Məhkəmə qərarları › İş №2(105)-1159/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1159/2022

24.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1159/2022 24.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ziyan tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(026)-54/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Qobustan Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(026)-54/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş ziyana görə 1000 manat və 34 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Mirələm Quliyev). Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(026)-54/2022 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddianın ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Dəyanət Yeylaqayev növbədə olarkən Cavabdeh1 məxsus at tərəfindən ona məxsus bir baş iri buynuzlu heyvanın vurulub ölməsi nəticəsində dəymiş 1400 dəymiş maddi ziyan və 34 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini dəlillərini müdafiə edərək göstərdi ki, iş üzrə məhkəmə qətnaməsindən və iş materiallarından görünür ki, iddiaçının inəyinin onun atı tərəfindən vurulmasını təsdiq edən sübut yoxdur. İddiaçının özü birbaşa həmin halın şahidi olmamışdır. Qobustan rayonu, Bədəlli kənd sakinləri - naxırçı Cavabdeh2, onun qardaşı Hikmət Yeylaqalıyev və iddiaçı 09.09.2021-ci il tarixdə birgə akt imzalayıb bildirmişlər ki, həmin tarixdə naxırçı Cavabdeh2 kəndin malqarasını günorta saat 14:00 radələrində örüşə apararkən onun iki baş atı mal-qaranın içərisinə daxil olub İddiaçı inəyini təpiklə vurub sümüyünü qırmışdır. İddiaçı daha sonra əlavə etmişdir ki, inəyi ölmüşdür. Lakin o məhkəməyə izahatında bildirmişdir ki, zədələnmiş inəyini 100 manata satmışdır. Beləliklə qeyd edildiyi kimi imzalanmış aktdan və iş materiallarından məlum olmuşdur ki, həmin aktı imzalamış İddiaçı ilə naxırçının qardaşı X1 iddiaçının inəyini doğrudan da onun atlarının təpiklə vurmasını görməmişlər. Onlar naxırçı Cavabdeh2 sözünə əsasən həmin aktı imzalamışlar. İddiaçıya məxsus inəyin onun atları tərəfindən təpiklə vurulmasını isə yalnız naxırçı Cavabdeh2 demişdir. Naxırçı Cavabdeh2 doğru və ya yalan danışmasına isə kimsə şahid deyil. Çünki bir naxırçı kimi Cavabdeh2 özünün naxırda olan heyvanları müəyyən səbəbdən ağacla vurmaq səlahiyyəti vardır. Ona görə də mümkündür ki, iddiaçının inəyi ora-bura qaçdığından naxırçını bezdirdiyinə görə naxırçı özü hirslənib həmin inəyi əlindəki ağacla bir neçə dəfə vursun, lakin zərbə güclü olduğundan heyvanın ayağı sınmış olsun. Bu zaman heyvanın yerə yıxılıb qalxa bilmədiyini görən naxırçı hiyləyə əl ataraq heyvanın sahibinə və digər şəxslərə, o cümlədən də gizli planına görə yaxınlıqdakı atın sahibi kimi ona da xəbər etmişdir. Məqsədi isə hadisənin həqiqi səbəbini gizlədib dəyişdirmək və iddiaçıya dəymiş ziyanı isə kiminləsə bölüşmək olmuşdur. Onun atı heç vaxt öz-özlüyündə mal-qaranın içərisinə girmir. Əgər belə hal mövcud olsaydı indiyədək atlar çoxsaylı mal-heyvanı təpiklə vurub öldürmüş olardı. Digər tərəfdən kənd sakinləri mal-heyvanlarını naxırçıya təhvil vermişlər. Odur ki, gün ərzində heyvanların təhlükəsizliyinə, sağlamlığına maddi məsul şəxs naxırçının özüdür. Onun atı vurağan, təpikləyən at deyil, sakitdir, öz-özünə malqaraya yaxın gedən deyil. Qobustan rayonu, Bədəllikənd İƏD nümayəndəliyi tərəfindən verilmiş 16 noyabr 2021-ci il tarixli, 252 saylı arayışdan görünür ki, onun bir baş atı vardır. Amma qətnamədən və iş materiallarından görünür ki, iddiaçı onun atlarından bəhs etmişdir, bu da başqa bir yalandır. Digər bir yalan da odur ki, iddiaçı və digər cavabdeh bildirir ki, günorta saat 14:00 radələrində mal-heyvanları örüşə aparırlarmış. Halbuki ilin sentyabr ayının əvvəlinə uyğun vaxtda naxırçı mal-heyvanları səhər 08:00 radələrində örüşə aparır və axşam tərəfi, saat 19:00 radələrində isə kəndə gətirir. Naxırçı örüşə heyvanları günorta saat 14:00-da aparmır. Nə də ki, mal-qara sahibi günorta saat 14:00-da öz heyvanını kəndin içində naxıra qoşmur. Çünki həmin vaxt mal-heyvanlar kənddən xeyli aralıda - örüşdə olur. O, iddiaçıya deməmişdir ki, 500 manat pul verib digər cavabdehlə birgə ona inək alacaqlar və ya pulunu verəcəklər. Sadəcə olaraq iş üzrə həqiqi halın yeganə şahidi olan naxırçı Cavabdeh2 öz məqsədi naminə üzərinə düşən məsuliyyəti və maddi xərci bölüşmək üçün onu seçmişdir, amma bu sübut deyil. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qobustan Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(026)-54/2022 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddianın ona aid hissədə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, cavabdehin atının vurması nəticəsində inəyi xəsarət almışdı. Həmin vaxt inəyi kəsmək olmazdı, çünki boğaz heyvanın əti satılmır. Həm də kəsilməyə yararlı heyvan deyildi, boğaz olmasından əlavə xəsarəti də ciddi idi. Ona görə də 100 manata ətliyə verildi. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Qobustan Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(026)-54/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən yalnız Cavabdeh1 apelyasiya şikayəti verdiyindən qətnamə ona münasibətdə yoxlanılmalıdır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, iddiaçının və cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilmədən, qətnamə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində Cavabdeh2 izahatında göstərdi ki, 09 sentyabr 2021-ci il tarixdə mal növbəsində olmuşdur. Günorta saat 14 radələrində heyvanları örüşə apararkən Cavabdeh1 atları heyvan sürüsünün içərisinə girərək İddiaçı inəyini qoşa təpiklə vurduğuna görə inək yerə yıxılmışdır. İnəyi ayağa durğuzmağa çalışsalar da inək yerindən qalxa bilməmişdir. Hüseynə hər biri 500 manat qoymaqla Məmmədxanın inəyini alıb vermələrini təklif etmiş, Hüseyn də onun təklifi ilə razılaşmışdır. Sonradan isə Hüseyn ona maddi imkanı olmadığını deyərək Məmmədxana dəymiş ziyanı ödəməyəcəyini demişdir. İş materiallarına əlavə olunmuş Qobustan rayon İHB-nın Bədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 22 noyabr 2021-ci il tarixli, 259 saylı arayışdan görünür ki, Qobustan rayonunun Bədəlli kənd sakini İddiaçı təsərrüfatında 2 baş inəyi vardır. Qobustan rayon İHB-nın Bədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 16 noyabr 2021-ci il tarixli, 252 saylı arayışdan görünür ki, Qobustan rayonunun Bədəlli kənd sakini Cavabdeh1 təsərrüfatında 3 yaşdan yuxarı bir baş madyan atı vardır. Qobustan rayonunun Bədəlli kənd sakinləri İddiaçı, Hikmət Yeylaqalıyev və Cavabdeh2 09 sentyabr 2021-ci il tarixdə tərtib etdikləri aktdan görünür ki, 09 sentyabr 2021-ci il tarixdə kəndin 18 evdən ibarət mal-qarasını Cavabdeh2 örüşə apararkən saat 14 radələrində Güləsən Qayıbovun hasarının yanından keçdiyi zaman kənd sakini Cavabdeh1 məxsus iki baş at mal-qara sürüsünün içərisinə daxil olub arxa ayaqları ilə qoşa təpiklə kənd sakini İddiaçı aprel ayında buğaya gəlmiş və üçüncü qarına boğaz olmuş inəyini vuraraq yerə yıxmışdır. İnəyə yaxınlaşıb qaldırmaq istəsələr də inək ayağa qalxa bilməmişdir. İnəyə baxanda isə inəyin sol tərəfdən qolunun üst hissəsindən və qolun dibindən sındığını və inəyin çənə sümüyü zədələndiyindən ağzının qanla dolduğunu görmüşlər. Qobustan rayonu, Yekəxana kənd baytar sahə həkiminin verdiyi 09 sentyabr 2021ci il tarixli rəyindən görünür ki, 09 sentyabr 221-ci il tarixdə saat 18-19 radələrində Bədəlli kənd sakini İddiaçı dəvəti ilə ona məxsus olan bir baş qonur rəngli inəyə tərəfindən baxış keçirilmiş, baxış zamanı müayinə edilən inək yatmış vəziyyətdə olmuşdur. Müayinə zamanı inəyin qabaq sol qıçının yuxarı hissəsindən sınması aşkar olunmuşdur. Müalicəsi mümkün deyildir. “Şirvan” ticarət kompleksinin verdiyi 18 noyabr 2021-ci il tarixli, 051 saylı arayışından görünür ki, Qobustan rayonunun Bədəlli kənd sakini İddiaçı bir baş təxmini 280-290 kq olan boğaz inəyinin bazar qiyməti 1200-1400 manat arasında qiymətləndirilir. Müəyyən edilmişdir ki, İddiaçı təsərrüfatında olan bir baş inəyi 09 sentyabr 2021-ci il tarixdə saat 14:00 radələrində mal-qara növbəsinə qoşmuş və həmin gün növbədə Cavabdeh2 olmuşdur. Dəyanət heyvanları örüşə aparan zaman Cavabdeh1 məxsus at mal-qara sürüsünün içərisinə girərək İddiaçı məxsus bir baş inəyi arxa ayaqları ilə qoşa təpiklə vuraraq yerə yıxmışdır. Qobustan rayonunun Yekəxana kəndinin baytar həkimi Fərman Abdullayev tərəfindən inəyə baxılıb müayinə edilərkən inəyin sol qabaq qıçının üst hissəsinin qırılıb sındığı və inəyin sağalmasının mümkün olmadığı aşkar edilmişdir. İddiaçı cavabdehlərdən ona dəymiş maddi ziyanı tələb etmiş, cavabdehlər onun bu təklifi ilə əvvəlcə razılaşsalar da sonra buna əməl etməmişlər. İnəyin sağalması mümkün olmadığı üçün 100 manata ətliyə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab etmişdir ki, ödənilmiş 34 manat dövlət rüsumu cavabdehdlərdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin qsmən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, apellyant apelyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etsə də şikayətini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Şikayətdə qeyd olunan dəlillərə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmiş, həmin dəlillər iş materialları ilə təkzib edltilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti isə təmin olunmamalı, qətnamə ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Qobustan Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(026)-54/2022 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar