Məhkəmə qərarları › İş №2(105)-1158/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1158/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1158/2024 24.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil Məmmədhüseyn oğlunun iştirakı ilə, Zəngilan Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(034)-174/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat 1 İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12.000 manat məbləğində əsas borcun və 126 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 12.126 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X5 Azərbaycan Respublikasının hərbi qulluqçusu olmuş və Vətən Müharibəsi zamanı baş nahiyyəsindən xəsarət alaraq hərbi xidmətdən təxris olunmuşdur. Xəsarət alsa da oğluna əllilik təyin edilməmişdir. Səhhətində olan ciddi narahatlıq həm oğlunu, həm də onu narahat etmişdir. Əvvəllər tanıdığı Nailə adlı xanım bu barədə köməklik edəciyini bildirmiş və əlliliyin təyini üçün 12.000 manat pul istəmişdir. O, dost-tanışından 5000 manat pul tapmış, 2022-ci ilin avqust ayında Naliyə vermiş, Nailə oğlunun əlillik məsələsinin 1 aya həll edəcəyini bildirmişdir. Lakin həmin muddətdə əlillik təyin edilməmişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində Nailə əlilliyin təyini üçün əlavə olaraq 7000 manat pul istəmiş, o, da oğlunun əlilliyinin təyini məqsədi ilə 7000 manatı tapıb Nailəyə vermişdir. Lakin sonradan məlum olmuşdur ki, Nailə onun etibarından sui-istifadə edərək dələduzluq yolu ilə ondan oğlu Rəsula əlillik təyin edilməsi üçün 12.000 manat almışdır. Məsələ ilə əlaqədar Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət etmiş, Polis Bölməsi tərəfindən xx.xx.2022-ci ildə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bir daha bildirir ki, 12.000 (7000+5000) manat məbləğində pulu Cavabdeh oğlu Rəsula əlillik təyin edilməsi üçün vermişdir.

3. Cavabdeh tərəfdən iddia ərizəsinə etiraz daxil olmamışdır.

4. Zəngilan Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(034)-560/2023 nömrəli qiyabi qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia təmin edilmiş, Cavabdeh 12.000 (on iki min) manat məbləğində pul vəsaiti və 126 (yüz iyirmi altı) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

5. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasının təzələnməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(034)-174/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(034)-560/2023 nömrəli qiyabi qətnaməsi ləğv edilmişdir.

7. Zəngilan Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(034)-174/2024 nömrəli qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia qismən təmin edilmiş, Cavabdeh 10.000 (on min) manat məbləğində pul vəsaiti və 126 (yüz iyirmi altı) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı oğluna əllik düzəldilməsini istəmiş, bunun üçün cavabdeh 12.000 manat məbləğində pul lazım olmasını bildirmiş, iddiaçı ilk olaraq, yəni 2022-ci ilin avqust ayında 5000 manat pulu cavabdehə vermiş, cavabdeh isə oğlunun əlillik məsələsinin 1 aya həll oluncağını bildirmiş, lakin cavabdehin qeyd etdiyi müddət ərzində oğlunun əlillik məsələsi həll olunmamış, 2022-ci ilin sentyabr ayının əvvəllərində Nailə əlilliyin təyini üçün əlavə olaraq 7000 manat pul istəmiş, o, da oğlunun əlilliyinin təyini məqsədi ilə 7000 manat pulu Nailəyə vermişdir. Lakin sonradan məlum olmuşdur ki, Nailə onun etibarından sui-istifadə edərək dələduzluq yolu ilə ondan 12.000 manat pul almışdır. İddiaçı məhkəmə iclasında bildirdiyinə görə cavabdeh aldığı puldan 2000 manat məbləğində pulu onun qardaşına ödəniş etmiş, qalıq məbləği isə bu günə kimi qaytarmamışdır. Cavabdehin iddiaçıdan 5000-7000 manat məbləğində pul almasını Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6cı Polis Bölməsində verdiyi izahatında bunu etiraf etsə də, lakin məhkəmə iclasında iddiaçıdan heç bir pul almamasını, polis bölməsində onun adından yazılmış izahatı onun yazmamasını və hətta imzanın belə ona aid olmadığını bildirmişdir. Eyni zamanda iddiaçının qardaşına 2000 manat pul qaytarmasını etiraf etsə də, iddiaçının qardaşına 2000 manat pulun verməsinin səbəbini isə məhkəməyə bildirməkdən imtina etmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1 739.1, 739.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(034)-174/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11 Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbində pulun verilməsi yalnız iddiaçının subyektiv mülahizəsinə əsaslanaraq yeganə olaraq Binəqədi rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı göstərilmişdir. Qərardan görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək izah edilmişdir. İş materialarında olan Cavabdeh Binəqədi RPİ-nin 6-cı Polis Bölməsində verdiyi izahatında İddiaçı 5000-7000 manat məbləğlərində pul almasını öz imzası ilə təsdiq etməsi göstərilmişdir. Qərarda Cavabdeh izahatında göstərir ki, 5000 manat pulu iddiaçının bacısı mərhum Arifə xanımı müalicə edərkən xəstə uşağının müalcəsi üçün ona vermişdir. Göstərilən fakt Qobu polis bölməsində təhqiqatcı X2 xx.xx.2022-ci tarixdə verilmiş izahatla da öz təsdiqini tapır. Şikayətə əlavə edilmiş xəstəlik sənədlərindən də göründüyü kimi xx.xx.2007-ci il təvəllüdlü X1 epilepsiya xəstəsi olması təsdiq olunur. Əlavə edilmiş sertifaktdan da göründüyü kimi Cavabdeh hind təbabəti üzrə kurs kecərək iynə müalicəsi üzrə mütəxəssis olması müəyyən olunur. Qətnamə ilə əsaslandırmanın hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə istinad edilsə də qeyd edilən maddənin tələblərini düzgün nəzərə alınmamışdır. Cavabdeh 5000 manat pulu iddiaçının bacısı mərhum Arifə xanımı müalicə edərkən xəstə uşağının müalcəsi üçün almışdır. Həmin pulun bir qismini məhrum sağlığında ona göstərdiyi xidmət haqqı olaraq silmiş, qalan 2000 manata yaxın hissəsini isə oğulluğuna ödəməsini bildirmişdir. Göstərilən fakt Qobu polis bölməsində təhqiqatçı X2 xx.xx.2022-ci il tarixdə verilmiş izahatla da öz təsdiqini tapsa da iddiaçı özgə şəxsə məxsus olmuş və bir qismi ödənilmiş pulu tələb etməkdə subyektiv hüquqa malik olmamışdır. Məhkəmədən iddiaçının oğluna pensiya təyin edilib-edilməməsinə dair aidiyyəti orqana sorğu verilməsi xahiş edilsə də vəsatət təmin edilməmiş, təqdim edilmiş sənədlər iş materiallarına əlavə edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil Məmmədhüseyn oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi qeyd edilsə də iddiaçının bacısından alınmış 5000 manat hissəsi mübahisələndirir. Cavabdeh hind təbabəti ilə məşğuldur, iddiaçını bacısını müalicə edib, Polis bölməsində də izahatında qeyd edib ki, 7000 manat iddiaçıdan borc alıb, onun 2000 manatını geri qaytarıb. 5000 manat qalıb. Digər 5000 manatı iddiaçının bacısının verdiyi pul olmuşdur ki, cavabdehin bildirdiyinə görə həmin pul da ödənilmişdir. Həmin pulu iddiaçının tələb etmək üçün subyektiv hüququ yoxdur. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehə birinci dəfə 5000, ikinci dəfə 7000 manat vermişdir. 7000 manatdan 2000 manatı geri qaytarmışdır. Bacısına böyrək xəstəliyi olmuş, cavabeh də bacısının müalicəsi üçün gəlmiş və hər dəfəsində cavabdehə müalicə ilə əlaqədar 50 manat ödəniş edilmişdir. Bacısı onun yanında yaşamış, övladı və əri olmamış, nəhayət 2022-ci ilin oktyabr ayında ölmüşdür. 5000 manatı verəndə bacısından borc götürərək cavabdehəşəxsən sayıb vermişdir. Oğlu qazidir, 3-cü qrup əlildir, əlilliyi 1-ci qrupa keçirilməsi üçün pulu cavabdehə verib. Cavabdehə verdiyi 12000 manat puldan yalnız qardaşı oğluna 2000 manat qaytarılıb. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

İşdə olan sübular

15. «Materialın adiyyəti üzrə göndərilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material araşdırmanın davam etdirilməsindən ötrü adiyyəti üzrə Binəqədi rayon Polis İdarəsinə göndərilmişdir.

16. xx.xx.2022-ci il tarixli «Cinayət işinin başlanmasının rəd edilməsi barədə” qərardan görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

17. Cavabdeh Binəqədi RPİ-nin 6-cı Polis Bölməsində verdiyi 29 dekabr 2022-ci il tarixli izahatında İddiaçı bacısından 5000 manat, özündən isə 7000 manat məbləğlərində borc pul aldığını bildirmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

19. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

Apellyasiya baxışının hədləri

20.Məhkəmə kollegiyası tərəfindən Zəngilan Rayon Məhkəməsinin 19 fevral 2024cü il tarixli, 2(034)-174/2024 nömrəli qətnaməsinin və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(034)-174/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 10000 (on min) manat məbləğində pul vəsaiti və 126 (yüz iyirmi altı) manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı ödənilməlidir.

22. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etsə də şikayətin dəlillərindən və cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında verdiyi izahatından göründüyü kimi o, əslində iddia tələbini qismən qəbul edərək, qətnaməni ondan tutulan 10000 manat pulun 5000 manatı hissəsində mübahisələndirmişdir.

23. Belə ki, cavabdeh iddiaçıdan 7000 manat, iddiaçının mərhum bacısından isə 5000 manat aldığını bildirməklə, iddiaçının bacısından aldığı 5000 manat pulu tələb etməsi üçün iddiaçının subyektiv hüquqa malik olmamsını iddia etmişdir.

24. Məhkəmə kollegiyası cavabdehin iddiaçıdan deyil, məhz onun mərhum bacısından 5000 manat borc alması ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında nə iddiaçıdan, nə də ki, onun bacısından ümumiyyətlə hər hansı bir məbləğdə borc pul almadığını bildirsə də apellyasiya şikayətində iddiaçıdan və onun bacısından ümumilikdə 12000 manat borc pul almasını etiraf etmişdir ki, bu hal da cavabdehin iddiaya qarşı münasibətinin səmimiliyini şübhə altına almışdır.

25. Məhkəmə kollegiyasının iclasında iddiaçı cavabdehə verilmiş 5000 manatın bacısının pulu olduğunu, lakin həmin pulu bacısının cavabdehə deyil, ona verdiyini, onun isə həmin pulu cavabdehə verdiyini bildirmişdir ki, iddiaçının bacısının vəfatından sonra cavabdehin 5000 manat pulu məhz ölmüş şəxsdən almasına dair izahatı inandırıcı olmamaqla, öhdəlikdən yayınma ilə bağlı verilmiş izahat qismində qiymətləndirilməsi daha ağabatan hesab olunur. Bu nəticəyə gələrkən məhkəmə kollegiyası nəzərə almışdır ki, cavabdeh polis orqanında verdiyi izahatında iddiaçının mərhum bacısı 5000 manat pulu ona borc verərkən evini satacağı təqdirdə pulu geri istəməyəcəyini və ya özü geri qaytarmaq istədiyi təqdirdə isə az-az geri qaytara biləcəyini deməsinə dair izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında isə cavabdehin nümayəndəsi cavabdehin bildirdiyinə görə həmin pulu iddiaçının bacısına geri qaytarmasına dair izahat vermişdir. Hərçənd ki, iş materiallarında olan cavabdehin polis orqanlarına verdiyi izahatlarında cavabdeh iddiaçının bacısından aldığını iddia etdiyi pulu geri qaytarmasına dair hər hansı bir izahat verməmişdir. Nəzərə alınmalıdır ki, həmin izahatlar iddiaçının bacısının vəfatından sonra verilmiş izahatlar olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutlarla cavabdehin mübahisələndirdiyi 5000 manat pul məbləğinin, iddiaçının bacısından deyil, iddiaçının özündən alması sübut olunmaqdadır.

26. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Belə ki, birinci instnasiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində iddiaçının cavabdehə oğlunun əlilliyi ilə bağlı pul verməsini və nəticə etibarı ilə cavabdehin iddiaçıya maddi zərər vurması qənaətinə gəlsə də eyni zamanda mübahisəyə Mülki Məcəllənin 739.1 və 739.2ci maddələrini tətbiq etmişdir ki, bu da məhkəmənin digər əsaslandırması ilə ziddiyyət təşkil etmişdir. Belə ki, mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsinin tətbiqi tərəflər arasında borc müqaviləsindən irəli gələn münasibətlərin olması anlamına gəlməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni olmamışdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, cavabdehin iddiaçıdan digər əsala pul alması istisna olunmaqdadır. Həmçinin, cavabdeh iddiaçıdan pulu borc olaraq almasını iddia etməklə, iddiaçı da pulu oğlunun əlilliyinin sənədləşdirilməsi ilə bağlı verilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçı ilə cavabdeh arasında şifahi qaydada borc müqaviləsi bağlanmışdır. Lakin, həmin müqavilə qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd olmaqla etibarsız olmuşdur. Belə ki, hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğundan yazılı formada bağlanmalı idi. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən isə etibarsız əqd üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən iddiaçı qarşısında pul öhdəliyi yaranmışdır. Birinci instansiya məhkəməsi isə yuxarıda sadalanan maddi hüquq normalarını tətbiq etməli olduğu halda bunu etməmişdir ki, bununla da qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılımışdır.

28. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 19 fevral 2024cü il tarixli, 2(034)-174/2024 nömrəli qətnaməsi maddi hüquq normasının düzgün tətbiq edilməməsi ilə çıxarıldığından ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 10000 (on min) manat və 126 (yüz iyirmi altı) manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı ödənilməlidir.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Zəngilan Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(034)-174/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 2(034)-174/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 10000 (on min) manat və 126 (yüz iyirmi altı) manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar