Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1157/2022 16.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(060)-793/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(060)-793/2022 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İMEİ kodu **********36457 olan “Samsung Galaxy A41” markalı telefon üçün 464 manat 30 qəpik ödənilməmiş hissə və 15 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********36457 olan “Samsung Galaxy A41” markalı telefon üçün 773 manat ödənilməmiş hissə, ümumilikdə 773 manat borc və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cəmiyyətlə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh İMEİ kodu **********36457 olan “Samsung Galaxy A41” markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 773 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 20,8 manat təşkil edir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9892/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqavilənin 3.1-ci bəndinə əsasən müştəri bu müqavilənin şərtini (şərtlərini) pozduğu halda, malı cəmiyyətin tələbi ilə geri qaytarmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə müqavilə üzrə öhdəliklərin icrasına əməl etməsi üçün məlumat verilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən cəmiyyət 3.1-ci bənddə müəyyən edilmiş qaydada qaytarılmış malın, həmçinin 3.15-ci bəndə aid olan malın qalıq dəyərini birtərəfli aktla qiymətləndirib müştərinin cəmiyyətə olan borcunun bağlanmasına yönəltmək hüququna malikdir. Müqavilənin 3.3-cü bəndinə əsasən müştəri qiymətləndirmə aktıilə razılaşmadığı halda, borcu bağlamaq şərtilə 3.2-ci bənddəki qaydada qiymətləndirilmiş malı geri ala bilər. Cavabdehlə məhkəməyə qədər telefon və xəbərdarlıq məktubu vasitəsi ilə müqavilə üzrə üzərinə düşən öhdəliklərin icra olunması barədə məlumat verilsə də, daha sonra məhkəmə tərəfindən çağırılmağına baxmayaraq, cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmişdir. Belə olan halda, müqavilə üzrə gecikdirilmiş malı qiymətləndirilərək qalıq borcundan silinməsi mümkün olmadığı üçün, iddiaçı tələbində cavabdehlə bağlanılmış müqavilənin bütün dövrü üçün ödənişini tələb etməkdə haqlıdır. Digər tərəfdən, tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavənin 5-ci bəndinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə, cəmiyyətin müqavilə qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və 50 AZN məbləğində cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixdə İMEİ kodu **********28537 olan “Samsung Galaxy A11” markalı telefonu əldə etmiş, hazırda ödənişi 431 gündür gecikdirir. Lakin cəmiyyət güzəşt olaraq qeyd olunan bəndi cavabdehə qarşı tətbiq etməmişdir. Birinci instansiya məhkəməsinin araşdırmasına və nəticəsinə görə iddiaçı qət olunmuş məhkəmə qərarından sonra hər gecikdirilmiş ay üçün ayrıca məhkəmə qaydasında müraciət etməlidir. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin tamamilə ləğv edilməsi və Cavabdeh oğlundan 773 manat borcun və 30 manat dövlət rüsumunun, ümumillikdə 803 manat pulun iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilməmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 22117186 saylı müqavilədən görünür ki, cəmiyyət Cavabdeh “Samsung Galaxy A41” markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh “Samsung Galaxy A41” markalı telefonu təhvil almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 22117186 saylı müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Samsung Galaxy A41” markalı telefonun dəyəri olan 793,80 manatı hər ay 44,10 manat olmaqla 18 ay ərzində ödəməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh alqı-satqı qiyməti 793,8 manat, İMEİ kodu **********36457 olan “Samsung Galaxy A41” markalı telefonu ilkin ödəniş etmədən nisyə əldə etmişdir. Cavabdeh ödəməli olduğu 793,8 manatdan cəmi 20,8 manat ödəniş etmiş, 773 manat borcu qalmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh borcunu ödəməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dəyəri 793,80 manat olan “Samsung Galaxy A41” markalı telefon almışdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh “Samsung Galaxy A41” markalı telefonun dəyəri olan 793,80 manatı hər ay 44,10 manat olmaqla, 18 ay ərzində ödəməlidir. Azərbaycan Respublikası MM-nin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. İşdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 06 dekabr 2021-ci il tarixdə məhkəməyə müraciət etmiş və xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə vaxtı çatmamış borcu da tələb etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsində cavabdehin müqavilə şərtlərinə əməl etmədiyi təqdirdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bütün müqavilə dövrü üçün hesablanmış borcu tələb etmək hüququ nəzərdə tutulmamışdır. Lakin iddiaçı cavabdehdən müqavilə üzrə əsas borc məbləğini bütövlükdə tələb edir. Belə olan halda iddiaçı müqavilənin ləğv edilməsi tələbini irəli sürmədən bütün müqavilə müddəti üçün nəzərdə tutulmuş əsas borcu tələb edə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin bu hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 308,70 (773 manat – 464,30 manat) manatdır, yəni beş min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(060)-793/2022 saylı qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1157/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1157/2022
16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver