Məhkəmə qərarları › İş №2(105)-1152/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1152/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1152/2025 16.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğludan ibarət tərkibdə, məhkəmə iclas katibi Əmirxanlı Mehman Əmirxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh1 və onun vəkili-nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-2142/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-2142/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 37588 ABŞ dolları və digər Cavabdeh2 20000 ABŞ dolları məbləğində pulun ödəniləcək günə olan manat məzənnəsi ilə tutularaq İddiaçı ödənilməsi, həmçinin iddiaçı tərəfindən ödənilmiş 383.10 manat (üç yüz səksən üç manat on qəpik) dövlət rüsumu əvəzinin və hüquqi yardıma görə vəkilə ödənilmiş pulun 160 (yüz altmış) manat məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borca görə 60.000 ABŞ dolları məbləğində pulun, hüquqi yardıma görə ödənilmiş 320 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 393 manat pulun müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borca görə 57.588 ABŞ dolları məbləğində pulun, hüquqi yardıma görə ödənilmiş 320 manat pulun və dövlət rüsumuna kimi ödənilmiş 393 manat pulun müştərək qaydada alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mənafelərini təmsil etdiyi İddiaçı Tayif oğlu cavabdehlərdən Cavabdeh1 uzun müddətdir ki, tanıyır. Əvvəllər Cavabdeh1 iddiaçının işçisi olmuşdur. Daha sonra iddiaçı görəndə ki, Cavabdeh1 təklifi ilə yatırım etdiyi bütün sahibkarlıq sahələrində itkiləri gəlirindən daha çox olur ondan aralanmışdır. Lakin bir müddət sonra Cavabdeh1 iddiaçı ilə görüşmüş və ona bildirmişdir ki, qardaşı Dubay şəhərindədir və orada safari turu açmaq istəyir. İddiaçı Cavabdeh1 onun sözü ilə artıq yatırım etməyəcəyini dedikdə, Cavabdeh1 qeyd etmişdir ki, iddiaçı yatırım etməsin, ona 60000 (altmış min) ABŞ dolları borca pul versin. Gəlir olsa da, olmasa da o sonra iddiaçının pulunu qaytaracaqdır. İddiaçı Cavabdeh1 uzun müddət tanıdığından və ona inandığından Cavabdeh1lə razılaşmışdır. Həmin pulun 40000 (qırx min) ABŞ dollarını Səbail rayonu, Azərbaycan prospektində yerləşən "MUM"-un qarşısında Cavabdeh1 vermişdir. Qalan 20000 (iyirmi min) ABŞ dolları pulu isə Səbail rayonu, İçərişəhər metrostansiyasının qarşısında Cavabdeh1 qardaşı Cavabdeh2 vermişdir. Həmin şəxslər dəfələrlə bildirsələr də ki, işi artıq qurmuşlar, hətta yüksək gəlirləri də var və tez bir zamanda borclarını qaytaracaqlar, lakin sonradan iddiaçıya bildirmişlər ki, ziyana düşmüşlər, ona görə də onlara vaxt versin, onlar hissə-hissə borclarını qaytaracaqlar. Valeh və Elşən qısa zamanda pulu qaytaracaqlarını desələr də, bu günə kimi cəmi 4100 manat pulu qaytarmışlar. Həmin pulu Elşən dollar şəklində ona hissə-hissə 2023-cü ildən 2024-cü ilədək müddət ərzində qaytarmışdır. Qalan pulu isə bu günə kimi qaytarmamışlar. Bununla bağlı Orucov X6 RPİ-nin 9-cu PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh1 və Cavabdeh2 cəmi 60000 (altmış min) ABŞ dolları məbləğdə pul versə də, adıçəkilən şəxslər vədlərinə əməl etməyərək onu aldatmışlar, pulu qaytarmaqdan imtina edirlər. Səbail RPİ-nin 9-cu PB-nin baş təhqiqatçısı, polis kapitanı X2 xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Lakin həmin qərarda vətəndaşa mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmə hüququ izah edilmişdir. Ona görə də cavabdehlərə qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırılmışdır. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-2142/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə cavabdehin və onun nümayəndəsinin əsaslı etirazını araşdırmamışdır. İş materiallarından və qətnamədən məlum olan mübahisəsiz hal odur ki, İddiaçı 15 ildir ki, Cavabdeh1 tanımış, aralarında bir çox işgüzar münasibətdən savayı dostluq münasibətləri də mövcud olmuşdur. Bir necə kommersiya işi qurandan sonra cavabdehin təklifi əsasında iddiaçı da öz xeyrini əldə etmək məqsədilə cavabdehlərə 60000 (altmış min) ABŞ dolları pul vermişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış şifahi müqavilənin tarixini dəqiqləşdirməli idi. İddiaçı iddia edir ki, aralarında olmuş razılaşma 2017-ci ilə təsadüf edir. Bu halı təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh1 isə iddia edir ki, aralarında razılaşma 2014-cü ildə yaranmışdır və tələb edilən məbləğdə pulun onlara 2014-cü ildə verilməsini tam şəkildə etiraf edir. Bu mübahisəli halı məhkəmə necə ortadan qaldırır?! Öz araşdırması nəyi göstərir? Halbuki, həmin halın aradan qıldırılması çox asandı. Sadəcə bir sual yaranır: nə səbəbdən iddiaçı məhz 2017-ci il tarixini qeyd edir?! Məhkəmə yerində “elektron məhkəmə” vasitəsilə miqrasiya xidmətləri bölməsinə daxil olub digər Cavabdeh2 BƏƏ-yə sərhəd keçməsi ilə bağlı tarixi müəyyənləşdirərək artıq araşdırmanı davam etdirə bilərdi. Lakin, işə səthi yanaşmışdır. Hadisənin 2014-cü il tarixdə baş verməsinə dair əlavə sübut apellyasiya məhkəməsinə təqdim ediləcəkdir. Cavabdeh iddiaçı ilə 2014-cü ildə olan “İphone 4” markalı telefonunda qalmış yazışmanı təqdim etmişdir. Həmin yazışma məhz 2014-cü il tarixə aiddir. Bundan savayı həmin sübut iddiaçı tərəfindən 11 il ərzində cavabdehlərdən pulun hansı səbəbdən tələb edilməmisini göstərəcəkdir. Bundan sonra məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini öyrənməli idi. İddiaçı cavabdehin bir necə “uğursuz” bizneslərindən sonra hansı şərtlərlə pul vermişdir?! İddiaçının qazancı pul verəndən sonra nədə özünü ehtiva edirdi? Hansı yolla və miqdarda gəlir əldə edəcəkdi?! Bundan sonra iddiaçıya haqlı olaraq sual verilməli idi ki, bu 11 il ərzində cavabdehlə müxtəlif vaxtlarda görüşüb, söhbət edərkən və s. niyə həmin pulu qanunamüvafiq qaydada tələb etməmişdir?! Yuxarıda göstərdiyi hala münasibətdə apellyasiya məhkəməsinə əlavə sübut olaraq təqdim edilmiş iddiaçı və cavabdeh arasında 2022-ci ildən 2023-cü ilin noyabr tarixinədək “Whats app” yazışması bu hala aydınlıq gətirdikdən sonra iddia müddətinin tətbiqinə dair ərizəyə qiymət verilməli idi. Eyni zamanda hər kəsə məlum olan hal budur ki, iddia edilən 60000 ABŞ dolları “hədiyyə” edilən məbləğ deyil. Uzun müddət bir şəhərdə yaşayan, dost olan şəxslərin həmin pulu tələb etməməsi isə şübhəli haldır. Hansı ki, belə bir hal baş vermiş olsaydı, hüquq-mühafizə orqanlarına müraciət edilməli idi. Eyni zamanda yuxarıda göstərdiklərinə qüvvət olaraq birinci instansiya məhkəməsinə cavabdehin vəkili və nümayəndəsi tərəfindən 2015-ci ildə iddiaçı tərəfindən cavabdehə verilmiş baş etibarnamə təqdim edilmişdir. Məhkəmə qətnaməsində və araşdırmasında müəyyən edib hüquqi qiymət verə bilmir ki, niyə ümumiyyətlə etibarnamə verilir, işə nə aidiyyəti var?! Çünki tərəflər arasında olan razılaşmanın, pulun verilməsi vaxtının tarixini müəyyən edə bilməmişdir. Digər tərəfdən, “müddətləri gözləmək üçün” iddiaçı iddia edir ki, 2023-cü ildən 2024-cü ilədək cavabdeh cəmi 4100 manat pulu qaytarmışdır. Buna dair nə sübut təqdim edir iddiaçı? Heç bir şey. Ancaq söz və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, hansı ki, müəyyən kateqoriyalı işlər üzrə formalaşmış təcrübəyə görə, sübut olmayan təqdirdə, birdən tərəfin biri müraciət edir hüquq-mühafizə orqanlarına guya ki, dələduzluqla bağlı cinayət işi başlanmasını xahiş edir. Lakin, bu hərəkətin məqsədi qarşı tərəfi təlaşa, narahatçılığa salaraq ibtidai araşdırma orqanına verəcəyi (adından yazılmaqla imzalatdırılan) izahatı gələcəkdə məhkəmədə dolayı etirafedici sübut kimi istifadə etməkdir. Barəsində bu yolla sübutlar toplanılan şəxs “borc məsələsi” adı ilə hüquq-mühafizə orqanlarından uzaqlaşmaq istədiyindən ona göstərilən, guya ki onun sözlərindən yazılan izahatlara və ifadələrə imza ataraq gələcəkdə mülki məhkəmədə öz əleyhinə hərəkət etmiş olur. Ona görə də qətnamənin əsası kimi, digər sübutlar olmadan, məhkəmə qeyd edir ki, “cavabdehin polis orqanında verdiyi izahatı hər hansı mötəbər sübut ilə təkzib olunmamışdır. Ona görə də cinayət işinin başlanmasının rədd olunması ilə bağlı qərar qüvvədə olduğundan “preyudisallıq” əhəmiyyəti olmaqla, məhkəmə tərəfindən mötəbər sübut növü kimi qiymətləndirilir”. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və məhkəmə sorğusu əsasında alınmış materiallardan ancaq o görünür ki, həm iddiaçı, həm də cavabdeh eyni məzmunlu izahat vermişdir. İddiaçının və cavabdehin izahatlarının arasında eyni sözlər, ifadələr, vergül və nöqtələr istifadə olunur. Belə olan halda şübhəsiz ki, cavabdehin “etiraf etdiyi” izahatdan xəbəri olmamışdır. Eyni zamanda məhkəməyə təqdim ediləcək əlavə sübutlardan görünür ki, Cavabdeh1 hansı halda iddiaçının şikayəti əsasında Səbail RPİnin 9-cu Polis bölməsinə aparılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Ona görə həmin qərarın qanuniliyinin digər cavabdehə də münasibətdə yoxlanılması ilə bağlı qanunamüvafiq qaydada tədbirlər görülməkdədir... Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsi və iddianın rədd olunması xahiş edilir. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh1 və onun vəkili-nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə Cavabdeh2 qeydiyyatda olduğu ünvana məhkəmə bildirişləri göndərilmiş, məhkəmə zərfləri həmin ünvandan qəbul edilsə də, tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işdə olan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-2142/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı, polis kapitanı X2 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, ərizəçiyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması, qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Səbail rayon prokuroruna və maraqlı tərəfə göndərilməsi, materialın saxlanılmasından ötrü Səbail RPİ-nin 9-cu PB-nin arxivinə təhvil edilməsi qərara alınmışdır. Təhqiqatçı tərəfindən araşdırma zamanı izahatı alınmış Cavabdeh1 (hazırkı iş üzrə cavabdeh) bildirmişdir ki, ərizəçi İddiaçı (hazırkı iş üzrə iddiaçını) 2009-cu ildən etibarən tanıyır. O, həmin vaxtlar “Nissan” servisdə ehtiyyat hissələrinin satışı ilə məşğul olmuşdur. Ramin onunla əlaqə saxlayıb maşınını təmir etdirmək istəmiş və bu vasitə ilə tanış olmuşlar. O, təxminən 2012-ci ildə Raminə Dubay şəhərindən “Land Rover” markalı avtomaşınların ehtiyyat hissələrini gətirib Bakı şəhəri ərazisində satışını həyata keçirməyi təklif etmişdir. Ramin onunla razılaşmış və Ramin 15000 (on beş min) manat, o isə 7000 (yeddi min) manat pul yatırımı etmişlər. Lakin, həmin işdə xeyir əldə etməmişlər və o, Raminə 15000 (on beş min) manat və əldə qalan ehtiyyat hissələrini vermişdir. Sonra Gürcüstan ərazisindən 1 ədəd avtomobil gətirib satışını həyata keçirmişlər. Lakin həmin biznes də uğurlu olmamışdır. Sonda 2014-cü ildə qardaşı Cavabdeh2 ilə Dubay şəhərində safari tur açıb bizneslə məşğul olmaq istəmişdir. Biznesin qurulması üçün maddi dəstək lazım idi. Həmin ərəfədə Raminin imkanı yaxşı olduğu üçün ondan pul götürmək qərarına gəlmişlər. Ramindən qardaşı və o, ümumillikdə 60000 (altmış min) dollar pul almışlar. Həmin pulun 40000 (qırx min) dollarını Səbail rayonu, Azərbaycan prospektində yerləşən “MUM”-un qarşısında onunla görüşüb əlbəəl almış və karqo şirkəti vasitəsi ilə Dubayda yaşayan qardaşı Valehə göndərmişdir. Yerdə qalan 20000 (iyirmi min) dollar pulu isə Ramin Səbail rayonu, İçərişəhər metrostansiyasının qarşısında onun qardaşı Cavabdeh2 vermişdir. Bir müddət işləmiş və sonra işlər uğurlu olmadığı üçün tur şirkəti bağlanmışdır. Sonra Ramin ondan və qardaşı Valehdən pulunu onun vasitəsi ilə tələb etmişdir. O, Raminə hissə-hissə 4100 manat pul vermişdir. Sonra aralarında razılıq əldə edib 35000 dollar pul ödəməli olduqlarına razılaşmışlar. O, qardaşı ilə danışdıqdan sonra ona hissəhissə pul ödəyəcəyinə razılaşmışdır. Lakin, maddi imkanı aşağı olduğu üçün bunu edə bilməmişdir. Hazırda qardaşı Cavabdeh2 BƏƏ-nin Dubay şəhərindədir. Onunla aralarında yaranan münaqişələrə görə danışmır və əlaqəsi yoxdur. 1 saylı Bakı “ASAN xidmət mərkəzi” qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 429341 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 (iddiaçının anası) xx.xx.2024-cü ildə ölmüşdür. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təhqiqat orqanında araşdırma zamanı verdiyi izahatında Cavabdeh1 2014-cü ildə qardaşı Cavabdeh2 Dubay şəhərində safari tur açıb bizneslə məşğul olmasına və bu biznesin qurulmasına maddi dəstək lazım olduğundan İddiaçı pul götürmək qərarına gəldiyini, müraciətinə əsasən iddiaçının ona və qardaşı Valehə ümumillikdə 60000 (altmış min) dollar pul verdiyini etiraf etmiş, həmin pulun 40000 (qırx min) dollarını iddiaçı ilə görüşüb əlbəəl aldığını və karqo şirkəti vasitəsi ilə Dubayda yaşayan qardaşı Valehə göndərdiyini, qalan 20000 (iyirmi min) dollar pulu isə qardaşı Valehin Bakıda olarkən iddiaçı ilə şəxsən görüşüb aldığını bildirmişdir. Həmin izahatında Cavabdeh1 həm də İddiaçı hissə-hissə 4100 manat pul qaytardığını qeyd etmişdir. Habelə bildirmişdir ki, İddiaçı hətta onunla qalan borcun əvəzində 35000 dollar pul qaytarılmasına da razılaşmış, lakin qardaşı Valehin və özünün həmin məbləği düzəldib verməyə maddi imkanları olmamışdır... Məhkəmə Cavabdeh1 tərəfindən təhqiqat orqanına verilmiş izahatı borcun etirafı kimi qiymətləndirmişdir. Digər tərəfdən, Cavabdeh1 vəkili-nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinə ərizə verilmişdir. Məhkəmə hesab etmişdir ki, həmin ərizə əsassız olmaqla, polis orqanında cavabdehin borc məbləğinin müəyyən hissəsinin (4100 manat) qaytarılması, qalan hissəsinin qaytarılması ilə bağlı isə üzərinə öhdəlik götürməsi barədə etirafı olduğundan müddətin ötürülməsi qanunvericiliyin tələbinə görə müəyyən edilmir, ona görə də müddətin ötürülməsi ilə bağlı ərizə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər hüquqi əsas olmadan iddiaçının hesabına əmlak (pul) əldə etmiş, yəni əsassız varlanmışlar. Mülki Məcəllənin 1092-ci maddəsinə görə isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı, əldə edilənləri vermək mümkün olmadıqda onların dəyəri ödənilməlidir. Cavabdehlərin iddiaçının hesabına varlanmasına, yəni sonuncunun 57.588 ABŞ dolları məbləğində pulunu özlərində saxlamasına (qaytarmamasına) haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir... Odur ki, məhkəmə iddianı əsaslı saymış və belə qənaətə gəlmişdir ki, əsassız varlanmış şəxslər olaraq cavabdehlər əldə etdiklərini məhrum olana - iddiaçıya qaytarmalıdırlar... Eyni zamanda məhkəmə qeyd etmişdir ki, tələb hüququ müştərək qaydada deyil, 40000 dollar hissəsində Cavabdeh1, qalan 20000 dollar hissəsində isə digər Cavabdeh2 qarşı yönəldildiyinə, həm də borcun 4100 manat (2.411,76$) hissəsi Cavabdeh1 tərəfindən qaytarıldığına görə ümumilikdə 57.588 ABŞ dolları məbləğində qalan borcun 37.588 ABŞ dolları Cavabdeh1, qalan 20.000 ABŞ dolları Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, Cavabdeh1 37588 ABŞ dolları və digər Cavabdeh2 20000 ABŞ dolları məbləğində pulun ödəniləcək günə olan manat məzənnəsi ilə tutulub İddiaçı ödənilməsini qət etmişdir. Cavabdeh1 (vəkili-nümayəndəsi Vəkil3) həmin qətnamədən apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, cavabdehlər tərəfindən iddiaçıdan 60000 ABŞ dolları məbləğində pul 2014-cü ildə alınmış və 2015-ci il ərzində qaytarılmışdır. Lakin pulun qaytarılmasını təsdiq edən sübutları indi, 10 ildən artıq müddət keçəndən sonra əldə edib toplamaq və məhkəməyə təqdim etmək mümkün deyildir. Lakin iddiaçının 2024-cü ilə kimi 10 il ərzində pulunu cavabdehlərdən almaq üçün heç bir tədbir görməməsi özlüyündə ona dəlalət edir ki, cavabdehlərin iddiaçıya borcu olmamış, alınmış pul çoxdan qaytarılmışdır. Buna baxmayaraq, hazırda cavabdeh tərəf iddiaçının vaxtı keçmiş tələbindən müdafiə olunmaq üçün iddia müddətinin tətbiqini tələb etməyə məcburdur. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halı kimi cavabdeh tərəf Dubay şəhərində biznes fəaliyyətinin təşkili və maliyyələşdirilməsi məqsədilə iddiaçıdan 60.000 ABŞ dolları məbləğində pul alınmasını inkar etmir. Lakin tərəflər pulun verilib-alınma dövrü və qaytarılıb-qaytarılmaması barədə fərqli məlumatlar bildirirlər. Cavabdeh tərəf pulun 2014-cü ildə alınıb 2015-ci il ərzində qaytarıldığını, iddiaçı isə pulun 2017-ci ildə verildiyini, ondan yalnız 4100 manatının 2023- 2024-cü illər ərzində hissə-hissə qaytarıldığını, qalan pulun qaytarılmadığını bildirir. 60.000 ABŞ dolları məbləğində pulun verilib-alınması barədə tərəflər arasında hər hansı yazılı sənəd tərtib olunmamışdır (tərəflər arasında borc müqaviləsi bağlanarkən (bunun istər 2014-cü ildə, istərsə də 2017-ci ildə baş tutmasından asılı olmayaraq) həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 740-cı maddəsində bu növ müqavilənin 3000 manatdan yuxarı məbləğdə yazılı formada bağlanması tələbi nəzərdə tutulmamışdır; borc müqaviləsinin yazılı formada tərtib olunması məsələsi tərəflərin öz mülahizəsindən asılı olmuşdur). Hazırda iddiaçı öz tələbini əsalandıran sübut kimi Cavabdeh1 2024-cü ilin dekabrında polisdə araşdırma zamanı vermiş olduğu izahata və həmin izahatındakı etirafa istinad edir. Cavabdeh1 isə sözügedən izahatı hədə-qorxu və təzyiq altında verdiyini iddia etsə də, lakin ötən dövr ərzində nə polis əməkdaşlarının ona qarşı qanunazidd hərəkətlərindən şikayət etməmiş, nə də verdiyi izahatın etibarsız sayılması barədə tələb irəli sürməmişdir. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Cavabdeh1 polisdə vermiş olduğu izahatına iddia tələbinin əsaslılığını təsdiqləyən sübutlardan biri kimi istinad etməkdə haqlı olmuşdur. Belə vəziyyətdə, qanunun tələbinə görə, cavabdeh tərəf öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də cavabdeh tərəf öz etiraz və dəlillərini əsaslandırmaq üçün iddiaçıdan alınmış pulların Dubay şəhərində nə vaxt və hansı məqsədlərə sərf olunması barədə məhkəməyə sübutlar təqdim etməli idi. Belə ki, əgər mübahisəli pullar həqiqətən də biznes fəaliyyəti (safari turlarının təşkili) üçün sərf olunmuşdursa, heç şübhəsiz ki, həmin pullarla görülmüş işlər lazımi qaydada sənədləşdirilmiş, o cümlədən aparılmış maliyyə əməliyyatları müvafiq sahibkarlıq subyektinin (turist şirkətinin) mühasibatlığı və bank hesabı vasitəsilə həyata keçirilmiş, əmlaklar alındığı halda onlar həmin subyektin balansında əsas və (və ya) dövriyyə vəsaitləri kimi qeydə alınmış, gəlir və xərclərin uçotu aparılmış, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər bank hesabına mədaxil olunmuş, qeyd edilən məlumatlar həmçinin sahibkarlıq subyektinin vergi hesabatlarında və bank hesabından çıxarışlarda əksini tapmışdır. Yəni Cavabdeh2 iddiaçıdan alınmış 60.000 ABŞ dolları məbləğində pulun həqiqətən də biznes fəaliyyətinə sərf olunmasını, nə vaxt və necə istifadə olunmasını, habelə həmin fəaliyyətdən iddiaçının pulunu qaytarmağa imkan verən miqdarda (həcmdə) gəlirlərin əldə olunmasını təsdiqləyən sübutlar təqdim edə bilərdi. Cavabdeh tərəfin belə sübutlar təqdim etməməsi isə ya sözügedən pulun iddia edilən təyinat üzrə istifadə olunmamasına, ya da müvafiq sübutları təqdim etməyin cavabdeh tərəfin maraqlarına uyğun olmamasına dəlalət edir. Bundan başqa, cavabdeh tərəf iddiaçının tələb etdiyi pulun ona Dubaydan bank vasitəsilə Bakıya "xxxx"da qızının adına olan hesaba göndərilməklə (köçürülməklə) qaytarıldığını iddia edir... Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" ASCnin lisenziyası 2017-ci ilin dekabrında ləğv edilərək onun fəaliyyətinə xitam verilmişdir. Əgər iddiaçının bildirdiyi kimi, pul cavabdehlərə 2017-ci ildə verilibsə, həmin pulun "xxxx" ASC vasitəsilə qaytarılması mümkün deyildir (həmin bank 2018-ci ilin əvvəlindən fəaliyyət göstərməmişdir). Əgər cavabdeh tərəfin bildirdiyi kimi, pul onlara 2014-cü ildə verilib və 2015-ci il ərzində qaytarılıbsa ("xxxx" vasitəsilə), onda həmin dövrə aid bank sənədlərinin ləğv olunmuş "xxxx" ASC-dən hazırda əldə edilməsi mümkünsüz görünür. Lakin Cavabdeh2 Dubaydan bank vasitəsilə "xxxx"dakı şəxsi hesaba pul göndəribsə, onda Dubayda köçürmə etdiyi banka müraciət edib təsdiqedici sənədlər əldə edə bilərdi. Cavabdeh2 Dubaydan iddiaçıya pul göndərməsi ilə bağlı sübutlar əldə etməyə maraq və təşəbbüs göstərməməsi isə cavabdeh tərəfin qeyd edilən dəlilinin həqiqətə uyğunluğunu şübhə altına salır. İddiaçı öz tələbini əsaslandırmaq üçün istinad etdiyi sübutlardan biri də onunla Cavabdeh1 arasında telefon danışığının məhkəməyə təqdim olunmuş audioyazısıdır. Həmin danışıq zamanı iddiaçı cavabdehə anasının ağır xəstə olduğunu və cərrahi əməliyyat üçün təcili pul lazım olduğunu, cavabdehin isə son vaxtlaradək ona cəmi 4100 manat pul qaytardığını, 60.000 dolların əvəzinə 35.000 dolların qaytarılmasına da razı olduğunu, belə davam edərsə hüquqmühafizə orqanlarına müraciət etməli olacağını bildirir. Cavabdeh1 isə maddi vəziyyətlərinin çətin olduğunu, imkan olan kimi yenə də ödəniş edəcəklərini bildirir... İddiaçının anası xx.xx.2024-cü il tarixdə vəfat etmiş, iddiaçının izahatına görə onunla Cavabdeh1 arasında istinad edilən telefon danışığı isə anasının vəfatından təxminən 1 ay əvvəl olmuşdur. Bu baxımdan iddiaçının 2023-2024-cü illər ərzində Cavabdeh1 ona hissə-hissə cəmi 4100 manat pul qaytarması barədə məlumatı işin faktiki hallarına uyğun gəlir və telefon danışığı zamanı cavabdeh də həmin məlumatı inkar etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə...” 12 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı öz tələbini əsaslandırmaq üçün təqdim etdiyi onunla Cavabdeh1 arasında olmuş telefon danışığının audioyazısını sübut vasitəsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Cavabdeh tərəf həm də iddiaçı tərəfindən hazırkı tələb üzrə iddia müddətinin buraxıldığını bildirərək, iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsi barədə vəsatət irəli sürmüşdür. Cavabdeh tərəf iddia edir ki, mübahisələndirilən pul vəsaiti cavabdehlər tərəfindən 2014-cü ildə alınmış və həmin pulun tələbi ilə bağlı iddia 10 ildən artıq müddət keçəndən sonra qaldırılmışdır. Halbuki, borc müqaviləsindən irəli gələn mübahisələr üzrə iddia müddəti 3 il müəyyən edilmişdir. Cavabdeh tərəfin həmin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Həmin Məcəllənin 380-ci maddəsinə əsasən, (380.1) Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. (380.2) Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. İddiaçının istinad etdiyi sübutlarla (Cavabdeh1 polisdə vermiş olduğu izahatı və həmin cavabdehlə iddiaçı arasındakı telefon danışığının audioyazısı ilə) müəyyən olunur ki, Cavabdeh1 2023-2024-cü illərdə tələb olunan puldan 4100 manat məbləğini hissəhissə iddiaçıya qaytarmışdır. Bununla da Cavabdeh1 borclu şəxs olaraq borcu etiraf etməsini göstərən hərəkətlər etmişdir ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən bu cür hərəkətlər iddia müddətinin kəsilməsinə səbəb olur. Mülki Məcəllənin 380.2-ci maddəsinə görə isə, borcun etiraf edilməsini göstərən hərəkətlər dayandıqda iddia müddəti yenidən başlanır və buna qədər keçmiş vaxt yeni müddətə daxil edilmir... Şərh edilənlərə müvafiq olaraq Cavabdeh1 2024-cü ilin mart-aprel ayından sonra iddiaçıya ödəniş etməyi dayandırmış, iddiaçı qalan pulun könüllü surətdə qaytarılmayacağını görərək dekabr ayında polisə cavabdehlər barəsində şikayət vermişdir. Belə olduğu halda hazırkı tələb üzrə iddia müddətinin axımı Cavabdeh1 tərəfindən axırıncı ödəniş edilən vaxtdan başlanmış sayılır. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə iddia müddətinin tətbiqinə əsas olmaması barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəmənin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Məhkəmə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin həllinə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxarkən qəbul edilmiş qətnamənin ləğvinə əsas ola biləcək prosessual pozuntulara yol verməmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbulolunmazdır. Ona görə də Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)- 2142/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-2142/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar