Məhkəmə qərarları › İş №2(105)-1154/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1154/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1154/2023 19.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X10 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiаçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, e-2(012)-642/2023 saylı qərardadından iddiаçı Ləğv prosesində olan QSC «Bank Standart» KB tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiаçı Ləğv prosesində olan QSC «Bank Standart» KB Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 11 avqust 2014-cü il tarixli 1xx/xx/121451/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 397.01 (üç yüz doxsan yeddi manat, 01 qəpik) manat məbləğində əsas borc, 328.43 (üç yüz iyirmi səkkiz manat, 43 qəpik) manat məbləğində faiz borcu, 704.20 (yeddi yüz dörd manat, 20 qəpik) manat məbləğində cərimə borcu, 133.98 (bir yüz otuz üç manat, 98 qəpik) manat məbləğində gecikmiş vaxt üçün hesablanmış illik faiz dərəcəsi, ümumilikdə isə 1563.62 (bir min beş yüz altmış üç manat, 62 qəpik) manat məbləğində pulun, 35.64 (otuz beş manat, 64 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, e-2(012)-642/2023 saylı qərardadı ilə iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dаir iddiası baxılmamış saxlanılmış, iddiaçıya cavabdehin vərəsələrinə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsi qərara alınmışdır (hakim Cəmilə Səfiyeva). Həmin qərardaddan narazı qalan iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, e2(012)-642/2023 saylı qərardadının ləğv edilməsi və işin icraata qəbul edilməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e-2(012)-642/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı müəyyən olundu ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bu səbəbdən də hüquqi varisin müəyyən edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, Cavabdeh adına vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Cavabdeh mülkiyyətində daşınmaz əmlakın olubolmaması barədə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Ələkbərova küçəsi, 49 saylı fərdi yaşayış evi mərhum Cavabdeh tam mülkiyyətindədir. Bu səbəbdən də Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Ələkbərova küçəsi, 49 saylı fərdi yaşayış evində faktiki olaraq kimlərin “qeydiyyatda olmaqla yaşamalarına dair” 5 saylı MTİİTS abadlıq və kommunal xidmətləri idarəsinə sorğu göndərilmişdir. Cavab olaraq bildirilmişdir ki, mərhum Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Ələkbərova küçəsi, 49 saylı fərdi yaşayış evində; arvadı -1971-ci il təvəllüdlü X3, oğlu - 1994-cü il təvəllüdlü X4, oğlu - 1995-ci il təvəllüdlü X5, qızı- 2001-ci il təvəllüdlü X2 qeydiyyatda olmaqla hal hazırda yaşayırlar. Qeyd edilənləri nəzərə alaraq yuxarıda adları çəkilən yaxın qohumları olan şəxslər mərhum Cavabdeh mirasına sahiblik etməklə əmlakı idarə etmələri mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiklərini nəzərə aldıqda miras vərəsələr tərəfindən qəbul edilmiş sayılır. Bu səbəbdən də Cavabdeh mirasını faktik qəbul etmiş arvadı - X3, oğlu X4, oğlu - X5, qızı - X1 məhkəməyə prosessual hüquq varisliyi qaydasında cəlb edilməsinə dair qərar qəbul edilməsini Abşeron Rayon Məhkəməsindən xahiş etmişlər. Lakin iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-642/2023 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunun bu normasına istinad etməklə qeyd edilir ki, məhkəməyə olan müraciətdə mərhum Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Ələkbərova küçəsi, 49 saylı fərdi yaşayış evində qeydiyyatda olmaqla hal hazırda onun yaxın qohumları olan arvadı X3, oğlu - X4, oğlu - X5, qızı - X2 əmlaka faktiki sahiblik etdikləri üçün onların məhkəməyə prosessual hüquq varisliyi qaydasında cəlb edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Lakin məhkəmə öz qərardadında qeyd etmişdir ki, (bax.2-ci səhifə, 2-ci abzas) Cavabdeh vərəsələri vərəsəlik şəhadətnaməsi almadıqlarından, hazırkı halda məhkəmə prosesini davam etditmək mümkün olmadığı üçün iddia tələbi baxılmamış saxlanlmalıdır. Beləliklə məhkəmə Azərbaycan Resublikası Mülki Məcəlləsinin 1243.2-ci maddələrini kobud surətdə pozmuşdur. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Qanunun bu normasını nəzərə alaraq hesab edilir ki, mərhum Cavabdeh mirasa faktiki sahiblik edənlər, mirası vərəsə olaraq qəbul etdikləri üçün mərhumun banka olan borcunu da birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş üzrə icraata xitam verilməsi məsələsinin müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə, yəni iddia ərizəsi məhkəməyə verilənədək vəfat etdiyindən, onun vərəsələri isə vərəsəlik şəhadətnaməsi almadıqlarından, hazırkı halda məhkəmə prosesini davam etdirmək mümkün deyildir, Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi baxılmamış saxlanılmalı, iddiaçıya cavabdehin vərəsələrinə qarşı iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinn gəldiyi nəticəni əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi ilk olaraq notariat orqanına müvafiq sorğular verməmiş, cavabdehin ailə üzvlərinin mirası qəbul edib-etməməsini araşdırmamışdır. Bundan başqa məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılması barədə gəldiyi nəticədə də əsaslı olmamışdır. Belə ki, məhkəmə Mülki Prosessual Məcəllənin 259.0-259.0.12-ci maddələrinə istinad edərək ərizənin baxılmamış saxlanılması qərarına gəlsə də, hazırki işdə qeyd edilən qanunvericilik normalarında sadalanan nöqsanlar mövcud deyildir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Hazırki işdən görünür ki, iş üzrə Cavabdeh 23.04.219-cu ildə ölmüşdür. Belə olan halda hazırki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması deyil, iş üzrə icraata xitam verilməsi məsələsi müzakirə edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün qismən əsaslı olduğundan şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yuxarıda salanan halların yenidən araşdırılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbacyan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, e-2(012)-642/2023 saylı qərardadı ləğv edilməli, icraata xitam verilməsi məsələsi müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, e-2(012)-642/2023 saylı qərardadı ləğv edilsin. İş üzrə icraata xitam verilməsi məsələsi müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar