Məhkəmə qərarları › İş №2(105)-1151/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1151/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1151/2021 16.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc tələbi»nə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(077)217/2020 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Şuşa Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(077)217/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, 25A000013585 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 4486,27 (dörd min dörd yüz səksən altı) ABŞ dolları məbləğində əsas borc, 907,96 (doqquz yüz yeddi) ABŞ dolları məbləğində faiz borcu, 41(qırx bir) ABŞ dolları məbləğində cərimə borcu olmaqla,cəmi 5435,23 (beş min dörd yüz otuz beş) ABŞ dolları borcun ödənilən vaxtı manata məzənnəsi ilə tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, iddianın zaminlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməsi qət edilmişdir (hakim Allahverdi Həsənov) Qətnamədən İddiaçı QSC tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin qismən, zaminlərə dair iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, cərimə borcu hissəsində dəyişdirilməsi, iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia qaldıraraq, bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 25A000013585 saylı kredit müqaviləsi üzrə 4486,27 (dörd min dörd yüz səksən altı) ABŞ dolları məbləğində əsas borcun, 5510 (beş min beş yüz on) ABŞ dolları məbləğində faiz borcu, 7849,19 (yeddi min səkkiz yüz qırx doqquz) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 17845,46 (on yeddi min sıkkiz yüz qırx beş) ABŞ dolları borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. .İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsinin qətnaməsini yalnız zaminlərə dair iddianın təmin edilməməsi hissəsini mübahisələndirirlər. Belə ki, məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 477.0.4-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respubliksı Konstitusiyas Məhkəməsinin Plemununun xx.xx.2019-cu il tarixli qərarına əsasən AR MM-nin 477.0.4-cü maddəsində nəzərdə tutulan müddət kəsici müddət deyil, iddia müddəti kimi qiymətləndirilməlidir. Qərara əsasən iddia müddəti cavadbehin verdiyi ərizə əsasında tətbiq edilir, kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Bu səbəbdən də məhkəmənin Mülki Məcəllənin 477.0.4-cü maddəsinə istinad etməsi əsassızdır. Belə ki, Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinə zamin durmuşlar Cavabdehlərin zaminliyi müqaviləyə əsaslanır. Mülki Məcələnin 472.2-ci maddəsinə görə də zamin borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, qətnamənin qismən, zaminlərə dair iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, cərimə borcu hissəsində dəyişdirilməsi, iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehlər gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təşkilat apelyasiya şikayətində qətnamənin yalnız zaminlərə münasibətdə iddia tələbinin təmin edilməməsi hissəsini mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini zaminlərə dair iddianın təmin edilməməsi hissəsini müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(077)217/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki,iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında xx xxxxx 2014cü il tarixli, 25A000013585 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə 7700 ABŞ dolları məbləğində borc pulun verilməsi, kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. İş materiallarında olan kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 7700 ABŞ dolları məbləğində almış olduğu krediti xx.xx.2014-cü ildən başlayaraq hər ay 414,40 ABŞ dolları ödəniş etməklə xx.xx.2016-cı il tarixədək ödəməli idi. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında xx xxxxx 2014-cü il tarixli, 25A000013585 (A) saylı zaminlik müqavilələrindən görünür ki, cavabdehlər bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə edilmiş kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı QSC Cavabdeh1 arasında xx xxxxx 2014-cü il tarixli, 25A000013585 saylı kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək, sonuncuya xx.xx.2014cü il tarixdə 7700 ABŞ dolları məbləğində nağd kredit vermişdir. İş materiallarında olan İddiaçı QSC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 arasında xx xxxxx 2014-cü il tarixli, 25A000013585 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixinə İddiaçı QSC qarşısında yerinə yetirilməmiş öhdəliyi 4486,27 ABŞ dolları məbləğində əsas borc, 907,96 ABŞ dolları məbləğində faiz borcu və 1041,50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6435,73 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC tərəfindən cavabdehlərə göndərilmiş xəbərdarlıqlardan görünür ki, cavabdehlərə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. İş materiallarında olan müvafiq ödəniş tapşırığından görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına istinadən tərəflər arasında kredit müqaviləsi bağlanmasını, cavabdehin üzərinə düşən öhdəliklərini lazımi qaydada yerinə yetirməməsini, nəticədə banka borcu yaranmasını müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada borcalan münasibətdə təmin etmiş, digər cavabdehlərə münasibətdə isə təmin etməmiş, qeyd edilən hissədə gəldiyi nəticəni Mülki Məcəllənin 477.0.4-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayəti üzrə birinci instansiya məhkəməsinin zaminlərə dair iddianın təmin edilməməsi barədə gəldiyi nəticəyə qiymət verərək hesab edir ki, məhkəmə iddia tələbini zaminlərə münasibətdə təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırki işdən görünür ki, İddiaçı QSC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 25A000013585(A) saylı zaminlik müqavilələrinə əsasən cavabdehlər bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. İş materiallarından görünür ki, xx xxxxx 2014-cü il tarixli, 25A000013585 saylı kredit müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir. Buna görə də AR Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, 25A000013585 saylı kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş xx.xx.2014-cü il tarixdə, sonuncu ödəniş xx xxx 2016-ci il tarixdə həyata keçirilməli idi. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci xx.xx.2016-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə, müəyyən edilir ki, xx xxxxx 2014-cü il tarixli, 25A000013585 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı xx.xx.2017-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də, bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində keditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Bundan başqa zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir. Buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticədə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmi Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Şuşa Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(077)217/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Şuşa Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(077)217/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı QSC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar