Məhkəmə qərarları › İş №2(105)-1158/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1158/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1158/2021 15.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi A.Əhmədova və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddianın qismən təmin edilməsi, Cavabdeh1 xx.xx.2014-cü il tarixli 003R********** saylı kredit razılaşması üzrə 14.335 ABŞ dolları əsas, 3163,57 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə, cəmi 17.798,57 (on yeddi min yeddi yüz doxsan səkkiz ABŞ dolları, əlli yeddi sent) ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 09,90 (doqquz manat, doxsan qəpik) manatın İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3dən müştərək qaydada İddiaçı QSCnin xeyrinə 003R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 14.335 ABŞ dolları kredit borcunun, 16.198,07 ABŞ dolları faiz borcu və 23.499,22 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 54.032,29 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 03L000010031 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 30.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 003R**********S saylı, xx.xx.2015-ci il tarixli 003R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 Kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 5665 ABŞ dolları ödəmiş, onun 14.335 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 1850 gün üçün hesablanmış faiz borcu 16.198,07 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qayarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 1850 gün üçün hesablanmış cərimə 23.499,22 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi A.Z.Əhmədova apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin iddia tələbinin zaminlərə münasibətdə təmin edilməmiş hissəsinin ləğv edilməsi üçün hüquqi əsaslar vardır. Məhkəmə həmin hissədə iddianın təmin edilməməsinin əsaslandırmamışdır. Zaminlərin öhdəliklərin qüvvədə olma müddəti məhkəmə tərəfindən nəzərə alınmamış və müddət düzgün tətbiq edilməmişdir. Məhkəmə təcrubəsinə əsasən Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsində qeyd olunan 1 və ya 2 illik müddətlər «kəsici» müddət kimi qiymətləndirilir. İddiaçı artıq 2016-cı il tarixində məhkəməyə müraciət etmiş və beləliklə, o həmin tələbetmə hüququndan vaxtında istifadə etməklə zaminlərə qarşı tələbini irəli sürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, iddiaçının tələbini zaminlərin öhdəlik kimi götürdükləri 30.000 ABŞ dolları məbləğindəki limitini aşmamışdır. Lakin məhkəmə bunları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(060)-3813/2020 saylı qətnaməsini qismən, iddia tələbinin zaminlərə münasibətdə təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissələrdə də təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. O, bankdan kredit götürmək istərkən ona ehtiyacı olandan artıq kredit verilmiş və «Nikoil Bank»a olan borcunu ona bağlatdırmışlar. Bu səbəbdən 15.600 manat kredit verilmiş, onun 7000 manatını «Nikoyl Bank»a ödətdirmişlər. Bundan əlavə ona dollar deyil, manatla kredit verilmişdir. Dolların manata olan məzənnəsi artana kimi vaxtlı-vaxtında krediti ödəmişdir. Respublikada məzənnənin artması onun günahı deyil. Dolların manata olan məzənnəsi artana kimi banka təxminən 7000 manat pul ödəmişdir. Ondan tələb olunan miqdarda banka borcu qalmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(060)-3813/2020 saylı qətnaməsinin qismən dəyişdirilərək iddianın qismən rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Ş.B.Sadıqov öz apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit müqaviləsinin olmasına və cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına, zaminlərin isə həmin müqavilələrinin tələblərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi A.Əhmədova və Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli, 03L000010031 saylı Kredit xətti müqaviləsinə əsasən kreditverən kreditalana 120 ay müddətinə, 30.000 ABŞ dolları məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən kreditlər tərəflər arasında «kredit razılaşması» formasında bağlanacaq ayrıca razılaşmaya əsasən veriləcəkdir. İşdə olan xx xxxxxx 2014-cü il tarixli, 03L000010031 saylı Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 003R********** saylı Kredit razılaşmasına əsasən Bank Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20.000 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, krediti və ona hesablanmış faizləri ödəniş qrafikinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. İşə əlavə olan xx.xx.2015-ci il tarixli 003R**********S saylı və xx.xx.2015-ci il tarixli 003R**********SA saylı sazişlərdən görünür ki, bank ilə kredit alan arasında xx xxxxxx 2014-cü il tarixli, 03L000010031 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 003R********** saylı kredit razılaşmasının ayrılmaz hissəsi olan xx.xx.2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan ödəniş planına uyğun olaraq dəyişdirilərək kredit qalığının son ödəniş müddəti xx xxxxxx 2017-ci il müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 25957 saylı arayışdan görünür ki, xx xxxxxx 2014-cü il tarixli 003R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 banka xx xxxxxx 2017-ci il tarixə olan kredit borcu 14.335 ABŞ dolları əsas, 3163,57 ABŞ dolları faiz və 10.243,15 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 27.741,72 ABŞ dolları təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövrə həmin müqavilə üzrə faizlərin və cərimənin hesablanması, borcluya qarşı belə bir tələbin irəli sürülməsi qanuni və əsaslı olmamasını barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. İddiaçı bununla Mülki Məcəllənin 425-ci maddəsində nəzərdə tutulan vicdanlılıq prinsipinə əməl etməmişdir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İfadə olunan hüquq normasının məzmununa əsaslanaraq məhkəmə hesab edir ki, borcluya qarşı tələb hüququna malik olan kreditor müqavilədən irəli gələn hüquqlarını tələb edərkən öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalı idi. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur (MM-in 399-cu maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, «Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və onaxitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata kesirilmə müddəti vaxt sərsivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur». Konstitutsiya məhkəməsinin qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə, həminçinin qanunvericiliyin tələbinə görə kredit müqaviləsi müddətli olmaqla müəyyən vaxt çərçivəsi ilə məhdudlaşır. Bu hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, araşdırılan mülki iş üzrə öhdəliyin icrası müddətinin aydın şəkildə ifadə olunduğu kredit müqaviləsinin həmin müqavilənin bütün borclar tam ödənilənədək qüvvədə olması barədə şərti hüquqi müəyyənlik prinsipinə və mülki qanunvericiliyin müddətləri tənzimləyən müddəalarına zidd olduğu üsün etibarsızdır. Belə ki, hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən bu hərəkətlərin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. O cumlədən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin kesməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin iş üzrə birinci instansiya məhkəməsi tərəfindən faiz borcu və cərimənin düzgün hesablanmaması barədə gətirdiyi dəlili qəbul etmir. Mülki işin materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit razılaşmasının müddəti xx.xx.2017-cı il tarixdə bitmişdir. İddiaçı müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün borcluya qarşı pul tələbi (faiz borcu və cərimə) irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə davamlı olaraq faizlərin və cərimənin hesablanması, borcluya qarşı belə bir iddia tələbinin irəli sürülməsinin hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən cavabdehlərə qarşı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə faiz və cərimə borcu kredit müqaviləsinin bitdiyi günə mövcud olan faiz və cərimə borcu nəzərə alınmaqla qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni məhkəmə kollegiyası düzgün hesab edir. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 10.243,15 ABŞ dolları məbləğində cərimə azaldılaraq 300 ABŞ dolları müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddiaçının iş üzrə birinci instansiya məhkəməsi tərəfindən zaminlərə qarşı iddia müddətinin düzgün tətbiq edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. İş materiallarında olan Bankla Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 03S000020431 saylı və xx xxxxxx 2014-cü il tarixli 003S**********01 saylı Zaminlik müqavilələrindən görünür ki, zaminlər Kredit Xətti müqaviləsi, bu Kredit Xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Kredit Razılaşmasından irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərlərinə birgə məsuliyyət götürmüşlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci və 477.0.4-cü maddələrinə düzgün olaraq istinad edərək, mübahisə üzrə zaminliyə artıq xitam verilməsini, bu səbəbdən də Cavabdeh2 və Cavabdeh3 qarşı yönəlimiş tələbin əsassız olmasını və təmin edilə bilməməsini bildirib, iddianı həmin hissədə təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası cavabdehin Respublikada Dolların manata olan məzənnəsini artması ilə əlaqədar olaraq kreditin vaxtında ödəyə bilməməsi barədə dəlili qəbul etmir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və cavabdehlər Bank qarşısında öhdəlik götürmüşlər. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(060)- 3813/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar