1283/2011 nömrəli qərardadından ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi yenə də şikayət verərək, həmin qərardadın ləğv edilməsini və Quba Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(027)-1283/2011 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-1283/2011 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Nigar Xəlilova). Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə araşdıraraq bu nəticəyə gəlir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)- 1283/2011 nömrəli qərardadı ləğv edilməli və ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(027)-1283/2011 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin icraatına qəbul edilməlidir. Belə ki, əvvəla, hazırkı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-703/2025 nömrəli qərardadı ilə kifayət qədər əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(027)-1283/2011 nömrəli qətnaməsi Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunur. Əgər məhkəmə tərəfindən qətnamənin icrası adı çəkilən quruma həvalə olunursa, artıq bu, qəbul edilmiş qətnamənin həmin qurumun hüquq və vəzifələrinə toxunan məhkəmə aktı olduğuna dəlalət edir. Belə olduğu halda, MPM-in 357.2-ci maddəsinə əsasən, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(027)-1283/2011 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək hüququ vardır. Digər tərəfdən, Quba Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(027)-1283/2011 nömrəli qətnaməsində də göstərilir ki: “Məhkəmə tərəfindən işə maraqlı tərəf kimi cəlb edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş, lakin üzrlü səbəb olmadan nümayəndəsini məhkəmə iclasına göndərməmişdir”. Göründüyü kimi, hakim işə baxarkən ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hüquqi sələfini “maraqlı tərəf” kimi tanımışdır. MPM-in 57.1-ci maddəsinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər... Konkret işdən aydın olur ki, qətnamədə həmin işə cəlb edildiyi qeyd olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinin prosessual statusu “müstəqil tələb irəli sürməyən üçüncü şəxs” olmuşdur. Bu halda da, ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 5 saylı Xaçmaz Ərazi İdarəsinin “üçüncü şəxs” kimi sözügedən qətnamədən apellyasiya şikayəti vermək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi Quba Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(027)-1283/2011 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək hüququ olan prosessual subyektdir. İş materiallarından həmçinin görünür ki, mülki işə baxılan zaman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə iş üzrə keçirilmiş məhkəmə iclasları barədə məlumat verilməmiş, həmin iclaslarda idarənin nümayəndəsinin iştirakı üçün bildiriş göndərilməmişdir. Məhkəmə tərəfindən qətnamə qəbul ediləndən sonra qətnamənin surəti də adı çəkilən quruma göndərilməmişdir. Eləcə də, iş materiallarında qətnamə üzrə verilmiş icra vərəqəsinin surəti və onun icra üçün göndərilməsi barədə xx.xx.2011-ci il tarixli məktub olsa da, lakin bu sənədlərin DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə göndərilməsini təsdiq edən sübutlar (poçt reyestri, poçt qəbzi, poçt xəbərnaməsi və s.) aşkar edilmir. Qeyd olunanlar onu deməyə əsas verir ki, DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi, yaxud onun hüquqi varisi olan ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 5 saylı Xaçmaz Ərazi İdarəsi sözügedən məhkəmə prosesindən, qəbul olunmuş məhkəmə qətnaməsindən və çıxarılmış icra vərəqəsindən xəbərsiz (məlumatsız) olmuşdur. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edəndən sonra 28 oktyabr 2011-ci il tarixli, 2(027)- 1283/2011 nömrəli qətnamənin və onun icrası üçün çıxarılmış icra vərəqəsinin surətləri qətnamənin icra olunmasından ötrü Məhkəmənin xx.xx.2024-cü il tarixli məktubu ilə “təkrar” ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir. Lakin sözügedən qətnamə qəbul edildiyi vaxtdan keçən 13 ildən artıq müddət ərzində İddiaçı onun xeyrinə çıxarılmış qətnamənin icra vəziyyəti ilə nəyə görə maraqlanmaması və icrasını tələb etməməsi, məhkəmədə qaldırdığı iddianın predmeti olmuş torpaq sahəsinə nə üçün indiyədək hüquqmüəyyənedici sənəd almaması və buna maraq göstərməməsi başa düşülən deyil. İndi isə iddiaçı Quba Rayon Məhkəməsinin 28 oktyabr 2011-ci il tarixli, 2(027)-1283/2011 nömrəli qətnaməsinin icrasını tələb etdiyi vaxtda iş üzrə üçüncü şəxs ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilən torpaq sahəsi Quba XDS-nin Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli qərarı ilə sahibkarlıq məqsədi üçün X3 (cavabdehin mərhum ərinə) ayrılmış və üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Kommersiya məqsədilə ayrılmış torpaq sahələsinin əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmamışdır. Belə olan halda, satıcı tərəf daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alınmadığından həmin daşınmaz əmlaka dair sərəncam verə bilməzdi və daşınmaz əmlak alqı-satqı predmeti ola bilməzdi. Bu baxımdan hesab edir ki, ilk növbədə mübahisənin ümumi və ya inzibati-iqtisadi (kommersiya) məhkəməyə aidiyyəti, o cümlədən ərazi aidiyyəti müəyyən edilməli və bundan sonra iddiaçının iddia tələbinə səlahiyyətli məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir... Bundan başqa, məhkəmə mübahisəni həll etməzdən əvvəl daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınıb-alınmasını, özgəninkiləşdirilməsini, həbsdə olub-olmamasını və bununla da qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır. Qətnamədə göstərilən torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənədə, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir... Ona görə də Quba Rayon Məhkəməsinin xx.xx.2011-cü il tarixli, 2(027)-1283/2011 tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının qənaətincə, apellyasiya şikayətində göstərilən dəlillər, uzun (13 ildən çox) müddət keçməsinə baxmayaraq, sözügedən qətnamənin qanuniliyinin və əsaslılığının apellyasiya qaydasında yoxlanılmasına zərurət yaradır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2011-cü il tarixli, 2(027)-1283/2011 nömrəli qətnaməsindən iş üzrə üçüncü şəxs ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin, qətnamənin həmin qurumun hüquq və vəzifələrinə toxunmaması əsası ilə qəbul edilməməsi (geri qaytarılmasının qanuni hesab edilməsi) haqqında həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(027)-1283/2011 nömrəli qərardadı əsassız olduğundan ləğv edilməli və sonrakı prosessual hərəkətlər icra edilməlidir. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası Quba Rayon Məhkəməsinin xx.xx.2011-cü il tarixli, 2(027)- 1283/2011 nömrəli qətnaməsindən iş üzrə üçüncü şəxs ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən olduğunu nəzərə alaraq həmin apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərilməsinə lüzum görmür. MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin qaytarılması ilə bağlı qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 2(027)-1283/2011 nömrəli mülki iş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2011-cü il tarixli, 2(027)-1283/2011 nömrəli qətnaməsinin ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunmaması əsası ilə bu qurumun həmin qətnamədən verdiyi apellyasiya şikayətinin qəbul edilməməsi (geri qaytarılmasının qanuni hesab edilməsi) haqqında Quba Rayon Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(027)- 1283/2011 nömrəli qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2011-cü il tarixli, 2(027)-1283/2011 nömrəli qətnaməsindən iş üzrə üçüncü şəxs ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin verdiyi apellyasiya şikayəti icraata qəbul edilərək baxılması üçün müvafiq mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına təhvil verilsin. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar